Heydər
Əliyev Beynəlxalq Aeroportunun yeni
aerovağzal kompleksi istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
Prezident
İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir. Bu möhtəşəm bina ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir. Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülmüşdür. Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya əlavə yaraşıq verir.
Burada sərnişinlər üçün
bütün lazımi şərait yaradılmışdır.
Çox rahat istirahət
zonaları, ictimai yerlər, böyük hollar tikilmişdir. Yuxarıdan baxanda isə bu bina qanadlarını
açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da
inkişafdadır, Azərbaycan da öz qanadlarını
geniş açmışdır, irəliyə gedir, iqtisadi
inkişaf templərinə görə dünyada birinci yerdədir.
Belə möhtəşəm binaların, nəqliyyat
infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir.
Hava nəqliyyatının inkişafı Azərbaycanda
prioritet məsələlərdən biridir, dövlət
öz dəstəyini əsirgəmir. Son illərdə hava nəqliyyatının
inkişafına böyük dövlət investisiyaları
qoyulmuşdur. Dövlət büdcəmizin
artması hesabına bu sahəyə də əlavə vəsaitin
ayrılması mümkün olmuşdur. Deyə
bilərəm ki, son illər ərzində hava nəqliyyatı
infrastrukturuna qoyulan vəsaitin hamısı dövlət
investisiyaları hesabına mümkün olmuşdur.
Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə
6 milyon sərnişinə xidmət edəcəkdir. On beş
il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı
şəkildə bərpa edilmiş aeroportun köhnə
binası da 3 milyon sərnişini qəbul etmək imkanına
malikdir. Beləliklə, Azərbaycanda ildə 9
milyon sərnişin Bakının hava limanından istifadə
edə bilər.
Ölkəmizin digər
şəhərlərində yeni aeroportlar tikilmişdir.
Son 10 il ərzində 7 aeroport
tikilmişdir. Onlardan 5-i beynəlxalq statusa
malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran,
Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib
istifadəyə verilmişdir. Bu aeroportlarda həm
xarici ölkələrə uçuşlar təşkil edilir
və uçuşların sayı artır, eyni zamanda, daxili
uçuşların da sayı artmaqdadır.
Mən
yaxşı xatırlayıram, biz regional aeroportların
tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə
buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə
edəcəkdir, uçuşlar təşkil edilməyəcəkdir.
Ancaq baxın, bu gün regional
aeroportlarımızdan nə qədər sərnişin istifadə
edir, nə qədər Azərbaycan vətəndaşı
indi yaşadığı zonadan başqa ölkələrə
rahat gedə bilir. Bu gün Gəncə,
Naxçıvan, Lənkəran, Qəbələ
aeroportlarından xarici ölkələrə uçuşlar təşkil
edilir.
Eyni zamanda, dövlət yeni təyyarələrin
alınmasında da öz siyasətini davam etdirir. Deyə bilərəm
ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi
qalmamışdır. Bütün təyyarələr
təzədir və ən yüksək standartlara cavab verir.
Yəni, bu standartlardan yuxarı standart yoxdur.
Çünki AZAL-ın bu gün hava parkı
"Boeing", "Airbus", "Embraer" təyyarələrindən
ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz
vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə
yeni, böyük təyyarələrin alınması da nəzərdə
tutulur. Bu aeroporta hətta dünyanın ən
nəhəng təyyarəsi olan "Airbus A 380" də enə
və burada ona xidmət göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm
gözəlliyi, dizaynı, rahatlığı və həm də
burada göstərilən xidmətlər baxımından bu
gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının
inkişafına öz dəstəyini verəcəkdir.
Bu gözəl şərait, maddi dəstək və hava
nəqliyyatının infrastrukturuna qoyulan vəsait, eyni
zamanda, milli aviaşirkətimizin inkişafına da öz təsirini
göstərmişdir. Bu gün AZAL dünya miqyasında
seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön
plandadır. Bu iki amil bu gün AZAL-ı
dünyada müasir və dinamik şirkət kimi təqdim
edir. Mən bilirəm və maraqlanıram,
sərnişinlər xidmətdən də razıdırlar.
Ümumiyyətlə, AZAL-ın uğurlu
inkişafı ölkəmizin ümumi inkişafına da
öz müsbət təsirini göstərir. Çünki Azərbaycana, Bakıya və ya digər
şəhərlərə gələn ilk qonaq AZAL-la üzləşir
və orada göstərilən xidmət ilk dəqiqələrdən
ölkəmiz haqqında təsəvvür yaradır.
Bu gün ölkəmiz inkişafdadır. Bu gün
müasir Azərbaycan dünya miqyasında öz
imkanlarını ortaya qoyur. Əlbəttə
ki, belə olan halda ilk təmas yerində də səviyyə
ölkəmizin ümumi səviyyəsinə bərabər
olmalıdır. Mən çox şadam
ki, dövlət dəstəyindən istifadə edərək
AZAL bu gün nəinki regionda, dünya miqyasında
böyük şirkətlərdən biridir və
uçuşların sayı artır. Bu
gün dünyanın 30-dan yuxarı aeroportuna uçuşlar
təşkil edilir.
Əlbəttə,
bu müsbət dinamika əminəm ki, gələcəkdə
daha da güclənəcəkdir.
Çünki görüləsi işlər
çoxdur. Baxmayaraq ki, son illər ərzində
hava nəqliyyatı infrastrukturunun yaradılması ilə
bağlı, demək olar, bütün əsas işlər
görülmüşdür. Aeroportlar
tikilib, müasir texnika, yeni təyyarələr alınıb gətirilmişdir,
yeni uçuşlar təşkil edilir. Ancaq
Azərbaycan inkişaf edir və ölkəmizə gələn
qonaqların sayı artır. Belə olan
halda əlbəttə ki, hava nəqliyyatının
inkişafı bundan sonra da prioritet məsələ olaraq
qalacaqdır.
Eyni zamanda, Azərbaycanda yük
daşımalarının həcmi də artır. Azərbaycanda
karqo aviasiya deyə bilərəm ki, dünya miqyasında ən
birinci yerlərdədir. Biz öz
coğrafi vəziyyətimizdən çox səmərəli
şəkildə istifadə edirik.
Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və
logistika mərkəzinə çevirək. Bu məqsədlə
karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət
göstərir. Yəni, biz coğrafi vəziyyətimizdən
maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı,
o cümlədən regionu nəqliyyat mərkəzinə də
çevirək. Bu istiqamətdə işlər
uğurla gedir. Bu, ölkəmizin önəmini
artırır, eyni zamanda, iqtisadi potensialımızı
gücləndirir. Hesab edirəm ki, bu
istiqamətdə əlavə tədbirlərin görülməsi
nəticəsində biz imkanlarımızı bölgədə
daha da möhkəmləndirəcəyik.
Beləliklə, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika
mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaqdır. Bizim
coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə
demişəm - xatırlayıram hələ on il bundan əvvəl
nəqliyyat məsələləri ilə bağlı
çıxışlarımda demişəm ki, əgər
biz bu coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək,
bu coğrafiyanın heç bir mənası olmayacaqdır. Ona görə son illər ərzində başqa sahələrdə
aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun
inkişafı da prioritet məsələ olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda ən
böyük dövlət investisiyaları nəqliyyat sektoruna
qoyulmuşdur. İlk növbədə ona
görə ki, buna ehtiyac var idi. Çünki
biz bütün nəqliyyat infrastrukturumuzu yenidən
qurmalıydıq. Digər tərəfdən, nəqliyyat və
infrastruktur iqtisadi inkişafı şərtləndirən
birinci amildir. Bəzi hallarda belə hesab oluna bilər
ki, yollara, hava nəqliyyatına, dəniz nəqliyyatına
qoyulan vəsait tez qayıdan vəsait deyildir. Bu, həqiqətdir. Yeni yaradılan imkanlar, turizm zonaları,
iqtisadi inkişaf, şəhərlərarası rabitənin
rahatlığı, yük daşımalarının
artımı, tranzit potensialımızın inkişafı -
bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən
də gücləndirir. Ona görə nəqliyyat
sektoruna qoyulan investisiyalar özünü doğruldur.
Bu gün nəqliyyatın bütün istiqamətləri
üzrə konkret proqramlar icra edilir. Avtomobil yolları
tikilir. Magistral yollar, şəhərlərarası
yollar, demək olar ki, tamamlanır. Biz son bir neçə
il ərzində ilk növbədə, kənd
yollarının tikintisi ilə ciddi məşğuluq. Həm dövlət büdcəsinin, həm də
Prezidentin Ehtiyat Fondunun vəsaiti hesabına kənd
yollarının tikintisi sürətlə gedir. Hesab edirəm ki, növbəti illərdə - 2018-ci
ilə, üçüncü regional proqram başa çatana
qədər biz bütün kənd yollarını tikəcəyik
və bərpa edəcəyik.
Dəniz nəqliyyatı da prioritet olaraq qalır. Xəzər Gəmiçiliyi
dünya miqyasında
böyük şirkət hesab olunur. Yaxın
keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər
görülmüş, struktur islahatları
aparılmışdır. Bu gün Xəzər
Gəmiçiliyi də "AZAL"ın səviyyəsinə
çatmalıdır və çatacaqdır. Bizim 260-dan yuxarı gəmimiz vardır. Düzdür, onların bəziləri lazımi səviyyədə
deyil. Ancaq son 10 il ərzində 20-yə
yaxın gəmi alınmışdır. Onlardan
10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda
böyük gəmiqayırma zavodu tikilmişdir. Heç vaxt Azərbaycanda belə zavod
olmamışdır. Ancaq gəmi təmiri
zavodlarımız olmuşdur. Amma bu gün gəmiqayırma
zavodumuzda istənilən
gəmi istehsal oluna bilər. Tanker, bərə,
sərnişin gəmisi, neft əməliyyatlarına xidmət
edən gəmilər və eyni zamanda, hərbi gəmilər
də istehsal oluna bilər. Bu gün Xəzər
hövzəsində ən böyük beynəlxalq dəniz
ticarət limanı da Azərbaycanda - Ələtdə tikilir.
Bu il bu limanın birinci mərhələsi
başa çatacaq, istifadəyə veriləcəkdir.
Bütövlükdə isə biz gələn il
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının
açılışını qeyd edəcəyik. Birinci mərhələdə
10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon
konteyner yük daşıma qabiliyyətinə malik olan bu liman
Azərbaycanın tranzit imkanlarını daha da
artıracaqdır.
Bununla
paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də uğurla gedir. Bu layihəni biz tərəfdaşlarla - Türkiyə
və Gürcüstanla bərabər icra edirik. Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycan
iki qitəni birləşdirəcəkdir. Onsuz da biz Avropa ilə
Asiya arasında olan bir ölkəyik. Dəmir
yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı
ilə biz öz mərkəzi rolumuzu daha da
artıracağıq. Bakı-Tbilisi-Qars tarixi
layihədir. Azərbaycan maliyyə
yükünün böyük hissəsini öz üzərinə
götürmüşdür. Azərbaycanın
payına düşən tikinti işləri artıq bu ilin
sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn
ildən başlayaraq bu yol tamamilə açıla bilər.
Beləliklə, Asiya ilə Avropanı birləşdirən
ən rahat, qısa yol Azərbaycandan keçəcəkdir.
Bir sözlə, bu gün, bu gözəl və tarixi bir
gündə bütövlükdə nəqliyyat sektorunda gedən
işlər, bundan sonra aparılacaq islahatlar və siyasət
haqqında istərdim ki, öz fikrimi bildirim. Bundan sonra da
dövlət öz siyasətini davam etdirəcəkdir. Azərbaycanda nəqliyyat sektoru
iqtisadiyyatımızın aparıcı sektoruna çevrilməkdədir.
Belə gözəl aeroportların tikintisi, eyni
zamanda, gənc, amma müasir və dünya miqyasında
iqtisadi inkişaf baxımından ən sürətlə
inkişaf edən ölkə olan Azərbaycanın
gücünü göstərir.
Bu
aeroportun tikintisində iştirak etmiş bütün insanlara -
inşaatçılara, dizaynerlərə, memarlara
təşəkkürümü bildirirəm. Əminəm
ki, Azərbaycan vətəndaşları və ölkəmizə
gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər.
Bu binaya girərkən adamın ürəyi
açılır. Mən fəxr edirəm
ki, bizim belə gözəl aeroportumuz vardır.
Əziz dostlar, sizi və bütün Azərbaycan
xalqını bu gözəl hadisə münasibəti ilə
bir daha ürəkdən təbrik edirəm, sizə yeni
uğurlar arzulayıram. Sağ olun.
* * *
Respublikamızın
hava nəqliyyatının modernləşdirilməsinə
göstərdiyi diqqətə görə Prezident İlham
Əliyevə təşəkkür edən "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL)
prezidenti Cahangir ƏSGƏROV dedi:
- Möhtərəm
cənab Prezident!
Bu gün həqiqətən tarixi bir gündür. Heydər
Əliyev Beynəlxalq Aeroportunun Yeni Aerovağzal Kompleksi
istismara verilir.
Cənab
Prezident, icazə verin, bizə göstərdiyiniz daimi diqqət
və qayğıya, aviatorların işinə verdiyiniz
yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı
bildirim.
Bakıda beynəlxalq standartlara uyğun ilk aerovağzal
binasını 1999-cu ildə ulu öndər Heydər
Əliyev açmışdır.
Ulu öndərin dediyi "Mən inanıram ki, AZAL
bundan sonra da yeni nailiyyətləri ilə bizi sevindirəcək"
sözləri bu gün gerçəkləşir.
Son illər
Sizin birbaşa göstəriş və
tövsiyələriniz nəticəsində mülki aviasiya
sahəsində çox sayda sevindirici hadisələr və
yeniliklər baş verir.
Aviaşirkətimizin hava gəmiləri tamamilə yenilənib. Bu gün Azərbaycan vətəndaşları
yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319,
Boeing 757, 767 və Embraer təyyarələri ilə
uçurlar.
Siz
dediyiniz kimi, respublikamızın şəhərlərində
ardıcıl olaraq 2004-cü ildə Naxçıvanda,
2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda
və Zaqatalada, 2011-ci ildə Qəbələdə Beynəlxalq
hava limanları tikilib, müasir uçuş-enmə
zolaqları inşa edilib.
2012-ci ildə mövcud aerovağzal binası tamamilə
yenidən qurulub.
2013-cü ildə isə Yevlax hava limanının yenidənqurma
işləri başa çatıb.
Möhtərəm
cənab Prezident!
Bu gün sərnişinlərimizi yeni - müasir
aerovağzal binasına dəvət edəcəyik.
Sizin xeyir-duanızla bu gün saat 17.50-də Bakıdan
İstanbula uçan təyyarə artıq bu terminaldan yola
düşəcəkdir.
İldə 6 milyon sərnişin daşıma
gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi
sahəsi 65 min kvadratmetrdir.
Təməli
qoyulduğu gündən indiyədək, Sizin
birbaşa tövsiyələriniz nəticəsində bu
terminalın tikintisində ən keyfiyyətli materiallardan
istifadə edilmiş və müasir tələblərə
cavab verən avadanlıq quraşdırılmışdır.
Bu terminalda
uçuşların təhlükəsizliyini təmin etmək
məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən
son elmi-texniki nailiyyətlər tətbiq edilmişdir.
Sərnişinlərin rahatlığını təmin
etmək üçün hər bir imkan yaradılmış -
çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv
köşklər və uşaq meydançası inşa
edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd
qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində
teleskopik traplar quraşdırılmışdır.
Bu traplar,
eyni zamanda, 12 təyyarəni, o cümlədən
dünyanın ən böyük sərnişin təyyarəsini
- "Airbus A 380"ni qəbul edə
bilir.
Bu gün mən bu tikintidə iştirak edən memarlara
və inşaatçılara təşəkkürümü
bildirmək istəyirəm.
Terminalın tikintisi ilə yanaşı, Heydər
Əliyev Beynəlxalq Aeroportunun infrastrukturu dəyişmiş,
terminalın istismar tələblərinə
uyğunlaşdırılmışdır.
Möhtərəm
cənab Prezident!
İcazənizlə, mən bu işlərin bir neçəsi
barədə Sizə məlumat verim.
-
Dünyanın ən möhtəşəm, öz arxitektura
görünüşü ilə hər kəsi heyran qoyan,
hündürlüyü 65 metr olan Hava Hərəkətinin
İdarəetmə Mərkəzi inşa edilmişdir.
İdarəetmə mərkəzində
quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə
hava gəmilərinin uçuşlarını idarə etməyə
imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən
artıqdır.
Uzunluğu 4 min metr və eni 75 metr olan yeni
uçuş-enmə zolağı inşa edilib. Hər cür
hava şəraitində təyyarələri qəbul etmək
məqsədilə bu zolaq İKAO-nun ən yüksək
kateqoriyasına cavab verən işıqlandırma sistemləri,
radionaviqasiya avadanlığı və radarlarla təchiz
olunmuşdur.
Təyyarələrin hərəkəti və
yaxınlaşması üçün sahəsi 281 min
kvadratmetr olan asfalt-beton perronun tikintisi həyata
keçirilmişdir.
Yanğın təhlükəsizliyinin təmin edilməsi
məqsədilə Yanğınsöndürmə
Stansiyası tikilmiş və 8 ədəd müasir
yanğınsöndürən maşın
alınmışdır.
Aerovağzal Kompleksinin fasiləsiz elektrik enerjisi ilə təchizatı
üçün sahəsi 3500 kvadratmetr olan enerji mərkəzi
tikilmişdir və 34 min metr kabel çəkilmişdir.
Mühəndis-kommunikasiya xətlərinin çəkilişi
üçün uzunluğu 700 metr yeraltı dəmir-beton
qalereya inşa edilmişdir.
Aerovağzalın önündə 750 yerlik avtomobil
dayanacağı və ona bağlanan avtomobil yolları
salınmış, 90 min kvadratmetr asfalt döşənmişdir.
Kompleksin istilik təminatı üçün aeroportun mərkəzi
qazanxanası yenidən qurulmuşdur.
Bütün hava limanı üçün Mərkəzi
Kanalizasiya Kollektor Stansiyası və 3 yeni drenaj nasos
stansiyası inşa edilmişdir.
Aerovağzal kompleksinin tikintisi ilə bağlı
aeroportun perimetri boyu mühafizə tədbirləri ilə əlaqədar
11 kilometr yeni elektron mühafizə hasarı çəkilmişdir.
Bu gün biz inamla deyə bilərik ki, Heydər
Əliyev Beynəlxalq Aeroportu ən yüksək standartlara
cavab verən, dünyanın ən gözəl, ən
müasir hava limanlarından biridir.
Hava limanımıza "Ən Yaxşı Aeroport"
adı verilməsi üçün artıq müraciət
edilib.
Möhtərəm
cənab Prezident!
Bu gün
Siz aviatorlarımıza əsl bayram bəxş etdiniz!
Biz də Sizə söz veririk ki, bu terminalda yüksək
keyfiyyəti təmin etmək üçün əlimizdən
gələni əsirgəməyəcəyik.
Çox sağ olun.
Azərbaycan.-2014.- 24 aprel.- S.1;2.