Kamboca Krallığının Baş naziri Bakıda
Heydər
Əliyev Mərkəzi ilə tanış olmuşdur
Kamboca
Krallığının Baş naziri Hun Senin rəhbərlik
etdiyi nümayəndə heyəti aprelin 22-də Heydər
Əliyev Mərkəzində olmuşdur.
AzərTAc
xəbər verir ki, Baş nazir Hun Senə dünya
memarlığının nadir incilərindən sayılan Heydər
Əliyev Mərkəzi haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin
irsinin dərindən öyrənilməsi və tədqiqi
istiqamətində fəaliyyət göstərir. Həmçinin
Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin
və digər milli sərvətlərinin beynəlxalq aləmdə
tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif
sahələrinin inkişafına xidmət edən layihələr
həyata keçirir.
Qeyd
olunmuşdur ki, Mərkəz dünya şöhrətli memar
Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir
memarlıq nümunələrindən biri olan və
çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz
artıq dünya memarlığı siyahısına daxil
edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq
konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi
üçün hər cür şərait
yaradılmışdır.
Mərkəzdə
yaradılmış Heydər Əliyev Muzeyi kambocalı
qonaqlarda böyük maraq doğurmuşdur. Diqqətə
çatdırılmışdır ki, Muzey ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
istifadəyə verilmişdir. Muzeydə toplanan məlumatlar
ziyarətçilərə interaktiv formada
çatdırılır. Üç mərtəbədən
ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat
yolu Ulu Öndər barədə maraqlı faktlar, foto və
videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə
yanaşı, məzmun orijinallığı ilə də
seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə
ümummilli lider Heydər Əliyevin 1923-cü ildən
2003-cü ilədək ömür yolu ilə yanaşı,
müxtəlif tarixi dövrlərdə Azərbaycanın
ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat,
idman sahələrində baş verən önəmli hadisələr
barədə məlumatlar çatdırılır. Muzeyin
“Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın
ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz,
nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin
həm sovet hakimiyyəti dövründə, həm də
müstəqillik illərində həyata keçirdiyi fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual təqdim
edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək
ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsində
olan avtomobillər də nümayəndə heyətinin marağına
səbəb olmuşdur.
Qeyd edilmişdir ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəblərinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.
Kamboca
Krallığının Baş naziri Hun Sen
Mərkəzin Xatirə kitabına ürək sözlərini
yazmışdır.
Azərbaycan.-2014.- 23 aprel.- S.2.