Milli Məclisdə üç ölkənin parlamentləri

arasında əməkdaşlığa dair yeni protokol imzalandı

 

Aprelin 22-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu görüşün xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, üç dostqardaş ölkənin parlamentlərinin komitə sədrlərinin bu görüşündə regionda baş verən proseslər və qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaqdır. S.Seyidov bu görüşün hər üç ölkə üçün tarixi toplantı olduğunu vurğulamışdı. Bir müddət əvvəl üç ölkənin xarici işlər nazirlərinin görüşdüyünü xatırladan komitə sədri bildirmişdir ki, bu toplantılar ölkələrimiz arasında sıx əməkdaşlığın  mövcudluğunun göstəricisidir.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze isə demişdir ki, bu toplantı dost, qardaşmehriban qonşu olan üç ölkənin parlament nümayəndələrinin görüşüdür. T.Caparidze belə görüşlərin davamlı olaraq keçirilməsinin önəmini vurğulamışdır. O, demişdir ki, qarşıya çıxan problemlər ayrı-ayrılıqda deyil, birgə əməkdaşlıq şəraitində daha tez və səmərəli  həll olunar. Buna görə də belə görüşlər bu istiqamətdə müzakirələrin aparılması baxımından əhəmiyyətlidir. Diqqətə çatdırılmışdır ki, üç ölkənin birgə strateji əməkdaşlığı regionun inkişafı üçün çox önəmlidir. Azərbaycan bu gün regionda təhlükəsizliyin və sabitliyin, iqtisadi inkişafın əsas təminatçısıdır.

Türkiyə  Böyük  Millət  Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır qeyd etmişdir ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır. Üç ölkənin parlament nümayəndələri arasında belə bir görüşün keçirilməsi çox faydalıdır. V.Bozkır bildirmişdir ki, Azərbaycan artıq beynəlxalq birliyin önəmli ölkələrindəndir, dünyanın əksər inkişaf etmiş ölkələrinin maraq dairəsindədir: "BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Həmin müddətdə bir çox önəmli məsələlərin uğurlu həllində Azərbaycan önəmli rol oynamışdır".

V.Bozkır vurğulamışdır ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biriBirinci Avropa Oyunlarının məhz qardaş ölkədə keçirilməsidir. Görüşdə Milli Məclisin deputatları Azərbaycan, Türkiyə və Gürcüstan arasında geniş spektrdə əməkdaşlığın mövcud olduğunu qeyd etmiş, bu tərəfdaşlığın təməlində möhkəm dostluq və qardaşlıq əlaqələrinin durduğunu bildirmişlər.  Deputatlar bu cür önəmli görüşün keçirilməsinin davamlı xarakter alacağına əminliklərini ifadə etmişlər. Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə ildə iki dəfə belə toplantıların keçirilməsi barədə razılıq əldə olunmuşdur. Növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınmışdır. Sonda hər üç ölkənin parlamentləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır.

 

R.BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 23 aprel.- S.2.