Bakıda Beynəlxalq Avrasiya
Mətbuat Fonduna BMT-nin
İqtisadi-Sosial Şurasının
yüksək məşvərətçi statusunun
verilməsi ilə əlaqədar tədbir keçirilmişdir
Aprelin
22-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF)
BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi
statusunun verilməsi ilə əlaqədar tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, QHT-lərin təmsilçiləri, jurnalistlər iştirak etmişlər.
BMT-nin sabiq layihə koordinatoru Lütfi Kəbirin moderatorluğu ilə keçirilən tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
BMT-nin İqtisadi-Sosial Şurasında BAMF-ın əldə etdiyi statusun ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu bildirən A.Quliyev ötən illər ərzində QHT-lərin öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirdiyini qeyd etmişdir.
Azərbaycanda QHT-lərin fəaliyyəti üçün hökumətimiz tərəfindən hər cür şəraitin yaradıldığını diqqətə çatdıran Azay Quliyev Prezident İlham Əliyevə ölkəmizdə vətəndaş cəmiyyətlərinin inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Daha sonra çıxış edən BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek ölkəmizin BMT ilə yanaşı, onun qurumları ilə də əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu söyləmişdir.
Bu uğur münasibətilə BAMF-ın əməkdaşlarını təbrik edən A.Broek bu cür nailiyyətlərin BMT-nin qurumlarının Azərbaycanda digər QHT-lər ilə əməkdaşlıq əlaqələrinin qurmasına zəmin yaradacağını xüsusilə vurğulayaraq demişdir: “Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycanda sürətli inkişaf prosesi gedir. İnanıram ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə BMT-nin əməkdaşlığı gələcəkdə də uğurlu olacaqdır. Əməkdaşlıq edəcəyimiz sahələr genişdir. Birgə fəaliyyətimiz Azərbaycanın əsas milli prioritetlərinə və problemlərin həllinə yönəlməlidir. Minilliyin İnkişaf Məqsədləri, dayanıqlı inkişaf, 2015-ci ildən sonrakı dövr üçün ortaya çıxan əsas istiqamətlər və digər proqramlar üzərində birgə işləyə bilərik. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ən vacib və uzunmüddətli proqramlardan biridir. Bu proqramı reallaşdırmaq üçün Azərbaycanda möhkəm baza yaradılmışdır. Son illərdə Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyişlərə nail olunmuşdur”.
Daha sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək demokratik, hüquqi dövlətdə vətəndaş cəmiyyətinin rolunun əvəzsiz olduğunu bildirmişdir.
Ə.Hüseynli hakimiyyət orqanlarının hər hansı hadisəyə çevik reaksiya verməsini Azərbaycanda vətəndaş cəmiyyəti inkişafının göstəricisi olduğunu söyləmişdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əldə etdiyi yüksək statusun milli QHT-lərin mötəbər təşkilatlarda təmsil olunmasına yol açacağını bildirən Milli Məclisin komitə sədri son dövrdə qeyri hökumət təşkilatları ilə bağlı qanuna edilən dəyişiklərin beynəlxalq donorlarla əməkdaşlıq üçün şəffaf mexanizmlərin yaratdığını və bunun vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəyini söyləmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxış edərək dövlət-vətəndaş cəmiyyəti münasibətlərindən söhbət açmışdır. Vurğulanmışdır ki, Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir. Hər bir vətəndaş cəmiyyəti institutunun uğur qazanması üçün əsas cəhət onların ölkə daxilində əldə etdiyi nailiyyətlər və beynəlxalq təşkilatlarda təmsil olunması məsələləridir. Bu baxımdan Beynəlxalq Avrasiya Mətbuat Fondu hər iki sahədə yaxşı nəticlər əldə etmişdir. Fondun əldə etdiyi bu uğur ölkə daxilində vətəndaş cəmiyyəti institutları, eyni zamanda, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu rəhbərlik etdiyi qurumun BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi statusunu almasından məmnunluğunu dilə gətirmişdir.
BAMF-ın beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirən Umud Rəhimoğlu qurumun şəffaf vətəndaş cəmiyyəti təşkilatı kimi formalaşdığını vurğulayaraq bu uğurun böyük məsuliyyət yaratdıığını, gələcəkdə də davamlılığına ümidvar olduğunu söyləmişdir.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi-Sosial
Şurasına ən yüksək məşvərətçi
statusu qazanması münasibətilə Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası tərəfindən fəxri fərmanla təltif
edilmişdir.
Azərbaycan.-2014.- 23 aprel.- S.3.