Tərəqqi və inkişaf nümunəsi
Sumqayıt Cənubi
Qafqazın sənaye mərkəzinə çevrilir
Dünyada inkişaf etmiş dövlətlərin tarixi təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.
Davamlı və sabit inkişaf nəticəsində təkcə paytaxtın deyil, respublikanın bütün şəhər və rayonlarının inkişafına verilən dəstək regionların həyatında keyfiyyətcə yeni mərhələ açmışdır. Regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığa geniş meydan verilməsi yaşanan tərəqqinin bütün regionlar üzrə proporsional qaydada paylanması, ölkə vətəndaşlarının həyatında öz əksini tapması nəticə etibarı ilə respublikamızı daha qüdrətli dövlət halına gətirib. Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır.
Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur.
Xarüqələr diyarına çevrilən və gözəl, əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt, eyni zamanda sürətli inkişaf nümunəsidir. Bu gün Sumqayıt ölkənin ən böyük şəhərlərindən biri olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib. Azərbaycanın mühüm sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgləri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Digər tərəfdən, müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər öz növbəsində növbəti dəfə belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam, ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır.
Sumqayıtın inkişaf prosesi sürətli proqram əsasında aparılır. Ölkə başçısının təşəbbüsü ilə indi burada bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan sənaye parkı yaradılmışdır. Bakının müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu proses kortəbii qaydada deyil, müasir standartlara uyğun aparılır. Sumqayıtda fəaliyyətə başlayan müəssisələrin açılışında ölkə başçısının şəxsən iştirak etməsi isə onun şəhərimizə göstərdiyi diqqət və qayğının barizliyidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta son səfəri zamanı bir neçə müəssisənin açılışı oldu. Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Sumqayıtda istifadəyə verilən Mis Emalı Zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir.
Bu gün müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqətdən kənarda qalmır. Bu sırada Sumqayıt Mis Emalı Zavodu da əhəmiyyəti ilə fərqlənir.
İstehsal fəaliyyətinə başlayan zavodda emal prosesi dünya standartlarına uyğun həyata keçirilir. Burada mis katod lövhələrin elektroliz üsulu ilə, həm də hazır mis məmulatlarının ekoloji cəhətdən təmiz istehsalı nəzərdə tutulub. Ümumi dəyəri 10 milyon manatdan çox olan zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit ayrılmışdır. Zavod elektroliz, mis qəbulu, ərinti və dik töküm sahələrindən ibarətdir.
Müəssisə dünyada bu sahədə tanınan şirkətlərin müasir avadanlığı və texnologiyaları əsasında qurulub. Burada emal prosesi 4 mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir. İkinci mərhələdə ay ərzində 450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir.
Onu da qeyd edək ki, zavodda istehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir. Yaxın gələcəkdə zavodun məhsullarının Avropa ölkələrinə satılacağı nəzərdə tutulur.
Çünki bu məhsullara həm daxili, həm də dünya bazarında böyük tələbat var. Zavodda istehsal edilən 8 millimetrlik mis naqillərin əsas sifarişçisi hazırda yerli şirkətlərdir.
Müəssisə müasir texnologiyalar və avadanlıq əsasında yaradılıb. Zavod mis məmulatlarının idxalını aradan qaldıracaq, bu sahədə tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcəkdir. Müəssisə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə töhfə verəcəkdir.
Sumqayıta səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etdi.
Sumqayıtda "Azərsun Sənaye Parkı"nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcək əsas şərtlərdən biridir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir. Digər tərəfdən, bu cür müəssisələr ölkənin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir.
İnkişafı müasir texnologiyalara əsaslanan respublikamızda 2014-cu il ölkədə "Sənaye ili" elan edilmişdir. Məhz bele müəssisələrin bu il istifadəyə verilməsi "Sənaye ili"nin uğurlu olacağının daha bir göstəricisidir.
Zavodda istehsal prosesi tam
avtomatlaşdırılıb. Onu da bildirək
ki, böyük həcmdə investisiya tələb edən bu
kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur.
Elə bu göstəricinin özü ölkə
başçısının Sumqayıta olan diqqətinin nəticəsidir.
İstehsal korpusu, bir neçə bölmə və
hazır məhsul anbarından ibarət olan müəssisə
aparıcı ölkələrin tanınmış şirkətlərinin
müasir avadanlığı ilə təchiz edilib. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli
və rəqabətədavamlı məhsul əldə etmək
mümkündür. Ümumilikdə
kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi
əsasında həyata keçirilir. Kombinatın
illik emal gücü 50 min tondur. Bu layihənin
Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin
sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun
təmin olunmasında mühüm əhəmiyyətə
malikdir. Bu
regionlarla Sumqayıt arasında əlaqələrin
inkişafı, eyni zamanda onun mərkəz
rola malik olması deməkdir.
Təbiətin qorunması, ekoloji vəziyyətin nizama
salınması və daha da
yaxşılaşdırılması vacib şərtlərdən
biridir. Dünyanı təkcə maliyyə böhranı
deyil, yaşıllıqların azalması, meşələrin
məhv edilməsi problemləri də bürüməkdədir.
Sumqayıt yaşıllıq bazasına görə
respublikamızda öncül yerlərdən birini tutur. Şəhərdə daim yeni parklar istifadəyə
verilir, yaşıllıq zolaqları salınır. Müəssisənin fəaliyyətə
başlaması kağız tullantılarının təkrar
istifadəsini təmin etməklə yanaşı, ətraf
mühitin çirklənməsinin qarşısının
alınmasında mühüm rol oynayır. Məhz müəssisənin fəaliyyəti nəticəsində
ildə 850 min şam ağacının kəsilməsinin və
meşələrin məhv olmasının, həmçinin
atmosferə xeyli miqdarda zərərli maddələrin
buraxılmasının qarşısı alınacaq. Müəssisənin xammala tələbatının
90 faizi tullantı kağızın tədarükü
hesabına ödəniləcəkdir. Bu məqsədlə
respublikanın regionlarında tədarük məntəqələrinin
yaradılması nəzərdə tutulur.
Ölkə
başçısının Sumqayıta səfəri
zamanı yeni istifadəyə verilən müəssisələrdən
biri də "Azərsun
Sənaye Parkı"nın nəzdində yaradılan
Sumqayıt Yağ Fabrikidir.
Azərbaycan Prezidentinin tapşırıqlarına
uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun inkişafı istiqamətində
mühüm addımlar atılmışdır. Bu sahəyə
yönəldilən investisiyalar keyfiyyətli yerli məhsullar
istehsalının genişləndirilməsinə hərtərəfli
təkan verir. "Azərsun Sənaye
Parkı"nın nəzdində Sumqayıt Yağ Fabrikinin
yaradılması da məhz rəqabətədavamlı və
müasir standartlara cavab verən qida sənayesinin inkişafına
mühüm töhfədir. Ölkəmizin ərzaq təhlükəsizliyinin,
əhalinin sağlam qidalarla təmin edilməsi belə layihələrin əhəmiyyətini
artırır və dövlət
başçısının verdiyi tapşırıqların
icrasının uğurlu və davamlı xarakter
daşıdığını nümayiş etdirir.
Bu gün Sumqayıtda əhalinin sayı da durmadan
artır. Bakının bir addımlığında yerləşən
şəhər ərazi baxımından da münasib xarakter
daşıyır. Sumqayıt bütün
standartlar baxımından Bakıya o qədər
yaxınlaşıb ki, onları biri-birindən ayırmaq
çətinləşib. Əhalinin ərzağa
olan təlabatı da artmaqda davam edir.
Müasir texnologiyalarla təchiz edilən fabrik dövlətin
ayırdığı güzəştli kredit və "Azərsun
Holdinq" MMC-nin vəsaiti hesabına inşa olunub. Xam yağ qəbulu, rafinləşdirmə
bölmələri, marqarin paketləmə, duru yağ
qablaşdırma, şokolad istehsalı, əridilmiş
yağın qablaşdırılması və metal
qablaşdırma sahələrindən ibarət müəssisədə
müxtəlif
istehsal xətləri quraşdırılıb. İstehsal sahələri böyük təcrübəyə
malik şirkətlərin müasir avadanlığı ilə
təchiz edilib.
Fabrikdə xam yağın kənar maddələrdən
təmizlənməsi üçün rafinləşdirmə
bölməsi yaradılıb. Saflaşdırılma
üsulları əsas prosesin getdiyi mexanizmə uyğun olaraq
fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə
illik 270 min ton yağ məmulatı, o
cümlədən qarğıdalı, günəbaxan, marqarin
yağları və əridilmiş yağlar, şokolad
yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və
avadanlığın hesabına burada istehsal edilən məhsullar
ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı
ilə seçilir. Məhsulların gələcəkdə
Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan
və digər ölkələrə ixrac edilməsi də nəzərdə
tutulur.
Bu müəssisələrin işə düşməsi
bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar
istehsal edən müasir sənaye komplekslərinin
yaradılması, ərzaq təhlükəsizliyinin təmin
olunması istiqamətində kompleks tədbirlər uğurla
davam etdirilir.
Dövlət başçısı İlham Əliyev müəssisənin
kollektivi ilə görüş zamanı demişdir:
"...Sumqayıt şəhəri Azərbaycanın sənaye
mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda
ikinci böyük sənaye şəhəridir. Əslində, Sumqayıt sənaye şəhəri
kimi yaradılmışdır. Hazırda
Sumqayıt müasir sənaye şəhərinə
çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət
göstərir. Sumqayıt Texnologiyalar
Parkı neçə ildir ki, fəaliyyət göstərir.
Texnologiyalar parkında 13 zavod fəaliyyət
göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl
daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə
yaxın illərdə böyük bir sənaye şəhəri
yaradılacaqdır. O zavodların fəaliyyəti
genişlənəcəkdir. Bir sözlə,
Sumqayıt müasir sənaye şəhəri kimi bu gün
ölkəmizin sənaye potensialının inkişafında
mühüm rol oynayır. Demək olar ki,
işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət
göstərilir. İnfrastruktur layihələri
icra edilir, şəhər abadlaşır, yeni xiyabanlar
salınır, binalar bərpa edilir. Sumqayıt
parklar şəhərinə çevrilir. Əlbəttə
ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə
də birbaşa bağlı olmalıdır".
Bu gün Sumqayıtda həyata keçirilən layihələrin özülü Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında qoyulur. Ölkə başçısının hər bir səfəri sumqayıtlıların yaddaşında yaşamaqdadır.
XX əsrin ortalarında fəhlə-gənclər şəhəri kimi salınan Sumqayıt bu gün inkişafının yüksək mərhələsini yaşayır. İki il öncə şəhəri tərk edərək yenidən Sumqayıta qayıdan hər kəs bəlkə də onu tanımaz. Bu gün şəhərin elə bir küçəsi, mikrorayon - məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın, hansısa layihələr həyata keçirilməsin.
Azərbaycanı dünya miqyasında fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Ölkə başçısının Sumqayıta səfəri zamanı şəhər dindarları Cümə məsçidinin yenidən qurulması üçün Prezident İlham Əliyevə müraciət etdilər. Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məsçidində başlanan təmir işləri sona çatdırıldı. Təkcə zavod, müəssisə, yol çəkilişi deyil, insan kapitalının qorunması ölkə başçısının irəli sürdüyü konsepsiyaların özəyidir. Bu gün orada qılınan namazlar, edilən dualar da Azərbaycan dövlətinə, onu uğurla irəli aparan ölkə başçısına ünvanlanmaqdadır.
Yaradılan yeni müəssisələr, fəaliyyətə başlayan zavodlar həm də yeni iş yerlərinin açılması deməkdir. Təkcə son 3 ay ərzində fəaliyyətə başlayan zavodlara görə minə yaxın sumqayıtlı işlə təmin edilib. Bu da onların ailə büdcələrinin möhkəmlənməsinə, sosial-rifah halının yaxşılaşmasına yönəldilib.
Sumqayıt sakinləri sabaha böyük ümidlə baxırlar. Ötən hər gün şəhərin tarixində yeni səhifələr açır. Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilən Sumqayıtda yaşamaq da, işləmək də gözəldir. Bu şəhərin yaranışdan inkişafı ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə olub. Bu gün ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt təkcə ölkəmizin deyil, Cənubi Qafqazın sənaye mərkəzinə çevrilməkdədir. Ölkə başçısı şəhərimizə səfəri zamanı demişdir: "Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq".
Bu gün Sumqayıtda dövrün ən möhtəşəm layihələri həyata vəsiqə alır. Bakı standartlarına yaxınlaşan və müəyyən mənada ona qaynayıb qarışan Sumqayıt təkcə respublikanın deyil, Avropanın sayılıb-seçilən şəhərlərindən birinə çevrilməkdədir. Respublikamızın inkişafının bir hissəsi olan Sumqayıtda görüləsi işlər hələ çoxdur. Sumqayıtlılar yaxşı başa düşürlər ki, əldə edilən uğurların kökündə ölkə başçısı tərəfindən düzgün müəyyənləşdirilən davamlı iqtisadi siyasət və onun gələcəyinə inam durur. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısının canlı təzahürü olan Sumqayıt illər keçdikcə daha da çiçəklənəcək .
Akif
ƏLİYEV,
Azərbaycan.-2014.- 23 aprel.- S.4.