Azərbaycan ilə Birləşmiş
Ərəb Əmirlikləri arasında
iqtisadi və ticarət əlaqələri
ildən-ilə genişlənir
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə
olan Dubay Ticarət və Sənaye Palatasının sədr
müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulamışdır. Bildirilmişdir ki, yüksək səviyyəli siyasi münasibətlər, mövcud müqavilə-hüquq bazası, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan ilə BƏƏ arasında iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir. Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında iş adamları da yaxından iştirak edirlər. Biznes dairələrinin iştirakı ilə keçirilmiş pərakəndə və françayzinq biznesi üzrə “dəyirmi masa” yeni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Ölkələrimiz arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif etmişdir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzunun artdığını, etibarlı tərəfdaş kimi tanındığını, respublikamızda möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırmışdır.
Ölkəsində Azərbaycan
ilə əməkdaşlığa önəm verildiyini vurğulayan Dubay Ticarət və Sənaye
Palatasının sədr müavini Hişam Al Şiravi
Palatanın nümayəndəliyinin Azərbaycanda
yaradılmasına əsas səbəb kimi
ölkələrimiz arasında yüksək səviyyəli
münasibətlərin formalaşmasını, eləcə
də Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik,
davamlı iqtisadi inkişaf,
əlverişli biznes və investisiya mühiti olduğunu diqqətə
çatdırmışdır. BƏƏ
nümayəndə heyətinin ölkəmizə səfəri
barədə məlumat verən Hişam Al Şiravi budəfəki
səfərin məqsədinin sürətlə inkişaf edən Azərbaycanın investisiya imkanlarının öyrənilməsi
olduğunu vurğulamışdır.
Qeyd edilmişdir ki, hər il Dubayda çoxlu
sayda sərgilər və müxtəlif tədbirlər
keçirilir və Azərbaycan iş adamları belə tədbirlərdə iştirak etməklə yeni
biznes əlaqələri qura,
eləcə də Yaxın Şərq bazarına
çıxa bilərlər. Hişam
Al Şiravi Dubay Ticarət və Sənaye
Palatasının belə tədbirlərdə iştirakda
Azərbaycan iş adamlarına hər cür dəstək göstərməyə
hazır olduğunu bildirmişdir.
Azərbaycan.-2014.- 23 aprel.- S.5.