Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin

 sədri Şəmkir şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə aprelin 22-də Şəmkirdə Gəncə şəhərinin, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərini qəbul etmişdir.

Şəmkir şəhərindəki “Zəka” gənclərin intellektual və yaradıcılıq mərkəzində keçirilən qəbulda TQDK-nın sədri 80 nəfərədək vətəndaşın müraciət və təkliflərini dinləmişdir.

Müraciətlər əsasən buraxılış imtahanları, bakalavr və magistraturaya qəbul, hərbi çağırışla əlaqədar möhlət, orta ixtisas məktəblərinə qəbul və sair sahələr üzrə olmuşdur.

Komitənin sədri hər bir vətəndaşın arzu və istəyinə diqqətlə yanaşmışdır. Bəzi məsələlər yerindəcə həll edilmiş, digərləri ilə bağlı vətəndaşlara ətraflı izahat və məsləhət verilmişdir. Bir neçə vətəndaşın müraciəti isə araşdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Eyni zamanda, TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı edilən müraciətlər müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Ümumilikdə vətəndaşlar qəbuldan razı qaldıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.- 23 aprel.- S.6.