Elmi-texniki tərəqqi əqli mülkiyyət

 hüquqlarının qorunmasına yeni yanaşma tələb edir

 

UNESCO Baş Assambleyasının 1995-ci il 15 noyabr tarixli qərarına əsasən aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan olunmuşdur. Müstəqil Azərbaycanda isə bu gün 1996-cı ildən etibarən qeyd edilir: hər il ənənəvi olaraq müxtəlif tədbirlər, konfrans və "dəyirmi masa"lar keçirilir, əqli mülkiyyətin və müəllif hüquqlarının qorunmasının vacibliyi ilə bağlı geniş maarifləndirmə işi aparılır.

UNESCO-nun Baş katibi İrina Bokovanın əlamətdar gün münasibətilə dünya ictimaiyyətinə müraciətində vurğulandığı kimi, şəxsiyyətin özünütəsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur: "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə UNESCO qadınları və kişiləri, həmçinin kitab yazmaqla və onların nəşri ilə məşğul olanları kitab ətrafında toplaşmağa çağırır. Həmin gün biz qarşılıqlı anlaşma və dözümlülüyə imkan yaratmaq üçün insanın yaradıcılığının təcəssümü olduğunaonun ideyaları və bilikləri ilə bölüşmək təşəbbüsünə görə kitaba öz hörmətimizi bildiririk".

Müraciətdə haqlı olaraq vurğulanır ki, rəqəmsal formatların meydana çıxması və bilik mübadiləsinin təşviqi üçün açıq lisenziyalaşma prinsiplərinə keçidlə bağlı kitablar dünyada baş verən dəyişikliklərdən sığortalanmamışdır: "Baş verən dəyişikliklər kitabın nə olduğuna və rəqəmsal erada müəllifliyin mənasının müəyyən edilməsinə münasibətdə qarşımıza çətin suallar qoyur. UNESCO kitabların dematerializasiyası və müəllif hüquqlarının problematikası üzrə yeni müzakirələrdə aparıcı rol oynayır".

Ümumilikdə əqli mülkiyyətin ayrılmaz halqası olan müəllif hüquqlarının qorunması və idarə edilməsi sahəsində vəziyyət iki mühüm sazişlə - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası və UNESCO-nun 80-dən çox üzvü olan "Müəllif hüquqları haqqında" Ümumdünya Konvensiyası tərəfindən tənzimlənir. Bundan başqa, "Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qeyri-qanuni surətlərinin çıxarılmasından qorunmasına dair" Konvensiya, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Müəlliflik hüququna dair müqavilə"si, ÜƏMT-nin "İfalarfonoqramlara dair müqavilə"si, "İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması haqqında" Beynəlxalq Konvensiya, "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası əhəmiyyətli beynəlxalq sənədlər hesab olunur.

BMT-nin "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt"ı (1966) hər bir şəxsin "Müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək" hüququnu tanıyır. Əqli mülkiyyət hüquqları əqli fəaliyyət nəticələrinin qorunması məqsədilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. Müəlliflik hüququ əqli mülkiyyət sisteminin ən zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır.

Azərbaycan ədəbiyyatında şəxsi müəllifliyin tarixi qədim dövrlərə gedib çıxır. Digər xalqlarda olduğu kimi, onun əsasını ilkin mərhələdə ağızdan-ağıza, nəsildən-nəslə keçərək bugünümüzə qədər gəlib çatmış folklor nümunələri təşkil edir. Zəngin folklor nümunələrimiz - ibtidai əmək nəğmələri, əfsanələr, nağıllar, dastanlar, atalar sözləri, zərb-məsəllər və s. dünya mədəniyyəti nümunələri sırasında özünəməxsus xüsusi yer tutur.

Ölkəmizdə müəllifliyin tanınmasının qədim tarixi kökləri vardır. Xüsusən erkən dövrlərdə bu ərazidə qrafik (Qobustan yazıları) və fonoqrafik yazı formalarının mövcudluğu şəxsi müəllifliyin təşəkkülünə böyük təsir göstərmişdir. Bu cür yazılar vasitəsilə daş, qaya, metal, gil üzərində əksini tapmış əsərlərin bir qismi bugünümüzə qədər gəlib çatmışdır. Sonralar yazının kəşfi şəxsi müəlliflik dərketməsini təsdiqlədi. Bu ənənə orta əsrlərdə daha da zənginləşdi, artıq folklor deyil, öz müəlliflərinin adlarını bugünə qədər bizə çatdırmış yazılı əsərlər də qeydə alınmağa başladı.

Azərbaycanda kağız istehsalının inkişafı VII-XIII əsrlərdə əlyazma nəşrlərinin geniş yayılmasına gətirib çıxarmışdır. Bir faktı da qeyd edək ki, Azərbaycan xalqının tarixi keçmişində kitabın ictimai-mədəni rolu kifayət qədər böyük və çoxistiqamətli olmuşdur. Uzun əsrlərdən bəri müdriklərimizin yaratdığı dəyərli sənət əsərlərini dövrümüzə qədər çatdırmış müasir çap kitablarının sələfləri əlyazma kitabları olmuşdur. Əlyazma kitabı insan ağlının ixtira etdiyi ən böyük kəşf sayılan yazının yaradılması ilə bağlı yaddaşlarda həkk olunmuş şifahi xalq ədəbiyyatı nümunələrinin yazıya köçürülməsi, elmin, ictimai fikrin və ədəbi yaradıcılığın verdiyi məhsullar, eləcə də başqa dillərdən edilən tərcümələr sayəsində meydana gəlmişdir. Əlyazma kitabları katib və xəttatların gərgin əməyi sayəsində çoxaldılaraq bütün dünyaya yayılmışdır. Avropa, Asiya, AmerikaAfrika qitələrindəki ayrı-ayrı ölkələrin mədəniyyət mərkəzlərində yerləşən muzeyləri, əlyazma xəzinələri və kitabxanalarda özünə ləyaqətli yer tutmuş Azərbaycan əlyazma kitabı həm də dünya alimlərinin araşdırma obyektinə çevrilmişdir. "Kitabi-Dədə Qorqud" neçə yüzilliklərdir ki, görkəmli tədqiqatçıları daim düşündürür. Əlyazma kitabı yalnız öz məzmunu ilə deyil, eyni zamanda incəsənət abidəsi kimiçox dəyərlidir. Orta əsrlərin kitab tarixikitab sənəti, rəssamlıq məktəblərini və təsviri incəsənəti, eləcə də başqa sahələri öyrənmək baxımından əsas mənbədir. Onların bədii tərtibatı, miniatürləri, kalliqrafik xətt nümunələri, incə naxış və ornamentləri, böyük zövqlə hazırlanmış bədii cildləri və s. keçmiş yüzilliklərin incəsənəti ilə ayrılmaz şəkildə bağlı olan başlıca faktorlardır. Özündə kompleks bilikləri cəmləşdirən əlyazma kitabları hər bir xalqın maddi mədəniyyətinin əvəzsiz abidələri sayılır. O cümlədən, "Kitabi-Dədə Qorqud"un əlyazmaları həmin vaxtlardan yazılı şəkildə tanınmağa başlanmış və onun bir sıra sonrakı əlyazmaları (XV əsr) bugünə qədər də DrezdenVatikan kitabxanalarında saxlanılır.

Xətib Təbrizinin, Tusinin, Marağayinin, Naxçıvaninin, Xaqaninin, Beyləqaninin, Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin və digərlərinin müəlliflik hüquqlarının qorunması ilə müşayiət edilən əlyazmalar bizim günlərə qədər gəlib çatmışdır. Dünyanın ən zəngin kitabxanalarında, o cümlədən Parisin Milli Kitabxanasında M.Təbərinin "Qurani-Kərimin təfsiri (şərhi)" (1220-1225-ci illər), Londonda Nizami Gəncəvinin "Sirlər xəzinəsi"nin (1239-cu il) əlyazmaları indiyədək qorunub saxlanılır. Ümumiyyətlə, mütəxəssislərin yazdıqlarına görə, Məhəmməd Füzulinin əsərlərinin 800, Nizami Gəncəvinin "Xəmsə"sinin 792 əlyazma nüsxəsi dünyanın ən məşhur muzey və kitabxanalarının dəyərli sərvəti kimi qiymətləndirilir. Tədqiqatçıların fikrincə, sifarişlə yaradılan müəlliflik əsərlərinin də ənənəsi Şərqdə qoyulub. Firdovsinin "Şahnamə"sini Sultan Mahmud Qəznəvi (bu əsərin ilk nüsxəsi Moskvada çap olunub), Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını isə Şirvan hökmdarı Axsitan sifariş etmişdir.

Beləliklə, müəllif-hüquq sahəsində Azərbaycanın qədim və zəngin tarixi var. Bəllidir ki, müasir müəlliflik hüququnun formalaşması məhz XV əsrdə kitab nəşri və mətbəə işinin ixtirası ilə bağlıdır. Alman ixtiraçısı İohan Qutenberqin kəşfi müəllifliyi çap formasında kütləyə çatdırma imkanını yaratmışdı. Əslində isə kitab nəşrinə olan marağı XV əsrdə yaradılan və kitabı əmtəə vasitəsinə çevirən bazar münasibətləri stimullaşdırırdı. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. 1456-cı ildə İ.Qutenberq E.Donatın latın qrammatikasını və iki Bibliyanı çap edir. 1468-ci ildə o, çap mətbəəsi yaradır. Həmin zamanlar Venesiyada geniş miqyasda kitablar dərc olunurdu. Ağqoyunlu və Səfəvilərin dövlət rəhbərlərinin fəal xarici əlaqələri sayəsində bir sıra Azərbaycan müəlliflərinin əsərləri də kitab şəklində çıxmağa başladı. Məsələn, 1248-ci ildə N.Tusi tərəfindən yazılmış həndəsə və cəbr üzrə dərsliklər 1598-ci ildə yenidən çap edilmiş və latın dilinə tərcümə olunduqdan sonra 1657-ci ildə Londonda da nəşr olunmuşdur. Səfəvilər dövlətində əvvəl şriftli kitab nəşri, sonralar isə Təbrizdə litoqrafiya üsulu ilə kitab çapı özünə geniş yol açmışdı və ana dilimizdə ilk nəşrimiz Məhəmməd Füzulinin "Leyli və Məcnun"u olmuşdu. Beləliklə, artıq neçə əsrdir ki, müəlliflik hüququkitab dünyada birgə addımlayır. Bu cütlüyün müasir nüfuzu cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsində və mədəniyyətin zənginləşməsindəki rolu ilə izah edilir. Müəllif hüququ əqli mülkiyyətin ən vacib, mürəkkəb və elə bir dəyərli sahəsidir ki, onun qorunması və idarə edilməsi ilə dünya miqyasında iki beynəlxalq təşkilat - ÜƏMT və UNESCO məşğul olur. UNESCO hər il iki mindən artıq adda nəşrlər buraxır, yeganə sayılan Beynəlxalq Tərcümələr Biblioqrafiyasını (100 ölkəni təmsil edən və müəllif haqqında, onun hansı əsəri, hansı dilə və kim tərəfindən tərcümə edilməsini işıqlandıran kataloq) aparır, Ümumdünya Müəlliflik hüququ haqqında Konvensiyaya başçılıq edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülmüş, 1993-cü ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradılmışdır. Respublikamız 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü olmaqla yanaşı, "Ədəbi-bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasını və "Müəllif hüququ haqqında" Ümumdünya Konvensiyasını ratifikasiya etmişdir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30-cu maddəsinə əsasən, "Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur".

Əsas Qanunda əksini tapmış bu müddəa üzrə hazırlanmış və 1996-cı il oktyabrın 8-də qüvvəyə minmiş "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun müəllif hüquqlarının və əqli mülkiyyətin qorunmasının əsas prinsip və vasitələrini müəyyənləşdirir. Qanunun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yazılması ilə yaranır, müəllifin bütün həyatı boyu və ölümündən sonra (bəzi hallar istisna olmaqla) 70 il müddətində qüvvədə qalır. Bu, müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqların qorunması; əsərin müəllifi kimi tanınmaq hüququ; əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliyin aparılmasına qarşı çıxmaq hüququ və digər hüquqlar da nəzərdə tutulmuşdur. Onların qorunmasına zaman məhdudiyyəti qoyulmur.

Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılması adətən vasitəçilərin - ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olur. Onların hüquqları isə əlaqəli hüquqlar kimi səciyyələndirilir. Əlaqəli hüquqların əsas xüsusiyyəti müəlliflik hüququndan törəməsi və ondan asılı olmasıdır. Bu səbəbdən əlaqəli hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır.

İnformasiya-kommunikasiya texnologiyalarının, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi, qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə müəllif hüquqlarının qorunması məsələsi qlobal çağırışlardan birinə çevrilmişdir. Dinamik sosial-iqtisadi və mədəni inkişaf yolunda olan Azərbaycanda da bu sahədə mexanizmlərin təkmilləşdirilməsi obyektiv reallıqlarla şərtlənir. Həmin reallıqlar nəzərə alınmaqla, son illər respublikamızda əqli mülkiyyətin, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində zəruri qanunvericiinstitusional tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbərinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə xüsusi yer ayrılmışdır.

2012-ci il 22 may tarixli "Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında" Qanun isə Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 13-cü bəndinə müvafiq olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi; əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması; bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Əqli mülkiyyət hüquqları dedikdə, müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə olan hüquqlar nəzərdə tutulur.

Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, müəllif-hüquq sahəsi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi prosesi 2013-cü ildə uğurla davam etdirilmişdir. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında" qanunun tətbiqi ilə əlaqədar agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual məcəllələrinə, "Nəşriyyat işi haqqında" qanuna, habelə agentliyin əsasnaməsinə müvafiq dəyişikliklər edilmişdir. Həmçinin müəllif-hüquq pozuntularına dair sanksiyalar sərtləşdirilmiş, həmin qanunun icrasını təmin etmək məqsədilə 2013-cü ildə Nazirlər Kabineti 3 yeni qərar qəbul etmişdir.

Azərbaycan MDB məkanında əsərlərin və digər oxşar əqli mülkiyyət obyektlərinin könüllü qeydiyyatını həyata keçirən ilk ölkələrdəndir. Qanunvericiliyin tələblərinə uyğun olaraq agentlikdə müəlliflik hüququnun obyekti olanolmayan, xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı aparılır. Son illərdə əvvəllər yaradılmış qeydiyyatdan keçirilən əsərlər, müəlliflər və hüquq sahibləri haqqında "Əsər" və "Müəllif" informasiya-axtarış sistemlərindən ibarət olan "Qeydiyyat" elektron məlumat bazasının, həmçinin rəqəmli on-layn qeydiyyat sisteminin işinin səmərəsi yüksəldilmiş, folklor üzrə rəqəmli kitabxana zənginləşdirilmişdir.

Ümumilikdə respublikada 1996-2013-cü illərdə 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir. 2013-cü ildə 195 müəllifin 578 əsəri qeydiyyata alınmış, 365 şəhadətnamə verilmişdir. 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilmiş, 21 şəhadətnamə verilmişdir.

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün hesabatına əsasən, əqli mülkiyyət institutlarının səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında 69-cu yeri tutur. MDB məkanında isə şəksiz liderdir: ölkəmiz Qazaxıstanı 4, Rusiyanı 44 və Ukraynanı 64 pillə üstələmişdir. Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən, o cümlədən Polşa, Çernoqoriya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Albaniya, Serbiya, BosniyaHerseqovinadan irəlidədir.

Respublikamız eyni zamanda piratlığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçısıdır. Görülən tədbirlər nəticəsində 2013-cü ildə piratlığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61 faizdən 30 faizə, audio-video məhsulları bazarında 90 faizdən 67 faizə, proqram təminatında 96 faizdən 87 faizədək aşağı düşmüşdür.

Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan bədxah qonşularımız xalqımıza məxsus zəngin milli-mənəvi irsimizi, mədəniyyətimizi, musiqimizimusiqi alətlərini, incəsənəti, habelə milli mətbəximizin ləziz yeməklərini mənimsəməyə, saxtakarlıqla öz adlarına çıxarmağa çalışır. Belə bir şəraitdə Müəllif Hüquqları Agentliyinin aidiyyəti sahədə beynəlxalq əməkdaşlığının gücləndirilməsi də son dərəcə vacibdir. 2013-cü ildə agentlik erməni plagiatlığının ifşa edilməsi istiqamətlərində bir sıra tədbirlər təşkil etmişdir. Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda konfrans Azərbaycan, ingilisrus dillərində 43 sayt vasitəsilə real vaxt rejimində internetdə yayımlanmışdır.

Bundan əlavə, folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə ÜƏMT, UNESCO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilmişdir. Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı ötən il Azərbaycan, rusingilis dillərində yenidən nəşr edilərək Xarici İşlər NazirliyiDiasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılmış, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilmişdir. "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab isə çapa hazırlanmışdır.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq qeyri-maddi mədəni irsin qanunsuz mənimsənilməsi hallarının qarşısının alınması; Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub saxlanılan, ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilərək qorunması, beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

Bu tədbirlər deməyə əsas verir ki, Azərbaycanda müəlliflik və onunla bağlı əlaqəli hüquqların, habelə əqli mülkiyyətin qorunması sahəsində ardıcıl və sistemli dövlət siyasəti aparılır. Bu tədbirlər həm hər bir fərdin yaradıcı məhsulunun başqaları tərəfindən özününküləşdirilməsi hallarına qarşı mübarizənin gücləndirilməsinə, həm də xalqımızın özünəməxsus mədəni sərvətinin və etnik identikliyinin etibarlı mühafizəsinə yönəlmişdir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 23 aprel.- S.7.