Fransa portalında Azərbaycanın turizm
imkanlarından bəhs
edən məqalə yerləşdirilib
Son vaxtlar Fransanın kütləvi informasiya vasitələrində tez-tez Azərbaycanın turizm imkanları, ölkədə turistlər üçün yüksək səviyyəli şəraitin yaradılması, müxtəlif turist marşrutlarının mövcudluğu ilə bağlı məqalələrə rast gəlinir. "Intermedes" portalında yerləşdirilən "Azərbaycanın paytaxtı Bakı, yeni Eden?" sərlövhəli məqalə də bu qəbildəndir.
Məqalənin müəllifi qədim İpək yolu üzərində yerləşən Azərbaycanın paytaxtı Bakının eramızdan əvvəl birinci minillikdən başlayaraq eramızın XV əsrinə qədər ticarət karvanlarını qəbul etdiyini xatırladır, lakin bir qədər sonra dəniz vasitəsilə ticarətin genişlənməsi ilə karvanların əhəmiyyətinin azaldığını, Çindən ölkəmizə qiymətli daşlar və metallar, döyüş silahları, lak, ipək parçalar, ədviyyatlar, keramika və çini qablar gətirildiyini bildirir.
Məqalədə Azərbaycanın Orta Asiya ölkələri, Çin və Avropanın qapısı hesab edilən Türkiyə ilə ticarət etməsində İpək yolunun mühüm rol oynadığı, amma zaman keçdikcə bu yolun fəaliyyətində müəyyən dəyişikliklər baş verdiyi, Xəzər dənizi sahilində yerləşən Bakının iki dünya-Şərq ilə Qərb arasında kosmopolit xarakterini saxladığı, neft emalına başlamazdan xeyli əvvəl Abşeron yarımadasında yaşayan əhalinin əsasən maldarlıq və şərabçılıqla məşğul olduğu fransız oxucularının diqqətinə çatdırılır.
XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakının dünyanın neft istehsalının əsas mərkəzlərindən birinə çevrildiyi vurğulanan məqalədə neft sənayesinin inkişafının Azərbaycana marağın və diqqətin artmasına səbəb olduğu qeyd edilir.
Məqalədə son illər qədim Bakının simasının xeyli dərəcədə dəyişdiyi, buna baxmayaraq keçmiş dövrlərin yadigarı olan və ölkənin zəngin tarixindən xəbər verən bir çox mühüm abidələrin bu gün də qorunub saxlanıldığı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun qədim divarları və qapıları ilə şəhərin qonaqlarının diqqətini cəlb etdiyi, tarixi abidə kimi onun 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edildiyi diqqətə çatdırılır.
Müəllif Bakının modernləşdiyini, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra şəhərdə böyük arxitektura layihələri əsasında möhtəşəm binaların tikildiyini, Heydər Əliyev Mərkəzinin, "Alov qüllələri"nin və digər müasir tikililərin paytaxta xüsusi yaraşıq verdiyini vurğulayır.
Yazıda dünya şöhrətli musiqiçi Mstislav Rastropoviçin Bakıda ev muzeyinin yaradıldığı, 2007-ci ildə dünyasını dəyişmiş böyük sənətkarın adını daşıyan fondun təsis edildiyi, hər il dekabr ayının əvvəllərində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Mstislav Rastropoviç adına Beynəlxalq musiqi festivalı təşkil edildiyi diqqətə çatdırılır.
Məqalədə Bakı ilə yanaşı, Şəki, Qobustan, Abşeron yarımadası, Şamaxı, Lahıc və Qəbələnin də turistlərin diqqətini cəlb etdiyi vurğulanır.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 23 aprel.- S.6.