Azərbaycan və Niderland arasında iqtisadi əlaqələr genişlənir

 

Aprelin 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Şahin Mustafayev iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlığın genişlənməsində senator Rene Van der Lindenin xidmətlərini xüsusilə vurğulamışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfəsinə görə Rene Van der Linden Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.

Azərbaycan və Niderland arasında iqtisadi əlaqələrə dair fikir mübadiləsinin aparıldığı görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənədin imzalandığı, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsi üzrə işlərin yekunlaşmaqda olduğu diqqətə çatdırılmışdır. Sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İKT, turizm, səhiyyə, ekologiya, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında Niderland şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanmış, adamları arasında əlaqələrin təşviqi üçün biznes forumların davam etdirilməsinin, sərgi və yarmarkaların təşkilinin əhəmiyyəti qeyd edilmişdir.

Niderland Krallığı Senatının üzvü Rene Van der Linden Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 24 aprel.- S.5.