Azərbaycan regionda İspaniya üçün vacib ölkədir

 

Aprelin 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanmışdır.

Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov bildirmişdir ki, İspaniya ilə Azərbaycan arasında münasibətlər hələlik lazımi səviyyədə deyil, amma əlaqələrin inkişafı üçün perspektiv imkanlar vardır. Nazir demişdir ki, ölkələrimiz arasında siyasi münasibətlər yaxşı səviyyədədir. İspaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyir.

Xose Manuel Qarsia-Marqallo Azərbaycanın regionda İspaniya üçün vacib ölkə olduğunu demişdir. İspaniyalı nazir bildirmişdir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında razılaşma mövcuddur. İspaniya Azərbaycan ilə siyasi münasibətlər üzrə Memorandum imzalamaq niyyətindədir. İspaniyalı nazir qeyd etmişdir ki, bu sənədin Azərbaycan Prezidentinin İspaniyaya səfəri zamanı imzalanması gözlənilir.

 

Azərbaycan.-2014.- 24 aprel.- S.6.