Fransa şirkətləri Azərbaycan iqtisadiyyatının

müxtəlif sahələrində uğurla fəaliyyət göstərir

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın “Air Liquide Group VP” şirkətinin vitse-prezidenti Kristof Fonteyn ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, fransız şirkətlərinin ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd etmişdir.

2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini diqqətə çatdıran nazir Şahin Mustafayev ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulamışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda sənayenin müxtəlif istiqamətləri üzrə müasir texnologiyalara əsaslanan müəssisələr fəaliyyət göstərir və belə müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, ölkəmizdə bir sıra sənaye parkları yaradılır, eləcə də Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində müvafiq işlər həyata keçirilir. Azərbaycan sənaye parklarına xarici investisiyaların cəlb edilməsində maraqlıdır. Qeyd edilmişdir ki, Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün əlverişli sərmayə mühiti yaradılmışdır və bir sıra güzəşt mexanizmləri tətbiq edilir.

“Air Liquide Group VP” şirkətinin vitse-prezidenti Kristof Fonteyn təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək şirkətin sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşdığını vurğulamışdır. Bildirilmişdir ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycan ilə əməkdaşlığa, eləcə də ölkəmizdə yaradılan sənaye parklarına maraq göstərir.

Görüşdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 20 aprel.- S.2.