Fransanın “Le
MOCİ” jurnalının
aprel nömrəsi Azərbaycana həsr
edilmişdir
Fransanın
“Le MOCI” jurnalının 2014-cü il aprel tarixli nömrəsi
“Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
davam edir” başlığı altında bütünlükdə
ölkəmizə həsr olunmuşdur.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsində “Azərbaycan və Fransa ən yüksək səviyyədə konstruktiv siyasi dialoq qurur” sərlövhəsi altında dərc olunmuşdur.
Müsahibədə son illər Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edilmiş, 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi istiqamətində tarixi müqavilələr, həmçinin TANAP, TAP və “Şahdəniz-2” layihələri ilə bağlı investisiya sazişlərinin imzalandığı diqqətə çatdırılmışdır. Azərbaycanın kosmik ölkələr klubuna daxil olması və “Azerspace-1” telekommunikasiya peykinin Fransanın “Arianespace” şirkəti tərəfindən “Ariane-5″ raketdaşıyıcısı ilə orbitə çıxarılması və nəhayət, 2011-ci ildə dünyanın əksər dövlətlərinin dəstəyi ilə Azərbaycanın 2 illik müddət üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi barədə fransız oxucularına məlumat verilmişdir.
Müsahibədə Azərbaycanın iqtisadi potensialından söhbət açan səfir 1993-cü ildən başlayaraq Azərbaycanın inkişafı istiqamətində aparılan məqsədyönlü işləri xatırlatmışdır.
E.Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsinin işğalçı dövlət tərəfindən yerinə yetirilmədiyini bildirmişdir. Müsahibədə 2012-ci və 2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Oland arasında keçirilmiş görüşlərdə hər iki tərəf Azərbaycan ilə Fransa arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz hökumətlərinə müvafiq tapşırıqlar vermələri diqqətə çatdırılmışdır.
Azərbaycan-Fransa ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifovun və Fransanın xarici ticarət naziri Nikol Briqin “Azərbaycan Respublikası etibarlı və sabit tərəfdaşdır” və “İkitərəfli əməkdaşlığımız daha da gücləndirilməlidir” sərlövhəli müsahibələrində 2013-cü il noyabrın 26-da komissiyanın Bakıda keçirilmiş 7-ci iclasının nəticələri, iki ölkə arasında həyata keçirilən infrastruktur layihələri haqqında geniş məlumat verilmiş, xarici ticarət dövriyyəsinin hər il 10-15 faiz artması arzusu ifadə olunmuş, Azərbaycanın Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi və ticarət tərəfdaşı olduğu və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı fransız şirkətlərinin bu sahədəki zəngin təcrübələrini Azərbaycan ilə bölüşməyə hazır olduqları qeyd edilmişdir.
Jurnalda Fransanın Azərbaycandakı səfiri Paskal Mönyenin “Fransız şirkətlərinin Azərbaycandakı layihələrinin dəstəklənməsi prioritetdir” mövzusundakı müsahibəsində Azərbaycanın Qafqazda geosiyasi və strateji baxımdan çox mühüm rol oynadığı, tolerant ölkə olduğu, Cənubi Qafqazın bütöv iqtisadiyyatının təxminən 80 faizinin Azərbaycanın payına düşdüyü xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Biz Fransa iqtisadiyyatına investisiya qoymaqda maraqlıyıq” adlı müsahibəsində Dövlət Neft Şirkəti, Azərbaycanın Fransaya ixrac etdiyi neft-qaz məhsulları və ARDNŞ-ın xarici ölkələrdəki layihələri haqqında fransız oxucularına ətraflı məlumat vermişdir.
Fransanın keçmiş naziri, Müluz şəhər aqlomerasiyasının prezidenti və Fransanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, senator Jan-Mari Bokelin “Azərbaycan sürətlə inkişaf edən strateji ölkədir” sərlövhəli müsahibəsində bildirilir ki, son 20 il ərzində Azərbaycan regionda və dünyada öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, bir sıra mühüm islahatlar həyata keçirmişdir. Hazırda bu ölkənin iqtisadiyyatı sürətlə müasirləşir və inkişaf edir. İnvestisiya yatırımı üçün Azərbaycanda münbit şərait olduğu qeyd edilir.
ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirovun və Fransa Senatında müvafiq enerji məsələləri üzrə qrupun katibi və Fransa-Qafqaz dostluq qrupunun üzvü, senator Kristof-Andrenin müsahibələrində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, “Şahdəniz”, “TANAP” və “TAP” layihələrindən, Abşeron qaz yatağı və digər neft ixracatı layihələri çərçivəsində Fransanın “Total” və “GDF Suez” şirkətləri ilə mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan, Azərbaycanın Avropaya qaz ixracatı perspektivlərindən söhbət açılmışdır.
Fransanın Burqundiya regionun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye “Biz öz şirkətlərimizlə birlikdə Azərbaycan ilə əsasən ərzaq sənayesi sahəsində konkret layihələr üzrə əməkdaşlıq edirik” müsahibəsində rəhbərlik etdiyi vilayətlə Azərbaycan arasında mövcud olan uğurlu iqtisadi və mədəni əməkdaşlıqdan bəhs edilir, konkret layihələrin adları çəkilir, hər il Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalında iştirak etdikləri qeyd olunur. Müsahibədə Azərbaycan tolerant və zəngin tarixi köklərə, adət və ənənələrə malik ölkə kimi dəyərləndirilir və Azərbaycanın mədəniyyətlərarası dialoq üçün dünyanın mühüm beynəlxalq mərkəzinə çevrildiyi diqqətə çatdırılır. Eyni zamanda, Fransa regionlarında Azərbaycanın zəngin və qədim mədəniyyətini tanıtmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən silsilə layihələrə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıq bildirilir. Andre Vilye Azərbaycan Prezidenti İlham Əliyevin müasir düşüncəli, çox fəal və Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişafına xüsusi önəm verən və Azərbaycana uğurla rəhbərlik edən müdrik lider adlandırır. Müsahibənin sonunda Azərbaycan ilə Fransanın regionları arasında əməkdaşlığın sürətlə inkişaf etdirilməsinə görə Azərbaycan Respublikasının Fransadakı səfirliyinə təşəkkür bildirilir.
Xüsusi buraxılışda Fransanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Herve Sarnellinin “Səfirliyimizin iqtisadi xidməti potensial iqtisadi tərəfdaşlar axtarır” və Azərbaycanın Fransadakı səfirliyinin iqtisadi və regionlarla əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədovun “Bizim ən vacib iqtisadi məqsədimiz Azərbaycanın qeyri-enerji sektorundan olan ixracatı təşviq etməkdir” başlıqlı müsahibələrində iki ölkə arasında mövcud ikitərəfli iqtisadi əməkdaşlıq səviyyəsinin hazırkı durumu və perspektivlər təhlil edilir, Azərbaycan regionlarının inkişafının və qeyri-neft sektorunda ixracatın təşviqinin, 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsi çərçivəsində bu sahənin inkişafının prioritet olduğu bildirilir.
Fransa-Azərbaycan Ticarət Palatasının (CCFAz) fəxri prezidenti, Fransanın Azərbaycandakı ilk səfiri Jan Peren və palatanın hazırkı prezidenti Katerin Mantel qurumun fəaliyyəti, onun 1994-cü ildə açılışında Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişaf etməsinə xüsusi önəm verən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin iştirak etdiyi xatırlanır.
Jurnalda Fransanın “Translohr” şirkətinin baş direktoru Oliviyer Başlenin, “Total” şirkətinin Kontinental Avropa və Mərkəzi Asiya ölkələri üzrə baş vitse-prezidenti Mikael Borelin, “Baqlan” qrupunun rəhbəri Hafiz Məmmədovun, “Dentons” vəkillər kabinetinin Azərbaycan bölməsinin başçısı Jeyms Hoqanın, “CİFAL” qrupunun Azərbaycan üzrə təmsilçisi Kəmalə Muradovanın müsahibələrində nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafından, “Total”ın Azərbaycanda uğurla fəaliyyət göstərməsindən və enerji layihələrində iştirakından, “Bakı” futbol klubu ilə Fransanın “Lans” futbol klubu arasında əməkdaşlıqdan, Azərbaycanın biznes mühitinin hüquqi əsasları və qeydiyyat proseslərindən, “CİFAL” qrupunun ölkəmizdəki fəaliyyətindən bəhs olunmuşdur.
Xüsusi buraxılışda, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı elan edilməsindən bəhs edən yazılara yer verilmişdir.
Jurnalda mövzulara dair, habelə Azərbaycanın müxtəlif regionları, təbiəti və turizm imkanları ilə bağlı çoxlu sayda şəkillər verilmişdir.
Əsgər
Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 24 aprel.- S.7.