“ADA” Universitetində Niderland
Krallığının
nümayəndə heyəti ilə
görüş olmuşdur
Aprelin
23-də “ADA” Universitetində Niderland Krallığının
işgüzar nümayəndə heyəti ilə
görüş olmuşdur.
AzərTAc
xəbər verir ki, görüş “ADA” Universiteti və
“Maastrixt Menecment” Məktəbinin birgə əməkdaşlığı
çərçivəsində keçirilmişdir.
Qonaqları
salamlayan xarici işlər nazirinin müavini, “ADA” Universitetinin
rektoru Hafiz Paşayev xalqlarımız və dövlətlərimiz
arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən,
siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli
əməkdaşlıqdan danışmışdır.
Hafiz
Paşayev bu cür görüşlərin iki ölkə
arasında diplomatik, mədəni, o cümlədən təhsil
sahəsində münasibətlərin gücləndirilməsi
baxımından böyük əhəmiyyət kəsb
etdiyini vurğulamışdır.
Ölkələrimiz
arasında əlaqələrin yüksək səviyyədə
olduğunu bildirən Hafiz Paşayev, “ADA” Universiteti ilə bir
çox ölkələrin ali təhsil müəssisələri
arasında əməkdaşlığın genişləndiyini
qeyd etmişdir.
Avropa
Şurası Parlament Assambleyasının sabiq prezidenti,
nümayəndə heyətinin rəhbəri Rene Van der Linden
iki ölkə arasında sosial-iqtisadi, təhsil sahələrində
əməkdaşlığın daha da genişləndirilməsinin
vacibliyini vurğulamışdır.
Daha
sonra çıxış edən Niderland
Krallığının ölkəmizdəki səfiri Robert
Jan Qabrielsen işgüzar görüşlərin iki ölkə
arasında münasibətlərin inkişafında əhəmiyyətli
rol oynadığını söyləmişdir.
Tədbirdə
“ADA” Universitetinin və “Maastrixt Menecment” Məktəbinin
tarixi, strukturu, hədəfləri haqqında məlumat
verilmişdir.
Görüşdə
“ADA” Universitetinin strategiya və inkişaf üzrə prorektoru
Emin Hüseynov nümayəndə heyətinə Azərbaycanda
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində
ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli
biznes və investisiya mühiti, həyata keçirilən
irimiqyaslı regional layihələr haqqında məlumat
vermişdir.
Qeyd
edilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət
nəticəsində ölkəmizdə davamlı və
dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin
edilmiş, əlverişli biznes və investisiya mühiti
yaradılmışdır. Qazanılmış sosial-iqtisadi
nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da öz əksini tapmışdır.
Bütün bunlar Azərbaycanın iqtisadi uğurlarına
verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq
aləmdə artan nüfuzunun göstəricisidir.
Səfər
çərçivəsində Niderland
Krallığının nümayəndə heyəti Azərbaycanda
bir sıra görüşlər keçirəcəkdir.
Aprelin
24-də “ADA” Universitetində Niderlandın Azərbaycandakı
səfirliyi tərəfindən Kral Günü münasibətilə
qəbul təşkil ediləcəkdir.
Bundan
əlavə, nümayəndə heyəti MsM məzunları və
cari “ADA” Universiteti-MsM MBA iştirakçıları ilə də
görüşəcəkdir.
“ADA”
Universiteti Niderlandın “Maastrixt Menecment” Məktəbi ilə
birgə Ekzekyutiv MBA proqramını həyata keçirir.
Azərbaycan.-2014.- 24 aprel.- S.6.