Bakıda “Mədəni irsin qorunması və erməni saxtakarlıqları”

 mövzusunda konfrans işə başlamışdır

 

 

Aprelin 23-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.

İştirakçıları salamlayan MHA-nın sədri Kamran İmanov konfransı əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, UNESCO tərəfindən elan olunmuş 23 aprelDünya Kitab və Müəlliflik Hüququ Günü hazırda planetimizin əksər ölkələrində geniş şəkildə qeyd olunur. Azərbaycanda həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur.

Tədbirdə “Qız qalası və ermənilərin saxtalaşdırma iddiası”, “İlk qriqorian kilsəsi, Eçmiədzinin gerçək tarixi”, “Azərbaycana qarşı mənəvi təcavüzün forma və xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilmişdir.

İştirakçılar foyedə son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilmiş çap məhsulları ilə tanış olmuşlar.

 

***

 

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin müəllifi və yaradıcısıdır. Məhz onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaranmış və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu qəbul olunmuşdur. Beləliklə, Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açılmışdır. Həmin Qanunun əsas məqamlarından biri ondan ibarətdir ki, ictimai varidat sayılan qeyri-maddi mədəni irsimizin inciləri – ənənəvi mədəni nümunələr (folklor nümunələri) və ənənəvi biliklərin hüquqi qorunmasına şərait yaradılmışdır.

Ulu Öndərin tövsiyələri əsasında Avropa məkanında ilk dəfə olaraq MHA tərəfindən “Azərbaycan folklor nümunələrinin qorunması haqqında” qanun layihəsi hazırlanmış, 2003-cü ildə Milli Məclisdə qəbul edilmişÜmummilli Lider tərəfindən imzalanmışdır. 2002-ci ildə isə “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun qüvvəyə minmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilmişonlara əlavələr olunmuşdur. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşmiş, 2004-cü ildə “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanun, 2012-ci ildə isə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Beləliklə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuşUlu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilmiş və nümunəvi sistem kimi qəbul olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır.

Bildirilmişdir ki, Azərbaycan xalqının mədəni irsinin yüz illər boyu ermənilər tərəfindən “Gəldim, gördüm,… mənimsədim” sxemi üzrə oğurlanması onların ölkəmizə qarşı ərazi iddiaları ilə sıx bağlıdır. Böyük Ermənistan” haqqında mifin reanimatorlarının niyyətləri kifayət qədər aydındır: gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının “əsaslandırılmasını” həmin torpaqların həqiqi sakinlərinə məxsus maddiqeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və Azərbaycanın, bütövlükdə bölgənin tarixini təhrif etməklə müşayiət olunur.

Konfransda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva UNESCO-nun baş direktoru İrina Bokovanın 23 aprelDünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxumuşdur.

Müraciətdə vurğulanmışdır ki, çap edilmiş sözün tarixi insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Ona görə də hər kəs dünyamızda sülhün təmin olunmasını istəyirsə kitaba üstünlük verməlidir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konfransın aktual bir mövzuya həsr edilməsini yüksək qiymətləndirmiş və təmsil etdiyi qurum tərəfindən son illər xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin qorunması və dünyada təbliği istiqamətində görülmüş işlərdən söz açmışdır.

Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2014.- 24 aprel.- S.9.