Ramazan Abdulatipov:
Dağıstanlılar və azərbaycanlılar bir çox
parametrlər üzrə yaxın mədəniyyətə,
qohumluq ənənələrinə
malik insanlardır
Dağıstanın
rəhbəri Ramazan Abdulatipov aprelin 22-də Mahaçqalada
açılan “Müasir şəraitdə regional siyasətin
mədəniyyəti və iqtisadiyyatı” mövzusunda
Ümumrusiya mədəniyyət və investisiya forumunda
iştirak edən Azərbaycan nümayəndə heyəti ilə
görüşmüşdür.
Dağıstan Respublikası rəhbəri administrasiyasının və hökumətinin Mətbuat Xidməti və İnformasiya İdarəsindən bildirmişlər ki, Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı Rauf Əliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli təmsil etmişlər.
Görüşdə Dağıstan Respublikası (DR) Hökumətinin sədri Abdusamad Həmidov, Dağıstan rəhbəri və hökuməti administrasiyasının başçısı Ramazan Əliyev iştirak etmişlər.
Ramazan Abdulatipov qonaqları salamlayaraq bildirmişdir ki, forum hər il “Mədəniyyət Rusiyanın XXI əsrdə strateji resursu kimi” Moskva Mədəniyyət Forumu, “Dünya təhsil məkanında mədəniyyət və incəsənət profilli ali məktəblər” beynəlxalq simpoziumu, habelə “Dağıstan İqtisadi Forumu” çərçivəsində keçirilir.
Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayan Dağıstan rəhbəri demişdir ki, təəssüf ki, hələlik Dağıstanla birlikdə heç bir iqtisadi, mədəni layihə həyata keçirilmir.
R.Abdulatipov əminliklə demişdir: “XX əsrin əvvəllərində Azərbaycanla qarşılıqlı əlaqələr xeyli dərəcədə daha sanballı olmuşdur. Sizin zəngin mədəniyyətiniz, gözəl xalqınız var. Biz şadıq ki, özünəyetərlilik məqamını tədricən dəf edirik”.
O xatırlatmışdır ki, Dağıstan hökumətinin sədri Abdusamad Həmidovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti bu yaxınlarda Bakıya səfər etmiş və artıq bir neçə gündən sonra Dərbənddə Rusiyanın ən qədim şəhərinin 2 min illiyi münasibətilə tədbirlərdə Azərbaycanın iştirakı məsələlərinə dair işgüzar müşavirə keçirilmişdir. Heydər Əliyevin adını daşıyan küçənin yenidən qurulması və Olimpiya kompleksinin inşası üçün yerin seçilməsi əsas müzakirə mövzusu olmuşdur.
R.Abdulatipov vurğulamışdır: “Dağıstanda Azərbaycanın onlarca layihəsi, Azərbaycanda isə bir o qədər Dağıstana məxsus layihə icra olunmalıdır. Dağıstanlılar və azərbaycanlılar bir çox parametrlərə görə yaxın mədəniyyətə, qohumluq ənənələrinə malik olan insanlardır.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxumuşdur. Məktubda deyilir ki, Azərbaycan və Dağıstan həmişə bir yerdə olmalı respublikalardır, çünki onları Xəzəryanı regionun inkişafının ümumi məqsədləri və vəzifələri birləşdirir.
Ə.Qarayev demişdir: “Biz bir-birimizə tarixən və mədəniyyətimizlə bağlıyıq. Siz bir məsələdə tamamilə haqlısınız ki, əlaqələrimiz daha güclü olmalıdır. Potensial vardır. Biz sizin milli mədəniyyətinizi hər vasitə ilə dəstəkləmək istəyirik. Dünən nümayəndə heyətimiz Dərbənddə olmuşdur, Narınqalaya getmişdir. Narınqala xalqlarımızı birləşdirən tarixi yerdir”. Azərbaycan naziri forum çərçivəsində müzakirə olunacaq məsələlərlə maraqlanmışdır.
Ə.Qarayev Dağıstan Prezidentini hər il keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmişdir. O vurğulamışdır ki, bu forumu hazırda beş beynəlxalq təşkilat dəstəkləyir.
Azərbaycanda öz mədəniyyətini saxlamaq istəyən xeyli dağıstanlı yaşayır. Bununla bağlı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirmişdir ki, Dağıstan dillərində bəzi populyar mahnılar kompakt-disklərə yazılıb məktəblərə paylanmışdır.
Dağıstan Prezidenti bildirmişdir ki, onun tapşırığına əsasən respublikanın Mədəniyyət Nazirliyi klassik musiqi və Dağıstan bəstəkarlarının əsərləri yazılmış disklər hazırlamışdır.
Görüşün sonunda Dağıstanın başçısı qonaqlara xatirə hədiyyəsi təqdim etmişdir.
Xatırladaq ki, forumun təşkilatçıları Dağıstan Respublikasının hökuməti və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Mədəniyyət İli çərçivəsində keçirilən forumun əsas məqsədi Rusiya regionlarında mədəniyyətin və iqtisadiyyatın inkişafının ən mühüm problemlərini, onların mədəni və sosial sahələri ahəngdar etməyə imkan verən ərazi modellərini müzakirə etməkdir.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2014.- 24 aprel.- S.7.