“Qondarma “erməni
soyqırımı” və tarixi həqiqətlər”
mövzusunda elmi sessiya keçirilmişdir
Aprelin
23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda “Qondarma “erməni soyqırımı” və
tarixi həqiqətlər” mövzusunda elmi sessiya
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, sessiyanı giriş sözü ilə
açan AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor
Gövhər Baxşəliyeva bədnam
qonşularımızın qondarma “erməni
soyqırımı”nı dünya xalqlarına həqiqət
kimi tanıtdırmaq üçün genişmiqyaslı təbliğat
apardığı indiki məqamda işğalçı
dövlətin Azərbaycana təcavüzü ilə
bağlı əsl tarixi həqiqətləri, “erməni
soyqırımı”nın uydurma olduğunu dünya ictimaiyyətinə
çatdırmağın vacibliyini
vurğulamışdır.
G.Baxşəliyeva
ermənilərin ötən əsrin müxtəlif dövrlərində
azərbaycanlılara qarşı soyqırımı törətdiklərini
diqqətə çatdırmış, bütün bu həqiqətləri
üzə çıxaran faktları aşkarlayaraq geniş
ictimaiyyətə çatdırmaq sahəsində Şərqşünaslıq
İnstitutunda aparılan işlərdən
danışmışdır. Arazın hər iki tayında ermənilərin
törətdikləri soyqırımı aktları barədə
həqiqətlərdən bəhs edən və İranda nəşr
olunan kitabların dilimizə çevrildiyini, Bakıda, Qubada,
Şamaxıda 1918-ci ildə törədilmiş
soyqırımı, talanlarla bağlı rəsmi sənədlərin
aşkarlanaraq, kitab şəklində bir neçə dildə
dünya ictimaiyyətinə
çatdırıldığını bildirmişdir.
Professor bu sahədə işlərin davam etdirildiyini
vurğulamışdır.
Türkiyənin
Azərbaycandakı səfirinin mədəniyyət və
turizm üzrə müşaviri Seyid Əhməd Arslan ermənilərin
qondarma soyqırımını dünya ictimaiyyətinə
tanıtdırmaq istiqamətində cəhdlərindən
danışmışdır. O, Türkiyə və Azərbaycan
dövlətlərinin bu təbliğata qarşı
apardığı fəaliyyətdən, atılan
addımlardan söz açmışdır.
Şərqşünaslıq
İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı
şöbəsinin baş elmi işçisi, iqtisadiyyat
üzrə elmlər doktoru İnqilab Əlibəyov “1915-ci ildəki
qondarma “erməni soyqırımı”na münasibət”
mövzusunda məruzə ilə çıxış
etmişdir. Alim məsələnin mənşəyi, mahiyyəti
və müasir təzahür formalarından
danışmış, ermənilərin bu məsələni
gündəmdə saxlamaq üçün göstərdikləri
cəhddən söz açmışdır. O, qondarma “erməni
soyqırımı”nın uydurma olduğunu konkret faktlarla diqqətə
çatdırmışdır. Qeyd etmişdir ki, hadisələrdən
sonra illər keçdikcə ermənilərin qətlə
yetirilməsi ilə bağlı uydurma rəqəmlər
şişirdilərək 1,5 milyon nəfərə
çatdırılmışdır. Lakin Britaniya
Ensiklopediyasında Birinci Dünya müharibəsi ərəfəsində
Türkiyədə yaşayan ermənilərin sayının cəmi
1,3 milyon nəfər olması faktı ermənilərin bu
iddialarının həqiqətə uyğun
olmadığını təsdiqləyir. İ.Əlibəyov
bütün bu məsələlərin tarixçilərin,
elm adamlarının iştirakı ilə həllini tapmalı
olduğunu bildirmişdir.
İnstitutun
din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə
üzrə fəlsəfə doktoru Esmeralda Həsənova
“soyqırımı” kəlməsinin mahiyyətindən
söz açmış, bu hadisələri
soyqırımı adlandırmağın tamamilə
yanlış olduğunu demişdir. Konkret tarixi faktları diqqətə
çatdıran E.Həsənova, ermənilərin həmin
dövrdə apardıqları məkrli siyasətini ifşa edən
məlumatları diqqətə
çatdırmışdır.
Şərqşünaslıq
İnstitutunun Cənubi Azərbaycan tarixi şöbəsinin
müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Əkrəm Rəhimli “1918-ci ildə Cənubi Azərbaycandakı
ermənilərin törətdikləri soyqırımı
haqqında” mövzusunda məruzə ilə
çıxış etmiş, həmin dövrdə Cənubi
Azərbaycanın qərb bölgəsində erməni
daşnaklarının həyata keçirdikləri
qırğınlardan danışmışdır.
Elmi
sessiyada mövzu ilə bağlı digər məruzələr
dinlənilmiş və müzakirələr
aparılmışdır.
Azərbaycan.-2014.- 24 aprel.- S.9.