Faktların həqiqəti
Yaxud "erməni
soyqırımı" mifini yaradan
24 aprel hadisəsinin
tarixi gerçəklikləri
Ermənilərin Yaxın Şərq və Qafqaz bölgələrində milli-siyasi qüvvə kimi siyasət səhnəsinə çıxmasının tarixi XIX əsrin əvvəllərindən - Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələri olaraq 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay və Adrianapol müqavilələri ilə başlayır. Bu müqavilələr əsasında Azərbaycan, Gürcüstan və Türkiyənin tarixi ərazilərinin bölünməsi, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu. Yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya imperiyasında erməni əhalisinin nisbətən üstün və qabaqcıl vəziyyəti, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil dövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. "Böyük Ermənistan" onun "yaradıcılarının" planlarına görə, Osmanlı Türkiyəsinin və Rusiya imperiyasının (Qafqazın - Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi. Bu isə hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi.
Nə qədər ki, Osmanlı Türkiyəsi güclü və qüdrətli idi, erməni millətçiləri dövlətə qarşı qalxmağa və hər hansı bir gözəçarpacaq fəaliyyət göstərməyə cürət etmirdilər. Lakin XIX əsrin ortalarından etibarən bu dövlətin daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Bir zamanlar qüdrətli Osmanlı imperiyasının zəifləməsində maraqlı olan və türk boğazlarını ələ keçirmək məqsədini güdən Avropa dövlətləri və Rusiya imperiyası ermənilərin türklərə zidd planlarını hər vasitə ilə təşviq etməyə və dəstəkləməyə başladılar. Təsadüfi deyil ki, qatı millətçi erməni partiyaları olan "Qnçaq" (1887), "Daşnaksütyun" (1890) və başqaları. məhz Avropada və Rusiyada yaranmışdır. Erməni təşkilatları arasında daha güclü, intizamlı və konspirativ təşkilat olan "Daşnaksütyun" artıq 1890-cı illərdə Türkiyədə silahlı üsyan hazırlayır və bununla Avropanın diqqətini ermənilərin milli mübarizəsinə cəlb edəcək münaqişə yaratmağa ümid edirdi. Bu mərhələdə "Daşnaksütyun" hələ yalnız Türkiyə ərazisində mövcud olsa da, onun fəaliyyətinin əsas bazası rus Ermənistanı idi. XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq erməni emissarları, agentləri və erməni əhalisinin Türkiyədən Cənubi Qafqaza axını güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən "böyük Ermənistan" şüarı ətrafında birləşən bu insan axını təşkilatlandırılmış hərbi dəstələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır. Bu dövr ermənilər silahları əsasən xaricdə, o cümlədən Rusiyada baha qiymətə alaraq gizli yollarla məskunlaşdıqları ərazilərə gətirir və məxfi anbarda mühafizə edirdilər. Silahlı dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk və azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmək olur.
XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər - İngiltərə, Fransa, Rusiya, Amerika və Almaniya arasında mübarizənin kəskinləşməsi və bunun nəticəsi olaraq 1914-cü il iyul ayının 28-də I Dünya müharibəsinin başlanması ermənilərə öz niyyətlərini həyata keçirmək üçün geniş imkanlar açdı. Rusiyanın boğazlara və Konstantinopola (İstanbula) yiyələnmək uğrunda ənənəvi istəyi yenidən baş qaldırmışdı və hələ 1814-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və dəniz nazirləri çar II Nikolayın bu məsələdə mövqeyini müdafiə edərək belə bir qərar qəbul etmişdilər ki, "böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə "şərq məsələsini" öz xeyrinə həll etməlidir".
Rusiyanın bu təhdidləri qarşısında öz mövqelərini qoruyub saxlamağa çalışan Türkiyə 1914-cü il avqustun 1-də Rusiyaya müharibə etmiş Almaniya ilə müttəfiq olur və avqustun 2-də Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanır. Almaniya-Rusiya arasında müharibənin gedişində rus qoşunlarının qarşısında davam gətirməyən Almaniya rusların qoşunlarının bir hissəsinin geri çəkilməsini təmin etmək üçün Türkiyəni Qafqaz cəbhəsində hücuma keçməyə təşviq edir. Oktyabrın 29-da türk gəmiləri Rusiyanın Qara dəniz limanlarını bombalayır və bununla da Türkiyə-Rusiya müharibəsi başlanır. Qafqaz cəbhəsində isə rəsmi olaraq noyabrın 1-də Rusiya Türkiyəyə qarşı müharibə elan edir.
Birinci Dünya müharibəsinin əvvəllərində Rusiya hər vasitə ilə ermənilərdə onların muxtariyyət və öz dövlətçiliyini yaratmaq haqqında gizli arzusunu daha da qızışdırmağa başladı. II Nikolay özünün xüsusi bəyannaməsində birmənalı şəkildə erməniləri çoxdan gözlədikləri muxtariyyətlə cəlb edərək Türkiyəyə qarşı Rusiyanın tərəfində fəal çıxışlara təhrik edirdi: "Ermənilər! Çarın hakimiyyəti altında öz qan qardaşlarınızla birləşməklə, siz, nəhayət ki, azadlığın və ədalətin dadını biləcəksiniz".
Erməni millətçilərinin II Nikolayın vədlərini nə dərəcədə ciddi qəbul etdikləri isə "Daşnaksütyun" partiyasının çara müraciətindən aydın görünürdü: "Bizim qəlbimiz elə bir güclü həvəslə dolmuşdur ki, əziz vətənimizin payına düşən sınağı rus silahının yeni əzəməti və Rusiyanın Şərqdə tarixi vəzifələrinin həlli ilə başa çatmasını böyük ümidlərlə özləyirik. Qoy rus bayrağı Bosfor və Dardanel üzərində sərbəstcəsinə dalğalansın. Əlahəzrət Hökmdar, qoy Sizin iradənizlə Türkiyənin əsarəti altında qalan xalqlar azadlıq qazansınlar."
Müharibə başlanan kimi bütün ermənilərin katalikosu V Gevork Qafqaz canişini Vorontsov-Daşkova məktubla müraciət edərək "erməni məsələsini" həll etməyin vaxtı çatdığını xatırladır. Qafqaz canişini də erməni katalikosunu əmin edir ki, şərait yaranan kimi bu məsələ həll ediləcəkdir. 1914-cü il dekabrın 20-də Qafqaz cəbhəsində döyüş bölgələrinə gəlmiş çar II Nikolay ilə katalikos V Gevorkun 15 dəqiqəlik görüşü olur. Çar katalikosu "erməni xalqını yaxşı gələcək gözlədiyinə" əmin edərək ondan hansı ərazilərdə erməni idarəetmə üsulunun tətbiq edilməsini istədiklərini soruşur. Erməni katalikosu "6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) və Kilikiyada, Aleksandretiyə qədər dəmir yolunu Qarsdan davam etdirmək, Aralıq dənizinə qədər çatdırmaq olar" - deyə bildirir. Lakin imperatorun həmin ərazilərdə nə qədər erməni yaşadığı, onların sayının nə qədər çox olduğu sualına V Gevork qeyri-müəyyən bir cavab verir: "Yeni sərhədlərdə erməni əhalisi kifayət qədər olacaq...". Bu cavab erməni milli-siyasi-dini qüvvələrinin "Qərbi Ermənistan" dövləti yaratmaq üçün iddia etdikləri ərazilərdə belə ermənilərin say üstünlüyü təşkil etmədiklərini anladığını və məhz bu səbəbdən məsələnin "həllini" həmin ərazilərdə yaşayan türkləri bütün vasitələrlə sıxışdırıb çıxarmaq, onların yerinə erməniləri məskunlaşdırmaq vəzifəsində gördüyünün bariz nümunəsi idi.
Beləliklə, I Dünya müharibəsinin başlandığı dövr Türkiyə ilə müharibə aparan və bu ölkənin ərazisinin böyük bir hissəsinə iddia edən çar Rusiyası ilə Türkiyə ərazisində "Qərbi Ermənistan" dövləti yaratmaq istəyən ermənilərin maraqları üst-üstə düşür. Bu əməkdaşlığın ilkin nəticələri kimi ən əvvəl Cənubi Qafqaz ermənilərindən, daha sonra isə Türkiyə ermənilərindən ibarət könüllü silahlı dəstələrin yaradılmasına başlanılır. İlk vaxtlar erməni könüllülərinin sayı 2500 nəfər olduğu halda, sonralar bu rəqəm 6000, daha sonra 9000-nə çatır. 1916-cı ilin sonları üçün ermənilər Qafqaz ordusunda böyük əksəriyyət təşkil edirdilər. Məsələn, 1917-ci il yanvarın 1-nə olan məlumata görə, Rusiya hökuməti tərəfindən təkcə Tiflis səfərbərlik məntəqəsində hərbi xidmətə 304 164 nəfər çağırılmışdı ki, onlardan 121 321 nəfəri erməni idi. Lakin erməni generalları Qafqaz ordusu tərkibində ayrıca erməni silahlı birləşmələrinin yaradılması haqqında dəfələrlə məsələ qaldırsalar da, Rusiya Müdafiə Nazirliyi uzun müddət buna razılıq vermir. Yalnız 1917-ci il oktyabrın 23-də Qars cəbhəsinin baş komandanının sərəncamı ilə iki erməni atıcı briqadası yaradılır. Beləliklə, ermənilərin çar hökumətinin hesabına leqal surətdə, qanuni şəkildə başdan-ayağa silahlanması üçün əlverişli şərait yaranır.1918-ci ildə ermənilərin Cənubi Qafqazdakı qonşularına - azərbaycanlılara və gürcülərə nisbətən daha yaxşı silahlanmalarının və təşkil olunmalarının başlıca səbəbi də bu idi. Sonralar bu silahlı briqadalar erməni daşnak hökumətinin ordusunun əsasını təşkil edəcək və Qars vilayətindən başlayaraq İrəvan quberniyası, Zəngəzur və Qarabağda, daha sonra Azərbaycanın digər bölgələrində türk-azərbaycanlı əhalisinin kütləvi soyqırımını həyata keçirəcəkdi.
Lakin 1914-cü ilin sonu - 1915-ci ilin əvvəllərində Qafqaz cəbhəsində əsas əməliyyatlar hələ Türkiyə ərazisində aparılırdı və məhz bu dövr yaranmış mövcud şəraitin və baş verən hadisələrin, xüsusən Van faciələrinin obyektiv qiymətini vermədən "erməni soyqırımı" kampaniyası haqqında tarixi həqiqəti bərpa etmək mümkün deyildir.
1914-cü ilin dekabrında Ənvər
Paşanın komandanlığı altında Türk
ordusunun Qars istiqamətində
hücumu və ciddi itkilər verməklə
Sarıqamışda ağır məğlubiyyətə
uğraması, cəbhə xəttinin yeni sərhədlərdə şərqə
- Ərzuruma kimi sabitləşməsinə səbəb olur.
1915-ci ilin əvvəllərində rus ordusu cənub
istiqamətində, İran sərhədləri boyunca Van
gölü ətrafındakı rayonlara gözlənilmədən
hücuma keçir. Türkiyə hökumətinə
qarşı qiyam qaldırmaq üçün çoxdan
fürsət gözləyən ermənilər əlverişli
məqamın yarandığını düşünərək
Vanda silahlı çıxışa başlayırlar. Van qubernatorunun 20 mart 1915-ci il teleqramında qiyamçıların
sayının 2000 nəfər olduğu bildirildiyi halda, az sonra
bu rəqəm 4000 nəfərə çatır, qiyam
genişlənərək ətraf kəndlərə
yayılır və az sonra yerli hakimiyyəti iflic vəziyyətinə
salır. Qiyamın ilk gündən yerli
türk əhalisinə, xüsusən qadın və
uşaqlara qarşı yönəlməsi
(müsəlman kişilər bu zaman cəbhədə idi),
yolların bağlanması, müsəlman kəndlərinin
yandırılması on minlərlə dinc müsəlman əhalinin
köçürülməsini və bu yolla xilas edilməsini
qeyri-mümkün edir. Bu hadisələrə qədər
Vanın erməni əhalisinin cəmi
33.789 nəfər, yəni şəhər əhalisinin cəmi
42 faizini təşkil etdiyi nəzərə alınarsa,
silahsız dinc müsəlman əhalisinin kütləvi surətdə
qırılması arxasında "ərazilərin
boşaldılması" planının durduğu
artıq öz zamanında bu hadisəyə münasibət
bildirmiş bütün müəlliflər tərəfindən
təsdiq edilir. Aprel ayında erməni
qiyamçıları Van şəhərini tamamilə ələ
keçirərək "Daşnaksütyun"
partiyasının liderləri - Aram və Varelin
komandanlığı altında erməni qərargahı
yaradırlar və bütün müsəlman əhalisindən
təmizlənmiş Van vilayətini rus ordusunun üzünə
açırlar. Aprelin 28-də Yerevandan çıxan
Rusiya ordusu mayın 14-də Vana çatır. Mayın 18-də
çar "Vanın erməni əhalisinə göstərdikləri
sədaqətə görə" təşəkkür edir.
Vanda rusların müdafiəsi altında erməni
dövləti qurulur və Aram Manukyan rus qubernatoru təyin
edilir.
Van hadisələri
hələ 1915-ci ilin fevral ayından Şərqi Anadolunun
bütün vilayətlərini - Zeytun, Bitlis, Muş, Sivas,
Diyarbəkir və s. bürümüş erməni
qiyamlarının ən uca nöqtəsi olur.
Qiyamçıların başçıları arasında Osmanlı
Parlamentinin erməni
deputatlarının olması və onların rusların tərəfinə
keçməsi faktı özlüyündə artıq bu
qiyamların vahid mərkəzdən idarə edildiyinin bariz
sübutu idi. Məsələn, Bitlis və Muş
qiyamlarında Vandan deputat Papazyanın fəal iştirakı,
Ərzurumdan deputat
"Qarro" ləqəbli Pasdermacyanın hərbi əməliyyatlar
başlanan kimi III Osmanlı ordusunun bütün erməni əsgər
və zabitləri ilə birlikdə Rusiya ordusuna
qatılması, daha sonra həmin birləşmələrin
dinc müsəlman əhalisinə divan tutması, ümumiyyətlə,
Türkiyə ordusunda olan 80 min ermənidən 15 min nəfərin
dərhal əldə silah düşmən tərəfinə
keçməsi, qalanlarının isə Türkiyə ordusuna
arxa cəbhədən hücum etməyə
hazırlaşması kimi məlumatlar Türkiyə hökumətini
nəhayət ki, müvafiq tədbirlər görməyə
vadar edir. Beləliklə, müharibə başlanan zaman
özünün erməni təbəələrini
silahlandıran və ordu sıralarına səfərbər edən
Türkiyə hökuməti onların kütləvi fərariliyi
və vətənə xəyanəti qarşısında
müharibə dövrü üçün çox loyal
sayılacaq bir qərar verir: ermənilər döyüşən
hissələrdən çıxarılaraq mühəndis hissələrinə
göndərilir. Bu hissələrin hansı ölkəyə
"sədaqətli" olduqları tezliklə Vanda
özünü göstərir. Qeyd olunmalıdır ki, ermənilər
yalnız Qafqaz cəbhəsində deyil, Dardanel boğazı
yaxınlığında (Yalov, Bura, İzmit və s.) da
qiyamlar qaldıraraq Antantanın desant qoşunlarının
İstanbula çıxmasına şərait
yaradırdılar.
Lakin
Türkiyənin nəinki erməni hərbçiləri,
artıq yuxarıda qeyd edildiyi kimi, erməni siyasətçiləri
də yüz illərlə firavan və rahat
yaşadıqları,
böyük sərvətlərə və yüksək
mənsəblərə yetişdikləri, azad yaradıcı
və siyasi fəaliyyətlə məşğul olduqları
bir ölkədə görünməmiş fərarilik və
xəyanət nümunələri göstərirlər.
Türkiyənin bütün iri şəhərlərində,
o cümlədən İstanbulun özündə olan
saysız erməni komitələrinin başçıları
və üzvləri - erməni milli hərəkatının
"intellektual" rəhbərləri həmin dövr
geniş kordinatorluq funksiyasını yerinə yetirir, əyalətlərdəki hadisələri
nizamlamaqla yanaşı, Britaniya, Fransa və Rusiya siyasi dairələri
ilə sıx əlaqələr saxlayır, müttəfiqlərin
Osmanlı imperiyasının paytaxtına təntənəli gəlişini
hazırlayır və "Erməni dövlətinin"
yaranmasına qalan vaxtı yaxınlaşdırırdılar.
Məhz bu şəraitdə, İstanbulda ermənilərin
dövlət çevrilişi etmək planlarından məlumatlanan
Türkiyə hökuməti 1915-ci il 24
aprel tarixdə İstanbulda və ölkənin digər iri
şəhərlərində erməni komitələri mərkəzlərinin
dərhal bağlanması, sənədlərinin müsadirə
edilməsi, rəhbərlərinin isə həbsi barədə
qərar verir. İlkin mənbələrdə
bu qərar əsasında həmin gün 600 nəfər
"erməni intellektuallarının" -
"yazıçı, şair, jurnalist, siyasətçi, həkim,
vəkil, hüquqşünas, müəllim, alim və din
xadimlərinin mərkəzi həbsxanaya göndərildiyi"
bildirilir. Beləliklə, 24 aprel 1915-ci il tarixi - erməni
separatçıları, terrorçuları və qatillərinin
ideya rəhbərlərinin həbsi günü - az sonra
güc toplamağa başlayacaq "erməni
soyqırımı" kampaniyasının başlanması günü kimi qəbul ediləcək
və "xalqı məhv etmək üçün əvvəlcə
onun səsini susdurdular" məntiqi ilə izah ediləcək.
Əslində müharibə başlanandan 6 ay müddətində
erməni qiyamçı təşkilatlarının
başçıları və üzvləri olmuş bu "600 intellektualın" həbsi
deyil, bu həbsin çox gec həyata keçirilməsi heyrət
doğurduğu halda, bu hadisə dərhal Türkiyə əleyhinə
geniş təbliğat kampaniyasının başlanmasına səbəb
olur. Bir hissəsi tanınmış şəxslərdən
ibarət olan ermənilərin guya "Anadoluya deportasiya
edildiyi və öldürüldüyü" barədə
şayiələr yayılmağa başlayır.
Əslində həmin şəxslərin yalnız bir qismi
mühakimə edilir, qalanları isə az
sonra azadlığa buraxılır və öz həyatı
ilə yaşayır. Lakin "600 qurban"
haqqında buraxılmış təbliğat mexanizmi artıq
öz işini görür. Maraqlıdır ki, sonralar
Türkiyə hökumətinin rəsmi sənədlərində
24 aprel tarixində həbs edilənlərin sayının 600
deyil, 2.345 nəfər olduğu göstərilsə də, erməni
təbliğatı özünün artıq dünya ictimaiyyətinə elan etdiyi rəqəmi "korrektə"
etməyi lazım bilmir.
Gec də
olsa dövlət üçün təhlükəli hesab
etdiyi erməni xadimlərini zərərsizləşdirməyə
- hələlik yalnız polis tədbirləri ilə -
başlayan Türkiyə hökuməti bu tədbirlərin
davamı kimi cəbhə zonalarında yaşayan və kütləvi surətdə
Osmanlı dövlətinə
itaətsizlik nümayiş etdirən, xüsusilə yerli dinc müsəlman əhalisinə
qarşı açıq müharibə aparan erməni əhalisi
ilə bağlı məsələlərin həlli
yollarını axtarır.
Türk ordusunun geri çəkildiyi bir zamanda, 1915-ci il
may ayının 2-də Türkiyənin hərbi naziri
Ənvər Paşa daxili işlər naziri Tələt
Paşaya yazdığı məktubda Van gölünün ətrafında
yaşayan ermənilərin tam hərbi hazırlıq vəziyyətində
olduqlarını və silahlı
qiyamı davam etdirmək niyyəti güddüklərini
bildirir və qiyam ocaqlarını söndürmək
üçün onların bu ərazilərdən
köçürülməsini məqbul sayır. Bu məktubda rusların aprelin 20-də Rusiya ərazisində
olan müsəlmanları öz sərhədləri
hüdudundan çıxararaq Türkiyə ərazisinə
qovduqlarını xəbər verən Ənvər Paşa,
"cavab addımı" olaraq ermənilərin də ya
Türkiyə sərhədlərindən
çıxarılaraq Rusiya ərazisinə qovulmasını,
yaxud da onların ailələri ilə birlikdə Anadolunun
müxtəlif məntəqələrinə yerləşdirilməsinin
zəruri olduğunu vurğulayır. Tələt
Paşadan bu iki yoldan daha münasibini seçmək və həyata
keçirmək xahiş olunur.
Fransız tədqiqatçısı Jorj de Malevil Ənvər
Paşanın bu məktubunu "erməni
soyqırımı" iddialarının əsassızlığını
sübut edən ən mühüm sənəd sayır. Belə ki, etibarlılığı
heç kim tərəfindən
şübhə altına alınmayan bu sənəd bir
çox mətləblərə aydınlıq gətirir. Əvvəla, düşmən tərəfə rəğbət
bəsləməkdə şübhəli bilinən əhalinin
deportasiyası təşəbbüsünün ilk əvvəl
heç də türklərə deyil, ruslara mənsub
olduğu (20 aprel 1915-ci ildə) və Ənvər
Paşanın bu ideyanı "cavab addımı" kimi məhz
ruslardan aldığı məlum olur (hərçənd
Rusiyanın türk əhalisi ruslar əleyhinə heç bir
qiyam qaldırmamışdılar). Daha sonra ermənilərin
deportasiya edilməsi fikrinin
onların Vanda silahlı çıxışlarından
sonra, qiyam ocaqlarını yatırtmaq zərurəti kimi meydana
çıxdığı, məktub yazılan tarixə qədər
Ənvər Paşanın qiyamçı ermənilərə
dair hələ qəti qərar vermədiyi, onların cəbhə
önünə, yaxud arxaya köçürülməsi
seçimi qarşısında qaldığı və 2 may
tarixinə qədər bu tədbirlərin yalnız Şərqi
Anadolunun qiyama qalxmış erməni əhalisinə aid
edildiyi kimi faktlar Ənvər Paşanın liderlərindən biri olduğu
Türkiyənin hakim "İttihad və Tərəqqi"
partiyasının guya hələ 1915-ci ilin əvvəllərində
"ermənilərin məhv edilməsinə" dair gizli
plan qəbul etdiyi barədə "erməni
soyqırımı"
carçılarının iddialarını tam inkar edir.
1915-ci il
mayın 2-də Ənvər Paşa yaranmış şərait
üçün daha humanist seçim edir: "ön cəbhə"
deyil, "arxa cəbhə" variantına
üstünlük verilir, ermənilərin imperiyanın içərilərinə
köçürülməsi qərara
alınır. Bu humanizm türklərə və
Ənvər Paşanın özünə baha başa gələcək.
Tarix "Əgər" məfhumunu qəbul etməsə də,
həmin dövr hərbi nazir yerli türk əhalisini öz
yurdlarından cəbhə xəttinə qovan və bununla da
yüz minlərlə müsəlmanı gülləyə hədəf
edərək qırdıran ruslara (eləcə də
Vanın işğalı zamanı ermənilərə) "cavab addımı" yolunu
seçsə idi, mümkündür ki, bütün Anadolunu
ermənilərdən təmizləyərdi və bu zaman
rusların nümunəsinə müvafiq hərəkət
etdiyi və bu addımın həmin
şəraitdə tam ədalətli sayıla biləcəyi Türk tərəfini
qınamağa heç bir əsas verməzdi. Lakin 26 may 1915-ci
il tarixdə Şərqi Anadolu, Zeytun və Diyarbəkirin
şərqinə doğru digər ərazilərdən erməni
əhalisinin Mesopotamiyaya - Fərat vadisinə, Mosul, Urfa və
Süleymaniyyənin ətrafına köçürülməsi
haqda şifahi qərar qəbul edilir və şifrli
teleqramlarla yerlərə göndərilir. Qərarda ermənilərin
məskunlaşacağı yerlərdə qiyam
ocaqlarının yaranmasına yol verməmək
üçün onların yerli əhalinin 10 faizindən
artıq olmaması, 50 evdən artıq erməni kəndlərinin
salınmaması, erməni köçkün ailələrinə
yaşayış yerini dəyişmək hüququ verilməməsi
kimi şərtlər irəli sürülür. Eyni zamanda
köçürülməyə məsul şəxslərə
ermənilərin həyatının və mülkiyyətinin
təhlükəsizliyinin təmin edilməsi, onların ərzaqla
təchiz olunması, bütün yolboyu istirahət imkanı
verilməsi, eləcə də yeni yerlərdə onların gəlişi
üçün hazırlıq görülməsi, evlərin tikintisi üçün
dövlət tərəfindən vəsait ayrılması, kəndli
və sənətkarlara toxum, əmək alətləri və
digər ləvazimat verilməsi kimi şifrli şəkildə
göndərilən və gizli qalacağı ehtimal edilən
göstərişlər Türkiyə hökumətinin bu
tapşırıqlarında səmimi olduğunu göstərir.
Beləliklə, Türkiyə hökumətinin ermənilərin
köçürülməsi qərarı arxasında heç də "xain ermənilərdən
qisas almaq" deyil, yalnız bir
məqsəd - müharibə şəraitində türk
ordusunun arxa cəbhəsini və cəbhə boyu əyalətləri
erməni qiyamçılarından, casusluqdan, terrordan və
üsyançı dəstələrdən təmizləmək dururdu.
Lakin
müharibə aparan bir ölkənin hökuməti
üçün yeni və son dərəcə ağır problemlərin
yaradıldığından xəbər verən bu
qərarın icrası daha da ağır problemlər və
çətinliklər yaradır. Yüz minlərlə
adamın yerdəyişməsinin lazımi mühafizə
olmadan, yarıqaçaq tayfaların (ərəb, kürd və
s.), eləcə də erməni silahlılarının
zorakılıqlarından müsibətlər çəkmiş
türk qaçqınlarının məskunlaşdığı
ərazilərdən keçməklə baş verməsi erməni
karvanlarına hücumlarla müşayiət olunur və
köçürülənlər arasında insan
tələfatı, əmlaklarının
qarət edilməsi ilə nəticələnir. Türkiyə
hərbi tribunalı köçürülən ermənilərə
qarşı cinayətlərdə müqəssir olanlara
qarşı 1397 hökm çıxarsa da, faciələr geniş miqyas
alır. Böyük itkilər
verməklə Mesopotamiyaya çatan köçkünlər
burada yaşamaq üçün əvvəlcədən
heç bir hazırlıq tədbirlərinin
görülmədiyi ilə üzləşir, səhrada,
çay kənarında, tələsik
quraşdırılmış düşərgələrdə yerləşməyə məcbur
olan insanlar arasında aclıqdan, xəstəlikdən və zəiflikdən
ölüm halları kütləvi şəkil alır. Bu
faciələrin şahidləri olan xarici missionerlər və
diplomatlar ilk olaraq həyəcan dolu məlumatları öz ölkələrinə
çatdırırlar və beləliklə, dünya ictimai
fikrində "ermənilərin yenə də türklər tərəfindən
qırıldığı, lakin qırğınların bu dəfə
daha sistemli və ümumi şəkildə həyata
keçirildiyi" haqqında rəylər yaradılır.
Köçürülmənin son dərəcə nizamsız
təşkili ilə bağlı bir sıra obyektiv və
subyektiv səbəblər üzərində dayanmadan burada bir
məqamı vurğulamaq vacibdir ki, bütün mövcud
faktlar, sənədlər və sübutlar bu faciəli hadisələrin
arxasında Türkiyə hakim dairələrinin erməni əhalisinin
kütləvi surətdə məhv edilməsinə dair hər
hansı məxfi planı, siyasəti, yaxud qəsdi
olmadığını təsdiq edir. Qeyd edilməlidir ki, həmin
hadisələrdən az sonra güc toplayan və 100 ildən
artıq davam edən "erməni soyqırını"
haqda türklərə qarşı yürüdülən əsassız
ittihamların arxasında da istər həmin dövr, istərsə
sonrakı mərhələlərdə həqiqət
axtarışından daha çox siyasi məqsədlər və
maraqlar dururdu. "Erməni
soyqırımı" kampaniyasının kimlər tərəfindən,
nə vaxt, necə başladığı, genişləndiyi və
hansı istiqamətlərdə davam etdiyi böyük və
ayrıca mövzudur. Burada həmin kampaniyanın tərkib
hissələrindən olan yalnız bir məsələyə
- 1915-ci il ermənilərin
köçürülməsi zamanı ölmüş
insanların sayı məsələsinə aydınlıq gətirək.
Kütləvi insan tələfatı ilə səciyyələnən
faciələrdən danışarkən rəqəmlərin
az və ya çoxluğuna istinad etmək və statistikaya söykənmək mənasızdır.
Günahsız və
köməksiz ən kiçik etnik qrupun məqsədyönlü
şəkildə öldürülməsi də
soyqırımı sayılır. Lakin "erməni
soyqırımı" carçılarının, xüsusilə
ermənilərin özlərinin yalan, təhrif, saxtakarlıq
və uydurma ittihamlar əsasında
"soyqırımı" qurbanları kimi qələmə
verdikləri itkilərin sayını daima artıraraq sonda bu rəqəmi
1914-cü ildə Osmanlı
imperiyasının bütün erməni əhalisinin sayına
çatdırması heç bir məntiqə
sığmır. Erməni itkilərinin sayına dair irəli
sürülən ən müxtəlif rəqəmlərlə
bağlı mülahizələrə toxunmadan bildirək ki,
bir amerikalı mütəxəssisin rəhbərlik etdiyi
statistika xidmətinin 1914-cü il
üçün Türkiyənin ümumi əhalisinin rəsmi
statistik məlumatları əsasında hazırladığı raportda irəli
sürülən rəqəm - qurbanların sayının 300
000-nə qədər olması - daha inandırıcı
görünür (müqayisə üçün: 1914-cü
ildə Şərqi Anadolunun
"erməni" vilayətlərində 2.295.795 nəfər
müsəlman əhalisi yaşayırdı, müharibədən,
qətllərdən və saysız yerdəyişmələrdən
sonra bu rəqəm 600.000 nəfər
təşkil edirdi).
Erməni
qurbanlarının sayına dair 300 000 rəqəmi 1918-ci il 11 dekabr tarixdə erməni mənbələri
əsasında erməni nümayəndə heyətinin
başçısının Fransa Xarici İşlər
Nazirliyinə təqdim etdiyi məlumatlarla üst-üstə
düşür. Qeyd olunmalıdır ki, bu 300 000 nəfər
sırasına "itkin düşənlər" - Vandan
qaçaraq Rusiya-Qafqaz ərazisinə keçən və
sonralar burada məskunlaşan erməni əhalisi də daxil
edilir.
"Van
qaçqınları" məsələsi bilavasitə Azərbaycanla
əlaqəli olduğu üçün bu məsələ
üzərində bir qədər ətraflı dayanaq.
Yuxarıda 1915-ci ilin mart-may aylarında
Vanda baş verən faciələr - şəhərin ermənilər
tərəfindən işğalı və rusların
müdafiəsi altında erməni dövlətinin qurulması,
yerli müsəlman sakinlərinə divan tutulması və
şəhərin dinc türk əhalidən tamamilə təmizlənməsi
haqqında danışılmışdı. Lakin
tale, yaxud tarix Van məsələlərində ermənilərlə
acı bir "oyun" oynayır. Rusların nəzarəti
altında olsa da, Vanda hakimiyyətin ermənilərin əlinə
keçməsi ermənilərdə
nəhayət ki, erməni dövlətinin
yaradıldığı təsəvvürü yaradır və
Şərqi Anadolunun digər vilayətlərində
yaşayan erməni əhalisinin kütləvi surətdə "yeni erməni dövlətinə"
axışıb gəlməsinə səbəb olur. Lakin 1915-ci ilin ortalarında cəbhədə vəziyyət
dəyişməyə başlayır. İyulun əvvəllərində
Türkiyə qoşunları rusları
sıxışdırır və bu vaxt Vanda sayı artıq
250 000-nə çatan erməni əhalisi "ölü
doğulmuş" dövlətdə törətdikləri qətllərə
görə cəzadan qorxaraq geri çəkilən rus-erməni
qoşunları ilə birlikdə Cənubi Qafqaza üz tutur.
Rusiya ərazisində çar hökumətinin gözü
qarşısında ermənilərin təzyiq və
hücumlarına ilk olaraq Qarsın
türk və azərbaycanlı əhalisi məruz
qalır. Müharibənin başlanması və rusların
Körpüköy ətrafında məğlubiyyətindən
sonra 37 illik rus-erməni əsarətindən qurtulacaqlarına
ümid edən Qarsın müsəlman əhalisi 1915-ci ilin əvvəllərindən
başlayaraq bir neçə ay fasiləsiz olaraq xüsusi qəddarlıqla
müşayiət olunan kütləvi qırğınlar və
talanlarla üzləşir, 40000-dən artıq türk və
azərbaycanlı qətlə yetirilir, minlərlə ev,
yüzlərlə kənd yandırılır və
dağıdılır. Qars faciəsi
bütün Cənubi Qafqazın müsəlman əhalisi
arasında geniş əks-səda doğurur, Bakıda, Gəncədə,
digər şəhərlərdə Azərbaycan ictimaiyyəti
nümayəndələrinin yığıncaqları
keçirilir, erməni ekstremizminin vüsət alması həyəcanla
qeyd olunur. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti
Qars əhalisinə kömək üçün 3 dəfə
Rusiya çarına müraciət etsə də, hər dəfə
rədd cavabı alır. Nəhayət, Azərbaycanın
görkəmli ictimai xadimi Əlimərdan bəy
Topçubaçovun başçılığı ilə
Tiflisə - Qafqaz canişininin yanına nümayəndə heyəti
göndərilir. "Siz, qafqazlı
müsəlmanlar, bizim düşmənlərimizə
yardım etmək istəyirsiniz. Müharibə
zamanı buna icazə verilməz" - deyə nümayəndə
heyətinin xahişi rədd edilir. Ə.Topçubaşovun cavabı daha məntiqli olur:
"Siz, iki dövlət - Osmanlı imperatorluğu ilə
Rusiya çarlığı müharibə edirsiniz. Biz, sizin düşmənlərinizlə deyil,
işğalınız altına aldığınız vilayətlərdəki
pərişan qardaşlarımıza insanı və maddi
yardım etmək istəyirik". İcazə
alınır və
Dr. Xosrov bəy Sultanovun
başçılığı ilə heyət Novruz
bayramı ərəfəsində Bakıdan çıxaraq Gəncəyə
gəlir, burada əlavə maddi yardım toplayaraq Qarsa
yollanır. Xosrov bəy 1915-ci il aprelin 8-də Ərdəhandan Bakıda
çıxan "Kaspi" qəzetinə göndərdiyi məktubunda
yazırdı: "Bütün müsəlman
yaşayış məntəqələrində bir nəfər
də olsa, canlı insan tapmaq mümkün deyil. Yalnız iki məntəqəyə 500-600 qadın və
uşaq yığılmışdır. Onların
arasında cəmi 6 kişi vardır ki, onlar da əldən
düşmüş qocalardır". Bakı
Müsəlman Xeyriyyə Cəmiyyəti rəsmi qeydiyyatla
22000 nəfər Qars sakinlərinə 1917-ci ilin sonuna qədər
yardımını davam etmiş və onları ölümdən
qurtarmışdır. Bu insanların
arasında minlərlə sahibsiz və yetim uşaq vardı.
Burada bir məqama xüsusi
diqqət yetirilməlidir ki, Türkiyə vətəndaşı
olan ermənilər öz vətənlərinə açıq xəyanət edərək rusların tərəfində
türklərə qarşı vuruşduqları halda, Qafqaz
müsəlmanlarının türklərə rəğbət
bəsləməsi, hətta xeyriyyəçiliklə məşğul
olmasını xəyanət kimi qiymətləndirirdilər. Erməniləri xəyanətə sürükləyən
rus hökuməti onları bu məsələdə də dəstəkləyirdi. 1915-ci ildə bölgə
rusların nəzarəti altında olan zaman ermənilər
Artvin və Ərdəhanın müsəlman əhalisini türk
qoşunlarına xidmət etməkdə günahlandıraraq
onların haqqında cinayət işi
qaldırılmasını təklif edirlər! Qafqaz
canişini Vorontsov Daşkovu milliyyətcə erməni olan
arvadının vasitəsilə inandıran erməni xadimləri
belə bir istintaqın başlanmasına nail olurlar. Nəticədə 840 nəfər türk həbs
edilir, bölgənin bütün müsəlman əhalisi isə
"vətən xaini" damğası altında
sürgün olunmaq təhlükəsi ilə üzləşir.
Bütün Rusiya ictimaiyyəti və mətbuatı
bu məhkəmənin nə ilə bitəcəyini izləyir.
Kömək yenə Azərbaycandan gəlir.
Bakıdan və Gəncədən olan azərbaycanlı
hüquqşünas və vəkillər təmənnasız
olaraq böyük fədakarlıqla,
yüksək peşəkar səviyyədə türklərin
müdafiəsini təşkil edir və yüzlərlə
müttəhimə, o cümlədən vilayətin müsəlman
əhalisinə bəraət qazandırırlar. Sonda həbs
olunanlardan yalnız 72 nəfərinə
edam, həbs və sürgün cəzası verilir.
Bu məhkəmənin
qurulmasında ermənilərin əsas məqsədi türklər
yaşayan bütün əraziləri təmizləmək
idi. Bu işi hökumət əli ilə görə
bilməyən ermənilər öz sınanılmış
üsullarına - müsəlmanların yaşayış məntəqələrinə
silahlı basqın yolu ilə torpaqların
boşaldılması, yerli əhalinin qırılması və
qovulması, onların yerinə erməni əhalisinin məskunlaşdırılmasına
qayıdırlar. Erməni mənbələrinin
özlərinin verdiyi məlumatlara görə, 1914-1916-cı
illərdə Cənubi Qafqaza təqribən 350 min erməni
köçmüş və onların böyük əksəriyyəti
İrəvan quberniyasının ərazisində yerləşdirilmişdi.
Beləliklə, Osmanlı ermənilərinin yüz minlərlə əhalisinin nəinki "soyqırımına" məruz qaldığı, yaxud onların hamısının türklər tərəfindən imperiyanın daxili vilayətlərinə deportasiya edildiyi təsdiq olunmur, əksinə, ermənilərin özləri tərəfindən Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına köçürüldüyü və yerli türk-azərbaycanlı-müsəlman əhalisindən təmizlənmiş ərazilərdə məskunlaşdırıldığı tarixi sənədlər və faktlarla sübut edilir. Bu proses 1917-ci ildə, Rusiya imperiyası çökdükdən, Qafqaz cəbhəsi dağıldıqdan sonra yeni vüsət alacaq və artıq yalnız İrəvan quberniyası deyil, Naxçıvan, Zəngəzur, Qarabağ bölgələri də yeni erməni qaçqınları dalğası ilə üzləşəcək, 1918-ci ildə isə erməni silahlı birləşmələri artıq bütün Azərbaycan ərazisində azərbaycanlıların soyqırımını həyata keçirəcəklər.
Bu da qeyd olunmalıdır ki, I Dünya müharibəsi başlanandan "Ermənistan dövləti" yaradılması məsələsi Antanta dövlətlərinin müzakirə obyekti olsa da, hadisələrin gedişi göstərdi ki, müttəfiqlərin, xüsusilə də Rusiyanın əvvəldən ermənilərə verdiyi vədləri yerinə yetirmək fikri yox idi. (18 mart 1915-ci il tarixdə İngiltərə, Fransa və Rusiya arasında bağlanan Konstantinopol sazişinə əsasən Konstantinopol Rusiyaya verilməli, erməni əhalisi yaşayan ərazilər isə Fransa və Rusiya arasında bölüşdürülməli idi. Bir il sonra -16 may 1916-cı il yenə həmin dövlətlər arasında bağlanan Sayks-Piko gizli müqaviləsinə əsasən Türkiyə Ermənistanının böyük bir hissəsi sadə rus quberniyası şəklində Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti isə həmin ərazilərə Don, Kuban və Sibir kazaklarını köçürməklə "Türkiyə Ermənistanını" ruslaşdırmaq istəyirdi).
Müharibənin sonlarına yaxın Türkiyənin "erməni vilayətlərində" demək olar ki, erməni əhalisinin qalmaması həmin ərazilərdə erməni dövləti yaradılması şansını heçə endirir. Son nəticədə erməni dövləti Qafqazda, əzəli Azərbaycan torpaqlarında yaradılır.
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
AMEA-nın
akademik Z.M.Bünyadov adına
Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi,
tarix
elmləri doktoru, professor
Azərbaycan.-2014.- 24 aprel.- S.10.