Çex Respublikasının sənaye və
ticarət
nazirinin müavini İçərişəhərlə
tanış olmuşdur
Çex
Respublikasının sənaye və ticarət nazirinin
müavini İrji Qavliçekin
başçılığı ilə Azərbaycan
Respublikasında rəsmi səfərdə olan nümayəndə
heyəti aprelin 24-də İçərişəhərlə
tanış olmuşdur.
AzərTAc xəbər verir ki, nümayəndə heyəti üzvlərinin İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlanmışdır. Qonaqlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.
"Sıratağlı" dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur.
Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.
Nümayəndə heyətinin üzvləri Kiçik Qala küçəsində gəzişərkən onları təndir çörəyinə qonaq etmişlər.
Qonaqlar Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar saray kompleksi" tarix-memarlıq abidəsi ilə də tanış olmuşlar. Bildirilmişdir ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Dəniz tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən yaxşı görünən Şirvanşahlar saray kompleksi bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.
Qədim İçərişəhərlə
tanışlıq qonaqlara güclü
təsir bağışlamışdır.
Azərbaycan.-2014.- 25 aprel.- S.7.