«26 Bakı komissarı» və ya Azərbaycan xalqına qarşı

1918-ci il soyqırımı qatilləri barədə tarixi həqiqət

 

Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır.

 

Prezident İlham Əliyevin Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışındakı çıxışından

14 oktyabr 2010-cu il

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev XIX-XX yüzilliklər tariximizin yenidən yazılmasının tarixçilər qarşısında duran ən mühüm vəzifə olduğunu dəfələrlə qeyd etmiş, bununla bağlı konkret elmi-nəzəri istiqamətlər müəyyən etmiş, çox mühüm dövlət əhəmiyyəti olan sənədlər imzalamışdı. Ulu öndərin milli-mənəvi dəyərlər irsi ağır saxtalaşdırmalara, təhriflərə məruz qalmış tarixi gerçəkliklərimizi araşdırıb xalqımıza olduğu kimi çatdırmaq üçün tarixçilər qarşısında geniş imkanlar açır.

Bu gün Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixinin, demək olar ki, bütün problemlərinin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi üçün geniş tədqiqat işləri aparılır. Bütün bu elmi axtarışlar birbaşa ölkə başçısı İlham Əliyevin tapşırıqları, tövsiyə və çağırışları əsasında həyata keçirilir. Dövlət başçısının göstərişinə əsasən tarixçilərin əsas diqqəti ayrı-ayrı dövrlərdə, o cümlədən sovet dövründə tariximizlə bağlı yol verilmiş saxtalaşdırmaların aradan qaldırılmasına yönəldilmişdir.

Sovet dövründə tariximizin bütünlüklə saxtalaşdırılmış problemlərindən biri də "Bakı kommunası"nın və ya "26 Bakı komissarı"nın tarixidir. 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş cinayətkar daşnak-bolşevik rejiminin başçıları olan "26 Bakı komissarı" Azərbaycan xalqına "kommunizm uğrunda mərd mübarizlər" kimi təqdim olunmuşlar. Əslində, "Daşnaksütun" partiyası  Bakı komitəsinin üzvü olan, ətrafına erməni-daşnak zabitlərini, silahlı dəstələrini toplayıb Azərbaycan xalqının məhv edilməsinə göstəriş vermiş və kütləvi soyqırımı cinayəti həyata keçirmiş Stepan Şaumyan xalqımıza "ən ardıcıl  bolşevik liderlərindən biri" kimi tanıdılmışdır.

1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş "26 Bakı komissarı" adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Milli Elmlər Akademiyasının Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunmuşdur.

Stepan Şaumyanın başçılıq  etdiyi daşnak-bolşevik qatillərinin törətdiyi soyqırımı cinayətlərinin açılmasında dövlət başçısı İlham Əliyevin Sahil bağındakı "müqəddəs ziyarətgaha" çevrilmiş "26-lar" məzarlığının ümumşəhər qəbiristanına köçürülməsi barədə qəbul etdiyi cəsarətli və müdrik qərar olduqca mühüm rol oynadı.

2009-cu ilin yanvar ayında Bakı şəhərinin Sahil bağındakı "26-lar"a məxsus məzarlar şəhər qəbiristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olundu. Bundan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradıldı və intensiv elmi araşdırmalara başlanıldı. Öncə Azərbaycan arxivlərində vaxtı ilə "26-lar"la bağlı xalqdan gizlədilmiş sənədlər üzə çıxarıldı. İnstitutun əməkdaşları xarici ölkələrə ezam olundu, Sankt-Peterburq, Moskva, London, Paris, Berlin, Dehli, İstanbul, Ankara və başqa şəhərlərdən ölkəmizə çoxlu ilk mənbələr, o cümlədən qiymətli arxiv sənədləri gətirildi.

Arxiv sənədləri üzərində aparılmış elmi-tədqiqat işlərinin ilkin nəticələri birmənalı olaraq təsdiq edir ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi (Bakı Soveti, sonralar Bakı Xalq Komissarları Soveti) qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş şəkildə və planlı surətdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmişdir. On minlərlə dinc, silahsız türk-müsəlman əhali - Azərbaycan türkləri, ləzgilər, tatarlar və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir. Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz işləri üzrə fövqəladə komissar Stepan Şaumyan göstəriş vermiş, bu dəhşətli cinayəti təşkil etmiş və ona başçılıq etmişdir.

Beləliklə, 1918-ci ildə Azərbaycan xalqına qarşı dövlət səviyyəsində soyqırımı cinayəti həyata keçirilmişdir. Bu cinayəti həyata keçirən daşnak-bolşevik rejiminə Stepan Şaumyan başçılıq etmişdir.

Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində, erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan "Daşnaksütun" partiyasının üzvü olmuşdur. Bunu Tiflis Quberniya Jandarm İdarəsinin 1908-ci ilə aid  məxfi agentura məlumatının əks olunduğu arxiv sənədi çox aydın sübut edir. Həmin sənədə görə Stepan Şaumyan "Daşnaksütun" partiyasının Bakı Komitəsinin üzvü idi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.276, s.8, iş. 412, v.4-5.).

 Göründüyü kimi, üzdə bolşevik olan Stepan Şaumyan əslində, "Daşnaksütun" partiyasının rəhbərlərindən biri olmuşdur. Həmçinin elə həmin arxiv sənədində qeyd edildiyi kimi, Şaumyan hələ 1910-cu ildə daşnak partiyası üzvlərinin Bakıya toplanmasına və burada işə düzəldilməsinə yaxından köməklik göstərmişdir  (Yenə orada.).

Yeri gəlmişkən, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı törətməsini Şaumyan hələ o zaman özü etiraf etmişdi. 1918-ci il mart soyqırımından sonra o, Sovet Rusiyası hökumətinə hesabat verərək qeyd etmişdi ki, Bakı Sovetinin hərbi qüvvələrinə daşnak partiyasının 4 minlik hərbi hissələri cəlb edildi və bu amil milli qırğına gətirib çıxardı. Şaumyan daha sonra yazırdı: "Biz buna şüurlu şəkildə getdik", çünki azərbaycanlı siyasi qüvvələr "Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər" (Şaumən S.Q. İzbrannıe proizvedeniə. M.,1978, t.2, s. 246.). Beləliklə, əslində, Şaumyanın təkcə bu etirafı 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş daşnak quldurlarının son məqsədlərinin nədən ibarət olduğunu çox aydın sübut edir.

Bakıda olduğu kimi, Azərbaycanın digər bölgələrində də soyqırımılar məhz Şaumyanın şəxsi göstərişi ilə həyata keçirilmişdir. Məsələn, Şamaxıda azərbaycanlılara divan tutmuş Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov) bilavasitə Şaumyanın tapşırığını həyata keçirmişlər ("Azerbaydjan", 1918, 8 oktəbrə.). Qubada soyqırımı həyata keçirmiş daşnak cəlladı Hamazasp da bilavasitə Şaumyanın göstərişinə əməl etmişdir.

 Aparılan tədqiqatlar onu da sübüt edir ki, Bakı Sovetinin rəhbərliyi Azərbaycanın qərb bölgələrində soyqırımı həyata keçirən erməni quldur dəstələri ilə, o cümlədən Stepan Şaumyanın "xalq qəhrəmanı" adlandırdığı Andraniklə sıx əlaqə saxlayırdı (Mikoən A. Doroqoy borğbı. M., 1971, s.42.). Başqa sözlə, Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında,  həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.

Beləliklə, Sovet tarixşünaslığında bolşevik hakimiyyəti orqanı kimi qələmə verilən Bakı Soveti əslində, daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.

Yuxarıda göstərilənlərlə yanaşı, belə bir fakt da nəzərə alınmalıdır ki, V.İ.Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyana, eyni zamanda, Rusiya  Xalq Komissarları Sovetinin 29 dekabr 1917-ci il (11 yanvar 1918-ci il) tarixli dekreti ilə Rusiya tərəfindən işğal olunmuş Şərqi Anadoluda ("Türkiyə Ermənistanında") "erməni xalq milisi" və "müstəqil erməni dövləti" yaratmaq vəzifəsi də həvalə olunmuşdu. Daşnaklar o zaman böyük dövlətlərin, o cümlədən bolşevik Rusiyasının köməyindən istifadə edərək Şərqi Anadolunun və Azərbaycanın türk-müsəlman əhalisini kütləvi surətdə qıraraq "Böyük Ermənistan" yaratmağa çalışırdılar. "Daşnaksütun" partiyasının rəhbərlərindən biri olan Stepan Şaumyan Bakıda hakimiyyəti ələ keçirdikdən sonra bu bədnam siyasətin həyata keçirilməsində ən real və ən fəal siyasi fiqura çevrildi. Stepan Şaumyan və onun öz ətrafına topladığı daşnak qatillərinin əsas məqsədi Azərbaycanın milli-siyasi qüvvələrinin sosial bazası olan türk-müsəlman əhalini tamamilə qırıb bütün Azərbaycanı və Şərqi Anadolunu ələ keçirərək "Böyük Ermənistan" yaratmaq məqamını yetişdirməkdən ibarət idi.

Bəs kimlər idilər Stepan Şaumyanın öz ətrafına topladığı və onun başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırımı cinayətini həyata keçirən digər qatillər?

Tatevos Əmiryan (Əmirov). Sovet hakimiyyəti illərində Azərbaycan xalqına yalandan "26 Bakı komissarı"ndan biri kimi təqdim olunan Tatevos Əmiryan "təcrübəli" terrorçu və daşnak cəlladı idi. O, mənsub olduğu "Daşnaksütun" partiyasına maliyyə vəsaiti "qazandırmaq" məqsədilə Bakıda oğurluqla, mənzillər yarmaqla, varlı azərbaycanlıların uşaqlarını girov götürüb külli miqdarda pul qoparmaqla məşğul olan oğru-quldur dəstəsinə başçılıq etmişdir. Tatevos Əmiryan  təkcə Bakıda deyil, hətta Kiyev şəhərində də bu cür oğurluq əməliyyatlarının əsas təşkilatçısı olmuşdur. Yeri gəlmişkən, "Daşnaksütun" partiyası osmanlı sultanı II Əbdülhəmidə sui-qəsd təşkil etməyi də məhz Tatevos Əmiryana "etibar" etmişdi. Bu terror əməliyyatı baş tutmadıqda yenidən Bakıya qaçan Əmiryan oğurluq və quldurluq əməllərini davam etdirmişdir. O, 1918-ci ilin əvvəllərində, yaxınlaşan soyqırımında azərbaycanlılara divan tutmaq məqsədilə, qardaşları Aleksandr və Armenak Əmiryanla birlikdə daşnak süvarilərindən ibarət silahlı dəstə yaratdı. Stepan Şaumyan "Daşnaksütun" partiyası qarşısındakı bütün bu "xidmətlərini" nəzərə alaraq Tatevos Əmiryanı və onun süvari dəstəsini Azərbaycan xalqına qarşı soyqırımı əməliyyatına cəlb etdi. Şaumyanın göstərişi ilə hərəkət edən Tatevos Əmiryanın başçılıq etdiyi daşnak süvariləri Bakıda və Şamaxıda dinc azərbaycanlı əhalinin kütləvi surətdə məhv edilməsində xüsusi amansızlıq nümayiş etdirmişdir. Tatevos Əmiryan qardaşları Aleksandr, Armenak və Arsenlə birlikdə 1918-ci ildə dinc azəbaycanlı əhalini kütləvi surətdə məhv etmiş qatillərdir.

Stepan Lalayan (Lalayev). Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin həyata keçirilməsində xüsusi amansızlıq göstərən qatillərdən biri də Stepan Şaumyanın ən yaxın silahdaşlarından biri olan Stepan Lalayan (Lalayev) idi. Şaumyanın göstərişi ilə hərəkət edən daşnak cəlladı Lalayan Tatevos Əmiryanla birlikdə 1918-ci ilin mart-aprel aylarında Bakıda və Şamaxıda dinc türk-müsəlman əhaliyə dəhşətli divan tutmuşdur. Lalayanın "cəza dəstələri" Şamaxının bütün məscidlərini, tarixi abidələrini yandırıb yerlə-yeksan etmiş, şəhərin məşhur Cümə məscidini içərisinə sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırmışdır. Şamaxı şəhərinin 40 minlik əhalisinin qaçıb canını qurtara bilməyən hissəsi (o cümlədən tanınmış ziyalılar, ictimai xadimlər, Rusiya Dövlət Dumasının üzvü Məhəmməd Tağı Əliyev və b.) ucdantutma məhv edilmişdir. Şamaxının dağıdılıb xarabazara çevrilmiş 58 kəndində 7 min nəfərdən çox dinc sakin (o cümlədən 1653 qadın, 965 uşaq) məhv edilmişdi.

Bütün bu amansızlıqları ört-basdır etmək üçün, 1918-ci ilin 22 aprelində Bakı Sovetinin İcraiyyə Komitəsi Şamaxı qəzasında vəziyyət haqqında qətnamə qəbul etmişdi. Bu qətnaməyə əsasən Şamaxıda yoxlamalar aparmaq üçün bolşevik Kojemyakonun rəhbərliyi altında təhqiqat komissiyası yaradılmışdı. Yoxlama nəticəsində kütləvi soyqırımı törətdiyinə görə Stepan Lalayan həbs edilsə də, bu qatil çox keçmədən Şaumyanın şəxsi göstərişi ilə azad olundu. Bundan 3-4 gün sonra isə Bakı Soveti İcraiyyə Komitəsinin Şamaxı qırğını ilə bağlı yaratdığı təhqiqat komissiyası da ləğv olundu ("Azerbaydjan", 1918, 21 oktəbrə.)

.Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci ildə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar sübut edir ki, Lalayan 1918-ci ilin mart-aprel aylarında Bakı və Şamaxı şəhərlərində erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlara başçılıq  edən ən azğın  qatillərdən biri olmuşdur.

Hamazasp Srvantsyan. Stepan Şaumyanın Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmək üçün cəlb etdiyi daşnak cəlladlarından biri də Hamazasp Srvantsyan idi. İlk terrorçuluq "təcrübəsinə" Türkiyənin Van bölgəsində başlayan Hamazasp 1905-ci ildə öz fəaliyyət mərkəzini Qarabağa köçürmüş, burada beşikdəki körpələrə qədər dinc azərbaycanlı əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmaqda ad çıxarmışdı. Qarabağın dinc azərbaycanlı əhalisini məhv edərkən göstərdiyi "igidliklərə" görə "Daşnaksütun" partiyası ona "general" rütbəsi vermişdi (Arxiv Otdela izuçeniə voennoy istorii i strateqii Qeneralğnoqo ştaba Tureükoy respubliki. Şkaf Pervoy mirovoy voynı, polka 401, delo 1578, l. 1-24, 1-67).

Bu daşnak cəlladının vəhşiliklərinə çar hökuməti belə dözməmiş, onu 1908-ci ildə Sibirə sürgün etmişdi. Sürgündən qaçan Hamazasp yenidən Şərqi Anadoluda peyda oldu və burada silahlı dəstə yaradaraq Rusiya ordusunun tərkibində dinc türk-müsəlman əhaliyə qarşı yenidən soyqırımılarına başladı. Rus ordusu Şərqi Anadoludan geri çəkilərkən Stepan Şaumyanın dəvəti ilə Bakıya gələn Hamazasp burada Azərbaycan xalqına divan tutmaq məqsədilə erməni silahlı birləşmələri yaratdı. Stepan Şaumyan 1918-ci ilin 31 mart soyqırımında Hamazaspın silahlı birləşmələrindən geniş surətdə istifadə etdi. Bakı qırğınlarını başa çatdırdıqdan sonra Şaumyan Hamazaspın ancaq daşnaklardan ibarət olan silahlı birləşmələrini Qubaya göndərdi (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f.1061, s.1, iş.95, v.5-8; Bax: İstoriə Azerbaydjana po dokumentam i materialam Baku, Glm,1990. s.182-187).

Qarabağda və Bakıda Azərbaycan xalqına divan tutmaqda "zəngin təcrübə" qazanmış bu daşnak cəlladı Qubanın dinc sakinlərinə də dəhşətli divan tutdu. Quba qırğınları zamanı Hamazasp tutduğu vəhşiliklərdən lovğalanaraq açıqca etiraf edirdi: "Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçisiyəm... Mənə dəniz (Xəzər dənizi) sahillərindən Şah dağına qədər bütün müsəlmanları məhv etmək və sizin yaşadığınız yerləri, Şirvanda olduğu kimi, yerlə-yeksan etmək əmr olunmuşdur..." (ARDA, f. 1061, s. 1, iş 95, v. 5-6.) Həmin dövrdə belə bir əmri ona kim verə bilərdi?!!

Bütün bu "xidmətləri" nəzərə alınaraq Hamazasp Quba qırğınlarından sonra Bakıda yaradılmış erməni-daşnak silahlılarından ibarət briqadanın komandiri təyin olundu. Həmin briqadanın komissarı vəzifəsi isə Anastas Mikoyana etibar edildi. Lakin Şamaxı yaxınlığında Azərbaycan-Türkiyə hərbi qüvvələri ilə qarşılaşarkən açıq döyüşə girməyə cəsarət etməyən "erməni xalqının qəhrəmanı" Hamazasp komandiri olduğu briqadanı döyüş meydanında qoyub Bakıya qaçdı. Azərbaycan-Türkiyə qoşunları Bakıya yaxınlaşarkən Hamazasp növbəti dəfə qaçıb yaxasını qurtardı. Lakin bu dəfə o, Lənkəranda peyda oldu və burada da silahsız dinc əhalini qırmaqda yeni "igidliklər" göstərdi. Şaumyanın ən yaxın silahdaşlarından biri olan Hamazasp Lənkərandan İrana qaçdı, oradan da Ermənistana keçdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həbs olunan Hamazaspın tərcümeyi-halı layiqli sonluqla başa çatdı. O, məhbəsdə baltalandı.

Qriqori Korqanov. Bakı Sovetinin qərarı ilə Hamazaspın başçılığı altında yaradılan qoşunun təşkili Qriqori Korqanova tapşırılmışdı. Bu erməni qatili 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinin soyqırımında fəal iştirak edən "təşkilatçılardan" biri idi. Bolşevik Qafqaz Ordusunun Hərbi İnqilab Komitəsinin sədri olan Korqanov Bakı Sovetinin qoşun hissələrinin (Qırmızı qvardiya, Qızıl Ordu, Xəzər Hərbi Donanması) yaradılmasında fəal iştirak etmişdir. Azərbaycanlılara divan tutan bolşevik drujinaları, Qırmızı qvardiya və daşnak dəstələri arasında koordinasiyanı Korqanov özü şəxsən həyata keçirirdi. Şaumyanın göstərişi və Korqanovun əmri ilə Lənkərana və Şamaxıya göndərilmiş "cəza dəstələri" on minlərlə azərbaycanlını məhv etmişdir. Məhz Korqanovun əmrinə əsasən Hamazaspın komandanlığı altında 2 minlik "cəza dəstəsi" Qubaya göndərilərək azərbaycanlılara qarşı soyqırımının növbəti mərhələsini həyata keçirdi. Şaumyandan şəxsən göstəriş alan Korqanov Hamazaspın dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən təşkil olunması, onların pulemyot və toplarla təchiz edilməsi barədə tapşırıq vermişdi. Quba qırğınının iştirakçılarından biri Serqo Martikyan Korqanova teleqramında çox böyük coşqu ilə onun tapşırığına əməl olunduğu və Qubanın onların dəstəsi tərəfindən ələ keçirildiyi barədə məlumat verirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra sovet-daşnak qoşunlarının Gəncə istiqamətində hücuma keçməsi əmrini də 1918-ci il iyunun 6-da artıq bu zaman Bakı Xalq Komissarları Sovetinin hərbi və dəniz işləri komissarı olan Korqanov vermişdi. Bu erməni qatilinin - Korqanovun tabeliyindəki zabitlərin də hamısı ermənilər idi (qərargah rəisi Avetisov, korpus komandiri Kazarov, 3-cü briqadanın komandiri Hamazasp, həmin briqadanın komissarı Mikoyan və b.). Məhz Korqanovun əmri ilə 1918-ci il iyulun 1-də Göyçay bombardman edilmiş, Bakı və Şamaxı soyqırımılarının əsas qatillərindən biri olan Tatevos Əmirovun quldur dəstəsi isə şəhərin əhalisinə divan tutmuşdur.

Anastas Mikoyan. 1918-ci ildə azərbaycanlıların soyqırımında fəal iştirak edənlərdən biri də Anastas Mikoyan idi. Rəsmi sovet sənədlərində göstərilir ki, Mikoyan guya 1915-ci ildən kommunist partiyasının üzvü olmuşdur. Lakin Mikoyanın məhz bu dövrdə daşnak partiyasının üzvü olması kifayət qədər yüksək vəzifəli sovet rəsmi dairələri tərəfindən təsdiq olunmuşdur. Belə ki, Mikoyanın 1917-ci ildə daşnak partiyasının üzvü olduğu haqda, L.Trotskinin, Q.Zinovyevin (XVII Obhebakinskaə partiynaə konferenüiə Azerbaydjanskoy Kommunistiçeskoy partii (b). 28 oktəbrə - 6 noəbrə 1927 qoda. Stenoqrafiçeskiy otçet. Baku: Krasnıy Vostok, 1927, s.87, 105.) və N.Nərimanovun ("Ucqarlarda inqilabımızın tarixinə dair". İ.V.Stalinə məktub. Bakı, 1992, s.26.) fikirləri var.

Digər tərəfdən, Mikoyanın öz xatirələrindən də məlum olur ki, o, I dünya müharibəsinin, demək olar ki, ilk günlərindən (1914-ci ilin noyabrından) erməni cəlladı Andranikin könüllülərdən ibarət dəstəsinin tərkibində Şərqi Anadoluda dinc əhaliyə qarşı soyqırımılarda və Osmanlı ordusu əleyhinə hərbi əməliyyatlarda fəal iştirak etmişdir. O, bu əməliyyatlar zamanı yaralanmış və müalicədən sonra 1917-ci ildə Bakıya gəlmişdir. Və burada Stepan Şaumyanla tanış olmuşdur (Baqramən X. Moi vospominaniə. Erevan, 1979; Mikoən A. Tak bılo. M.,1999; http://militera.lib.ru/memo/russian/mikoyan/index.html.). "Daşnaksütun" partiyasının üzvü olan Mikoyanın bolşeviklərə qoşulması məhz bundan sonrakı dövrə aid edilə bilər.

Aşkar edilmiş yeni arxiv sənədlərindən məlum olur ki, Mikoyan 1918-ci ilin yazında erməni cəlladı Hamazaspın 3-cü daşnak hərbi briqadasının tərkibində Bakıda və Şamaxıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımında fəal iştirak etmişdir. O, Hamazaspın erməni-daşnak hərbi briqadasının komissarı idi. Bu barədə Mikoyanın öz xatirələrində və digər mənbələrdə məlumat verilir (Mikoən A. Doroqoy borğbı. M.,1971; Mikoən A. Tak bılo. M., 1999; Qadjiev A., Aqaev V. Qerostratova slava. "Bakinskiy raboçiy", 1992, 12 maə.)

 Beləliklə, digər daşnak cəlladları kimi A.Mikoyan da Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımında fəal iştirak etmiş cinayətkarlardan biridir.

Bununla belə, Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı qatillərindən biri olan A.Mikoyanın "26 Bakı komissarı"nın sırasından hansı yolla "yaxa qurtarması" hələlik aydınlaşdırılmayaraq qalır. Lakin bir həqiqət gün kimi aydındır. "26-lar" barədə bütün müəmmaların da, tarixi həqiqətlərin izini itirmək məqsədilə qəsdən uydurulmuş dolaşıqların da müəllifi məhz soyqırı qatillərindən biri olan A.Mikoyanın özüdür. "26 Bakı komissarı" ilə bağlı həqiqətin açılacağından bütün ömrü boyu narahatlıq keçirən, dolaşıq və yalan məlumatlarla daim "26-lar" kələfinin ucunu itirməyə çalışan A.Mikoyanın bəd əməllərinin tez-gec aşkara çıxacağı şübhə doğurmur. Əlbəttə, bunun üçün hələ çox iş görülməli, o cümlədən bir sıra xarici ölkələrin arxivlərində axtarışlar davam etdirilməlidir.

Baqdasar Avakyan. Azərbaycan xalqına qarşı soyqırımının təşkil olunması və həyata keçirilməsində Stepan Şaumyanın ən yaxın əlaltılarından biri olan Baqdasar Avakyan da yaxından iştirak etmişdir. 1918-ci ilin mart soyqırımı ərəfəsində Baqdasar Avakyan Korqanovun rəhbərlik etdiyi Hərbi İnqilab Komitəsi ətrafında birləşməyə başlayan ermənilərə, ictimai vəziyyətləri və vəzifələrindən asılı olmayaraq, kütləvi surətdə silah və patron paylamışdı. 1918-ci il aprelin əvvəlində Bakı və onun rayonlarının komendantı təyin edilən Avakyan azərbaycanlılara qarşı soyqırımı siyasətinin yürüdülməsində və praktiki olaraq həyata keçirilməsində fəal rol oynayan əsas fiqurlardan birinə çevrildi (İzvestiə Bakinskoqo Soveta. ¹ 36, 1918.)

Prokofiy Caparidze. 1918-ci ildə Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə rəhbərlik edənlərdən biri də Prokofiy (Alyoşa) Caparidze idi. O, 1917-ci ilin dekabrından 1918-ci ilin aprelinədək soyqırımını həyata keçirən Bakı Soveti sədrinin müavini və Bakı Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1918-ci il aprelin 25-də isə Bakı Sovetinin daxili işlər komissarı vəzifəsinə təyin edilmişdi. Caparidze həmçinin 1918-ci il martın 30-da yaradılan və Azərbaycan xalqına qarşı soyqırımını bilavasitə təşkil edən İnqilabı Müdafiə Komitəsinin üzvi idi. Bu fakt onun azərbaycanlılara qarşı kütləvi qırğınların ən fəal iştirakçılarından biri olduğunu sübut edir.

Təsadüfi deyil ki, Nəriman Nərimanov "Hümmət" qəzetinin 3 aprel 1918-ci il tarixli sayında məhz Şaumyan və Caparidzeyə aşağıdakı məzmunda məktubla müraciət etmişdi: "Əgər siz yaxın zamanlarda bu hadisələrin üzərindən qara pərdəni götürməsəniz, bolşevik məfkurəsi və Sovet hakimiyyəti burada davam gətirə bilməyəcək" (Narimanov N. İzbrannıe proizvedeniə. T.2, Baku, 1989, s.123).

Nərimanov 1919-cu ilin fevralında çap olunmuş "Qafqazın işğalına bir baxış" adlı məqaləsində vaxtı ilə Şaumyan və Caparidzeyə müraciət etdiyini yenidən xatırladır və qeyd edirdi ki, onun məqsədi həmin şəxslərdən "mart hadisələrinin Sovet hakimiyyətinin istəyinə zidd olaraq" baş verməsi barəsində sübutlar almaqdan ibarət olmuşdur. Nərimanov sözünə davam edərək yazırdı: "Lakin təəssüflər olsun ki, mənim sözlərimə fikir verən olmadı" (Narimanov N. İzbrannıe proizvedeniə. T.2, Baku, 1989, s.188.).

Caparidzenin Azərbaycan xalqına qarşı soyqırımının fəal təşkilatçılarından biri olduğunu sübut edən daha bir fakt: Mart qırğınının fəal iştirakçısı olan "bolşevik" N.Əsriyants öz xatirələrində yazır ki, "1918-ci ilin fevralında T.Əmirov bizi yığıb dedi ki, biz Şaumyan və Caparidzenin tapşırığını yerinə yetirməliyik. Şaumyan əvvəlcədən bizi xəbərdar etdi ki, gecə saat birdə siqnal olacaq. Bu xəbərdarlıq siqnalından sonra biz "Müsavat"ın qərargahına hücum edib onu ələ keçirməli idik. Biz belə də etdik" (ARDA, f. 276, s. 2, iş 20, v. 76.)

Məlumdur ki, "Müsavat" partiyasının liderləri soyqırımının davam etdirilməsinin qarşısını almaq üçün İnqilabı Müdafiə Komitəsinin ultimatumunu qəbul etmək qərarına gələrək bu barədə danışıqlar aparmaq üçün martın 31-də Bakı Soveti İcraiyyə Komitəsinin qərargahına getmişdilər. Və onlar bu zaman Bakı Soveti İcraiyyə Komitəsinin sədri olan Caparidze ilə danışıqlar  aparmışdılar. Lakin azərbaycanlı liderlərin İnqilabı Müdafiə Komitəsinin ultimatumunu qəbul etmələrinə baxmayaraq, Caparidze ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Əksinə, danışıqlardan qayıdan Müsəlman komitəsinin üç üzvü yolda daşnaklar tərəfindən güllələndi (ARDA,  f. 276, s. 2, iş 20, v. 69.).

Martın 31-də danışıqları müxtəlif bəhanələrlə pozan və qırğını davam etdirən İnqilabı Müdafiə Komitəsi, gözdən pərdə asmaq məqsədilə, aprelin 1-də yenidən ultimatumla çıxış etdi. Bakı Sovetinin hakimiyyətini tanımaq barədə tələb gündüz saat 3-ə kimi qəbul edilməsə, müharibənin davam etdiriləcəyi bildirilən bu ultimatum da məhz Caparidze tərəfindən səsləndirildi. Yenidən başlanmış danışıqlarda müsavatçı Əbdül Kazımzadə bəyan etdi ki, baş vermiş faciəli hadisələrə görə sovet qoşunları və daşnak hərbi qüvvələri məsuliyyət daşıyır.

Yeri gəlmişkən, hətta azərbaycanlı liderlərin ultimatumu qəbul etməsindən sonra Caparidze aprelin 2-də Şaumyana yazmışdır ki, Daşkənddən və Şimaldan bizə kömək gəlir, müsəlmanları sakitləşdirmək üçün onlara muxtariyyət verilməsini vəd etmək olar. Elə bu zaman, artıq baş vermiş soyqırımına inqilabi don geyindirmək və bu dəhşətli cinayətin məsuliyyətini bölüşdürmək üçün Stepan Şaumyanın daşnak-bolşevik rejimi tərəfindən Məşədi Əzizbəyov Bakı şəhərini tərk etmiş müsəlmanların yaşadığı ərazinin "komissarı" təyin edildi (Bölletenğ KRO q. Baku i eqo rayonov, 1918, 7 aprelə.).

 Arxiv sənədləri daha dərindən araşdırıldıqca və elmi-tədqiqat dövriyyəsinə yeni-yeni sənədlər daxil olduqda aydın olur ki, soyqırımı cinayətkarlarının - "26 Bakı komissarı"nın tarixi qəsdən və xüsusi məqsədlərlə təhrif olunmuşdur. Və Azərbaycan xalqına uydurmalarla, dolaşıq məsələlərlə dolu olan saxta bir tarix təqdim olunmuşdur. Bunu ilk növbədə Sahil bağındakı "26-lar"a aid məzarlıq köçürülərkən oradan 26 deyil, 23 cəsədin qalıqlarının aşkar olunması sübut etdi.

Bu zaman təcrübəli mütəxəssislərin  keçirdikləri məhkəmə-tibbi ekspertizasının nəticəsi onu da aydın sübut etdi ki, yaş həddinə görə cəsədi aşkar olunmayan üç nəfərdən biri məhz Stepan Şaumyandır. Bu baxımdan bəzi arxiv sənədləri də xüsusi maraq doğurur. Məsələn, "26-ların" güllələnməsi ərəfəsində "Şaumyan və digər hərbi əsirlərin müttəfiqlər missiyasının üzvləri ilə dəyişdirilməsinə" cəhd göstərilməsini arxiv sənədləri də təsdiq edir. Yeri gəlmişkən, müəyyən məlumatlara görə, bu "dəyişdirmə" əməliyyatının ideya müəllifi də məhz Şaumyanın özü olmuşdur.

Arxiv araşdırmaları zamanı Stepan Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Məlum olur ki, "26 Bakı komissarı"nın güllələnməsindən (20 sentyabr 1918-ci il) sonra, yəni, 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Stepan Şaumyana Krasnovodsk həbsxanasında qida verilmişdir. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Stepan Şaumyandan sonra adı göstərilən ikinci məhbus Anastas Mikoyandır. Fikrimizcə, bu, çox ciddi sənəddir. Həmin sənəd ən azı, Stepan Şaumyanın "26-lar"la  birlikdə güllələnmədiyini çox aydın sübut edir.

Bütün yuxarıda göstərilənlərlə yanaşı, həbs olunmuş "26-lar"la ingilis kəşfiyyatının maraqlanması da tarixi həqiqətdir. İngilislər "26-ları" ələ keçirib Hindistana aparmaq niyyətində idilər. Diqqəti cəlb edən bir maraqlı məqam da budur ki, ingilis komandanlığını o zaman ən çox Şaumyan və Caparidze maraqlandırdı. Bütün bunlar, xüsusilə də, Anastas Mikoyanın, həmçinin onun oğlu Serqo Mikoyanın guya Dehli arxivinə müraciət etmələri və burada "26-lar"la bağlı heç bir sənədin olmaması barədə yalandan verdiyi "açıqlamalar" "26 Bakı komissarı" adlandırılan soyqırımı cinayətkarları barədə elmi axtarışların davam etdirilməsinin zəruri olduğunu göstərir.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunda eyni zamanda 1918-1920-ci illərdə Azərbaycanın bütün bölgələrində - Qarabağda, Zəngəzurda, İrəvan ellərində, Naxçıvanda həmçinin Şərqi Anadoluda və Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş bütün kütləvi soyqırımılarının tarixini də xalqımıza və dünyaya olduğu kimi çatdırmaq üçün geniş tədqiqat işləri aparılır. Bu yolda dövlət səviyyəsində ən mühüm addımı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ulu öndər Heydər Əliyev atdı. Bu gün isə Tarix İnstitutunda bu sahədə aparılan bütün elmi axtarışlar dövlət başçısı cənab İlham Əliyevin birbaşa göstərişləri, tövsiyələri əsasında həyata keçirilir. Azərbaycan tarixçilərinin bu istiqamətdə aparılan bütün elmi-tədqiqat işləri Prezident İlham Əliyevin öz xalqına bəyan etdiyi aşağıdakı müqəddəs çağırışa yönəldilmişdir: "Vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq!"

 

Yaqub MAHMUDOV,

əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Dövlət mükafatı laureatı

Azərbaycan.-2014.- 25 aprel.- S.4;5.