Azərbaycanın müdafiə naziri Çanaqqala döyüşünün 99-cu
ildönümü münasibətilə
Türkiyədə keçirilən tədbirlərdə
iştirak edir
Aprelin
24-də Çanaqqala döyüşünün 99-cu
ildönümü münasibətilə Türkiyənin
Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən
Şəhidlər abidəsi önündə Beynəlxalq anma
mərasimi keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 30 ölkənin müdafiə nazirlərinin, diplomatik nümayəndəliklərinin təmsilçilərinin və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak etmişdir.
Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlamışdır.
Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olmuşdur.
Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşlarının nümayişi ilə davam etmişdir.
Sonda general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə Şəhidlik dəftərini imzalamış və Türk şəhidliyini ziyarət etmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyə Respublikasına səfəri
aprelin 25-də başa
çatacaqdır.
Azərbaycan.-2014.- 25 aprel.- S.5.