Böyük Vətən müharibəsinin
veteranı təltif olunmuşdur
Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi, general-leytenant Arzu Rəhimov 416-cı alayın
topçusu olmuş Zərdab rayon sakini, 93 yaşlı
Muradalı Heydərov ilə görüşmüşdür.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, A.Rəhimov
Böyük Vətən müharibəsi
iştirakçılarının, eləcə də
Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsinin
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin daim diqqətində
olduğunu, göstərilən dövlət
qayğısının daim artdığını
vurğulamışdır.
Arzu
Rəhimov Böyük Vətən müharibəsi veteranı
Muradalı Heydərovun keçdiyi döyüş yolundan
söz açaraq, onun həyatının gənclər
üçün bir nümunə olduğunu bildirmişdir.
Gənclərin
ordu sıralarına hazırlanmasında, döyüş əzmi
ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində
xidmətlərinə görə Muradəli Heydərova təşəkkürünü
bildirən general-leytenant Arzu Rəhimov onun bu fəaliyyətinə
görə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
fəxri fərmanı ilə təltif olunduğunu diqqətə
çatdırmışdır. Xidmət rəisi fəxri fərmanı
Muradalı Heydərova təqdim edərək, ona möhkəm
cansağlığı və uzun ömür
arzulamışdır.
Böyük Vətən
müharibəsinin veteranı Muradalı Heydərov bu qayğı və diqqət üçün
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə minnətdarlığını bildirmişdir.
O, bundan sonra da yorulmadan veteranların
nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini
demişdir.
Azərbaycan.-2014.- 24 aprel.- S.6.