Bakıda
Ümumdünya Əməyin Mühafizəsi
Günü ilə əlaqədar
konfrans keçirilib
28
Aprel - Ümumdünya Əməyin Mühafizəsi
Günü ilə əlaqədar aprelin 24-də Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
"Kimyəvi maddələr istifadə olunan iş yerlərində
əməyin mühafizəsi" mövzusunda konfrans
keçirilib.
Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu vurğulayıb: "BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur".
Respublikamızda da son illərin göstəricilərinə əsasən, istehsalatda hər il 250-yə qədər bədbəxt hadisənin baş verdiyini, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayının 80 nəfərə yaxın olduğunu qeyd edən S.Müslümov ölkəmizdə əməyin mühafizəsinin dövlətin sosial siyasətinin əsas məqsədlərindən biri olduğunu bildirib: "Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit olunub, əmək və istirahət hüquqlarının əsasları müəyyən olunub. Məhz ulu öndərimizin müvafiq Fərmanı ilə 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi yaradılıb, 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib".
S.Müslümov nəzərə çatdırıb ki, müstəqilliyimiz dövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib. İllər ötdükçə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. Belə ki, ölkəmizdə son onillikdə hər 100000 nəfər işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisələrin (o cümlədən, ölümlə nəticələnən) sayında nisbi stabillik müşahidə olunub.1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16 nəfər, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib.
Azərbaycan Prezidenti İlham Əliyevin işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının bu sahədə aparılan siyasətin ilbəil güclənməsinə şərait yaratdığını vurğulayan S.Müslümov bildirib ki, möhtərəm dövlət başçımızın 16 fevral 2011-ci il tarixli Fərmanına əsasən Dövlət Əmək Müfəttişliyinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılmaqla, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu artırılıb. Bu da əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir.
Ötən müddətdə ölkəmizin əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində aparılan işlərdən söz açan S.Müslümov bildirib ki, bu sahədə BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. BƏT-in əməyin mühafizəsi ilə bağlı mütərəqqi dəyərləri əks etdirən Konvensiyaları ölkəmiz tərəfindən qəbul olunub və milli qanunvericilik bu Konvensiyalardan irəli gələn prinsiplərə uyğunlaşdırılıb.
Nazir respublikada işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarətinin son vaxtlarda xeyli gücləndirildiyini qeyd edib: "Təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Həmçinin bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasında müvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilir və qanunvericiliyin tələbləri onlara izah olunur".
S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının icrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. Aidiyyəti dövlət orqanlarının və sosial partnyorların iştirakı ilə Strategiyanın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçün perspektiv tədbirlər əksini tapıb: "Belə tədbirlərdən biri kimi, respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiya üzrə əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi işləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həmin strategiyada qeyd olunub".
Nazir əmək hüquqlarının etibarlı müdafiəsi mexanizminin yaradılması istiqamətində həyata keçirilən islahat tədbirlərini də diqqətə çatdırıb: "Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq. Bu sistem bizə iş yerlərində əməyin mühafizəsi məsələlərinə də daha güclü nəzarət etmək imkanı verəcəkdir".
Bu konfransın mövzusunun - kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğunu vurğulayan S.Müslümov iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına başlandığını bildirib: "Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amilləri öyrənməyə imkan verəcək".
Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirildiyini qeyd edən S.Müslümov son vaxtlarda Nazirliklə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azərsun Holdinq" MMC və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında əməkdaşlıq haqqında Memorandumlar imzalandığını bildirib: "Eyni zamanda, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr qururuq. Artıq Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş imzalanıb".
Nazir qarşıdakı dövrdə işçi insanların həyat və sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin daim artırılacağını vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının AHİK-in əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib və təşkilatın bu istiqamətdə fəaliyyəti, onun nəticələri barədə məlumat verib. Sosial tərəfdaş olaraq ƏƏSMN ilə əməkdaşlıq əlaqələrinin diqqətdə saxlanıldığını qeyd edən S.Mehbalıyev əməyin mühafizəsi sahəsində birgə səylərin daim güclənəcəyini bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dinamik iqtisadi tərəqqi tempinə malik ölkəmizdə özəl sektora dövlət qayğısından söz açaraq, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən üçün ilk növbədə mənəvi borc olduğunu bildirib. Əməyin mühafizəsinin eyni zamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayan M.Musayev rəhbəri olduğu təşkilatın bu yöndə gördüyü işləri diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə konfransın mövzusuna uyğun olaraq, iş yerlərində kimyəvi maddələrdən istifadə halları və belə hallarda işçilərin həyat və sağlamlığına yönələ biləcək mənfi təsirlər, habelə bu təsirlərdən qorunmaq üçün zəruri mühafizə vasitələri barədə geniş təqdimatla çıxış edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlərdən söz açan F.Əlizadə iş yerlərində yol verilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinə riayət edilməməsindən irəli gəldiyini qeyd edib: "Bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək çoxdur".
F.Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrin əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiq olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburi əməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıq barədə də məlumat verib.
Konfransda digər
çıxış edənlər əməyin mühafizəsi
sahəsində müsbət meyllərin mövcud
olduğunu qeyd edərək,
bir çox iş yerlərində bu
sahəyə hələ də biganə münasibətin
qaldığını bildiriblər. Tədbirdə mövzu ilə bağlı geniş
müzakirələr aparılıb.
Azərbaycan.-2014.- 25 aprel.- S.6.