Görkəmli alimin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş konfrans
Aprelin
24-də Bakı Dövlət
Universitetində (BDU) görkəmli
alim, coğrafiya elmləri doktoru, professor Rizvan Xanəmi oğlu Piriyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Müasir coğrafiya elminin tətbiqi istiqamətləri" mövzusunda
elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən əvvəl BDU-nun coğrafiya
fakültəsində görkəmli
alimin xatirə lövhəsinin açılışı
olmuşdur.
Konfransda
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov,
coğrafiya fakültəsinin
dekanı, professor Fərda
İmanov görkəmli
alim Rizvan Piriyevin çətin, lakin mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, Azərbaycan
elminə verdiyi töhfələrdən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycanın
geodeziya və kartoqrafiya, coğrafiya tarixində özünə
şərəfli yer tutan görkəmli alim Rizvan Piriyev
1924-cü il aprelin 10-da anadan olmuşdur.
Öz əməyi ilə övladlarını dolandıran
atası Xanəmi kişiyə 1936-cı ildə
"kulak" damğası vurulmuş və o, həbs edilmiş,
1954-cü ildə, on səkkiz
il Sibirin
dəhşətli şaxtasında
olmazın əzablara məruz qalandan sonra geri qayıtmışdır.
Səkkizillik məktəbi əla
qiymətlərlə bitirən
R.Piriyev 1938-ci ildə
Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş və 1941-ci ildə həmin texnikumu bitirmişdir
Bir neçə
ay kənd məktəblərində
müəllimlik edən
R.Piriyev 1941-ci ildə
ordu sıralarına çağırılmış, ikinci Dünya müharibəsində iştirak
etmiş, 1943-cü ildə
Leninqrad ətrafında
döyüşlərdə ağır yaralanmışdır.
Rizvan Piriyev döyüşlərdə
igidlik nümunəsi göstərdiyinə görə "I dərəcəli
Vətən müharibəsi"
ordeni, "III dərəcəli
Şərəf Nişanı" ordeni
və çoxlu medallarla təltif olunmuşdur.
1946-cı
ildə R.Piriyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya
fakültəsinə daxil
olmuş, 1951-ci ildə
ali təhsilini
başa vurmuşdur. Bir müddət sonra o, geodeziya və kartoqrafiya üzrə mühazirə oxumaq üçün Azərbaycan
Dövlət Universitetinin
fiziki coğrafiya kafedrasına dəvət edilmişdir.
R.Piriyev 1958-ci ildə namizədlik,
1969-cu ildə doktorluq
dissertasiyası müdafiə
etmiş, ona professor elmi adı verilmişdir.
Alimin elmi tədqiqatlarında əsas
istiqamət morfometriya
sahəsi olmuşdur. O, Azərbaycan
Respublikasının və
Xəzər dənizi
akvatoriyasının morfometrik
xarakteristikalarının öyrənilməsi
ilə məşğul
olmuşdur. Professor R.Piriyev ilk dəfə olaraq relyefin riyazi modelini xarakterizə etmək məqsədi ilə riyazi-statistik üsullarla morfometrik göstəricilərin,
o cümlədən relyefin
funksional paylanmasını
ekstremal yüksəkliklər
üzrə tədqiq etmişdir.
Alim respublika
ərazisi timsalında
ilk dəfə olaraq relyefin parçalanmasını
xarakterizə edən morfometrik göstəriciləri
təyin etmiş və bir sıra
orta miqyaslı xəritələr tərtib
etmişdir.
R.Piriyev kartoqrafiya, morfometriya sahəsində tanınmış
alimdir, Azərbaycan morfometriya məktəbinin
əsasını qoymuşdur. Alimin yaratdığı
bu məktəb nəinki keçmiş
SSRİ-də, eləcə
də bir çox xarici ölkədə məşhur
olmuşdur.
Professor R.Piriyev bir
çox elmi məqalələrin, morfometrik
xəritə və kitabların müəllifidir. Onun
"Relyefin morfometrik təhlili" monoqrafiyası,
ilk dəfə olaraq Azərbaycan dilində hazırladığı kartoqrafiya və geodeziyaya aid dərsliklərdən və
elmi-metodik vəsaitlərdən
ali məktəblərdə
geniş istifadə edilir.
60-dək
əsərin müəllifi
olan R.Piriyev Azərbaycan Dövlət Universitetində 35 il elmi-pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. O, bir neçə il
geologiya-coğrafiya fakültəsinin
dekanı olmuş, sonra özünün təşəbbüsü ilə
açılmış Geodeziya
və kartoqrafiya kafedrasına rəhbərlik
etmişdir.
R.Piriyev 1989-cu ildə dünyasını
dəyişmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Tofiq Hacıyev, BDU-nun professoru Şövqi Göyçaylı
və digər alimlər də professor Rizvan Piriyevin elmi yaradıcılığının
əhəmiyyətindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.
Alimin oğlu, Bakı Slavyan Universitetinin Pedaqogika kafedrasının
dekanı, professor Eldar Piriyev atasının
xatirəsinə göstərilən
diqqətə görə
tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirmişdir.
Sonra konfransın
bölmə iclasları
olmuş, müxtəlif
mövzularda məruzələr
dinlənilmiş, müzakirələr
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 25 aprel.- S.8.