Qabaqçöldən başlanan yol
24 Aprel 2014
Magistraldan sola ayrılan bu yol Balakənin bir neçə kəndinə, o cümlədən Qabaqçölə gedir. Yolun əvvəli rahat olsa da, qalan hissəsi kələ-kötürdür. Bu narahatlığın yaranmasında tikinti materialları daşıyan ağır tonnajlı yük avtomobillərinin də "rolu" az olmayıb. 2012-ci ilin yazında və payızında baş vermiş zəlzələlərdən sonra qəzalı hala düşmüş tikililərin yenidən inşası və ya bərpa-gücləndirilməsi üçün bu istiqamətdə xeyli tikinti materialları və digər ləvazimatlar daşınıb. Bu işlər, demək olar ki, başa çatıb, indi də növbədə getdiyimiz avtomobil yolunun təmiridir. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ayrılan vəsait hesabına tezliklə bu avtomobil yolunda da yenidənqurma işləri görüləcək. Onda Qabaqçöl, Qaysa, Xalatala və bu yerlərdəki digər kəndlərin sakinlərinin də gediş-gəliş çətinlikləri aradan qaldırılacaq.
"Mərc güləşi" və ...
"Qabaqçöl" yazılmış lövhə diqqətimizi çəkir. Axır ki çatdıq. İndi qalır kənddəki idman zalının yerini soruşmaq. Gözümüzə münasib adam dəymədiyindən ətrafı seyr edə-edə maşınımızı bir az da kəndin içərilərinə tərəf sürdük. Yolun sağındakı boş ərazidə bir dəstə uşaq toplaşmışdı. Yaxınlaşanda gördük ki, dairəvi düzülmüş bu I-II sinif şagirdlərinin arasında ikisi güləşir. Gəldiyimizi hiss edəndə güləşməyə ara verdilər. Salamlaşıb, dalaşıb-dalaşmadıqlarını soruşduq, dedilər xeyr, bir az olar dərsdən çıxmışıq, mərcimiz oldu ki, bacarıqda bunlardan hansı üstündür. Xahişimizə baxmayaraq davam etmədilər. Ancaq öyrəndik ki, bu kəndin uşaqlarının mübahisələri, mərcləri ancaq güləşlə yekunlaşır, özü də yunan-Roma güləşi ilə. İdman zalının və İsmayıl Çopsiyevin yerini də onlardan öyrəndik.
Yunan-Roma güləşi üzrə məşq zalı Qabaqçöl kənd tam orta məktəbinin həyətindədir. Daha doğrusu, bu zal elə bu məktəbin idman zalıdır. Neçə illərdir burada məşq edirlər. İsmayıl müəllimlə məktəbin həyətində görüşdük. İstiqanlı, söhbətcil adamdır. 68 yaşı olmasına baxmayaraq, çox gümrah görünür. Yoldakı "mərc güləşi"ni danışanda İsmayıl müəllim güldü, dedi ki, onların məşq günü sabahdır. Onu da əlavə etdi ki, bu kəndlərdə oğlan uşaqlarından güləşdən, idmandan kənarda qalanını tapmaq çətindir. Bölmədə ay ərzində 70-80 nəfər məşq edir.
Söhbətimizi davam etdirmək üçün zala keçirik. Yaxşı şəraitləri var. Hiss olunur ki, təzə təmir olunub.
İsmayıl Çopsiyev 1946-cı ildə Balakənin Qaysa kəndində doğulub. 1963-cü ildə Qabaqçöldəki istehsalat təlimi verən Xalatala 1 nömrəli məktəbi bitirdikdən sonra paytaxtdakı 1 nömrəli peşə məktəbinə daxil olub. SSRİ-nin əməkdar məşqçisi Fikrət Tahirovdan yunan-Roma güləşinin sirlərini də burada öyrənməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Elə həmin il respublika çempionatında III yeri tutaraq yığma komandaya qəbul edilib. 1969-cu ildə ali təhsilini başa vuran İsmayıl 1974-cü ilə qədər müxtəlif yarışlarda iştirak edib. Bu illər ərzində bir çox uğurlar qazanan İ.Çopsiyev 5 dəfə Azərbaycanın və hərbi xidmət illərində SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Digər birinciliklərdə də uğurlar qazanıb. 1965-ci ildə SSRİ idman ustası adına layiq görülüb. İsmayıl müəllim gənc mütəxəssis kimi 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunda əmək fəaliyyətinə başlayıb. Sonralar fəaliyyətini indiki Bakıxanov qəsəbəsində idman təmayüllü məktəbdə məşqçi-müəllim kimi davam etdirib. Burada çalışdığı illərdə yetirmələrindən Əli Əliyev gənclər arasında SSRİ çempionu, Avropa çempionu və dünya üçüncüsü olub. Digər yetirməsi Kamal Mazanov yeniyetmələr arasında SSRİ çempionluğunu qazanıb. "Şöhrət" ordenli, Azərbaycan Güləş Federasiyasında yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov da vaxtilə İsmayıl Çopsiyevin rəhbərliyi altında güləşin sirlərinə yiyələnib.
Yenidən dağların qoynunda
1976-cı ildə İsmayıl müəllim yenidən Balakənə - uca dağların qonşuluğuna, əsrarəngiz təbiətin qoynuna qayıdıb. Bu qayıdışla bir arzunun harayına da səs verib: el-obasındakı yeniyetmələrə, gənclərə yunan-Roma güləşinin sirlərini öyrətməklə, onları vətənə layiq cəsur övladlar kimi yetişdirmək üçün öz bilik və bacarığını sərf etsin.
Beləliklə, Balakən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi kimi doğma kəndindəki idman zalında fəaliyyətini davam etdirib. İsmayıl müəllimdən ailəsi haqqında da soruşuruq. Həyat yoldaşı Rəisət Amalova Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Qaysa məktəbində çalışır. Qızı Sevinc Çopsiyeva hüquqşünasdır (bu məqamda üz-gözü işıqlanır, deyir ki, 7 yaşında Nihad adlı nəvəm də var, yəqin, o da bizim yolumuzla gedəcək). Oğlu Səməd Çopsiyev 25 yaşında Azərbaycanın əməkdar məşqçisi adına layiq görülüb. İdman Akademiyasını bitirən Səməd yunan-Roma güləşi üzrə milli komandanın tərkibində müxtəlif yarışlarda gənclər və böyüklər arasında mükafata layiq yerlər tutub, dünya birinciliyində iştirak edib. Hazırda atası ilə çiyin-çiyinə Qabaqçöldə məşqçilik edir.
Yetirmələrindən söz açan İsmayıl müəllim Ü.Hacıbəyov adına Qabaqçöl kənd orta məktəbinin məzunu Rəsul Çunayevin adını xüsusi məhəbbətlə çəkir. Deyir ki, sağ olsun Rəsul, hər yerdə başımızı uca edir. İsmayıl müəllimin bu yetirməsinin adı artıq ölkə hüdudlarından kənara çıxıb - yeniyetmələr və gənclər arasında 2 dəfə Avropa çempionu, gənclər arasında 2 dəfə Avropa üçüncüsü. Ümumdünya Tələbə Universiadasında olimpiya çempionu İslambek Albiyevi finalda məğlub edərək qızıl medala sahib olan Rəsul Çunayevin öz qələbə sevincini elə xalça üzərində "İgidlər" rəqsi ilə ifadə etməsini, yəqin ki, güləş həvəskarları və televiziya tamaşaçıları indi də xoş ovqatla xatırlayır.
Heydər Əliyev "Qızıl Qran-pri" turnirinin finalında daha bir olimpiya çempionunu - iranlı Novruzini Rəsul xalçaya çıxmağa peşman edir - daha bir qızıl medal! Rəsulun bu uğurları digər güləşçiləri də ruhlandırır, onların qələbə əzminin artmasında mühüm rol oynayır.
İsmayıl Çopsiyevin digər yetirmələrindən yeniyetmələr və gənclər arasında Avropa və dünya üçüncülərindən Hacımurad Bağmanovu, Hacımurad Çopsiyevi, gənclər arasında dünya ikincisi Abbas Abdullayevi də qeyd etmək olar.
Martın əvvəlində yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan çempionatında Xoçbar Xalayev və Hacımurad Çopsiyev I, Abbas Abdullayev II, Hacımurad Bağmanov və Şamil Çunayev isə III yerləri qazanıblar. Digər uğurlardan da yetərincə söz açmaq olar. Başlıcası odur ki, uşaqlar böyük həvəslə məşqlərə gəlirlər.
Dövlət qayğısından minnətdarlıqla söz açan respublikanın əməkdar məşqçisi İsmayıl Çopsiyev deyir:
- Dövlətin, Prezident İlham Əliyevin qayğısından çox razıyıq. Məşqçi kimi dəfələrlə pul mükafatları almışam. Bu yaxınlarda Rəsul Çunayevə ev də verildi. Rayonumuzda hər cür şəraiti olan olimpiya idman kompleksi fəaliyyət göstərir. Kompleksin açılışında möhtərəm Prezident İlham Əliyev iştirak edib. Orada da yaxşı məşqçilər çalışır, istedadlı güləşçilər yetişir. Ancaq bizim kəndlər rayon mərkəzindən 18-20 kilometr aralı olduğuna görə uşaqlar kompleksə gedib-gələ bilmirlər. Eşitmişik ki, kəndimizdə müasir idman zalı tikiləcək. Yəqin ki, onda uğurlarımız da dəfələrlə artacaq. Gənclər idmana nə qədər çox cəlb edilsələr, pis vərdişlərdən, yaramaz işlərdən bir o qədər uzaq olarlar. Yetirmələrimizin hərbi xidmətdən də həmişə xoş soraqları gəlir. Hər məşq edən uşaq çempion olmasa da, sağlam və vətənpərvər, cəsur bir gənc ola bilər. Belə gənclər isə ölkəmizə çox lazımdır.
Əməkdar məşqçi İsmayıl Çopsiyevin ən böyük arzusu olimpiya çempionu yetişdirmək və öz güləş məktəbini yaratmaqdır.
Və sonda
Yazını hazırlayarkən Finlandiyanın Vantaa şəhərindən xoş xəbər gəldi. Bu şəhərdə keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə İsmayıl Çopsiyevin yetirməsi Rəsul Çunayev ölkəmizə gümüş medal qazandırdı. Yunan-Roma güləşi üzrə yeni çəkidə (71 kq) çıxış edən Rəsul 1/8 finalda latviyalı Sergey Mironovu 8:0, 1/4 finalda türkiyəli Yunus Özəli 9:0 hesabı ilə məğlub edib. Yarımfinalda Ukraynanı təmsil edən erməni Armen Vardanyanı 9:0 udaraq finala yüksəlib. Finalda isə həyəcan gənc güləşçimizin macar Tamaş Lorintsə qalib gəlməyinə mane olub.
Qarşıda hələ çox sınaqlar, çox mötəbər yarışlar olacaq. İnanırıq ki, yetirmələri İsmayıl Çopsiyevi hələ çox sevindirəcəklər.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.- 24 aprel.- S.8.