İlham Əliyevin çoxvektorlu geoiqtisadi siyasətinin növbəti uğurları

 

“Azəerbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətdədir

 

 

 

Keçən ilin noyabr ayının 28-29-da dünya ictimaiyyətinin bu gün də böyük diqqət mərkəzində olan Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən Avropa İttifaqının III "Şərq Tərəfdaşlığı" (ŞT) Sammiti öz işini başa çatdırdı. Sammit çərçivəsində Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələr (Ukrayna və Ermənistan istisna olmaqla), o cümlədən Azərbaycan arasında mühüm sənədlər imzalandı, qərarlar qəbul edildi. Bununla belə sammit, bilavasitə Avrasiya məkanında baş verən yeni geoiqtisadi və geosiyasi proseslərin fonunda, xüsusilə sammitdən sonrakı dövrdə cərəyan edən hadisələr beynəlxalq və ölkə səviyyəsində ciddi müzakirə mövzusuna çevrildi, bu istiqamətdə müxtəlif xarakterli suallar doğurdu. Bunları nəzərə alaraq, müzakirə predmeti olan bəzi məsələlərə aydınlıq gətirməyi vacib hesab edirik.

Xatırladaq ki, 6 ölkəni - Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan,  Ermənistan və Belarusu əhatə edən "Şərq Tərəfdaşlığı" Proqramı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. "Şərq Tərəfdaşlığı" Proqramı rəsmi olaraq 2009-cu il may ayının 7-də Avropa İttifaqının Praqa şəhərində keçirilən ilk "Şərq Tərəfdaşlığı" Sammitində qüvvəyə minmiş və bu proqram çərçivəsində indiyə qədər daha iki sammit keçirilmişdir -  2011-ci ilin sentyabrında Varşavada və qeyd olunduğu kimi, 2013-cü ilin noyabr ayında Vilnüsdə.

 

Müasir dünyanın geoiqtisadi mənzərəsinə Avropa İttifaqı pəncərəsindən baxış

 

Müasir dövr dünya iqtisadiyyatı tarixinə qloballaşmanın geniş vüsət alması, ölkələrarası qarşılıqlı asılılığın daha da güclənməsi, dünya ölkələrinin inkişafında qeyri-bərabərliyin və qeyri-müəyyənliyin dərinləşməsi, qlobal siyasi, iqtisadi və maliyyə böhranlarının ümumplanetar səviyyədə təzahür etməsi ilə yanaşı, dünyanın geoiqitsadi mənzərəsinin və arxitekturasının sürətlə dəyişməsi və onun yeni sərhədlərinin müəyyən edilməsi kimi daxil olmuşdur. XX əsrin ən mühüm üç hadisəsindən biri olan Sovet imperiyasının süqutu ilə başlanan bu proses hazırda özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır.

Dünya Avrasiya məkanında yenidən bölünür desək, yəqin ki, səhv etmiş olmarıq. Bu bölünmənin dramatiklik dərəcəsini və onun yüksək templərlə inkişafını bir sıra məqamlarda "soyuq müharibənin" bəzi aspektlərinin təzahürü ilə müqayisə etmək olar. Xüsusilə, beynəlxalq iqtisadi inteqrasiya proseslərinin əsasında dayanan təməl prinsiplərin bu gün siyasi maraqlarla, bəzən ambisiyalarla əvəz olunması bu fikirlərin təsdiq olunmasına tam əsas yaradır. Əgər 10 il bundan öncə Aİ makroiqtisadi göstəricilərin səviyyəsi, qanunvericilik, demokratiya, insan hüquqları və digər meyarlara görə "alınmaz qala"ya bənzədilirdisə, bu gün bu meyarlar demək olar ki, geosiyasi və geoiqtisadi maraqlar müstəvisində nəinki tamamilə ərimiş, hətta siyasi və iqtisadi təzyiqlər və təhdidlərlə əvəz olunmuşdur.

Müstəqil dövlət üçün ən vacib olanı onun özgürlüyüdür, malik olduğu sərvətlərdən, eləcə də Beynəlxalq Əmək Bölgüsündə iştirakından milli maraqlar nəzərə alınmaqla maksimum faydalanmaqdır. Sözsüz ki, iqtisadi inteqrasiya birliklərinə qoşulmaq bu faydaların əldə olunmasına real zəmin yaradır. Lakin istənilən halda ölkə öz suveren hüquqlarının xeyli hissəsini fövqəlqurumlara ötürmək məcburiyyətində qalır. Başqa sözlə, regional iqtisadi inteqrasiyanın yaratdığı üstünlüklər, yoxsa milli özgürlük dilemması həmişə olduğu kimi, bu gün də aktuallığını saxlamaqdadır. Bunu III "Şərq Tərəfdaşlığı" Sammiti də bir daha sübut etdi.

Təsadüfi deyildir ki, dünya tarixində baş vermiş ən mühüm hadisələrin mənbəyi və məkanı olmuş Avropa və onun müasir dünya geosiyasi xəritəsində və geoiqtisadi arxitekturasında əsas təmsilçisi olan Avropa İttifaqı XXI əsrin əvvəllərində də qlobal proseslərin idarə olunmasında və planetar miqyaslı münasibətlərin tənzimlənməsində aparıcı rol oynamaqda davam edir. Başqa sözlə, zəngin tarixi ənənələri və unikal inkişaf təkamülü ilə xarakterizə olunan Avropa İttifaqı, ən geniş anlamda dünya nizamının qurulmasında həlledici əhəmiyyətə malik olmaqla, müasir beynəlxalq münasibətlərin və dünya iqtisadiyyatının sistem  yaradan əsas subyektlərindən biri hesab olunur. Hazırda dünyanın əsas iqtisadi, siyasi və hərbi güc mərkəzlərindən biri olan Avropa İttifaqı, eyni zamanda beynəlxalq iqtisadi inteqrasiyanın ən yüksək səviyyəsinə gəlib çatmış və onun bu günə qədər dünyada mövcud olan analoji birliklərlə müqayisədə ən klassik, uğurlu və bitkin modeli kimi də bənzəri yoxdur.

Bu gün demokratik və azad dövlətlərin birliyi kimi Aİ faktiki olaraq vahid iqtisadi məkana və valyuta sisteminə, müasir dünyanın əsas investisiya mərkəzinə, balanslaşdırılmış sosial siyasətə malik olmaqla, formalaşmaqda olan yeni dünya düzənində və beynəlxalq münasibətlərdə çox mühüm rola malikdır. Avropa Komissiyasının sədri J.M.Barrozonun fikrincə desək: ..."Aİ şübhəsiz ki, qlobal subyektdir, özünün spesifik xarici siyasətini həyata keçirir. Mən bunu səmərəli və çoxtərəfli yanaşma adlandırıram. ...öz spesifik təbiəti sayəsində Aİ ən müxtəlif mənbə və xarakterli çağırışlara cavab verə bilən çoxşaxəli xarici siyasət mexanizmlərinə, dünyada ən böyük ümumi bazara və ÜDM-ə malikdir".

Uğurla həyata keçirilən inteqrasiya prosesləri nəticəsində formalaşan Aİ müasir dünyanın iqtisadi güc və inkişaf mərkəzi kimi xarakterizə edilə bilər. Xüsusilə, Avropa məkanı çərçivəsində formalaşmış yüksək həyat standartları, habelə Avropa ölkələrinə qlobal rəqabətdə böyük üstünlüklər yaradan idarəetmə, biznes və texnoloji standartlar Aİ-nin beynəlxalq miqyasda nüfuzunu şərtləndirən mühüm amillərdir.

Hazırda Aİ dünya iqtisadiyyatında aparıcı rola malikdir. 2012-ci ilin məlumatlarına əsasən, dünya əhalisinin təqribən 7,2%-nin yaşadığı Aİ-də dünya üzrə ÜDM-in 23,2%-i istehsal edilmişdir. Qeyd edək ki, 2003-2008-ci illəri əhatə edən 5 il ərzində Aİ-nin ÜDM göstəricisi 11,4 trln. ABŞ dollarından 18,2 trln.  dollara yüksəlmişdir. 2008-ci ildən etibarən baş verən və indi də davam edən qlobal iqtisadi böhran nəticəsində bu göstərici 2012-ci ildə 16,6 trln. dollara qədər azalmışdır. Nəticədə 2003-2012-ci illəri əhatə edən son 10 ildə Aİ-nin dünya üzrə ÜDM-də xüsusi çəkisi 30,3%-dən 23,2%-ə qədər enmişdir. Bu dövr ərzində Aİ-nin orta illik iqtisadi artım tempi təqribən 1,2 % təşkil etmişdir. Bununla belə, Aİ dünya iqtisadiyyatında üstün mövqeyini qoruyub saxlamışdır. Belə ki, 2012-ci ilin göstəricilərinə əsasən, dünyanın digər aparıcı iqtisadi güc mərkəzləri hesab olunan ABŞ, Çin və Yaponiyanın dünya üzrə ÜDM-də xüsusi çəkiləri müvafiq olaraq 22%, 11,3% və 8,3%, əhalinin sayı isə müvafiq olaraq 4,5 %, 19%, 1,8% təşkil etmişdir. Onu da qeyd etmək lazımdır ki, son 20 ildə Aİ yeni üzvlər hesabına öz ərazisini 1,3 dəfədən çox artıraraq 4,4 mln. kvadratmetrə çatmasına nail olmuşdur ki, bu da ABŞ və Çinin ərazisindən 2,2 dəfə az, Yaponiyanın ərazisindən isə 11,6 dəfə böyükdür.

Bu dövr ərzində Aİ-nin əhalisi 1,3 dəfədən çox artmışdır. Əhalinin artımı təbii artım hesabına deyil, məhz yeni üzv ölkələrin hesabına baş vermişdir. Bütün bunlar Aİ-nin coğrafi sərhədlərinin də xeyli genişlənməsinə və dəyişilməsinə səbəb olmuşdur ki, bunlar da çox mühüm geosiyasi, geoiqtisadi və hərbi-strateji əhəmiyyət kəsb etməklə, Aİ-nin qlobal güc mərkəzi kimi imkanlarının artmasını və  nüfuz dairəsinin genişlənməsini təsbit edir.

Aİ-nin müasir beynəlxalq iqtisadi münasibətlər sistemindəki əhəmiyyətini əks etdirən digər mühüm göstərici kimi ittifaqın dünya ixracındakı payını xususi qeyd etmək vacibdir. Belə ki, Aİ-nin ümumi ixracı 2003-2012-ci illər ərzində təqribən 2 dəfə artaraq 3,2 trln. dollardan 5,8 trln. dollara yüksəlmişdir. Bununla da, dünya ixracında 31,5% paya sahib olan Aİ digər aparıcı güc mərkəzləri - ABŞ (8,2%), Çin (11,4%) və Yaponiya (4,3%) ilə müqayisədə bu göstəriciyə görə böyük fərqlə üstünlüyünü qoruyub saxlamışdır.

Dünya təsərrüfat əlaqələri sistemində inteqrasiyanın mühüm göstəricilərindən biri hesab olunan və "ikinci iqtisadiyyatı" xarakterizə edən xaricə birbaşa investisiya axınları da Aİ-nin qlobal iqtisadi gücünü təzahür etdirir. 2003-2008-ci illərdə bu göstərici üzrə mütləq liderlik nümayiş etdirən Aİ-nin dünyada mövqeyi 2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan sonra nisbətən zəifləməyə başlamış və bu istiqamətdə üstünlüyünü ABŞ-la bölüşmüşdür. Belə ki, 2012-ci ildə Aİ-nin dünya üzrə birbaşa xarici investisiya qoyuluşu göstəricisində xüsusi çəkisi 23,2% təşkil etmişdirsə, bu göstərici üzrə ABŞ-nin paya 23,6% olmuşdur.

Aİ iqtisadiyyatı yüksək kəmiyyət göstəriciləri ilə bərabər, postsənaye cəmiyyətinə məxsus rəqabətqabiliyyətli iqtisadiyyat strukturuna malikdir. Belə ki, ittifaq ərazisində  2011-ci ildə yaradılan əlavə dəyərin 72,5%-i xidmətlər, 25,7%-i sənaye    cəmi 1,8%-i kənd təsərrüfatı sektorunun payına düşmüşdür.

İqtisadi inkişafın yüksək göstəriciləri sayəsində Avropa məkanında yüksək səviyyəli sosial rifah təmin edilmişdir. 2012-ci ildə Aİ-də adambaşına düşən ÜDM-in orta göstəricisi təqribən 33.000 ABŞ dolları təşkil etmişdir ki, bu da dünya üzrə analoji orta göstəricidən (10. 000 ABŞ dolları) 3,3 dəfə çoxdur.

Bütun  bu qeyd edilənlər təbii olaraq Aİ-ni inteqrasiya mövqeyindən də daha cəlbedici və böyuk nümayiş effektinə malik olduğunu göstərir. Lakin bununla belə, 2008-ci ildən başlayaraq ötən dövr ərzində bütün dünyada olduğu kimi, Avropa da ağır iqtisadi böhranla, dövrün "Böyük Depressiyası" ilə üzləşmişdir. Bu böhran nəticəsində Aİ-nin iqtisadi inkişaf tempi zəifləməyə başladı. İşsizliyin yüksəlməsi, iqtisadi artım templərinin azalması, xarici borcun artması, bəzi ölkələrdə onun həcminin ÜDM-in həcmini də xeyli üstələməsi (İspaniyada - 165%, İtaliyada - 108%, Yunanıstanda - 174%, Portuqaliya - 223%  və s.) Avropa ölkələrinin başlıca problemlərinə çevrildi. Bəzi hallarda iqtisadi situasiyanın yaxşılaşmasına baxmayaraq, bütövlükdə Avropa iqtisadiyyatı qeyri-stabil olaraq qalmaqdadır.

Aİ-nin üzv dövlətləri Avropanın iqtisadi inkişaf problemlərinin müzakirəsi prosesində böhrandan çıxmaq və dayanıqlı, hərtərəfli artım və inkişaf üçün şəraitin yaradılması məqsədilə bütün səylərin birləşdirilməsinin və Aİ iqtisadiyyatının idarəedilməsinin gücləndirilməsinin zəruri olduğu qənaətinə gələrək, "Avropa 2020" strategiyasını qəbul etdilər ki, bunu da Avropa məkanında baş verən iqtisadi və siyasi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Bu strategiya iqtisadiyyatın gücləndirilməsini 3 əsas amilin - biliklərə və innovasiyalara əsaslanan iqtisadi inkişaf ("ağıllı və ya smart artım"), resurslardan məqsədyönlü istifadə edilməsinə, ekologiya və rəqabətə əsaslanan iqtisadiyyatın yaradılması ("dayanıqlı və davamlı artım") və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan yaradılması, sosial və regional bərabərliyə nail olunması ("hərtərəfli artım") üzərində qurulmasını nəzərdə tutur. Eyni zamanda bu strategiyanın məşğulluq, təhsil, tədqiqat və işləmələr, yoxsulluğun azaldılması və sosial təminat, innovasion texnologiyaların yaradılması və tətbiqi, rəqəmsal texnologiyalarının inkişafı, qloballaşmaya istiqamətlənən sənaye siyasəti, resurslardan məqsədyönlü istifadə edilməsi, yeni bacarıqların inkişafı, iş yerlərinin artırılması və digər istiqamətlər üzrə əsas məqsədləri və konkret  hədəfləri müəyyənləşdirildi. Bu hədəflər sırasında 20-64 yaşlarında olan əhalinin 75 %-nin işlə təmin edilməsi (hazırda bu göstərici 68,5%-dir), ÜDM-nin 3%-nin elmi-tədqiqat və işləmələrə yönəldilməsi (hazırda bu göstərici 2,06%-dir), təhsillə bağlı - ibtidai məktəbdən yayınmaların səviyyəsinin 10%-dən aşağı salınması, 30-34 yaşında olan əhalinin ən azı 40%-nin tam ali təhsilli olması (hazırda bu göstərici 35,8%-dir), yoxsulluq riski olan insanların sayının ən azı 20 milyon azaldılması (hazırda bu göstərici 123 mln. nəfərdir), karbon qazıemissiyasının 20% azaldılması, bərpa olunan enerjinin xüsusi çəkisinin 20%-ə çatdırılması, enerjidən istifadə effektivliyinin 20% artırılması və s. xüsusi qeyd olunmalıdır.

Bütün bunlarla yanaşı, Aİ yaxın gələcəkdə Şərqə və Cənuba doğru genişlənməklə öz coğrafi və iqtisadi məkanını xeyli böyütmək, daha çox resurs, istehsal amilləri və bazarlara sahib olmaq, enerji resursları təchizatını şaxələndirməklə daha etibarlı və alternativ karbohidrogen mənbələrinə çıxış imkanı əldə etmək və onların Avropaya nəqli marşrutlarına nəzarət etmək, bu sahədə Rusiyadan asılılığı xeyli azaltmaq, yeni strateji tərəfdaşlar qazanmaq və s. kimi mühüm geostrateji və geosiyasi vəzifələr qarşıya qoymuş və bu istiqamətdə artıq real addımlar atmaqdadır. Bu sıradan Aİ-nın "Avropa Qonşuluq Siyasəti"(AQS) və "Şərq Tərəfdaşlığı"  proqramları xüsusi qeyd olunmalıdır.

Bu mənada təbii ki, Aİ-nin ŞT proqramının  III Vilnüs Sammitində gözləntiləri olduqca mühüm iqtisadi, geosiyasi və strateji əhəmiyyət kəsb edirdi. Sammit ərəfəsində Avrasiya Gömrük İttifaqı layihəsinin meydana çıxması ilə Qərb demokratiyasının təməl prinsiplərinin milli özgürlüyə qarşı qoyulması "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələr üçün tərəf seçimi məsələsini xeyli aktuallaşdırdı. Məlum həqiqətdir ki, fəlsəfi spekulyasiyaların kütləviləşdiyi bir şəraitdə sürətlə yeniləşən geosiyasi situasiyanın iqtisadi müstəviyə transferi daha çox ölkənin "daxili işinə" qarışmaq və sırf, siyasi problem yaratmaq amilinə çevrilir. Sammitdən sonrakı proseslər və xüsusilə, Ukraynada baş verən hadisələr dövrün, zamanın xüsusiyyətlərindən asılı olmayaraq, "Şərq Tərəfdaşlığı"nın, eləcə də Gömrük İttifaqının geosiyasi amillərdən maksimum asılılığının fəsad doğuran mahiyyətini bütün çılpaqlığı ilə üzə çıxartdı.

Avropa İttifaqı, yoxsa Avrasiya Gömrük İttifaqı tipli seçimin geosiyasi və geoiqtisadi müstəvidə aktuallaşması, yaxud aktuallaşdırılması bu və ya digər dərəcədə "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələrin, eləcə də Azərbaycanın geoiqtisadi maraqlarına və mənafelərinə təsir göstərməyə bilməzdi. İndiki dövrdə tərəf seçimi qaçılmazdırmı - sualına cavab vermək üçün Azərbaycanın və digər tərəfdaş ölkələrin hər iki qruplaşma ilə əlaqələrinin təkamül tarixinə qısa nəzər salmaq məqsədəuyğun olardı.

 

Avropa İttifaqının qonşu və tərəfdaş ölkələrlə əlaqələrinin qısa inkişaf tarixi

 

Aİ-nin yeni müstəqillik əldə etmiş postsovet ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, demokratik islahatların həyata keçirilməsində və bazar iqtisadiyyatının təməllərinin qurulmasında onlara yardımçı olmaq, ticarət, nəqliyyat və gömrük sahəsində görülən işləri dəstəkləmək məqsədilə doxsanıncı illərin əvvəlində həyata keçirdiyi ilk irimiqyaslı layihə "MDB ölkələrinə Texniki Yardım" (TACİS) Proqramı olmuşdur. Bunun ardınca 1993-cü ilin mayında Brüsseldə beş Orta Asiya və üç Cənubi Qafqaz ölkəsinin təmsil olunduğu konfransda təklif olunan "Avropa - Qafqaz - Asiya Trans - Nəqliyyat Dəhlizi" (TRACECA) layihəsi, MDB dövlətləri üçün nəzərdə tutulan, 1996-cı ilin mayında imzalanan və 1999-cu ildən qüvvəyə minən "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi", 2004-cü ilin iyun ayından reallaşdırılan "Avropa Qonşuluq Siyasəti" (AQS) və 2009-cu ildə AQS çərçivəsində irəli sürülmüş "Şərq Tərəfdaşlığı" (ŞT) Proqramı xüsusi qeyd olunmalıdır.

Aİ-nin qonşu ölkələrlə münasibətlərində formalaşdırdığı ardıcıl siyasət 2009-cu ildə AQS çərçivəsində irəli sürülən ŞT Proqramına qədər bir sıra mərhələlərdən keçmişdir. Hələ 1991-ci ildə Aİ Şurasının Lissabonda keçirilmiş iclasında "coğrafi yaxınlığa" əsaslanan xarici iqtisadi siyasətin həyata keçirilməsi təklifi və üç ölkə qrupundan ibarət olan "Aİ-nin Yaxın Qonşuları" ideyası irəli sürüldü: 1) Mərkəzi və Şərqi Avropa ölkələri (Çexiya, Slovakiya, Macarıstan, Polşa, Bolqarıstan, Rumıniya, Sloveniya, Estoniya, Latviya və Litva); 2) Balkan ölkələri (Xorvatiya, Bosniya, Makedoniya, Serbiya, Çernoqoriya və Albaniya); 3) Aralıq dənizi hövzəsi ölkələri (Kipr, Malta, Türkiyə, Mərakeş, Əlcəzair, Tunis, Misir, İordaniya, İsrail, Fələstin Muxtariyyəti, Livan və Suriya). Qeyd edək ki, sadalanan ölkələrdən bir çoxu artıq Aİ-nin üzvüdür.

Keçən dövr ərzində Aİ qeyd olunan hər üç ölkələr qrupu üzrə əməkdaşlığın səviyyəsinə və nəticələrinə görə kifayət qədər fərqlənən müxtəlif strategiyalar qəbul etmiş və reallaşdırmışdır. Postsovet ölkələrinə, o cümlədən Azərbaycana münasibətdə Aİ ilk dövrlərdə nisbətən fərqli mövqe nümayiş etdirmiş və onlar Aİ-nin "region" anlamına daxil edilməmişlər. İlk olaraq Finlandiya və İsveç bu ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüs göstərmişlər. Sözügedən  ölkələrlə əməkdaşlığın müxtəlif formaları müəyyən edilmiş və həyata keçiriləcək birgə layihələr üzrə Aİ Şurasının Lissabon Sammitində müzakirələr aparılmışdır. Bununla da, qeyd edildiyi kimi, 1991-ci ildən başlayaraq MDB ölkələrinə və Monqolustana Texniki Yardım (TACİS) proqramı çərçivəsində 2006-cı il də daxil olmaqla 7,3  mlrd. avro  vəsait ayrılmışdır.

Bir qədər sonra TRACECA layihəsi reallaşdırılmağa başlandı. Bu proqramın iqtisadi sahədə əsas fəaliyyət istiqamətləri kimi müəssisələrin restrukturizasiyası, özəl sektorun inkişafı, dövlət idarəetmə sistemində islahatlar, kənd təsərrüfatı, energetika, nəqliyyat, yük daşımaları, logistika və digər bu kimi sahələrin inkişafının dəstəklənməsini nəzərdə tuturdu.

1996-cı ildə Aİ ilə 10 MDB ölkəsi arasında oxşar xarakterli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri (TƏS) imzalandı və bu sənədləri imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edilərək 1999-cu ildə qüvvəyə mindi. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişlərinin əsas məqsədi siyasi dialoqlar üçün uyğun çərçivələrin təmin edilməsi, tərəfdaş ölkələrdə demokratiyanın və onların iqtisadiyyatlarının inkişafı ilə bağlı təşəbbüslərin dəstəklənməsi, tərəfdaş ölkələrin bazar iqtisadiyyatına keçidinə dəstək verilməsi, ticarət və investisiyalarıın təşviq edilməsindən ibarət olmuşdur.

Xüsusi qeyd olunmalıdır ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Aİ-nin yeni üzvlər hesabına Şərqə doğru genişlənməsi ittifaqın daxili və xarici, eləcə də regional və qlobal siyasətinə ciddi təsir etmiş oldu. Belə ki, bu vaxta qədər əsas diqqət namizəd ölkələrə, üzvolma meyarlarının (Kopenhagen meyarları) yaradılmasına, üzvolma strategiyasının inkişaf etdirilməsinə, açıq üzvolma danışıqlarının hansı ölkə ilə və nə zaman aparılması haqqında qərarların verilməsinə yönəldilirdisə, bundan sonra Aİ üçün yeni qonşuların əhəmiyyəti Kopenhagen meyarlarından daha üstün oldu. Bunun məntiqi nəticəsi olaraq 1999-cu ildə Avropa Komissiyası Aİ-nin qonşularını ən geniş kontekstdə üç qrupda birləşdirdi. Sonradan edilmiş əlavələri də nəzərə alsaq, həmin ölkələri aşağıdakı kimi qruplaşdırmaq olar: 1) Aİ-yə üzvolma tələblərini ödəyən, lakin buna maraq göstərməyən ölkələr (İsveçrə, Norveç); 2) "Potensial namizəd" hesab olunan ölkələr (Qərbi Balkan ölkələri); 3) "Yaxın qonşu" ölkələr ("Şərqi Yeni Müstəqil Dövlətlər", "Cənubi Aralıq Dənizi Hövzəsi Ölkələri" və "Cənubi Qafqaz Ölkələri").

2000-ci ildən başlayaraq, "Aİ-nin yaxın qonşuları" anlayışının məzmunu daha da konkretləşdi və Aİ-yə üzvolma perspektivinə malik olmayan ölkələr də bu ad altında birləşdirildi. Yaranmış yeni geosiyasi situasiya Aİ üçün qonşu ölkələrlə əməkdaşlığın daha innovativ formalarının yaradılmasının əhəmiyyətini artırırdı və nəticədə, Avropa Komissiyasının "Daha Geniş Avropa" adlanan Kommunikesi (2003-cü il)  qəbul olundu.

Qeyd olunan bütün ideyalar Avropa Komissiyasının 2004-cü ilin mayında qəbul edilən və həmin ilin iyununda şura tərəfindən təsdiq olunan "Avropa Qonşuluq Siyasəti" (AQS) haqqında strateji sənəddə daha geniş və sistemli şəkildə öz əksini tapmış oldu. Aİ ilə onun qonşuları arasında iqtisadi inkişaf fərqinin azaldılması ittifaqın ən ümdə vəzifələrindən biri kimi bəyan edilmişdir. Bu baxımdan, Aİ üçün həm iqtisadi təhlükəsizlik, həm də siyasi təhlükəsizlik mühüm əhəmiyyət kəsb edir. Daha konkret desək, təhlükəsizlik inkişafın ilkin şərti hesab olunur. AQS çərçivəsində tərəfdaş ölkələrə təklif olunan iqtisadi əməkdaşlığın əsas elementlərinə aşağıdakılar aid edildi:

- Aİ bazarının tərəfdaş ölkələr üçün açılmasını nəzərdə tutan "bazara çıxış"ın təmin olunması, tərəfdaş ölkələr üçün ticarətin liberallaşdırılması və preferensial ticarət rejiminin tətbiq olunması;

- İttifaqın daxili bazarında pay (Stake in the İnternal Market) əldə edilməsi imkanının yaranması, istehsal amillərinin (işçi qüvvəsi və kapitalın) sərbəst hərəkətinin təmin edilməsi, nəqliyyat, enerji və telekommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi;

- İqtisadi əməkdaşlığın əsas aləti qismində əmtəələr və xidmətər üzrə ticarəti, eləcə də, milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını əhatə edən azad ticarət sazişləri nəzərdə tutulur.

Bu göstərilənlərlə yanaşı, AQS ilk dəfə olaraq qonşu ölkələr arasında Aİ-yə üzv olmaq iqtidarında olan və olmayan ölkələr kimi bölgünün aparılmasının lüzumsuz olduğunu müəyyənləşdirdi. Bununla belə, AQS qonşu ölkələrə birmənalı olaraq üzvolma vədi verməsə də, üzvolmanı da qəti şəkildə istisna etmir.

AQS-nin həyata keçirilməsi məqsədilə Aİ tərəfindən müvafiq maliyyə və texniki dəstək mexanizmləri də yaradılmışdır. Belə ki, AQS çərçivəsində tərəfdaş ölkələrə bir çox sahələr üzrə yardımlar edilmiş, birgə layihə və təşəbbüslər təklif olunmuş və reallaşdırılmışdır. Bu məqsədlə 2000-2006-cı illər ərzində AQS-yə daxil olan ölkələrə 8,5 mlrd. avro həcmində maliyyə yardımları göstərilmiş, 2007-2013-cü illərdə isə bu yardımların həcminin 12 mlrd. avroya çatdırılması nəzərdə tutulmuşdur.

Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramı. Aİ-nin yeni layihələrindən biri olan və AQS-nin məntiqi davamı hesab edilən "Şərq Tərəfdaşlığı" Proqramının əsas məqsədi Aİ ilə tərəfdaş ölkələrin inteqrasiyasını yüksək pilləyə qaldırmaq, sabitlik və inkişaf üçün səyləri birləşdirmək, siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə əməkdaşlığın səmərəliliyini artırmaq və tərəfdaş ölkələrin təhlükəsizliyini gücləndirmək kimi çox vacib məsələləri əhatə edir.

ŞT Proqramı Aİ ilə şərqdəki qonşular arasında yeni qarşılıqlı çərçivə sazişlərinin - Assosiasiya sazişlərinin bağlanmasına, bu müstəvidə qarşılıqlı və hərtərəfli azad ticarət zonalarının fəaliyyətinə geniş imkanlar yaratmağa yönəlmişdir. Belə ki, Assosiasiya Saziş ya geniş hərtərəfli azad ticarət zonalarının yaradılmasını, ya da ən azı (gələcəkdə tərəfdaş ölkə buna hazır olduqda) bir azad ticarət zonasının yaradılması məqsədini özündə ehtiva edir. "Şərq Tərəfdaşlığı" Proqramı uzunmüddətli dövrdə tərəfdaş ölkələrin öz aralarında da geniş və hərtərəfli azad ticarət zonalarının yaradılmasını stimullaşdırır. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanla Aİ arasında bu istiqamətdə danışıqların yekunlaşdırılması üçün ölkəmizin ən azı ÜTT-yə üzv olması prosesinin başa çatdırılması zəruridir.

ŞT Proqramı çərçivəsində ikitərəfli səviyyədə aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

-  poqrama daxil olan hər bir ölkə ilə ayrı-ayrılıqda Assosiasiya Sazişinin imzalanması (Azərbaycanla bu prosedur artıq 2010-cu ildə başlamışdır) və azad ticarət zonasının yaradılması;

- tərəfdaş ölkələrlə Aİ arasında viza rejiminin sadələşdirilməsi (prosedurların sadələşdirilməsindən başlayaraq, nəticədə viza rejiminin ləğv edilməsi və tərəfdaş ölkələrlə Aİ arasında vətəndaşların sərbəst hərəkətinin təmin olunması perspektivi);

-  tərəfdaş ölkələrdə hərtərəfli institusional inkişafın təmin olunması.

Assosiasiya sazişləri mövcud tərəfdaşlıq və əməkdaşlıq sazişlərini əvəz etməklə, Aİ ilə ŞT Proqramına daxil olan ölkələr arasındakı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu sazişlər təhlükəsizlik siyasəti, qanunvericiliyin uyğunlaşdırılması və hərtərəfli azad ticarət zonalarının yaradılması baxımından tərəfdaş ölkələri Aİ-yə daha da yaxınlaşdıracaqdır.

ŞT Proqramının çoxtərəfli əməkdaşlıq xəttinin bir hissəsi kimi 6 aparıcı təşəbbüsü bu proqrama əlavə stimul və konkret mahiyyət verməklə, onun haqqında pozitiv fikirləri formalaşdırır. Eyni zamanda bu proqram müxtəlif beynəlxalq maliyyə qurumlarından maliyyələşməni və özəl sektordan sərmayələrin cəlb edilməsinə şərait yaradılmasını da nəzərdə tutur. Qeyd olunan altı təşəbbüs  -  inteqrasiya edilmiş sərhəd idarəçiliyi; kiçik və orta sahibkarlıq mexanizmi; regional elektrik enerjisi bazarları, enerjidən səmərəli istifadə və bərpa olunan enerji mənbələri; enerji təchizatının çoxşaxəli inkişafı; təbii və insan tərəfindən törədilən fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və cavab reaksiyası; ətraf mühit sahəsində idarəçilik məsələlərini əhatə etməklə tərəfdaş ölkələr üçün çox önəmli əlavə üstünlüklər əldə etməyə imkan yaradır.

 

Azərbaycan - Avropa İttifaqı əlaqələri: təkamül və inkişaf meyilləri

 

Azərbaycanın Aİ ilə münasibətləri respublikamızın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi dövrdən etibarən formalaşmağa başlamışdır. Bu dövrdən başlayaraq Aİ ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda inkişaf edir. Həmin əməkdaşlığın inkişafını ardıcıl olaraq 4 əsas mərhələ üzrə xarakterizə etmək olar ki, bu mərhələlər üzrə də Azərbaycan-Aİ münasibətlərində əsaslı kəmiyyət və keyfiyyət dəyişikliklərini və inkişaf meyillərini müşahidə emək mümkündür.

Birinci mərhələ (1992-1998) Aİ ilə rəsmi diplomatik əlaqələr qurulduqdan sonra başlamış və Azərbaycan Respublikası ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsinə qədər olan dövrü əhatə etmişdir. Bu mərhələdə Aİ-nin 1991-ci ildə yaradılmış "MDB ölkələrinə Texniki Yardım" (TACİS) Proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatlar dəstəklənmiş, sözügedən proqramın Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə -  infrastruktur, özəl sektor və insan resurslarının inkişafına üstünlük verilmişdir. TACİS, demokratiya və insan hüquqlarının dəstəklənməsi, ərzaq təhlükəsizliyi və digər proqramlar çərçivəsində Aİ  Azərbaycana 1992-1998-ci illərdə təqribən 202,0 mln. avro həcmində  maliyyə və texniki dəstək göstərmişdir. Qeyd edilən mərhələdə TACİS Proqramının əsas çoxtərəfli şəbəkə layihələrindən olan TRACECA çərçivəsində  əməkdaşlığın əsası qoyulmuşdur.

Bununla yanaşı, 1992-1998-ci illəri əhatə edən dövr ərzində Azərbaycan Aİ-nin üzv-dövlətləri ilə ikitərəfli ticarət-iqtisadi əlaqələrini də inkişaf etdirmişdir. Belə ki, bu dövrdə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30,6%, MDB ölkələri ilə 52,4%, o cümlədən indiki Gömrük İttifaqının üzv-ölkələri (Rusiya, Qazaxıstan, Belarus) ilə 49,8% azalması fonunda Aİ ilə xarici ticarət dövriyyəsi 23,4% artmışdır. Bu artıma 1995-ci ildə Aİ-nin əlavə 3 ölkənin - Avstriya, İsveç və Finlandiyanın hesabına genişlənərək üzv-ölkələrinin sayının 12 ölkədən 15 ölkəyə çatması ilə yanaşı, Aİ-dən ölkəmizə idxalın həcminin çoxalması da ciddi təsir göstərmişdir. 1992-ci illə müqayisədə 1998-ci ildə Azərbaycanın ixracında Aİ-nin xüsusi çəkisi təqribən 9 faiz bəndi artaraq 22%-ə, idxalda isə 11 faiz bəndi artaraq 21%-ə yüksəlmişdir. Bununla belə, bu mərhələdə MDB-nin, o cümlədən indiki Gömrük İttifaqının ölkəmizin xarici ticarət dövriyyəsində xüsusi çəkisi müvafiq olaraq 37,8% və 22,2% təşkil etmişdir.

Azərbaycanın Aİ ilə investisiya əməkdaşlığı məlum olduğu kimi, Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə Avropanın bir sıra iri neft şirkətlərinin də iştirakı ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktının imzalanmasından sonra inkişaf etməyə başlamışdır. Bu dövrdən etibarən ölkəmizin iqtisadiyyatına Avropa ölkələri tərəfindən qoyulan birbaşa xarici investisiyaların həcmi davamlı olaraq artmağa başlamışdır. 1995-1998-ci illər ərzində Aİ tərəfindən (əsasən Böyük Britaniya, Almaniya və İtaliya) ümumilikdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna təqribən 121 mln. ABŞ dolları həcmində birbaşa xarici investisiya qoyulmuşdur ki, bunlar da müvafiq olaraq həmin sektora ümumi sərmayə qoyuluşlarının 13%-ni təşkil etmişdir. Onu da əlavə etmək lazımdır ki, sözügedən dövrdə bu göstəriciyə görə, Aİ yalnız Türkiyədən (25%) geri qalmışdır.

İkinci mərhələ  (1999-2003) 1996-cı ilin aprel ayında Aİ ilə Azərbaycan Respublikası arasında imzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin (TƏS) 1999-cu ildən qüvvəyə minməsindən sonra başlayır. İkitərəfli münasibətlərin hüquqi bazasının əsasını təşkil edən bu sazişin imzalanması, ümumiyyətlə Azərbaycanla Avropa İttifaqı arasında olan əlaqələrin tarixi,  ölkəmizin bu mötəbər qurumla münasibətlərinin yaradılması və inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Belə ki, 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində TƏS-in imzalanması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev bu sənədi ölkəmizin Avropa məkanına inteqrasiyası istiqamətində mühüm addım kimi səciyyələndirərək qeyd etmişdir ki, "Azərbaycan Avropa ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə böyük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak edəcəkdir".

 Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi əlaqələr, sosial,  mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. TƏS eləcə də Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üçün real zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Konkret nəticə nöqteyi-nəzərindən Avropa ittifaqı ilə əməkdaşlıq başqa beynəlxalq təşkilatlara nisbətən daha da nəticəlidir". Yeri gəlmişkən, qeyd edək ki, həmin dövrdə Azərbaycan MDB, İƏT, QDİƏT və GUÖAM-ın üzvü idi.

Bu mərhələdə Aİ tərəfindən davam etdirilən TACİS, demokratiya və insan hüquqlarını dəstəkləyən proqramlar, ərzaq təhlukəsizliyi proqramı, bərpa proqramı çərçivəsində Azərbaycana 117,0 mln. avro həcmində maliyyə və texniki dəstək göstərilmişdir. 1999-2003-cü illəri əhatə edən bu dövr ərzində Aİ ilə xarici ticarət əlaqələri dinamik olaraq inkişaf etmişdir. Belə ki, Azərbaycanın xarici ticarət əlaqələrində, xüsusilə ixracda Aİ-nin xüsusi çəkisi 4 dəfədən də çox artaraq ümumi ixracın 65,7%-ni təşkil etmişdir. Aİ-dən Azərbaycana idxal isə 4,4 dəfə artaraq idxalın ümumi həcminin 32%-ni təşkil etmişdir. Bütövlükdə, qeyd edilən dövrdə Azərbaycanın Aİ ilə xarici ticrət dövriyyəsi ümumi dövriyyənin yarısına qədərini təşkil etmişdir ki, bununla da Aİ Azərbaycanın ən mühüm ticarət tərəfdaşına çevrilmişdir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə Azərbycanın xarici ticarət dövriyyəsində MDB-nin, o cümlədən Gömrük İttifaqı ölkələrinin xüsusi çəkisi xeyli azalmış və müvafiq olaraq 23% və 13% təşkil etmişdir. Bununla yanaşı, sözügedən dövrdə MDB və indiki Gömrük İttifaqından fərqli olaraq ölkəmizin Aİ ilə ticarət əlaqələri hər il müsbət saldo ilə yekunlaşmışdır. Xarici ticarət əlaqələrinin, xüsusilə ixracın dinamik artımına "Əsrin müqaviləsi" çərçivəində hasil olunan neftin Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə Avropa bazarlarına nəqlinə başlanılması, ölkənin neft sektoruna qoyulan investisiyaların həcminin əhəmiyyətli dərəcədə artması, yeni texnologiyaların, maşın və avadanlıqlqarın, idarəetmə sistemləri və digər vasitələrin gətirilməsi  ciddi təsir göstərmişdir.

 

(ardı var)

 

Şəmsəddin HACIYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.-27 aprel.-S.6.