Döyüşən sətirlər

 

Üzeyir bəy Hacıbəylinin publisistikasında 1920-ci ilin aprel çevrilişi

 

Üzeyir bəy 1918-1920-ci illərdəki ictimai-siyasi fəaliyyətinə görə Cümhuriyyət qurucuları arasında öncül yerlərdən birini tutur. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, "1918-1920-ci illərdə, ağır bir dövrdə - Azərbaycanın ilk respublikasının fəaliyyət göstərdiyi dövrdə Üzeyir Hacıbəylinin yaradıcılığı əvəzsizdir"...

 

"Leyli və Məcnun" - əzabkeş millətinin fərəhsiz həyatına bəxş edilən çox zəngin  bir xəzinə idi..."

 

22 yaşlı Üzeyir bəy Hacıbəylinin 1908-ci il yanvarın 25-də Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, eyni zamanda bütün müsəlman Şərqində mühüm hadisəyə çevrildi. Operanın ilk tamaşasının bədii tərtibatını həm də rəssam kimi tanınan məşhur Əli bəy Hüseynzadə verdi. Bunun ardınca Üzeyir bəy 1909-1915-ci illərdə "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah AbbasXurşudbanu", "Əsli və Kərəm", "HarunLeyla" kimi muğam operalarını da yaratdı. Üzeyir bəy opera sahəsində olduğu kimi dramaturgiya sahəsində də böyük uğura imza atdı: "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" əsərləri ilə mədəniyyət tariximizdə  musiqili komediya janrının təməlini qoydu.

O dövrdə Üzeyir bəyin bədxahları olduğu kimi, xeyirxahları da çox idi. "Leyli və Məcnun" operasının on illiyi münasibətilə görkəmli maarifçi Azad Əmirovun  Üzeyir bəyə 1918-ci ildə yazdığı məktub bu xeyirxahlıq və qədirbilənliyin ən gözəl nümunəsidir: "Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin bu gözəl, ilahiləşdirilmiş cərəyanı (muğam operası nəzərdə tutulur) xüsusi qeyd edəcəkdir"...

 

"Əfəndim, xahiş edirəm, bundan sonra mənim yazılarımı iyləməyəsiniz"

 

Dövrün digər ziyalıları kimi, Üzeyir bəy də hesab edirdi ki, "mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz." ("Füyuzat" jurnalı, 1907, ¹29).

Üzeyir bəy bir publisist kimi yaradıcılığa başladığı ilk gündən öz məqalə və felyetonlarında geriliyi, nadanlığı pisləyir, milləti maarifə, elmə çağırır, bu işə mane olanları isə kəskin tənqid edirdi. Bu tənqidləri və mövcud rejimə qarşı sətiraltı mənaları diqqətlə izləyərək "Üzeyirin felyetonlarından bir özgə iy gəlir", - deyən rəqiblərinə Üzeyir bəy çox ustalıqla: "Əfəndim, xahiş edirəm, bundan sonra mənim yazılarımı iyləməyəsiniz" deyə cavab verirdi.

Üzeyir bəy 28 may 1918-ci ildə Milli İstiqlal Bəyannaməsi qəbul ediləndə Bakıda deyildi: həmin ilin mart qırğınlarından qorunmaq üçün Cənubi Azərbaycana getmək məcburiyyətində qalmışdı. Üzeyir 1914-cü ildə yaradılan  "Hacıbəyli Qardaşlarının opera-operetta artistləri dəstəsi" ilə Rəşt və Ənzəlidə tamaşalar göstərir, amma bütün qəlbi, fikriruhu ilə Bakıda idi. Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması xəbərini böyük sevinclə qarşılayan Üzeyir bəy həmin ilin oktyabrında Bakıya qayıdır və "Azərbaycan" qəzetində "İran məktubları" adlı silsilə məqalələri çap etdirir. Elə Üzeyir bəyin bir jurnalist kimi 1918-1920-ci illərdəki fəaliyyəti də Cümhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti ilə bağlıdır. Qəzetin 1919-cu il yanvarın 16-da çıxan 89-cu sayından başlayaraq  o, Azərbaycan Parlamentinin qərarı ilə Paris sülh konfransına göndərilən kiçik qardaşı Ceyhun bəyin əvəzinə qəzetə redaktor təyin olunurbu, 1920-ci il aprelin 27-nə kimi, yəni Cümhuriyyət süqut edənədək davam edir. Üzeyir Hacıbəyli irsinin yorulmaz tədqiqatçılarından olan Aslan Kənan yazır ki, "Üzeyir bəyin mətbuatda 900-ə yaxın məqalə və felyetonu çap olunmuşdur ki, bunlardan 100-dən çoxu 1918-1920-ci illərdə nəşr olunan "Azərbaycan" qəzetinin payına düşür." Azərbaycan istiqlalına yönələn hər cür təxribatı qətiyyətlə pisləyən dahi sənətkar məqalələrinin birində yazırdı: "Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmiyor..." "Azərbaycan parlamanı", "Üzərimizdəki qara buludlar", "Dağıstana kömək", "Naxçıvan və Qarabağ", "Erməni-gürcü münasibətləri" kimi məqalələrində, "Ordan-burdan" və "Surna" kimi silsilə felyetonlarında Üzeyir bəy dövrün mənzərəsini canlandırır, illər öncə xalqın azadlığı uğrunda musiqilərində başladığı mübarizəni qəzet səhifələrində davam etdirirdi.

 

"...Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında fərq yoxdur..."

 

Üzeyir bəyin "Azərbaycan" qəzetindəki son yazısı aprelin 25-də, yəni işğaldan iki gün əvvəl çap edilib. O, Rusiyada qurulan bolşevik hökumətinə rəğbətini gizlətməyənləri nəzərdə tutaraq həmin məqaləsində yazırdı: "Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında fərq yoxdur. Xeyr. Təfavüt vardır və özübundan ibarətdir ki, nikolaylargenerallar hökuməti bizə həmişə "Svoloç" deyib atamıza söyərdilər, mujikraboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər..."

İşğaldan az sonra Azərbaycan xalqının cəlladları olan pankratovların, mikoyanların rəhbərliyi və sapı özümüzdən olan manqurtların dəstəyi ilə bir neçə gün əvvəl "Azərbaycan" qəzetində sovet Rusiyasının mahiyyətini məsxərəyə qoyan Üzeyir bəyin tutulub güllələnməsi haqqında sənədlər hazırlansa da, nə yaxşı ki, böyük milli faciəyə yol açan bu cinayətin qarşısını Nəriman Nərimanov vaxtında ala bildi...

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Üzeyir bəyin yaradıcılıq dünyasını qiymətləndirərək qeyd edir: "Üzeyir bəy irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir - muğam dramaturgiyasının sirlərini açır, aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir."

1920-ci ilin 25 aprelində "Azərbaycan" qəzetində dərc edilən "Surna" felyetonu aprel çevrilişinə aparan yolun incəliklərini görməkdə hər birimizə kömək olacaqdır.

 Bəxtiyar QARACA,

"Azərbaycan"

 

 

Surna

 

Keçən səfər parlamanda ticarət işlərindən bəhs edilərkən məbus əfəndilərimizdən birisi xalı və gəbəyə xammal dedi.

Böyük səhvdir. Ondan ötrü ki, xalı və gəbə xammal deyildir! Xammal o şeyə deyirlər ki, ondan bir hazır şey meydana gələ.

Məsələn, yun yoxdurmu? Yun xammaldır. Çünki bunu gərək yuyasan, əyirəsən, ip toxuyasansonra ondan xalı kimi yenə qayırasan. Ona görə:

Buna xammal demək olar, əmma xalı və gəbəyə xammal demək olmaz.

Məsələn, deyirlər ki, əgər biz bolşeviklərə yol verək ki, onlar keçib gedib Anadoluya dolsunlar, o halda bolşeviklərlə türklər birləşib imperialistlərə qarşı elanı-müharibə edərlər, bu cür fikirdə olanlara xam diplomat demək olar, amma xalı və gəbəyə  xammal demək olmaz.

Hələ istəsən gözəbani çiçəyinə də xammal demək olar, çünki o çiçəkləri yığıb ondan boya əmələ gətirirlər. Və o boya ilə o biriləri boyayıb xalı kimi toxuyurlar, amma hər halda xalı kiminin özünə xammal demək olmaz.

Misal üçün götürəlim yerli bolşevikləri. Onlar Denikindən tör-töküntü qalmış olan əfserlərə və saldatlara dəvətnamə yazıb bolşevikliyə təklif edirlər və deyirlər ki, Azərbaycan qulluğuna  girmiyək, çünki Azərbaycan dövləti heçdir. Bundan sonra bu cürə bolşeviklərin "sədaqətinə" inananlara xammal demək olar, əmma xalı və gəbəyə xammal demək olmaz.

Hətta istəsən qoyunun özünə də xammal deyə bilirsən, çünki qoyun xalı və gəbə üçün yun verir, əmma heç bir vəxt xalı və gəbəyə xammal deyə bilməzsən.

Hətta bunu da deyim ki, Azərbaycanda bolşevik hökuməti qurublar, Əlheydər Qarayevi onon başına qoysan o halda sovet hökumətini "bizə dəyməz" deyə xəyal edənlərə xam xəyal sahibi demək olar, əmma xalı və gəbəyə mütləqən xammal demək olmaz.

İstərsən lap cəhrəyə də, darağa da, hənaya da, həvəngə də, kirkitə də xammal adı qoy, əmma xalı və gəbəyə xammal deyə bilməzsən, ondan ötrü ki, rus  rusluğunda baqidirrus qəlbindəki türklük düşmənçiliyi də baqidir. Binaən əleyh rus generalından və ya rus mujikindən aləmi-islama kömək olar deyənlərə xam siyasətçi demək olar, əmma xalı və gəbəyə xammal demək olmaz.

Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özübundan ibarətdir ki, nikolaylargenerallar hökuməti bizə həmişə "isvoloç" deyib atamıza söyərdilər, mujikraboçi hökuməti məşhur rus söyüşü  ilə anamıza söyəsəkdir. Pəs bundan demək olmaz ki, xalı və gəbə xammaldır. Hər halda  bunu söyləyən böyük səhv edir.

 

 

Azərbaycan.-2014.-27 aprel.-S.10.