Bakıda II Qlobal
Açıq Cəmiyyətlər Forumunun
rəsmi açılışı olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev Forumun açılışında
iştirak etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
-
Hörmətli xanımlar və cənablar!
Hörmətli
qonaqlar!
Sizin
hamınızı Azərbaycanda salamlayıram və
ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizdə
olacağınız günlər uzun müddət ərzində
sizin yaddaşınızda qalacaqdır. Burada Azərbaycana ilk
dəfə səfər edən qonaqlarımız da vardır.
Ümidvaram ki, bizim ölkəmiz, tariximiz, mədəniyyətimiz
haqqında yaxşı təəssüratlarınız
olacaqdır. Mən xüsusi olaraq həmkarlarımı -
keçmiş dövlət və hökumət
başçılarını salamlamaq istəyirəm. Təxminən
otuzdan artıq keçmiş dövlət və hökumət
başçısı qonaqlarımız
sırasındadır. Bu, əlbəttə ki, tədbirimizin əhəmiyyətini
göstərir.
Mən,
həmçinin Madrid Klubuna təşəkkürümü
bildirmək istəyirəm ki, onlar bizim ölkəmizin
yaxşı tərəfdaşıdır. Bizim əməkdaşlığımız
bir neçə il öncə qurulub və bu, çox məhsuldar
və fəal işbirliyidir. Mən, həmçinin çox
məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu
yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa
müddət ərzində kifayət qədər nüfuzlu
beynəlxalq təsisata çevrilmişdir və artıq
Madrid Klubu ilə birlikdə bu cür mühüm
toplantını təşkil edir. Dostlarımıza, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə dəstək verənlərə
apardıqları fəaliyyətə görə olduqca minnətdaram.
Bu mərkəz Azərbaycan xalqının istedadının və
müdrikliyinin rəmzi olan Azərbaycan şairi Nizami Gəncəvinin
adını daşıyır.
Forumun
gündəliyi çox genişdir və həyatımızın
bütün mühüm aspektlərini əhatə edir.
Əlbəttə ki, bu gün və sabah keçiriləcək
sessiyalar zamanı hər kəs üçün bərabər
imkanlar və lazımi həyat standartlarını təmin etmək
məqsədilə keçmişdə baş verənlər
və gələcəkdə görülməli işlər
barədə mühüm bəyanatlar veriləcəkdir.
Açıq cəmiyyət elə bir cəmiyyətdir ki, onun
bütün üzvləri özlərini rahat hiss edir, şərəfli
həyat tərzi sürür, iş yerləri vardır və
öz övladlarının gələcəyinə əmindirlər.
Bizim
öz təcrübəmiz vardır. Müstəqillik
baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin
əldə edilməsindən sonra cəmi 22 il keçməsinə
baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif
məsələləri həll etməli olduq.
Başlanğıcda bir çox problemlərdən, siyasi və
iqtisadi çətinliklərdən əziyyət çəkmişik.
İndi isə, Azərbaycan dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu
dəyişiklik sadəcə, gözlərimiz
qarşısındadır və şadıq ki, biz bu prosesin
bir hissəsi olmuşuq və həmçinin Azərbaycanın
müasir dövlətə çevrilməsində fəal
iştirak edirik. Xalqımızın gözəl tarixi, adət-ənənələri,
mədəniyyəti vardır, lakin müstəqil ölkə
kimi biz gəncik. Ötən əsrin əvvəlində
müstəqillik dövrümüz olub, lakin bu, rus
imperiyası dağıldıqdan və bolşevik
inqilabından sonra baş verib və qısa sürüb,
yalnız iki il çəkib. İnqilabın o vaxt
şüarları var idi: Zavodlar fəhlələrə,
torpaqlar kəndlilərə verilməli, azadlıq isə rus
imperiyasının bütün xalqları üçün təmin
edilməli idi. Lakin həmin vədlərin heç biri
reallığa çevrilmədi.
Buna
görə iki ildən sonra biz müstəqillikdən məhrum
olduq və Azərbaycan digər ölkənin bir hissəsinə
çevrildi. Əlbəttə ki, bu, həyatımızın,
tariximizin bir hissəsi olub. Ona görə keçmiş sovet
məkanında yaşayan insanlar, fikrimcə, onlar öz
müstəqilliyini, müstəqil seçimini, azad olmaq,
öz dövlətinə malik olmaq hüququnu daha yüksək
dəyərləndirirlər və onlar öz dövlətləri
ilə fəxr edirlər. Azərbaycanın təcrübəsi
göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə
olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə
daha çox iş görə bilərik. Çünki
qısa müstəqillik dövrümüz göstərir ki,
bütün çətinliklərə, iqtisadi və siyasi
böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş
müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin
öhdəsindən gələ bildik. Bu gün gələcəyimizi
planlaşdırdıqda həyat tərzimizi daha da
yaxşılaşdırmaq və daha güclü olmaq
haqqında düşünürük.
Bu
cür dəyişikliklərin əsas səbəblərindən
birinə, yəni, ilkin şərtlərə gəldikdə,
bu, islahatlar siyasətidir. Çünki həyatımızın
hər bir aspektini dəyişməli idik, biz azad və
müstəqil, öz dövlətimizə malik olmağı və
bir siyasi sistemdən digər sistemə keçməyi öyrənməli
idik. Bunu isə etmək asan deyildi. Lakin bu, baş verdi. Bu
gün dövlətçiliyimizin möhkəm əsasları
vardır. Biz geniş şəkildə ölkəmizi
müasirləşdirən siyasi və iqtisadi islahatlar
apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas
azadlıqları, o cümlədən indiki həyatımızın
ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media
azadlığı, azad interneti təmin etdik.
İyirmi
iki il öncə biz bunu sadəcə, arzulaya bilərdik. Eyni
zamanda, aydın anladıq ki, möhkəm iqtisadi əsaslar
olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də
siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir.
Burada qeyd etməliyəm ki, uğurlarımızın əsas
səbəblərindən biri xarici sərmayələrin cəlb
edilməsi idi. İyirmi il öncə üzləşdiyimiz
eyni çətinliklərlə üzləşən ölkələrə
gəldikdə isə, bizim təcrübəmiz ölkəni
necə dəyişmək, vətəndaşlara daha
yaxşı həyat təmin etmək üçün
yaxşı nümunə ola bilər.
Biz
xarici sərmayələri cəlb etməyi bacardıq. Həmin
sərmayələri inkişaf etdirmək istədiyimiz, həmçinin
sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat
sahələrinə istiqamətləndirdik. Biz münbit sərmayə
şəraitini yaratdıq və çox
çalışdıq ki, hətta 15 il öncə mövcud
olmuş məhdud resurslarla çox sayda iş yerləri
yaradaq. Biz bu gün də düzgün istiqamətdə irəliləyirik.
Aydın şəkildə anladıq ki, müstəqilliyimizin
gücləndirilməsində, onun əbədi, dönməz
olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz
iqtisadi baxımdan azad, müstəqil və güclü
olmalıyıq. İndi isə mən söyləyə bilərəm
ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan
sonra Azərbaycan çox aydın gələcəyə malik
olan ölkə kimi qəbul edilə bilər. Biz son 10 il ərzində
dünyada ən sürətlə inkişaf edən
iqtisadiyyatlardan biri olmuşuq. Bizim üçün davamlı
inkişaf gələcək üçün
planlaşdırma deməkdir. Bizim "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyamız vardır. Bu sənəd
gələcəyimizin əsas bələdçi sənədi
kimi qəbul edilib.
Maliyyə
vəziyyətimiz sabitdir. Xarici borcumuzun səviyyəsi
çox azdır, ümumi daxili məhsulun cəmi 8 faizini təşkil
edir. Bu o deməkdir ki, biz beynəlxalq maliyyə təsisatları
ilə daha fəal şəkildə işləmək
planlarını qura bilərik. Eyni zamanda, iqtisadiyyat inkişaf
etdirilmək üçün şaxələndirilməlidir.
Çünki əlbəttə, təbii sərvət hesab
edilən neft və qaz uğurlarımızın
aparıcı meyarı olub. Hazırda şaxələndirilmə
bizim əsas prioritetimizdir. Çünki neft və qaz sektoru
hesabına çox iş yerləri açılmır. Buna
görə iqtisadiyyatın şaxələndirilməsi, sosial
infrastruktura yatırımlar uzaq bölgələrdə belə
lazımi həyat tərzini təmin edir, hər bir şəhərə
genişzolaqlı internet çıxışını
yaradır. Üç min orta məktəbin, beş yüz xəstəxananın
tikilməsi və digər amillər cəmiyyətimizə
tamamilə yeni mühit yaratmaq imkanını verdi. İlk
addım olaraq, biz xaricə miqrasiyanı, yəni, Azərbaycandan
digər ölkələrə axını dayandırdıq.
Bu, sonra ölkədaxili
miqrasiya, yəni, insanların kiçik kənd yerlərindən
Bakıya axını ilə əvəzləndi. İndiki məqsəd
isə bu miqrasiyanı da dayandırmaqdır. Bu məsələ
də ilbəil öz həllini tapır.
İqtisadi
inkişaf olduqca ciddi sosial proqramlarla dəstəklənir. Çünki
bilirik ki, bəzi hallarda radikal iqtisadi islahatlar insanların
gündəlik həyatında müəyyən çətinliklər
yaradır. Buna görə də hökumətimiz
üçün sosial məsələlər hər zaman
prioritet xarakter daşıyıb. Yaşayış
standartlarının yaxşılaşdırılması,
iş yerlərinin açılması, işsizliyin
azaldılması, bütün bunlar göstərir ki, bunu etmək
olar.
Birinci
olaraq, bizə sadəcə, sabitlik lazımdır.
Çünki sabitlik olmadan bütün bunlar
mümkünsüzdür. İkincisi, əhalimizin əksər
hissəsi tərəfindən dəstəklənən olduqca
aydın daxili siyasətimiz vardır və biz nəticələrə
nail olmalıyıq, verdiyimiz vədləri yerinə yetirməliyik,
üzərimizə götürdüyümüz vəzifələri
icra etməliyik. Bu halda olduqca mühüm məqama, siyasətçilərin
məsuliyyətinə toxunuruq. Bu şəxslər işlərin
başında dayanır. Bir sıra hallarda daha çox dəstək
və daha çox səslərin qazanılması
üçün bəzi həmkarlarımız populist vədlərlə
çıxış edirlər. Lakin onlar yerinə yetirilməyəndə
insanlar məyus olurlar. Siyasətçilərin məsuliyyəti
onların özləri üçün olduqca çox
vacibdir. Çünki bu, onlara etimad səviyyəsini
artırır və cəmiyyəti daha da gücləndirir.
Buna görə nəticələrin əldə edilməsi əsas
məqsədimiz idi. Bu nəticələr iqtisadi və
statistik göstəricilərdə əks olunur. Hazırda
yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Halbuki 10 il
öncə 49 faiz olub. Sürətli iqtisadi inkişaf Azərbaycan
ətrafında olduqca yaxşı beynəlxalq mühit
yaradır, çünki ölkəmiz daha çox
tanınmağa başlayır. İndi daha çox insan Azərbaycanı
tanıyır. Hazırda biz tarixdə heç vaxt
olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə
malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155
ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir
ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi.
Hətta ikitərəfli münasibətlərimiz o qədər
fəal olmayan ölkələr belə bizi dəstəklədi.
Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər
ki, biz öz vədlərimizi yerinə yetirəcəyik.
BMT-nin Təhlükəsizik Şurasının üzvü
kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti
qorumaq idi.
Fikrimcə,
bunlar indiki dünyanın iki ən əsas elementidir.
Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə
pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni
qoşunlarının ərazilərimizdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi
vardır. Həmin qətnamələrdən heç biri həyata
keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə
məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi
olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon
20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq
təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul
ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar
- ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament
Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi
və Təhlükəsizlik Şurası qərarlar qəbul
ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir.
Görünür, onların icra mexanizmləri yoxdur.
Zənnimcə,
1990-cı illərin əvvəllərində baş verənlər
göstərdi ki, biz azad olmaq, müstəqillik
üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin
bütün üzvləri tam əmin idi ki, bu vəziyyət
uzun çəkə bilməz. Biz doğma torpaqlarımıza
qayıdacağıq. Biz öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan
xalqı, 1 milyon qaçqın və məcburi
köçkün hazırda işğalçılar tərəfindən
zəbt olunmuş torpaqlarında, doğma yurdlarında
yaşamaq hüququnu bərpa edəcəkdir. 1990-cı illərin
əvvəllərində Dağlıq Qarabağda ermənilər
qeyri-qanuni referendum keçirdilər. Bundan öncə,
Dağlıq Qarabağın əhalisinin üçdəbirini
təşkil edən etnik azərbaycanlılar oradan
qovulmuşdur. Bu hadisədən sonra qeyri-qanuni referendum
keçirildi. Bu səbəbdən, dünyanın heç bir
ölkəsi nə həmin "referendum"u, nə də
qondarma "Dağlıq Qarabağ respublikası"nı
tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət
və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın
şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq
hüququ bərpa etmək üçün bu, kifayət
deyildir. Bunu etmək üçün biz daha güclü
olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc
yenidən beynəlxalq münasibətlərin gündəliyində
əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi
ölkələr nə etməlidir? Əminəm ki, belə
bir sual bu forumda müzakirə olunacaqdır. Müxtəlif
ssenarilər vardır. Lakin bir məsələ tam
aydındır ki, siz öz taleyinizin sahibi
olmalısınız. Siz daha güclü
olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında
səfərbər etmək üçün ürəkdən
çalışmalısınız. Bizim üçün əsas
prioritet ərazi bütövlüyümüzün bərpa
edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və
daha yaxşı həyat standartlarının xalqımız
üçün təmin edilməsidir. Bütün bu elementlər
bir-biri ilə bağlıdır. Əgər insanlar hökumətin
gördüyü işin nəticələrini görürlərsə,
gündəlik əsaslarla onların həyat tərzi
yaxşılaşırsa, öz ölkəsi ilə fəxr
edirlərsə, onda cəmiyyət güclü olur,
parçalanmır. Cəmiyyət əsas məqsədlər ətrafında
səfərbər olunur, öncə qeyd etdiyim kimi, müstəqillik
və suverenlik məqsədi ətrafında toplaşır.
Əlbəttə ki, Azərbaycanın inkişafı,
çatışmazlıqlar və problemlər barədə cəmiyyətimizdə
müxtəlif fikirlər vardır. Biz cəmiyyətimiz
daxilində bu müzakirələri hər zaman yüksək dəyərləndiririk.
Lakin həyatımızın strateji aspektinə gəldikdə,
biz birik, yekdilik. Bu birlik bizi beynəlxalq səhnədə
gücləndirir, bizə bu gün dünyanın üzləşdiyi
problemlər haqqında açıq danışmaq, öz
mövqeyimizi, beynəlxalq hüququ müdafiə etmək
imkanını verir. Belədir ki, var.
Bu
gün Azərbaycan açıq şəkildə bəyan
edilən mövqeyə malik olan ölkədir. Bu, bir daha ədalətə
və beynəlxalq hüquqa əsaslanır. Lakin, eyni zamanda,
biz on, iyirmi, otuz il əvvələ baxmalıyıq və
siyasətimizi elə planlaşdırmalıyıq ki,
dayanıqlı inkişaf davam etsin. Davamlı inkişaf isə
bu gün hər bir ölkə üçün ən vacib
prioritetlərdən biridir. Hətta ən inkişaf etmiş
ölkələrə gəldikdə, onların öz problemləri
vardır. Onların iqtisadi problemləri, miqrasiya məsələləri
vardır. Onlara əlavə işçi qüvvəsi
lazımdır. Lakin, eyni zamanda, bu, cəmiyyətlərdə
müəyyən gərginlik yaradır. Bizim fərqli problemlərimiz
vardır. Fikrimcə, bu, problem deyil, əslində
üstünlükdür. Bizim artan, gənc, dinamik əhalimiz
vardır. Bu o deməkdir ki, iqtisadiyyatımız hər zaman əhalinin
artım tempindən daha sürətlə inkişaf etməlidir.
Çünki belə olmasa, biz günlərin bir günündə
çətinliklər və işsizliklə üzləşə
bilərik. Buna görə sürətli iqtisadi inkişaf, yeni
iş yerlərinin açılması, sərmayələrin
cəlb edilməsi və enerji əməliyyatlarından əldə
edilən gəlirlərin iqtisadiyyatımızın ən
vacib sahələrinə istiqamətləndirilməsi
prioritetdir. Biz bu yolla davamlı inkişafa nail ola bilərik.
Cəmiyyətimizdə
sosial və siyasi razılığın ən vacib elementlərindən
biri multikulturalizmdir. Biz bir neçə beynəlxalq tədbir
keçirmişik. Sivilizasiyalararası dialoq mövzusunda
söhbətlər aparmışıq, beynəlxalq humanitar
forumlar təşkil etmişik ki, bu mühüm
mövzuları nəzərdən keçirək. Fikrimcə,
bu kimi məsələlər bugünə qədər belə
açıq şəkildə müxtəlif beynəlxalq təsisatlarda
müzakirə olunmur. Çünki bu vəziyyətlə
bağlı müxtəlif yanaşmalar vardır. Bəzi
insanlar hesab edir ki, bu ideya baş tutmayıb. Lakin hesab edirəm
ki, yaxşı misallar vardır və onlar yaxşı şəkildə
nəzərdən keçirilməlidir ki, burada hər
hansı bir bədbinlik olmasın. Multikulturalizm uçurum kimi
qəbul edilərsə, bu dünyada yaşamağın
başqa üsulu yoxdur. Çünki belə olmasa, xalqlar
özlərini təcrid olunmuş vəziyyətdə hiss edəcəklər.
Bu, nə iqtisadi, nə də sosial baxımdan mümkün
deyildir. Buna görə, fikrimcə, Azərbaycanın, o
cümlədən digər ölkələrin tarixi ənənələrinə
əsaslanan müsbət misallar var ki, onlar təfərrüatlı
şəkildə nəzərdən keçirilməlidir. Biz
bu dəyərləri təşviq etməliyik. Bu da bizim vacib
elementlərimizdən biridir ki, mən onları qeyd edirəm.
Müsbət təcrübənin təşviqi bəzən
bizim üçün çatışmır. Lakin, fikrimcə,
dəyərlərin qorunması, qlobal siyasətdə müsbət
meyllərin gücləndirilməsi üçün biz
müsbət təcrübəyə diqqətimizi yönəltməliyik
və bunu yaymalıyıq. Çünki bunun başqa bir yolu
yoxdur ki, ölkələr gələcəkdə başqa
yolla əməkdaşlıq etsinlər.
Əminəm
ki, forum çərçivəsində bir çox maraqlı
müzakirələr aparılacaq və gələcək
inkişafla bağlı hökumətlər üçün
tövsiyələr veriləcəkdir. Bu cür sessiyaların
üstünlüyü ondan ibarətdir ki, məşhur siyasətçilər,
keçmiş dövlət və hökumət
başçıları öz fərdi təcrübələrini,
biliklərini, ekspert bacarıqlarını çox
açıq şəkildə bölüşə bilərlər.
Çünki hazırkı və keçmiş prezidentlər
və baş nazirlər arasındakı fərq ondan ibarətdir
ki, hazırkı dövlət başçıları
ictimaiyyət qarşısında söylədiyi şərhlərdə
müəyyən çərçivə daxilindədirlər,
məhdud imkanları vardır. Bəzi hallarda sən söylədiyindən
də artıq danışmaq istəyirsən. Lakin
keçmiş siyasətçilər hər hansı məsələ
ilə bağlı fikir söyləməkdə azaddırlar.
Onların bu söhbəti məhz bu tərəqqinin əldə
edilməsi üçün vacibdir. Ona görə əminəm
ki, forumumuzun əsas məqsədi tövsiyələr və təhlillər
vermək, baş verənləri müzakirə etməkdir. Bu
məqsəd bizə öz işlərimizi dinc şəraitdə
davam etdirmək, şərəfli həyat tərzi sürmək
və geniş şəkildə beynəlxalq əməkdaşlıq
aparmaq imkanı yaradacaqdır.
Hörmətli
dostlar, Azərbaycana bir daha xoş gəlmisiniz! Forumun işinə
uğurlar arzulayıram. Sağ olun.
Azərbaycan.-2014.- 29 aprel.- S.1;2.