Bakıda II Qlobal Açıq Cəmiyyətlər
Forumunun rəsmi açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyev Forumun açılışında iştirak
etmişdir
Aprelin
28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər
Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev forumun
açılışında iştirak etmişdir.
Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid
Klubunun təşkilatçılığı, BMT, Dünya
Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu,
İsgəndəriyyə Kitabxanası və digər təşkilatların
birgə əməkdaşlığı çərçivəsində
keçirilən II Qlobal Açıq Cəmiyyətlər
Forumu 2015-ci il və ondan sonrakı mərhələdə
dünyanın davamlı inkişafına həsr olunmuşdur.
İki gün davam edəcək bu mötəbər beynəlxalq
tədbirdə 30 ölkədən sabiq dövlət və
hökumət başçıları, ümumilikdə 200-dək
tanınmış siyasi və ictimai xadim, ekspert və elm
adamı iştirak edir.
II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail SERAGELDİN bildirdi ki, dünyada insanları bir araya gətirməyi, onlar üçün daha yaxşı həyat şəraitinin yaradılması ilə bağlı təşəbbüslərin irəli sürülməsinə nail olmağı əsas məqsədinə çevirən bu forum qloballaşma dövründə açıq cəmiyyətlərin qurulmasına xüsusi əhəmiyyət verir. İsmail Serageldin dedi:
- Zati-aliləri!
Xanımlar və cənablar!
Belə bir möhtəşəm toplantıya xoş gəlmisiniz. Bizim buraya
toplaşmaqda məqsədimiz bütün dünyada yaşayan
insanları bir araya gətirmək, onların arasında təmaslar
yaratmaq, onlar üçün daha yaxşı həyat tərzini
və səviyyəsini təmin etməkdir.
Bu gün biz dünyada olan vəziyyətə, havanın
qlobal istiləşməsi, münaqişələr,
müharibələr, su resurslarının idarə edilməsi
və digər problemlərə diqqət yetirəcəyik. Cəmiyyətlər
daxilindəki təcridolunma hallarına nəzər yetirsək
görə bilərik ki, açıq cəmiyyətlərin
qurulması xüsusi əhəmiyyət kəsb edir. Buna
görə biz diqqətimizi məhz tariximizin səhifələrinə
yetirməliyik, özümüz üçün müəyyən
etməliyik ki, həyatın cövhəri nədir, biz həyati
dəyərlərimizi nə dərəcədə qoruyub
saxlaya bilmişik, yoxsa biz onları itirmişik, yoxsa biz onları diqqətdən
kənarda qoymuşuq?! Buna görə bu il yenidən bizim Bakıda
toplaşmağımız 2013-cü ildə keçirilmiş
birinci forumda qaldırılmış məsələləri
daha ətraflı şəkildə müzakirə etmək
imkanı yaradır.
Hər
zaman biz belə bir mühüm tədbirləri ilk növbədə
ev sahibinə, Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlıq sözləri ilə başlayırıq.
* * *
Dövlət başçısı Forumda nitq
söylədi.
İsmail
SERAGELDIN: Sağ olun Zati-aliləri cənab Prezident!
Sizin
olduqca ətraflı çıxışınıza görə
Sizə təşəkkür edirik. Siz təbii ki, nitqinizin
sonunda bizi xüsusi olaraq belə bir müdrik mövqedən
çıxış edərək dəyərli tövsiyələrimizi
tərtib və təqdim etməyə dəvət etdiniz. Buna
görə Sizə minnətdarıq, biz buna da
çalışacağıq.
Biz
çox yaxşı anlayırıq ki, dostlarımız, həmkarlarımız
ətrafımıza baxmalıyıq və bilməliyik ki, biz
hansı regiondayıq, hansı ölkələrdəyik və
hansı yerdə yaşayırıq. Biz bütövlükdə
bəşəriyyət üçün ən yaxşı məqsədləri
formalaşdırmalıyıq və gələn onilliklər
və ondan sonrakı dövr üçün məhz
inkişaf məqsədlərimizi müəyyən etməliyik.
Bununla belə, biz real tərəqqiyə bu məqsədlər
istiqamətində nail olmalıyıq.
Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,
Finlandiyanın keçmiş Prezidenti Tarya HALONEN
dünyanın bir çox ölkələrinin sabiq dövlət
və hökumət başçılarının bir yerə
toplaşıb çox vacib müzakirələr aparmağa
şərait yaradılması baxımından Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə fəaliyyətini
yüksək dəyərləndirdi, növbəti dəfə
belə müzakirələrə şərait
yaratdığına görə Azərbaycan Prezidentinə
minnətdarlıq etdi. O, BMT çərçivəsində
Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq
ideal cəmiyyət yaratmaq istiqamətində Azərbaycanın
nümunəsindən danışaraq dedi:
-
Hörmətli Azərbaycan Respublikasının Prezidenti,
hörmətli həmkarlarım, hörmətli dostlar!
Bu qədər çox sayda bu
gün qonaqlarımız və dostlarımız
qarşısında çıxış etməkdən şərəf
hissi duyuram. Burada bütün həmkarlarımı təbrik
edirəm ki, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
və Madrid Klubu çərçivəsində əməkdaşlıq
nəticəsində bu sayda keçmiş hökumət və
dövlət başçılarını bir araya
yığırıq və burada açıq cəmiyyətlər
mövzusunda ümumi müzakirələr aparırıq.
Mən
bu fürsətdən istifadə edərək ev sahibinə -
Azərbaycan hökumətinə və təşkilatçılarına
Bakı şəhərində bizə göstərilmiş
gözəl, səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü
bildirmək istəyirəm. Bizim bir çox dərin minnətdarlığımızı
hamınız adından izhar edirəm.
Hörmətli
dostlar, burada bizim qarşımızda duran vəzifə ondan
ibarətdir ki, biz 2015-ci ildən sonra inkişafın hansı
məsələləri barədə daha çox söhbət
aparacağıq. Sizin qarşınızda etdiyim
çıxışın əsas məqsədlərindən
biri ondan ibarətdir ki, biz hamımız dərk etməliyik
üzərimizə düşən məsuliyyət hansı dərəcədə
olmalıdır. Gələcək illər ərzində biz bu
məsuliyyəti necə icra etməliyik. Çünki BMT-nin
Minilliyin Sammitində çox məşhur olan Minilliyin
İnkişaf Məqsədləri qəbul edildikdən sonra
biz bir çox işləri görmüşük. Bilirik ki,
bizim üçün müəyyən mühit
yaradılıb və bu mühitin əsas məqsədi məhz
əməkdaşlıq olubdur. BMT çərçivəsində
məhz dövlət və hökumət
başçıları bəyan etdilər ki, onlar da bu
minillik ərzində daha yaxşı cəmiyyətlər
yaratmaq istəyirlər. Təbii olaraq bizim də
qarşımızda eyni bir məqsəd
var idi ki, biz öz gələcək nəsillərimiz
üçün daha yaxşı cəmiyyəti, gələcəyi
təmin etməliyik. Zənnimcə, biz buna müəyyən
mənada nail ola bildik. Hətta onu qeyd edək ki, bəlkə
də məqsədlərin hamısı hələ tam şəkildə
icra olunmadıqda belə biz israrlıyıq, biz əzmkarıq.
Biz istəyirik ki, bundan sonra da öz siyasi fəaliyyətimizlə
bu məqsədlərə nail olunmasında, məsələn,
təhsilin təmin edilməsində və digər vacib vəzifələrin
həllində irəliyə doğru gedək. Bu gün ev
sahibliyi edən məhz Azərbaycandır.
Azərbaycan
son illər ərzində öz sürətli inkişafı
ilə çox gözəl nümunələr göstərmişdir.
Biz bilirik ki, Azərbaycanda yoxsulluq böyuk dərəcədə
azaldılmışdır. Bu, 2012-ci ildə 6 faizə
düşmüşdür. Bu da çox mühüm bir hadisədir.
Biz bilirik ki, sizin bu sahədə qazandığınız
uğurlar, verəcəyiniz məsləhətlər də digər
ölkələr üçün dəyərli ola bilər.
Ona görə biz BMT çərçivəsində təqdim
etdiyimiz proqramımızda göstərmişik ki, Minilliyin
sonrakı inkişaf məqsədləri nədən ibarət
olmalıdır. Bu haqda da söhbət aparmışdıq.
Biz hazırda çalışırıq ki, bu proqramı
yüksək səviyyədə təqdim edək. Bununla
bağlı məhz İndoneziya Prezidenti ilə birgə
çıxış edərək bu təşəbbüsü
BMT-nin Baş Məclisinə təqdim etmişik. Biz istəyirik
özümüz üçün müəyyən edək
ki, gələcək üçün hansı işləri həyata
keçirməliyik. Biz 19 əsas fəaliyyət sahəsini
müəyyən etmişik. Ümidvarıq ki, qarşıdan
gələn iyul ayında bu proqram qəbul olunduqdan sonra
Baş Məclis çərçivəsində biz bunun
icrasının hüquqi mexanizmləri haqqında
düşünməli olacağıq. Burada əhatə olunan
müddət əsasən 2015-ci ildən sonrakı dövrə
aiddir. Biz bilirik ki, BMT bu sahədə aparıcı rol
oynayır. BMT-nin əsas rolu ondan ibarətdir ki, aramızda
müxtəlif məlumat mübadiləsini təmin edir. Lakin
öz tərəfimdən əminliklə deyə bilərəm
ki, hökumətlər, hökumət və dövlət
başçıları vardır ki, onlar BMT-nin Baş Məclisində
bu məsələni xüsusi olaraq dəstəkləməkdə
maraqlı ola bilərlər. Biz
isə öz tərəfimizdən onların bu fəaliyyətinin
daha da düzgün istiqamətdə, sürətli şəkildə
irəliyə doğru aparılmasına töhfəmizi verməliyik.
BMT-nin baş katibi bütün xalqlara, millətlərə
müraciət edərək xahiş etmişdir ki, onlar öz
gələcəklərini düşünürsə bu yeni
inkişaf məqsədlərinin
formalaşdırılmasına töhfələrini versinlər.
Azərbaycan
isə digər bir neçə ölkə ilə eyni
mövqedən çıxış edərək 2015-ci ildən
sonra inkişafın prioritetlərinin nədən ibarət
olacağı ilə bağlı artıq öz töhfəsini
verməyə razılıq vermişdir. Azərbaycan hökuməti
artıq 2020-ci ilədək inkişaf proqramını qəbul
etmişdir. Bu sənəddə məqsədlər aydın
göstərilir. Həmin məqsədləri Minilliyin yeni
inkişaf məqsədlərinə daxil etmək olar.
Tarya
Halonen əsas siyasi, iqtisadi və humanitar fəaliyyət sahələrində
reallaşdırılan layihələrdən
danışdı və bu baxımdan Azərbaycanın
növbəti illər üçün inkişafa xidmət edən
konkret proqramlara malik olduğunu vurğulayaraq bildirdi:
- Azərbaycanın
təbii sərvətləri, neft və qaz resurslarına sərmayə
yatırılması nəticəsində geniş imkanlar
yaradılmışdır. Biz, həmçinin bilirik ki, bu
ölkədə neft və qaz gəlirlərindən səmərəli
istifadə olunaraq iqtisadiyyatın digər sahələrinə
də sərmayələr yatırılır. Cənab
Prezident buradakı nitqində iqtisadi sektorun şaxələndirilməsini
xüsusi vurğuladı. Bunun sayəsində iqtisadiyyatın
informasiya texnologiyaları və digər sektorları da sürətlə
inkişaf edəcəkdir. Bütün bu fikirlərdən
çıxış edərək bildiririk ki, vətəndaşlarımızın
rahat və təhlükəsiz həyatı vacib bir məqam
kimi yenə də bizim gündəliyimizdə qalacaqdır. Ona
görə də biz hesab edirik ki, bütün bunlar həyatımızın
çiçəklənməsinə aparan əsas yollardan
biridir. Davamlı enerji mənbələri 2015-ci ildən sonra
da hamı üçün inkişaf məqsədlərinin
bir hissəsi ola bilər.
Finlandiyanın
keçmiş Prezidenti daha sonra Azərbaycanın BMT-nin insan
kapitalına yüksək qiymət vermək ənənəsinə
sadiq qalaraq gender siyasətini uğurla həyata keçirdiyini
bildirdi. O, işsizliyin və yoxsulluğun aradan
qaldırılması, ətraf mühitin qorunması,
çevik enerji siyasətinin yerinə yetirilməsi, təbii sərvətlərin
şaxələndirilməsi, alternativ enerji mənbələrindən
istifadə olunması sahəsində Azərbaycanda atılan
addımları hamı üçün faydalı nümunə
kimi dəyərləndirdi.
* * *
Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Madrid Klubunun prezidenti, Latviyanın keçmiş dövlət
başçısı Vayra VİKE-FREYBERQA da dünyanı
narahat edən məsələlərin müzakirəsi
üçün bu forumun keçirilməsinə verdiyi dəstəyə
görə Prezident İlham Əliyevə təşəkkür
etdi. Nizami sənətinin fövqəlbəşər
olduğunu deyən Vayra Vike-Freyberqa onun əsərlərinin
insanlığı ədalətə və humanizmə səsləyən
motivlərlə zəngin olduğunu bildirərək dedi:
-
Zati-aliləri hörmətli Prezident Əliyev!
Hörmətli
Azərbaycan hökumətinin üzvləri, merlər,
diplomatik korpusun nümayəndələri, mənim hörmətli
həmkarlarım, keçmiş prezidentlər və
keçmiş baş nazirlər, bir çox ölkələrin
yüksək rütbəli nümayəndələri və
Madrid Klubunun üzvləri!
Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu
arasında qurduğumuz bu sistem, bu əməkdaşlıq
mexanizmi çox məhsuldar işbirliyinin nümunəsidir.
Biz bunu belə qiymətləndiririk. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi bir neçə il öncə
yaradılmışdır. Məqsəd nədən ibarət
idi? Bu böyük şəxsiyyətin əsrlər öncə
yaşayıb-yaratmış ideyalarını bütün
dünyada təşviq etmək. Nizami ədəbiyyat
şedevrləri yaratmışdır. Onun doğma şəhəri
Gəncədə yaratdığı əsərlər Azərbaycan
və bütün dünyanın mədəni irsinin vacib hissəsinə
çevrilmişdir. Hesab edirik ki, bir halda Nizaminin əsərlərini,
onun ideyalarını qəlbimizdə yaşadırıqsa və
əgər onun irsinin davamçılarıyıqsa, biz onun
yaratdıqlarından istifadə edib stereotiplərin aradan
qaldırılmasına çalışmalıyıq.
Nizaminin əsərlərinə, yazdığı şeirlərə
fikir versək, görərik ki, onlar elə indinin özündə
də aktualdır. Biz onu şairlikdən əvvəl məhz
həyat ideyalarının, həyat dəyərlərinin
formalaşmasına çalışan, bu istiqamətdə
işləyən bir mütəfəkkir kimi qəbul etməliyik.
O, bizim mədəniyyətimizin böyük simasıdır, qəhrəmanıdır.
Onun bizim üçün yaratdığı və qoyub getdiyi
irsə böyük hörmətlə yanaşmalıyıq.
Bu
gün dünyanın müxtəlif yerlərində müxtəlif
millətlər, xalqlar arasında dialoq məsələsi
tez-tez səsləndirilir. Bizim Klubumuz bu məqsədlərdən
biri uğrunda mübarizə aparır. Əslində biz 10 il
öncə Madriddə Klubumuzu yaradanda, keçmiş Baş
nazirləri və keçmiş dövlət
başçılarını bir araya gətirəndə
özümüz üçün bir sual verdik ki, biz
demokratiyanı, xüsusən də müstəqilliyini yenicə
qazanmış ölkələrdə bu demokratiyanı
hansı şəkildə gücləndirməliyik? Ona görə
elm adamları da, elm dairələrinin mütəxəssisləri
də o fikri yekdil şəkildə dəstəklədilər
ki, siyasətçilər və alimlər, yüksək vəzifədə
xidmət etmiş şəxslər öz ölkələrində
bir çox islahatları həyata keçirmiş, prezidentlik
səviyyəsinə çatmış insanlar kənarda
qalmalı deyillər, onlar bir araya gəlməlidirlər, həyatlarının
sonuna qədər bu təşkilat çərçivəsində
fikir mübadiləsi aparıb öz təcrübələrini
bölüşməlidirlər. Mən bu gün bu auditoriyaya
baxdıqda görürəm burada elə insanlar əyləşiblər
ki, onlar bəşəriyyətin gələcək inkişaf məqsədlərinə
sadiq olan şəxslərdir. Onlar istəyirlər ki, daha
yaxşı həyat qurulsun, dünya daha təkmil inkişaf
etsin.
Dünyada
stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin
mövcudluğunu nəzərə alaraq bu problemlərin aradan
qaldırılmasında bu cür tədbirlərin son dərəcə
vacib olduğunu deyən xanım Freyberqa II Qlobal Açıq
Cəmiyyətlər Forumunun artıq gözəl ənənəyə
çevrildiyini xatırladaraq bildirdi:
- Bəzi
hallarda görürük ki, bir çox xalqlar, millətlər
bir çox qurbanlar verirlər. Çünki qətlə
yetirilən bu insanlar öz ölkələrinin layiqli vətəndaşlarıdırlar
və onlar yaşamaq hüququndan məhrum olurlar. Baxın, belə
hadisələr XXI əsrdə baş verir. Bu, elə bir əsrdir
və əslində biz böyük ümid bəsləyirdik
ki, 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri qəbul
olunandan sonra belə hadisələr baş verməyəcəkdir.
Lakin stereotiplər, ədalətsizlik, yoxsulluq,
ayrı-seçkilik qalmaqdadır və bu hallar baş verir. Bu
cür hallara biz diqqətli olmalıyıq. Biz öz töhfəmizi
verməliyik ki, bu cür hallar aradan qalxsın. Təbii ki,
saysız-hesabsız konfranslar keçirilir. Mən Prezident
Əliyevə xüsusi təşəkkürümü
bildirirəm ki, Cənubi Qafqazda dayanıqlı inkişafla
bağlı ikinci regional Forumun keçirilməsinə öz
dəstəyini verib və hazır olduğunu bildirib ki, təşkilati
işlər aparıla bilər. Bu, əslində BMT-nin rəhbərliyi
ilə həyata keçirilə biləcək bir tədbir ola
bilər. Biz, həmçinin Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi çərçivəsində bilməliyik ki,
məqsədlərimiz hansı şəkildə və nədən
ibarət ola bilər? Biz öz aramızda razılaşmaları
məhz dialoq vasitəsilə tapmalıyıq. Biz bilməliyik
ki, açıq cəmiyyətlərin qurulması nə deməkdir?
Bu, dünya üçün hansı məna kəsb edir. Son 7
il ərzində məhz Madrid Klubu da sosial layihələr
üzərində işləyibdir və bu irəliləyişin
müxtəlif formalarını özü üçün
müəyyən edibdir. Biz bununla bağlı səhiyyə
sahəsində baş verən dəyişiklikləri də nəzərdən
keçirmişik. Araşdırmışıq ki, görək
nə qədər insan xəstəlikdən əziyyət
çəkir.
Cənab
Prezident İlham Əliyev Azərbaycanda sosial sahəyə
yüksək dərəcədə diqqət yetirildiyini qeyd
etdi. Biz Şimal ilə Cənub arasındakı münasibətləri
təhlil etməliyik ki, görək bu sahədə fərqlər
var, yoxsa yox? Şərq ilə Qərb arasında münasibətlər
necədir? Necə etməliyik ki, bu dialoqdan istifadə edərək
hər iki tərəf arasında əlaqələri daha da
gücləndirək? Hesab edirəm bu forumun məqsədlərindən
biri də o olmalıdır ki, biz yalnız konkret tövsiyələr
irəli sürməklə kifayətlənməyək,
çünki Madrid Klubu çərçivəsində bu
iş görülür. Biz bilirik ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi də bu işdə fəal iştirak edir. Biz
hamımız özümüz üçün müəyyən
etməliyik ki, bu bir neçə gün ərzində bu
tövsiyələrin həyata keçirilməsi
üçün hansı üsulları təklif edə bilərik?
Biz bunu BMT-yə də təqdim edə bilərik. Biz
özümüz üçün müəyyən etməliyik
ki, vətəndaş cəmiyyətlərimizi narahat edən məsələlər
nədən ibarətdir? Biz bu işi davam etdirməliyik. Bu,
çox vacibdir. Biz bütün dünyanı həvəsləndirməliyik
ki, yaxşıya doğru dəyişsin. Belə olan halda biz,
həmçinin bilməliyik ki, hansı istiqamətlər
üzrə gedirik. Ona görə də 2015-ci ildən sonra
müəyyən ediləcək məqsədlərə gəldikdə
biz anlamalıyıq ki, keçmişdə hansı vəziyyətdə
idik, hansı nailiyyətləri əldə etmişik və
indi hansı yeni sahələri müəyyən edə bilərik?
Bu halda bilməliyik ki, yaxşı nəticələr əldə
etmək üçün biz hansı sahələrdə əməkdaşlıq
apara bilərik?
Xanımlar
və cənablar, mən sizə çox məhsuldar fikir
mübadiləsi arzulayıram. Əminəm ki, sizin hər
birinizin iştirakı bizim üçün dəyərlidir.
Biz çox gözəl bilirik ki, sizin zəngin həyat təcrübəniz,
müdrik fikirləriniz vardır.
Mən
sizin təmsil etdiyiniz təşkilatlara hörmətimi bildirirəm.
Biz elə bir ölkədə toplaşmışıq ki,
burada rəy bildirilməlidir. Bu rəyə hörmətlə
yanaşırıq. Bu forumun məhz bu səpkidə keçəcəyinə
əminəm. Mən sizin hamınıza təşəkkürümü
bildirirəm.
Prezident
İlham Əliyevə olduqca minnətdaram. Qonaqpərvərliyinə
və bizim bu ideyalarımıza dəstək verdiyinə
görə Prezidentə "çox sağ ol" deyirəm.
Minnətdaram.
İsmail
SERAGELDIN:
-
Çox sağ olun, xanım Vayra Vike-Freyberqa. İndi isə
biz artıq diskussiyalarımıza başlamaq üzrəyik. Mən
xüsusilə Vayra Vike-Freyberqaya öz minnətdarlığımı
bildirirəm ki, bu müzakirələr məhz Nizaminin Vətənində
keçirilir, onun doğulduğu torpaqda baş tutur. Onun qoyub
getdiyi irs bizi dəyişikliklərə sövq edir, bizi insan
cəmiyyətinin bütün üzvlərinə xidmətə
dəvət edir. Mən çox minnətdaram ki, biz Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə birgə bu
forumu təşkil etmişik.
Xanımlar
və cənablar, forumumuzun müxtəlif sessiyaları
olacaqdır. Bu sessiyalar sizi gözləyir. Biz bütün
imkanları araşdırmalıyıq. Özümüz
üçün müəyyən etməliyik ki, məhz həqiqət
bizim hamımızın öz daxilindədir. Bu, bizi
açıq cəmiyyətlərin inkişaf etdirilməsinə,
qurulmasına həvəsləndirir. Biz bu yolları
araşdırmalıyıq. Biz bu imkanları nəzərdən
keçirməliyik. Belə olan halda biz əmin ola bilərik
ki, mütləq istədiyimiz mənzilə yetişəcəyik.
Hörmətli
cənab Prezident İlham Əliyev, hörmətli xanım
sabiq Prezident Vayra Vike-Freyberqa, hörmətli xanım sabiq
Prezident Tarya Halonen, bir daha çox sağ olun.
Bütün
iştirakçılara "çox sağ olun" deyirik.
Biz sizə bu iştirakınıza, töhfənizə görə
minnətdarlıq.
* * *
Bununla
da forumun əsas plenar iclası başa çatdı.
AzərTAc
Azərbaycan.-2014.- 29 aprel.- S.1;2.