Bakıda təşkil olunacaq birinci Avropa

Oyunlarının təqdimatı keçirilmişdir

 

Aprelin 28-də “JW Marriott Absheron Baku” mehmanxanasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi çərçivəsində 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Avropa Olimpiya Komitəsinin baş katibi Raffaele Paqnozzi birinci Avropa Oyunlarına hazırlıqla bağlı məlumat vermişdir. Qeyd olunmuşdur ki, çoxdan arzulanan bu möhtəşəm yarışa məhz Azərbaycanın ev sahibliyi etməsi sevindirici haldır. Biz Avropa Oyunlarının gələcəkdə də davam etməsini və ənənəvi idman yarışına çevrilməsini arzulayırıq.

Bildirilmişdir ki, birinci Avropa Oyunlarında yarışlarla yanaşı, jurnalistlərin fəaliyyəti üçün yaradılacaq şərait də diqqət mərkəzindədir. Çünki məhz idman müxbirləri maraqların qovuşmasını, dostluq və əməkdaşlığı özündə cəmləşdirir, eləcə də turnirlərlə əhali arasında birbaşa körpü yaradırlar.

Ötən əsrin 90-cı illərindən dünyada idman biznesinin formalaşmağa başladığını diqqətə çatdıran R.Paqnozzi Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, digər irimiqyaslı turnirlərə sərf olunmuş vəsaitdən danışmışdır. Vurğulanmışdır ki, idman jurnalistikası bu sahədə korrupsiya, dopinq və digər mənfi halların qarşısının alınmasında mühüm rol oynayır.

Dini, milli və irqi ayrı-seçkiliyin idmanda yolverilməzliyini diqqətə çatdıran natiq bütün ölkələri Olimpiya hərəkatının dəyərlərinə sadiq olmağa səsləmişdir.

“Bakı-2015”in idman xidmətləri və əməliyyatlar üzrə direktoru Ceyms Makleod çıxışında birinci Avropa Oyunlarında 6 min idmançının 239 dəst medal uğrunda mübarizə aparacağını qeyd etmişdir. “Bakı-2015” ümumilikdə idmanın 19 növü üzrə keçiriləcəkdir. İdmanın 8 növü üzrə 2016-cı ildə Rio de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya veriləcəkdir.

“Bakı-2015”in mətbuat məsələləri üzrə direktoru Ceyn Pers Avropa Oyunlarında 750 jurnalist və fotoqrafın iştirak edəcəyini demişdir. Natiq jurnalistlərin yerləşəcəkləri məkanlarda və yarışların keçiriləcəyi arenalarda hər cür internet xidmətindən yararlana biləcəklərini vurğulamışdır. Bildirilmişdir ki, birinci Avropa Oyunlarında qeydiyyat prosesi bir mərhələdən ibarət olacaq və 2014-cü ilin dekabrından 2015-ci ilin martınadək davam edəcəkdir.

Sonra Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarx nümayiş olunmuşdur.

Sonda gimnastika və sambo üzrə təqdimatlar keçirilmişdir.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.7.