Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının

77-ci konqresi işə başlamışdır

 

Aprelin 28-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi işə başlamışdır.

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konqresə təbrik məktubunu oxumuşdur (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

AİPS–in prezidenti Canni Merlo yüksək təşkilatçılığa görə minnətdarlığını bildirmiş, rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, qurumun 90 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxmışdır. Kitabda AİPS-in fəaliyyət istiqamətləri barədə oxuculara ətraflı məlumat verilmişdir. Üç il əvvəl Azərbaycan ilə əməkdaşlığa başladıqlarını diqqətə çatdıran C.Merlo 2012-ci ildə respublikamızda AİPS tərəfindən Gənc Jurnalistlər Proqramının təşkil edildiyini vurğulamışdır.

Sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomesajla konqres iştirakçılarını təbrik etmişdir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış, konqresin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Nazir vurğulamışdır ki, birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur. Bakıda mövcud idman infrastrukturu və inşa olunan komplekslər dünya standartlarına tam cavab verir. Mövcud turizm imkanlarından danışan Azad Rəhimov Bakının inkişaf etmiş, çoxmədəniyyətli şəhər olduğunu vurğulamış, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin Avropa Olimpiya Komitəsi tərəfindən uğurlu seçim kimi qiymətləndirmişdir.

Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı nailiyyətlərdən bəhs edən nazir milli komandamızın 5 yay və 4 qış Olimpiya Oyunlarında 26 medal qazandığını diqqətə çatdırmışdır.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov konqres iştirakçılarını 90 illik yubiley münasibətilə təbrik etmiş, tədbirin əhəmiyyətindən danışmışdır.

Sonra 2012-ci ildə Azərbaycanda AİPS-in təşkilatçılığı ilə keçirilmiş Gənc Jurnalistlər Proqramından bəhs edən videoçarx nümayiş olunmuşdur.

AİPS-in Bakı konqresi mayın 1-dək davam edəcəkdir.

 

Azərbaycan.-2014.- 29 aprel.- S.7.