Yeni dövr üçün yeni nəsil
yetişdirmək vəzifəsi
Mingəçevirdə keçirilən
zona elmi-praktik
konfransda təhsilin inkişaf
perspektivlərindən danışılmışdır
Böyük qurbanlar bahasına tarixdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycan Respublikası sosial-iqtisadi inkişafın sürətinə görə dünya ölkələri arasında öncül mövqedə qərar tutur. İnkişaf, tərəqqi, yüksəliş dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Bu fərəh doğuran prosesdə milli təhsilin inkişafı istiqamətində qazanılan uğurlar da diqqəti cəlb edir. “Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərdi, fəaliyyətinin istiqamətini müəyyən etdi. Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail oldu. Prezident İlham Əliyev demişdir: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Dövlət başçısının bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.
Böyük amalları hədəf seçən ölkə təhsilinin uğurlarında nur şəhəri kimi şöhrət qazanmış Mingəçevirin özünəməxsus dəst-xətti var. Bu günlərdə respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda zona elmi-praktik konfransın məhz Mingəçevirdə keçirilməsi təsadüfi xarakter daşımırdı. Konfransda Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdaş, Naftalan və Ağdam rayonlarının təhsil şöbələrinin rəhbərləri, qabaqcıl müəllimlər, dərslik müəllifləri, Təhsil Nazirliyinin məsul işçiləri iştirak edirdilər.
Konfransın keçirildiyi Mingəçevir texniki-humanitar liseyi dünyada xeyirxahlıq missiyasının böyük daşıyıcısı kimi şöhrət qazanmış, fəaliyyətinin 10 ili tamam olan Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunmuşdur. Bu müasir təhsil ocağında təlim və tədris yüksək tələblər səviyyəsində aparılır. Konfransdan əvvəl burada keçirilən nümunə dərslər haqqında söylənən rəylər də bu fikri təsdiq edirdi. Nümunə dərslərini Mingəçevir şəhərinin müxtəlif məktəblərindən dəvət olunmuş müəllimlər keçirdilər. Dərslər ayrı-ayrı fənlərdən olmaqla I-VI sinifləri əhatə edirdi. Konfrans iştirakçıları istədikləri nümunə dərslərdə iştirak edir, müəllimin hazırlığı, şagirdlərin fəallığı, bütövlükdə keçirilən dərsin məzmunu, forması haqqında təklif və iradlarını bildirirdilər. Bunlar nümunə dərslər başa çatandan sonra “dəyirmi masa” arxasında müzakirə olundu.
Elmi-praktik konfransda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev qonaqları salamladı, şəhərin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətləri, təhsil sahəsində qazanılan uğurları vurğuladı. Bu uğurlar isə kifayət qədər böyükdür və şəhərin hər bir sakini üçün qürurvericidir. Keçən ilin nəticələri bu baxımdan daha çox diqqət çəkir. Ötən tədris ilində XI sinif məzunlarından 18 nəfəri qızıl medala layiq görülmüş, IX sinif şagirdlərindən 9 nəfəri fərqlənmə şəhadətnaməsi almışdır. XI sinfi bitirib attetstat alanların 80 faizi ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 408 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək respublikanın və bir çox xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunanların 2 nəfəri 700 bal, 32 nəfəri 600-dən yuxarı bal toplayaraq tələbə adı qazanmış, 5 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəblilərin fənn olimpiadasının respublika turunda 20 saylı məktəbin şagirdi Tamaşa Feyziyeva ana dili və ədəbiyyatı fənni üzrə III yeri, 10 saylı məktəbin şagirdi Ülkər Əsgərova isə fizika fənni üzrə IV yeri tutmuşlar.
Bu gün haqqında iftixar hissi ilə söhbət açılan Mingəçevir təhsilinin uğurları şəhər rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin, dövlətə və xalqa şərəflə xidmətin, doğma Azərbaycanın daha işıqlı sabahları üçün hərtərəfli inkişaf etmiş, yüksək intellektual səviyyəyə malik yeni nəsil yetişdirmək naminə müəllimlərin yuxusuz gecələrinin, gərgin zəhmətinin nəticəsidir.
Konfransda Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun çıxışı maraqla dinlənilmişdir. Natiq müzakirə edilən mövzuya uyğun olaraq fənn kurikulumlarının tətbiqinin əhəmiyyətindən konkret faktlar əsasında danışdı. Qeyd etdi ki, dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən yaradıcılıqla istifadə olunmaqla respublikamızda təhsil sistemi müasir dövrün tələblərinə uyğun olaraq bacarıqla təkmilləşdirilir, sistemli şəkildə məzmun və struktur dəyişiklikləri aparılır, insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması üçün zəruri tədbirlər görülür.
Natiq konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, indi ölkəmizdə tələbyönümlü bir təhsil sistemi formalaşmaqdadır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində dönməz xarakterə malik, ardıcıl və sistemli işlərə rəvac verilir. O cümlədən kurikulum islahatları elmi əsasda məqsədyönlü, planlı şəkildə aparılır.
Sahib Məmmədov çıxışında bildirdi ki, ümumtəhsil sistemində ən mühüm mərhələ kurikulum islahatının həyata keçirilməsidir. Kurikulum islahatının tətbiqi məktəblərimizə sözün həqiqi mənasında heç bir zaman müşahidə edilməmiş böyük canlanma gətirmişdir. Bu gün həm müəllimlərin, həm də şagirdlərin fəallığı xeyli artmış, təhsilə yeni yanaşma, yeni münasibət yaranmışdır. Artıq müəllimlər də, şagirdlər də, istəsələr belə, passivlik etməyə nə vaxtları, nə imkanları, nə də həvəsləri olur. Bu gün inamla ucadan deyə bilərik ki, indi məktəblərdə daha işgüzar bir mühit yaranmışdır. Yeni kurikulumlar şagirdlərdə fəal mövqeyi, yaradıcı yanaşma tərzini, müstəqil tədqiqatlar aparmaq, topladığı materialları ümumiləşdirmək, təqdim etmək bacarıqlarının formalaşmasını önə çəkir.
Artıq 6 ildir ki, respublikamızın ümumtəhsil məktəblərində fənn kurikulumları tətbiq edilir. Bu illər Mingəçevir təhsilində kurikulum islahatının həyata keçirilməsi ilə bağlı mühüm hadisələrlə zəngin olmuşdur. Yeni islahatın tətbiqində yüksək nəticələr nümayiş etdirən məktəblərin, ayrı-ayrı müəllimlərin təcrübəsi öyrənilir, yayılır. Milli kurikulum və fənn kurikulumlarının uğurlu tətbiqinə nail olmaq üçün seminarlar, “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunur, müəllimlər kütləvi informasiya vasitələrində vaxtaşırı çıxışlar edirlər. Məktəblərdə müəllimlərin, xüsusilə gənc müəllimlərin təcrübə mübadiləsini təmin etmək üçün açıq dərslər keçirilməsi və onların müzakirəsi pozulmaz ənənəyə çevrilmişdir.
Sahib Məmmədov şagirdlərin intellektual səviyyəsini artırmaq üçün həyata keçirdikləri müxtəlif tədbirləri də diqqətə çatdırdı. Qeyd etdi ki, şagidlərin maraq və ehtiyaclarını nəzərə almaq və istedadlı şagirdləri aşkar etmək üçün sistemli şəkildə bilik yarışları keçirilir. Bu yaxınlarda IV sinif şagirdləri arasında “Breynring” oyunu keçirilmiş, finala 4 komanda vəsiqə qazanmışdır. Yarışda texniki-humanitar lisey 1-ci, 19 saylı tam orta məktəb 2-ci yerə layiq görülmüşdür. Mingəçevir şəhər internat tam orta məktəbi isə 3-cü yerlə kifayətlənməli olmuşdur.
Natiq təhsil islahatı sahəsində qazandıqları uğurlarla yanaşı, diqqəti hələ də mövcud olan nöqsan və çatışmazlıqlara da yönəltdi. Müəllimlərin qeyri-fəal olmasının başlıca problem olduğunu vurğuladı. Müasir tələb belədir ki, dərslik komplekti əsas kimi deyil, vasitə olaraq götürülməli, ondan yaradıcılıqla istifadə olunmalıdır. Təəssüf ki, bir çox müəllimlərimiz bu mühüm şərtə əhəmiyyət vermirlər. Müəllimlərin ümumi hazırlıq səviyyəsində də qüsurlar kifayət qədər çoxdur. Pedaqoji kadrlar hazırlayan ali və orta ixtisas məktəblərinin məhsulu olan gənc müəllimlərin böyük əksəriyyəti ölkənin təhsil sistemində aparılan islahatların mahiyyəti, onun həyata keçirilməsinin mütərəqqi forma və üsulları haqqında çox zəif bilgiyə malikdirlər.
Dərslik müəlliflərinin konfransda iştirak etməsi canlı dialoqa və maraqlı diskussiyaya şərait yaratdı. Ayrı-ayrı fənn müəllimlərinin suallarını ətraflı cavablandıran dərslik müəllifləri konfrans iştirakçılarının səsləndirdikləri çox saylı təklif və iradları səmimiyyətlə qəbul etdilər. Böyük uğur kimi qeyd olunmalıdır ki, VI sinif riyaziyyat dərsliyinin müəllifləri Sevda İsmayılova və Arzu Hüseynova Mingəçevir təhsilində çalışan müəllimlərdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov və Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov konfransda çıxış etdilər. Bu çıxışların əsas qayəsi ölkəmizin sürətlə artan iqtisadi gücünü, daha konkret desək, neft kapitalını intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəltməyi başlıca məqsəd hesab edən respublika Prezidenti İlham Əliyevin milli təhsilin inkişafına yönələn tapşırıq və tövsiyələrini fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra etməyə çağırış idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu yöndə konkret fəaliyyət proqramıdır. Qarşıya qoyulan məqsədin şərəflə reallaşdırılması hər bir təhsil ocağının, hər bir müəllimin, hər bir valideynin öz üzərinə düşən vəzifələri doğma Azərbaycanımızın sabahını düşünərək məsuliyyətlə yerinə yetirməsindən çox asılıdr.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə bu yaxınlarda verdiyi müsahibədə demişdir: “Yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan Dövlət Strategiyasında da əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz hazırda özünün yüksək inkişaf dövrünü yaşayır. Aparılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb. Azərbaycan artıq yeni dövrə - modernləşdirmə dövrünə qədəm qoyub.
Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır”.
Göründüyü kimi, bu taleyüklü vəzifələr artıq uğurla gerçəkləşir.
Lazım
QULİYEV,
Azərbaycan.-2014.- 29 aprel.- S.10.