Durğu işarələrinin
yazıda işlənməsi məqamları haqqında
Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu - başqa cür desək, punktuasiya) daxildir.
Durğu işarələrinin mahiyyəti, vəzifələri, onlardan istifadə məqsədi və işlənmə məqamı, yeri, yazıda mövqeyi barədə doğru-dürüst bilgilər, onları səciyyələndirən normalar hər bir vətəndaşa, savadlı adama yazılı nitq zamanı olduqca vacibdir, zəruridir.
Ümumiyyətlə, özünü ziyalı hesab edən hər bir şəxs yazıda durğu işarələrinin yerli-yerində olmasına əməl etməlidir. Xüsusilə jurnalistlərin, mətbuatda çalışanların, orta və ali məktəb müəllimlərinin birinci dərəcəli vəzifəsi düzgün yazı normalarını qorumaq, nitq mədəniyyəti məsələlərinə önəm verməkdir.
Durğu işarələrini səciyyələndirsək, belə bir ümumiləşdirici fikirlə onu təqdim edərdik ki, durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu olduğunu göstərir.
Hazırda yazımızda işlənən durğu işarələri Azərbaycan dilinin öz daxili qanunlarına əsaslanılmaqla formalaşmış, qanuniləşmişdir.
Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır. Müşahidələrimiz göstərir ki, ümumilikdə yazıda durğu işarələrinin işlənməsinə əksər hallarda əməl olunur. Amma arzu olunmasa da, bəzən durğu işarələrinin cümlədə yerli-yerində olmaması faktlarına da rast gəlinir. Ehtiyac olmadan hardasa vergül, iki nöqtə və ya nida işarəsi qoyulur. Amma, lakin, ancaq bağlayıcıları mürəkkəb cümlədə işlənərkən onlardan əvvəl yox, səhvən sonra vergül yazılır, yaxud başqa köməkçi nitq hissələrinin - modal sözlərin, nidaların, ədatların işlənməsi zamanı səhvlərə yol verilir. Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə saya bilərik. Yeri gəldikcə biz bu vergül işarəsinin yazılı nitqimizdə bütün normativlərə uyğun verilməsi qaydalarından nümunələr gətirəcəyik. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir. İndi vergül işarəsinin müxtəlif üzvlər arasında, fərqli mövqelərdə işlənmə hallarını şərh edək.
Cümlənin həmcins üzvləri arasında vergül. Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir.
Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür. Ehtiyac, aclıq, zülm qoymadı göz açam. Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur.
Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik. Gənclər danışır, gülür, şadyanalıq edirdilər. Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənmişdir (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür).
Ki tabelilik bağlayıcısı işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur. Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır (necə?). Tələbə var ki, kitab əlindən düşmür (necə?); Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur. O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq. Biz ona görə gəlmişik ki, (nə məqsədlə?) sizi xəbərdar edək.
Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır. Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı.
-sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa2 birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur. Əgər yıxılsan, balta çalan çox olar. Hərgah işləmirsənsə, gedə bilərsən.
Mürəkkəb cümlədə sa2, da2, belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur. Məs.: Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər. Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur. Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məs.: Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı. Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.
Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C.Məmmədquluzadə). Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A.Şaiq).
Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur. Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir. Məs.: Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə.Haqverdiyev). Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C.Cabbarlı).
Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur. Məs.: Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik. Payız olduğu halda, aran yerlərdə istiydi.
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur.
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur. Onun mənasını konkretləşdirir. Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır. Məs.: Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər. Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi.
Tabeli və tabesiz mürəkkəb cümlələrdə vergülün işlənməsi. Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur. Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr.
Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır. Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur. Məs.: Qonaq getmək istədi, amma ana buraxmadı. Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı. Nə işıq yanırdı, nə də su gəlirdi. Gah yağış yağırdı, gah da gün çıxırdı.
Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur. Məs.: Yağış yağır, rəqs eləyir gur damcılar. Sel gəldi, çayın suyu bulandı.
Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır. Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məs.: Şairdir, görünür, düz ilqarı var (S.Vurğun). Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M.Araz). Yəqin, (ara söz) sən də getməlisən. Elşən, əsasən, (ara söz) doğru məlumat verdi. Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq. Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.
Əvəzliklərdə vergül. İsim, sifət, say və başqa əsas nitq hissələrinin yerində işlənən sözlərə əvəzlik deyilir. Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur. Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məs.: O, əlbəttə, (modal söz) sənə
inanır. Bu,
təəssüf ki, (modal söz), babamdan qalan son
yadigardır.
Bu, mənim dostumdur. O, çox
çalışır. O, bu əvəzlikləri cümlədə
təyin vəzifəsində işlənərkən
(hansı sualına cavab verir) heç vaxt onlardan sonra
vergül qoymaq olmaz. Məs.: O işi mən
görməliyəm. Bu
tapşırığı düz yazmamışam.
O, bu əvəzlikləri
mübtəda vəzifəsində işlənərkən
özündən sonra feil və köməkçi nitq hissələri
(feli sifət və modal sözlərdən başqa) gələrsə,
vergül qoyulmaz. Məs.: O getdi. Bu həm də tələbədir. O nə
yaxşı oğlandır?! O necə də yaxşı cavab verdi?!
Köməkçi nitq hissələrində vergül
işarəsi.
Bağlayıcılarda vergül. Cümlədə təkrar olunan nə, gah, həm,
ya bağlayıcılarından əvvəl vergül qoyulur.
Cümlənin içərisində olan amma, ancaq, lakin, hətta,
yəni, o cümlədən, həmçinin, habelə,
halbuki, çünki, yoxsa, ona görə ki, eyni zamanda, ondan
ötrü ki bağlayıcılarından əvvəl
vergül qoyulur. Məs.: Göyün
üzünü bulud aldı, amma yağış
yağmadı. Vaxtında gəl, yoxsa içəri
keçə bilməzsən.
Da, də bağlayıcılarından sonra vergül
qoyulur.
Xalqın gözü də, qəlbi də, vicdanı da
sənsən.
Ki bağlayıcısından sonra vergül qoyulur. Məs.:
Katib cavab verdi ki, kağızın Mirzə Səfərdədir.
Əgər, madam, hərgah, indi ki, bir halda ki, hərçənd
ki bağlayıcıları işlənən cümlələrdə
vergül budaq cümlədən sonra qoyulur. Məs.:
Əgər Fərhad olmasaydı, o, burada bir gün də
qalmazdı. Hərçənd vaxtında gəlib
çıxmışdı, ancaq ona ehtiyac olmadı.
Da, də bağlayıcıları cümlədə təkrar
olunmayanda vergül qoyulmur. Gəncə də Azərbaycanın
qədim şəhərlərindəndir. Belə
ki bağlayıcısından sonra vergül qoyulur.
Ədatlarda vergül. Bəli, xeyr, hə ədatları
cümlənin əvvəlində gələndə
özündən sonra, ortada gələndə hər iki tərəfdə,
sonra gələndə özündən əvvəl vergül
qoyulur. Bu ədatlar söz-cümlə kimi
işləndikdə intonasiyadan asılı olaraq onlardan sonra
nöqtə, sual və nida işarəsi qoyulur. Məs.: - Görürəm, bəli, işlərin
yaxşı gedir. Bu, belədir, bəli. -
Xeyr, getmirəm. Hə, eşitmişəm.
Xeyr, gedə bilməyəcəksən. Hə, düz deyirsən (ədat).
- İlqar, sən də getmək istəyirsən?
- Xeyr! (söz-cümlə)
- Hava
soyuqdurmu?
- Bəli
(söz-cümlə).
Ki həm ədat, həm də bağlayıcı kimi
işlənir.
Məs.: başa düşmədiyiniz bir
şey yoxdur ki? (ədat). Ki əgər
ədat vəzifəsindədirsə, ondan sonra vergül
yazılmır. Məs.: Söz ki var,
quş kimidir, buraxarsan uçar (ədat).
Ki
bağlayıcıdırsa, ondan sonra vergül qoyulur: Yarım
saatdan artıq idi ki, Səkinə gözləyirdi
(bağlayıcı). Mən sənə dedim ki, belə
danışma (bağlayıcı).
Yəni sözü də həm bağlayıcı, həm
ədat kimi işlənir. Bu zaman cümlədə
bağlayıcıdan əvvəl vergül yazılır.
Ədatdırsa, heç bir durğu işarəsi
qoyulmur. Məs.: Kənd
ağsaqqalı cavanları, yəni: Mürsəli, Nadiri, Akifi
məsləhət gördü (bağlayıcı). Mən
Vüqarı, yəni qardaşımı gözləyirəm
(bağlayıcı). Bu barədə yəni
heç kəsə bir söz deməmisən? (ədat). Yəni bu çox pis
işdir? (ədat).
Modal sözlərdə durğu işarələri. Modal söz
cümlənin əvvəlində işlənəndə ondan
sonra vergül, ortada gələrsə hər iki tərəfdə,
sonda olarsa ondan əvvəl vergül qoyulur. Sanki, elə bil modal sözlərindən sonra
vergül qoyulmur. Məs.: Sanki
alçaq dağları bu yaradıb. Elə bil
qışın qaranlığında gün çıxdı.
Ara sözlər morfologiyada modal sözlər adlanır. Məs.:
Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib şəhadətnaməni
aldım. Mən, doğrudan da, bu fikirdəyəm
ki, Roma öz qüdrətini göstərmək
üçün Çandranı yaratmışdır
(M.İbrahimov).
Nidalarda durğu işarələri. Nidalarda belə
durğu işarələri işlədilir. Cümlənin əvvəlində, ortasında və
sonunda işlənən nidalarda aşağıdakı halda
durğu işarələri qoyulur. Məs.:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim
(M.Müşfiq). Vah, bu imiş dərsi-üsuli-cədid?!
Yox! Yox! Oğul, məktəbi-üsyandı bu
(M.Ə.Sabir). Burada nidalardan sonra çox
vaxt intonasiyadan asılı olaraq vergül və ya nida işarəsi
qoyulur.
Qorxdum, ay
aman, yarıldı bağrım! (M.Ə.Sabir) Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can! (M.Ə.Sabir) (nida işarəsi cümlənin sonunda
işlənib).
Xüsusiləşmiş üzvlərdə durğu
işarələri. Cümlədə məna və intonasiya cəhətdən
fərqləndirilən üzvlərə xüsusiləşmiş
üzvlər deyilir. Bütün cümlə
üzvləri xüsusiləşə bilir. Lakin tamamlıqlar və zərfliklər daha çox
xüsusiləşir. Tamamlıqlar başqa, qeyri, özgə,
savayı, əlavə, əvəzinə və s.
qoşmaların köməyi ilə xüsusiləşir. Məs.: Quşların səsindən başqa,
bir səs eşidilmirdi. Plandan əlavə, otuz
faiz pambıq nəzərdə tutulub.
Hacıyevin rotası yalnız səhərə yaxın
düşmən mövqeyinə çatdı, çünki
bütün gecəni projektorların işığı
onların irəliləməsinə mane olurdu
(Ə.Əbülhəsən).
Hamı, o cümlədən işə yeni
götürülənlər həkim müayinəsindən
keçməli oldu.
Mən və
yoldaşlarım bir az asudə nəfəs
alırdıq, ona görə ki ev dağın ətəyində,
çayın kənarında idi.
3.
Cümlədə təkrar olunan da, də
bağlayıcılarından sonra (sonuncudan başqa) vergül
qoyulur. Məsələn: Aydanmı, günəşdənmi
yarandın, de nədən sən? Xalqın
gözü də, qəlbi də, vicdanı da sənsən
(S.Vurğun).
5. Əgər,
madam, hərgah, indi ki, bir halda ki, hərçənd, hərçənd
ki bağlayıcıları işlənən cümlələrdə vergül budaq cümlədən
sonra qoyulur. Məsələn: Əgər Fərhad
olmasaydı, o, burada bir gün də qalmazdı. Əgər torpaq anadırsa, zəhmət atadır.
Madam ki, xəfiyyəlik edirsən, göstər
onun evini (İ.Şıxlı). İndi ki getmək
istəyir, mane olmayın. Hərçənd
vaxtında gəlib çıxmışdı, ancaq ona ehtiyac
olmadı.
6. Belə ki
bağlayıcısından sonra vergül qoyulur: İndi
Azadın boş vaxtı yox idi, belə ki, o, gecə
kurslarına da gedirdi.
İki nöqtə, nöqtəli vergülün işlənməsi. Tabesiz mürəkkəb
cümlənin məna əlaqələrindən biri olan
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb
cümlələrin tərkib hissələrindən biri
ümumilik bildirir,
digəri isə onu aydınlaşdırır,
konkretləşdirir. Məs: Ağartıya pul vermirdilər:
inəyin südü ailəni görürdü.
Beləliklə, tərkibində nida olan cümlələr
heç də yalnız nida cümləsi olmur.
Sonda onu da nəzərinizə çatdırmağı
lazım bilirik ki, biz durğu işarələrinin
yazılı nitqdə işlənmə yerləri barədə
yalnız ən zəruri məqamlardan bəhs etməklə
kifayətləndik.
İsmayıl
MƏMMƏDLİ,
Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyasının
üzvü,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2014.-27 aprel.-S.9.