İordaniya Azərbaycanın haqq səsini dəstəkləyir

 

Aprelin 26-da Milli Məclisin Azərbaycan - İordaniya parlamentlərarası işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan İordaniya Senatının Sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-İordaniya əlaqələri müzakirə edilib, iki ölkənin bir-birinə dostluq münasibəti bəslədiyi bəyan olunub.

Azərbaycan - İordaniya parlamentlərarası işçi qrupunun rəhbəri Nəriman Əliyev qeyd edib ki, ölkələrimizdə parlamentlərarası işçi qrupları bir neçə ildir fəaliyyət göstərir. Dövlətlərimizin əlaqələrinin inkişafında işçi qrupunun rolu danılmazdır: "Bu görüş hər iki ölkə üçün əhəmiyyətlidir. Xüsusən də dövlət başçılarının və parlament sədrlərinin ayrı-ayrı vaxtlarda baş tutan görüşləri dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri məhz İordaniyadır".

N.Əliyev təəssüf hissi ilə deyib ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr zəifdir. Onun sözlərinə görə, müəyyən biznes forumlarının təşkili, hər iki ölkənin adamlarının birgə əməkdaşlığı iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından çox vacib amillərdir. Bunları həyata keçirmək üçün hər iki ölkənin böyük potensialı var.

İordaniya Senatının Sədri Abdur-Rauf Ravabdeh isə vurğulayıb ki, qarşılıqlı görüşlərin keçirilməsi xalqlar arasındakı əlaqənin inkişafına öz töhfəsini verəcək: "Doğrudur, iqtisadi əlaqələrimiz zəifdir. Amma İordaniyanın bütün qapıları Azərbaycanın üzünə açıqdır. İstənilən sahəyə investisiya qoya bilərsiniz. Bizbunu arzu edirik. Digər tərəfdən, iki ölkənin oxşar cəhətləri var. Neft istehsalı ilə yanaşı, ərazi və əhali göstəricilərimiz təxminən eynilik təşkil edir". Senatın Sədri qeyd edib ki, İordaniya Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqq səsini dəstəkləyir və problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

Abdur-Rauf Ravabdeh sonda vurğulayıb ki, biz Azərbaycanla dost ölkə olduğumuza görə fəxr edirik.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2014.-27 aprel.-S.3.