Bakıda kitabxanaçıların ümumrespublika müşavirəsi

 

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icra müddətinin başa çatması münasibətilə aprelin 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkə kitabxanaçılarının ümumrespublika müşavirəsi işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.

Milli Kitabxanada davam etdirilən tədbirdə "Azərbaycan gerçəkliyi və kitabxanalar: yekunlar-gələcəyə baxış" mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dövlət Proqramının icrası zamanı əldə edilmiş nəticələrdən, kitabxana sisteminin günün tələbləri səviyyəsində qurulması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açmışdır.

Bildirilmişdir ki, kitabxana şəbəkəsi bu gün Azərbaycanın hər rayonunda, kəndində mövcuddur. Əfsuslar olsun ki, yerlərdə kitabxanaların vəziyyəti heç də istədiyimiz səviyyədə deyil. Azərbaycan dövlətinin məqsədi bu şəbəkənin insanların tələbatına cavab verən formatda fəaliyyətinin təmin olunmasıdır. Ona görə də 2006-cı ildən - Mədəniyyət və Turizm Nazirliyi yarandığı dövrdən dövlət başçısının tapşırığı ilə yerlərdə kitabxana şəbəkəsinin təkmilləşdirilməsinə dair xüsusi planın hazırlanması başlanıldı. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq olundu. Bu sənəd kitabxana işini tamamilə yeni səviyyəyə qaldırmağa imkan yaratdı. Proqram 2013-cü ildə başa çatdı. Kitabxanaların qarşısında qoyulan müasir tələblər belə bir ümumi nəticəyə gəlməyə əsas verir ki, bu sahəyə dair növbəti uzunmüddətli növbəti proqramın hazırlanmasına ehtiyac vardır.

Kitabxanaları daha səmərəli fəaliyyət göstərməyə çağıran Ə.Qarayev vurğulamışdır ki, yerlərdəki insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə labüdlüyünü itirəcəkdir. Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır.

Nazir qeyd etmişdir ki, bu gün kitabxanalar yeni formatda fəaliyyət göstərməli və insanların tələbatlarına cavab verməlidir. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər. Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, bir neçə il əvvəl mən Böyük Britaniyada olarkən Mançester Kitabxana şəbəkəsinin rəhbəri ilə görüşdüm. O məlumat verdi ki, Böyük Britaniyada kitabxanalar daha çox xüsusiləşdirilmiş proqramlar əsasında çalışırlar. Biz də yerlərdə insanların tələbatına cavab vermək üçün kitabxana şəbəkəsini yaratmağa başlamışıq. Onun bir qolu da kitabxana-turizm informasiya mərkəzidir. Turizmin inkişaf etdiyi rayonda bu sahə ilə bağlı ədəbiyyatlar da olmalıdır.  Bir sözlə, kitabxanaçı oturub gözləməməlidir ki, kimsə gəlib kitab oxuyacaq. Kitabxanalar özləri şagirdlərin, tələbələrin, mütəxəssislərin və s. "yanına" getməlidir. Hesab edirəm ki, bu müşavirədə müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların üslublarının təkmilləşdirilməsinə təkan verəcəkdir.

Azərbaycanda kitabxana işinin yüksək səviyyədə qurulduğunu söyləyən Rusiya Milli Kitabxanasının baş direktoru Anton Lixomanov demişdir ki, bu sahənin daha müasir tələblər səviyyəsində qurulması naminə birgə səmərəli fəaliyyət göstərməliyik.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli bildirilmişdir ki, ötən dövrdə Dövlət Proqramının icrası nəticəsində ölkəmizin kitabxana-informasiya şəbəkəsində mühüm addımlar atılmış, islahatlar aparılmış, sahənin gələcəkdə sürətli inkişafına təminat verən əsaslar yaradılmışdır.

Tədbir çərçivəsində "Kənd Kitabxana-İnformasiya Mərkəzi" pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan "ALİSA" proqramının təqdimatı olmuşdur.

Müşavirə işini seksiyalar üzrə iclaslarla davam etdirmişdir.

 

Azərbaycan.-2014.- 30 aprel.- S.7.