İkinci Qlobal Açıq Cəmiyyətlər
Forumu işini sessiyalarla davam etdirmişdir
Aprelin
28-də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər
Forumu açılış mərasimindən sonra işini
sessiyalarla davam etdirmişdir.
AzərTAc xəbər verir ki, "Sosial sütunlar. Açıq
cəmiyyətin əsasları" mövzusunda keçirilən
birinci sessiyada "Arxanda heç kimsəni buraxma: yeni
davamlı inkişaf məqsədlərində sosial
inteqrasiyanın vacibliyi" məsələsi müzakirə
olunmuşdur.
Sessiyanın
moderatoru olan Açıq Cəmiyyət Layihəsinin məzmun
və siyasət əlaqələndiricisi Klem Makkartni foruma
yüksək səviyyədə ev sahibliyi
edən Azərbaycana təşəkkürünü
bildirmişdir. O vurğulamışdır ki, mükəmməl
cəmiyyətin üzləşdiyi problemlərin aradan
qaldırılmasında əsaslı iqtisadiyyatın
yaradılması və bu məsələdə bütün
ölkələrin resurslarının səfərbər
olunması, əhalinin bütün qrupları və təbəqələri
üçün bərabər imkanların təmin edilməsi
zəruridir.
Şri-Lankanın sabiq Prezidenti (1994-2005), Madrid Klubunun
üzvü Çandrika Bandaranaike Kumaratunga açıq cəmiyyət
üçün dövlətin yürütdüyü siyasətin
inkluziv xarakter daşımasının vacibliyini
vurğulamışdır. Bildirilmişdir ki,
dövlət əhalinin bütün qruplarının cəmiyyətin
həyatında fəal rol oynamalarına, onların qərar qəbulunda
iştirakına şərait yaratmalıdır. Buna görə də əhalinin müxtəlif
qruplarının cəmiyyətdən təcrid olunmasına
imkan verilməməlidir. Bu məsələdə
şəffaf və səmərəli idarəçiliyin
mühüm rol oynadığını diqqətə
çatdıran sabiq Prezident açıq cəmiyyətlərin
Minilliyin İnkişaf Məqsədlərinə daxil edilməsinin
əhəmiyyətini vurğulamışdır.
Albaniyanın sabiq Prezidenti (1997-2002), Madrid Klubunun
üzvü Recep Meidani çıxışında
açıq cəmiyyətlər üçün birgə əməkdaşlığın
vacibliyindən danışmışdır. Əgər
bir yerdə işləməsək cəmiyyətdə təcridolunma
baş verə bilər. Millətçi
çıxışlarla vəziyyətdən çıxmaq
mümkün deyildir. Biz ziddiyyətləri
aradan qaldırmaq üçün bir yerdə işləməli,
qarşılıqlı anlaşma içərisində
olmalı, aramızda sıx əməkdaşlıq
qurmalıyıq. Düzgün idarəçilik
bu prosesdə çox böyük əhəmiyyət
daşıyır. Əgər liderlər
bu istiqamətdə səy göstərsələr, onda
bütün dünya əhalisi özünü bəlalardan
qurtulmuş hesab edə bilər.
Belçikanın sabiq Baş naziri (2009-2011), Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü İvs Leterme
demişdir ki, hər bir cəmiyyətdə qəbul
edilmiş qərarların düzgün icra olunması və
bütün təbəqələri əhatə etməsi
ciddi nəzarətdə saxlanılmalıdır. Belə ki, əhalinin
bütün təbəqələrinin təhsil, səhiyyə
və digər imkanlarla bərabər səviyyədə əhatə
olunması çox vacib məsələdir. Çünki açıq cəmiyyətdə
davamlı inkişafın və sosial rifahın bütün əhali
arasında bərabər bölünməsi çox önəmlidir.
Bu, açıq cəmiyyətin əsasını təşkil
edən prinsiplərdən biridir, - deyən Y.Leterme bu istiqamətdə
əhalinin bütün təbəqələrinin təmsil
olunduğu müzakirələrin aparılmasının,
qurumların yaradılmasının vacibliyini diqqətə
çatdırmışdır.
Forumda
növbəti belə tədbirlər üçün vacib
olacaq mühüm fikirlərin səsləndirildiyini
vurğulayan Dünya Bankının sosial inkişaf şöbəsinin
sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das sosial
inkluzivliyə nail olmaq üçün belə tədbirlərin
intensiv keçirilməsinin zəruriliyini qeyd etmişdir. O
bildirmişdir ki, açıq cəmiyyətlər
üçün qarşılıqlı hörmət
çox vacibdir. Qarşılıqlı hörmətə
etinasızlıq cəmiyyətin əsas
sütunlarının tənəzzülü deməkdir.
Buna görə də əvvəlcə insanlarda
qarşılıqlı hörmət, ləyaqət hisslərini
inkişaf etdirmək lazımdır.
Cəmiyyətdə sosial ahəngdarlığın,
siyasi sabitliyin, iqtisadi inkişafın əsasında təhsilin
dayandığını vurğulayan Azərbaycanın təhsil
naziri Mikayıl Cabbarov bu baxımdan
düşünülmüş qərarların qəbul edilməsinin
mühüm rol oynadığını demişdir. Nazir
açıq cəmiyyətlərdə hər bir fərdin
öz məsuliyyətini dərk etməsinin vacibliyini diqqətə
çatdırmışdır.
Son illərdə ölkəmizdə təhsilin
inkişafına göstərilən yüksək dövlət
qayğısından danışan nazir Azərbaycanda orta məktəb
binalarının 60 faizinin yenidən qurulduğunu
bildirmişdir.
Azərbaycan dövləti hesab edir ki, mədəniyyətlər
arasında sülh və anlaşma müxtəlif icmaların
qarşılıqlı münasibətlərindən
asılıdır. Bu məsələdə
təhsil çox mühüm rol oynayır.
Azərbaycanın sürətli iqtisadi inkişafından
söz açan Mikayıl Cabbarov bu yüksəlişin əsasında
ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində
müəyyənləşdirdiyi düzgün və
uzaqgörən siyasətin durduğunu bildirmişdir. Məhz bu
siyasətin uğurla həyata keçirilməsinin nəticəsində
Azərbaycanda dayanıqlı inkişaf baş vermişdir.
Çıxışlardan sonra mövzu ətrafında
müzakirələr aparılmışdır.
Müzakirələrdə
daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və
digər sosial xidmətlər üçün bərabər
imkanların yaradılması, xüsusilə qadınlar, milli
azlıqlar, gənclər və digər marjinal qruplar
üçün nəzərdə tutulmuş davamlı
inkişaf və sosial inteqrasiyanın əsas hədəflərindən
söhbət açılmışdır.
Sonra forumun "Qlobal sərhədləri təqdir edərək
sosial inteqrasiya dayanıqlı iqtisadi artımın
aparıcı qüvvəsi kimi" mövzusunda ikinci
sessiyası keçirilmişdir.
"Friedrich-Ebert-Stiftung"
Fondunun İsrail filialının icraçı direktoru Verner
Pusçranın moderatorluğu ilə keçən sessiyada
İsrailin sabiq Baş naziri Ehud Barak, Finlandiyanın sabiq
prezidenti Tarya Halonen, Botsvananın sabiq Prezidenti Festus Moqae,
Moldovanın sabiq Prezidenti Petru Luçinski, Beynəlxalq
Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr
Likhotal, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin
müavini Sevinc Həsənova çıxış etmişlər.
İsrailin sabiq Baş naziri Ehud Barak bildirmişdir ki,
sessiyada müzakirə olunan mövzular dünya ictimaiyyətinin
gələcək inkişafına yönəlmişdir. Sessiyanın məqsədi
davamlı iqtisadi artıma nail olmaq üçün sosial inteqrasiyanın
nə dərəcədə əhəmiyyətli olduğunu və
əldə edilən uğurların da öz növbəsində
inteqrasiya, təbii sərvətlər və qlobal sərhədlərdən
nə dərəcədə asılı olduğunu daha dərindən
dərk etməkdir.
Finlandiyanın
sabiq Prezidenti Tarya Halonen vurğulamışdır ki, ölkələrdə
sosial tərəqqiyə nail olmaq iqtisadiyyatın
inkişafına da öz təsirini göstərir. Bunun üçün xüsusilə təhsil və
səhiyyənin inkişafı diqqət mərkəzində
olmalıdır. Qlobal cəmiyyətdə
insan kapitalının inkişafı ən aktual məsələlərdəndir.
Cəmiyyətlərdə qadınların və
gənclərin fəaliyyətinin genişləndirilməsi,
onların işlə təmin olunması da çox vacibdir.
Bəzi ölkələrdə qadınların
bilikli olmasına çox önəm verirlir. Lakin onların gücündən istifadə kifayət
qədər deyildir. Yalnız insan
kapitalının potensialından istifadə edilməsi gələcək
nəsillərin həyatını daha da asanlaşdıra və
daha inkişaf etmiş cəmiyyətdə yaşamalarına
şərait yarada bilər.
Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin
prezidenti Alexandr Likhotal vurğulamışdır ki, dünyada
sağlam cəmiyyətin formalaşdırılması
üçün ekoloji amillərə diqqət
artırılmalıdır. Təbii resurslardan
düzgün istifadə, onların mühafizə edilməsi əsas
məqsədlərdən biri olmalıdır. Təmiz
texnologiyalar və yaşıl enerjinin vəhdəti daha
çox işlə təmin etməyə və beləliklə
də, daxili iqtisadi artımı daha da gücləndirməyə xidmət edə bilər.
Botsvananın sabiq Prezidenti Festus Moqae ölkələr
arasında ədavətin yaranmasının dünya
iqtisadiyyatına vurduğu ziyanı qeyd etmişdir. Bildirilmişdir
ki, birgə səylərlə elə bir dünya
formalaşdırılmalıdır ki, insanlar sülh şəraitində
yaşasınlar, onların rifah halı yüksək olsun.
Bütün bunlara nail olmaq üçün siyasətçilər,
ziyalılar çox iş görə bilərlər. Məqsəd gələcək nəsillərə
daha gözəl bir dünya miras qoymaqdır.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova
bildirmişdir ki, Azərbaycan hazırda sürətlə
inkişaf edən ölkələr sırasındadır. Son 10 ildə ölkə
çox böyük iqtisadi artıma nail olmuşdur. Yoxsulluğun səviyyəsi xeyli aşağı
düşmüş, orta aylıq əməkhaqqı yüksəlmiş,
sosial müavinətlərin məbləği artmışdır
ki, bu da sosial rifah halının əsas göstəricilərindəndir.
Görülən tədbirlər nəticəsində
işsizliyin səviyyəsi xeyli aşağı
düşmüşdür. Maliyyə
böhranının təsirlərindən müdafiə
olunmaq məqsədilə həyata keçirilmiş iqtisadi
islahatların nəticəsi kimi sosial standart göstəriciləri
artmışdır. Nazir müavini qeyd etmişdir ki, respublikada əmək
pensiyalarının baza hissəsi pensiyaçılar
üçün yaşayış minimumunun məbləğini
neçə ildir üstələyir və bu göstəricilər
arasında fərq ilbəil artmaqdadır. Artıq
Azərbaycan dayanıqlı iqtisadi artıma qədəm
qoymuşdur. Ölkəmizin sürətli
və ardıcıl inkişafına təkan verən
bütün bu tədbirlər böyük uzaqgörənliklə
hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin
nəticələridir.
Tədbirdə digər çıxış edənlər
sosial tərəqqinin təmin edilməsi sahəsində təmsil
etdikləri ölkələrin qazandığı təcrübədən
bəhs etmişlər.
Sessiyada ərzaq təhlükəsizliyi, ekoloji problemlərin
həlli, insan kapitalının inkişafı, miqrasiya problemləri,
əhalinin su təminatı və digər aktual məsələlər
müzakirə edilmiş, iştirakçıları
maraqlandıran suallar cavablandırılmışdır.
II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində
keçirilən üçüncü sessiya
"Açıq cəmiyyətlər mürəkkəb vəziyyətlərdə
münaqişələrin həlli kimi" mövzusuna həsr
olunmuşdur.
Sessiyada qeyd olunmuşdur ki, münaqişələrə
yol verməməklə açıq cəmiyyətlər
insanların ümumi rifahına xidmət edən əlverişli
mühit yarada bilər. Sessiya iştirakçıları hesab
edirlər ki, sülh, stabillik, ədalət və
tolerantlıq iqtisadi inkişaf və çiçəklənmə
üçün ən yaxşı təminatdır. Məruzəçilər
sosial inteqrasiya və açıqlığın mövcud
problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsiplərini qeyd
etmişlər.
Türkiyənin
keçmiş xarici işlər naziri Hikmət Çətin
demişdir ki, təhlükəsizlik və sabitlik olmadan
dayanıqlı insani və iqtisadi artıma nail olmaq çox
çətindir. Münaqişələrdən
danışarkən o bildirmişdir ki, ilk növbədə,
Dağlıq Qarabağ münaqişəsindən başlamaq
lazımdır. H.Çətin demişdir:
"Dağlıq Qarabağ münaqişəsi regionda
sülhə əsas maneə olaraq qalır. Qarabağ
münaqişəsi sovet dövrünün mirasıdır.
Dünyanın bu hissəsində ən uzun
sürən münaqişələrdən biridir".
Hikmət Çətin vurğulamışdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, hətta onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuşdur. Münaqişənin həlli üçün ilk addım olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusu çıxarılmalıdır. Bu, sülh və sabitlik üçün müsbət addım olardı. Vəziyyət daim belə davam edə bilməz. Ermənistan düşünsün, onlar indiyədək nəyi itirmişlər və bu münaqişə həll edildikdən sonra nə əldə edə bilərlər. Ermənistan iqtisadi cəhətdən acınacaqlı vəziyyətdədir.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin terrorizm, ksenofobiya, insanların dözümsüzlüyü hallarının münaqişələrə gətirib çıxardığını demişdir. O, ərəb ölkələrində baş verən çaxnaşmalarda bir sıra qrupların sülhü qoruyub saxlamağa çalışdığını bildirmişdir. Lakin sabitliyi tam bərpa etmək üçün bütün cəmiyyət buna səy göstərməlidir. Sülh üçün milli barış lazımdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan danışmışdır. O qeyd etmişdir ki, bu münaqişə Cənubi Qafqazda ən təhlükəli münaqişələrdən biridir. Regionda sabitlik əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir. Araz Əzimov danışıqlar prosesində ATƏT-in roluna toxunaraq demişdir ki, bu təşkilat münaqişələrin həllində daha mütərəqqi mexanizmlər hazırlamalıdır.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku münaqişələrin həllində etnik və dini icmaların iştirakı məsələsinə toxunmuşdur. O qeyd etmişdir ki, münaqişələr bu icmalar arasında dialoq qurmaqla aradan qaldırıla bilər. Rumıniyanın sabiq Prezidenti vurğulamışdır ki, icmalar arasında dialoq, ümumiyyətlə, münaqişələrin yaranmasının da qarşısını ala bilər. Cəmiyyətin təhlükəsizlik modelinin əsasında qarşılıqlı hörmət, tolerantlıq dayanır.
Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd etmişdir ki, hazırda dünyada ərazi bütövlüyü əsasında bir çox münaqişələr mövcuddur. O demişdir ki, belə münaqişələrin səbəbləri siyasi maraqlar və tarixi hadisələrlə bağlı olur. Boris Tadiç Serbiyanın keçdiyi müharibələrdən danışmışdır. O bildirmişdir ki, hər bir münaqişə özlüyündə nadirdir və düşünülmüş yanaşma tələb edir. Siyasi gərginliyə yol verməmək üçün bütün aspektlər nəzərə alınmalıdır.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa bildirmişdir ki, hazırda dünya qarşısında duran əsas məsələ 2015-ci ildən sonra insanlığın daha nə ilə üzləşəcəyini əvvəlcədən proqnozlaşdırmağa çalışmaqdır. İqtisadi yüksəlişin əsasında cəmiyyətdə insanların təhlükəsizliyinin artırılması durur. Yalnız belə olduqda insanlarda yaradıcılığa meyil yüksəlir, biznes üçün əlverişli şərait yaranır.
Sessiya iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə başa çatmışdır.
Azərbaycan.-2014.- 30 aprel.- S.3.