İkinci Qlobal
Açıq Cəmiyyətlər Forumunun
yekunları
ilə bağlı mətbuat
konfransı keçirilmişdir
Aprelin
29-da II Qlobal Açıq Cəmiyyətlər Forumunun
yekunları ilə bağlı mətbuat konfransı
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa
bu nüfuzlu Forumun belə yüksək səviyyədə təşkilinin
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində
mümkün olduğunu bildirmişdir. O,
vurğulamışdır ki, əvvəlki illə müqayisədə
builki Forumda müzakirə edilən mövzular daha əhatəli
olmuş, daha böyük nailiyyətlər əldə
edilmişdir. Sabiq Prezident qeyd etmişdir ki, iki gün davam edən
tədbir çərçivəsində müzakirələr
zamanı iştirakçıların diqqəti həllini
gözləyən bir sıra problemlərə yönəldilmişdir.
Bunlardan biri də dondurulmuş münaqişələrdir ki,
bu sıraya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi də daxildir. Müxtəlif mövzulara həsr
edilmiş sessiyalar zamanı bəşəriyyəti narahat edən
problemlərin həlli yollarının tapılması məsələsi
araşdırılmışdır. Nəticə budur ki, beynəlxalq
təşkilatlar, xüsusilə Birləşmiş Millətlər
Təşkilatı bu problemlərin həlli istiqamətində
daha fəal olmalı və bütün imkanlarını səfərbər
etməlidirlər.
Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
idarə heyətinin üzvü Nazim İbrahimov qeyd
etmişdir ki, artıq Azərbaycan qlobal məsələlərin
müzakirə olunduğu bir mərkəzə
çevrilmişdir. Bu, bizim ölkəmizin inkişafından,
dünya dövlətləri arasındakı nüfuzundan xəbər
verir. Komitə sədri bildirmişdir ki, Azərbaycan hər il
bu cür tədbirlərə ev sahibliyi etməyə
hazırdır. N.İbrahimov məlumat vermişdir ki, cari ilin
oktyabrında Gəncədə Nizami irsinin öyrənilməsinə
həsr olunan beynəlxalq konfransın keçirilməsi
planlaşdırılır.
Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri,
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru
İsmail Serageldin Forumda çox vacib məsələlərin
müzakirə olunduğunu, iki gündə faydalı fikir
mübadiləsinin aparıldığını diqqətə
çatdırmışdır. O, tədbirin yüksək səviyyədə
təşkilinə görə təşkilatçılara
minnətdarlığını bildirmişdir.
Sonda
jurnalistlərin sualları cavablandırılmışdır.
Azərbaycan.-2014.- 30 aprel.- S.3.