Azərbaycan-Finlandiya parlamentlərarası
əlaqələri
müzakirə olunmuşdur
Azərbaycan
Respublikasının İsveç Krallığındakı səfiri
Adış Məmmədov eyni zamanda Finlandiya Respublikasında
səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini
bu ölkənin Prezidenti Sauli Niinistöyə təqdim etdikdən
sonra Finlandiya parlamentinin sədri Eero Heynyaluoma ilə
görüşmüşdür.
Səfirlikdən
AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Finlandiya
parlamentlərarası əlaqələri müzakirə
olunmuş, ölkəmizin Avropaya inteqrasiyası ilə
bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan
cəmiyyətinin tolerant bir cəmiyyət olduğunu bildirən
səfir ölkəmizdə milli və dini
ayrı-seçkiliyə yol verilmədiyini və Azərbaycan
parlamentinin də milli və dini fərqlilik baxımından rəngarəng
olduğunu diqqətə çatdırmışdır.
Müstəqilliyini
bərpa etdiyi vaxtdan ötən 22 il müddətində Azərbaycanda
insan hüquqlarının qorunması və vətəndaş
cəmiyyətinin formalaşdırılması istiqamətində
çox böyük işlərin
görüldüyünü, bu istiqamətdə Milli Məclisdə
mühüm qanun və qərarların qəbul olunduğunu
qeyd edən səfir Azərbaycanın demokratik dövlət
quruculuğu istiqamətində böyük yol qət etdiyini
vurğulamışdır.
Səfir
Finlandiya parlamentinin sədrinə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı da məlumat vermişdir. Ermənistan hərbi birləşmələrinin
Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və bu
işğal nəticəsində bir milyondan artıq azərbaycanlının
doğma yurd-yuvalarından didərgin
düşdüyünü qeyd edən A.Məmmədov beynəlxalq
hüququn norma və prinsiplərinin hakim olduğu bir zamanda
Ermənistanın həyata keçirdiyi
işğalçılıq siyasətinə və erməni
vandalizminə dünya birliyinin göz yummasının yolverilməz
olduğunu bildirmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq
təşkilatlardan və demokratik dəyərlərə qiymət
verən dünya dövlətlərindən beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq ərazi
bütövlüyünün təmin olunmasında dəstək
gözlədiyini bildirən səfir A.Məmmədov Finlandiya
parlamentində də bu məsələlərə diqqət
ayrılmasını xahiş etmişdir.
Eero
Heynyaluoma Finlandiya və Azərbaycan parlamentləri arasında
əlaqələrin yüksək səviyyədə
olduğunu vurğulamış və parlamentlərin nümayəndə
heyətlərinin görüşündə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı fikir
mübadiləsinin aparıldığını qeyd
etmişdir. O, Azərbaycan–Avropa əlaqələrinin daha da
inkişaf etdirilməsi naminə hər iki ölkənin
parlamentlərinin bu istiqamətdəki fəaliyyətinin əhəmiyyətindən
danışaraq, ölkələr arasındakı əməkdaşlığın
gələcəkdə də yüksək səviyyədə
inkişaf edəcəyindən əminliyini bildirmişdir.
Azərbaycan.-2014.- 30 aprel.- S.5.