Azərbaycanda İKT-nin
inkişafına həsr olunmuş videokonfrans keçirilib
ABŞ-Azərbaycan Ticarət Palatasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda videokonfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, konfrans zamanı ABŞ-ın “Microsoft” şirkətinin İnnovasiya Mərkəzi ilə “Skype” üzərindən bağlantı yaradılıb.
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı və həyata keçirilən layihələr” mövzusuna həsr olunmuş videokonfransda nazir müavini Elmir Vəlizadə bu istiqamətdə görülən işlərdən danışıb. Nazir müavini Azərbaycan hökumətinin informasiya-kommunikasiya texnologiyalarını (İKT) prioritet sahə elan etdiyini xatırladaraq bildirib ki, sektorun daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir.
Ölkədə əlverişli biznes mühitinin formalaşdırıldığını, xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradıldığını vurğulayan E.Vəlizadə Azərbaycanın İKT sahəsi üzrə böyük potensialının olduğunu diqqətə çatdırıb. Konfrans iştirakçılarına, həmçinin həyata keçirilən regional layihələr, Azərbaycanın bununla bağlı təşəbbüsləri barədə məlumat verilib.
Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, “Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin işçi qrupunun rəhbəri Zaur Həsənov və digər çıxış edənlər informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən danışıblar.
Telekonfransda ABŞ-ın
tanınmış iş adamları, ABŞ-Azərbaycan
Ticarət Palatasının rəsmiləri, “Microsoft”
şirkətinin nümayəndələri iştirak
ediblər.
Azərbaycan. - 2014.- 1 avqust.- S. 3.