Ətraf mühitin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib

 

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Eko-parkda ətraf mühitin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirib.

Ombudsman Aparatından AzərTAc-a bildirilib ki, "Məktəb bağları" adlı tədbir uşaqlarda ekoloji tərbiyə və mədəniyyətin formalaşmasına, onların davamlı ekoloji tədqiqat prosesinə cəlb olunmasına, sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsinə, ekoloji vəzifələr və məsuliyyətin təbliğinə yönəlib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ombudsman Aparatının əməkdaşları, Ekologiya İdarəsinin gənc mütəxəssisləri, Bakıda fəaliyyət göstərən orta məktəblərin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, əsas məqsəd ictimaiyyətin diqqətini məktəblərdə həyətyanı sahələrin abadlaşdırılması və "Məktəb bağları"nın yaradılması zəruriliyinə cəlb etməkdir. Eyni zamanda, uşaqların iştirakı ilə ekoloji hüquq və ətraf mühitin mühafizəsinə dair reallaşmış layihələr haqqında təqdimatlar olub. Ekoloji problemlərin məhz uşaqlar tərəfindən araşdırılması və təhlil edilməsi yüksək qiymətləndirilib, bu cür layihələrin gənc nəslin ekoloji davranışının formalaşmasına yönəldiyi qeyd edilib.

Tədbirdə AUGSŞ-nin üzvlərinin təşkil etdikləri "Məktəb bağları" adlı rəsm və foto sərgisi də nümayiş etdirilib.

 

Azərbaycan. - 2014.- 1 avqust.- S. 5.