Polşada “Ölkələrarası körpülərin qurulması” layihəsi çərçivəsində seminar keçirilib

 

 

İyulun 30-31-də Polşanın Poronin qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq Avropa Təhsil və İnkişaf Fondunun təşkilatçılığı ilə “Ölkələrarası körpülərin qurulması” layihəsi çərçivəsində seminar keçirilib.

Şuradan AzərTAc-a bildiriblər ki, layihənin məqsədi Avropada yaşayan müxtəlif xalqları təmsil edən, gələcəkdə yaşadıqları ölkələrin idarəçiləri olacaq gəncləri bir araya gətirərək mədəniyyətlərarası dialoqun qurulmasını, onlar arasında əlaqələrin gücləndirilməsini, qarşılıqlı fikir və təcrübə mübadiləsini təmin etməkdir.

Seminarda Azərbaycan da daxil olmaqla Avropanın 8 ölkəsindən 60-a yaxın nüfuzlu ali məktəblərdə təhsil alan tələbələr, müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Seminarda çıxış edən Avropa Təhsil və İnkişaf Fondunun rəhbəri Tomaş Pjicodjen bu cür tədbirlərin gənclər üçün fərqli mədəniyyətləri öyrənmək və milli dəyərlərin digərləri ilə bölüşmək üçün gözəl imkan olduğunu deyib. İki gün davam edən seminarda gənclər müxtəlif irq və millətlərin dilləri, milli adət-ənənələri, mədəni zənginlikləri ilə tanış olublar.

Tomaş Pjiçodjen Azərbaycan Respublikasının xarici QHT-lərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirərək şuranın fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qurduğunu vurğulayıb. QHT sədri keçirilən seminarın gənclər arasında əməkdaşlıq münasibətlərinin inkişafına, bir-birlərinin imkanlarından yararlanmasına, bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini vurğulayıb.

Seminarın sonunda mədəniyyət axşamı təşkil edilib və hər bir ölkənin nümayəndələri təqdimat keçiriblər. Toplantıda ölkəmizə həsr edilən videoçarx nümayiş etdirilib, milli süfrə açılıb və gənclərə Azərbaycana aid suvenirlər təqdim olunub.

 

Azərbaycan. - 2014.- 1 avqust.- S. 5.