Cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır

 

İşğalçı Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə üç gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaqdır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Qeyd edək ki, bəzi erməni mənbələrində Ermənistan ordusunun itkiləri barədə məlumat yayılıb. Ermənilərin son döyüşlərdə 50-dən çox itki verdiyixeyli sayda yaralının olduğu bildirilir.

*  *  *

Döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim edilmələri üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən müvafiq göstəriş verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu onların müalicə olunduğu hərbi hospitala göndərilib.

 

Azərbaycan. - 2014.- 2 avqust.- S. 1.