Kiyevdə akademik Zərifə
Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı
keçirilib
İyulun 31-də Ukrayna paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı keçirilib. Təqdimat mərasimi Ukrayna Səhiyyə Nazirliyinin diplomdan sonrakı təhsil üzrə P.L.Şupik adına Milli Tibb Akademiyasının (sonrakı mətndə - Tibb Akademiyası. - AzərTAc) Elmi Şurasının Böyük zalında keçirilib.
Tədbirdə Mərkəzin idarə heyətinin, təşkilatın Əlaqələndirmə Şurasının və Elmi Şurasının üzvləri, tibb elmləri, təhsil və səhiyyə sahəsində tanınmış ukraynalı alimlər, Azərbaycan, Ukrayna, Çexiya və Polşa KİV-lərinin nümayəndələri iştirak edirdi.
Tibb Akademiyasının birinci prorektoru, Ukrayna Milli Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Yuri Vdoviçenko tədbirə toplaşanları akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz adından təbrik etdi.
Akademik Y.Vdoviçenko Ukrayna ilə Azərbaycan arasında dostluğun sarsılmazlığına dərin inamını bildirərək iki dost ölkə arasında tibb elmləri, səhiyyə və təhsil sahələrində əməkdaşlıq üçün böyük potensial olmasını qeyd edib. O, Ukraynada görkəmli Azərbaycan alimi , dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz yaradılmasının əhəmiyyətini xüsusi vurğulayaraq bu Mərkəzlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Y.Vdoviçenko həmçinin Ukrayna Milli Tibb Akademiyasının, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin və müvafiq profilli ali məktəblərdən birinin iştirakı ilə birgə beynəlxalq tibbi-elmi jurnal təsis etməyə tam hazır olduğunu bildirib.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycan və Ukaryna alimləri arasında əlaqələndirici rol oynamalı olan bu təşkilat tibb elmləri, səhiyyə və təhsil sahələrində iki dövlət arasında bir növ körpü olacaq.
Aydın Salmanovun sözlərinə görə, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin əsas məqsədi əhalinin sağlamlığının yaxşılaşmasına, ömrünün uzanmasına və sanitar-epidemioloji salamatlığın təmin olunmasına yönəlmiş Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına kömək etməkdir.
Bu məqsədə nail olmaq üçün müvafiq elmi layihələr hazırlanmasını və həmin layihələrin artıq həyata keçirilməyə başlanmasını bildirən professor A.Salmanov birgə elmi fəaliyyət üçün Ukraynanın yeddi aparıcı elm və təhsil müəssisəsi ilə sazişlər bağlandığını qeyd edib. Daha sonra o bildirib ki, Mərkəzin layihələri barədə daha ətraflı məlumat almaq üçün bu qurumun rəsmi saytına (http://zarifacenter.org) müraciət etmək olar.
Professor Aydın Salmanov AzərTAc-a müsahibəsinin sonunda Azərbaycanın və digər ölkələrin alimlərini, biznesmenləri, müvafiq dövlət qurumları və ictimai təşkilatlarını əməkdaşlığa dəvət edib.
Mərkəzlə bu elektron poçt vasitəsi
ilə yazışmaq olar: zarifacenter@gmail.com.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan. - 2014.- 2 avqust.- S. 2.