Kino tarixi keçmişi yaşadan mənbədir

 

Kino öz təbiətinə görə yalnız incəsənət deyil, eyni zamanda həyat faktlarının və hadisələrinin tamamilə sənədləşdirmə vasitəsidir. Kinematoqrafiya öz əsərlərində həyat həqiqətlərini bütün konkretliyi ilə əks etdirir və qoruyub saxlayır. Kino tarixi keçmişi öyrənmək üçün qiymətli mənbəyə çevrilir.

Görkəmli aktyor və rejissor A.M.Şərifzadə kinematoqrafiya ilə yaxından tanış olandan sonra demişdir: "Kino musiqidir, kino teatrdır, kino ədəbiyyatdır, kino aləmdir..."

Bəli, kino aləmdir. Təsadüfi deyil ki, uşaq da, gənc də, qoca da kinoya eyni həvəslə baxır, həyatı boyu kinonun cazibə qüvvəsindən çıxa bilmir.

Uzun və zəngin yaradıcılıq yolu keçmiş Azərbaycan kinematoqrafiyası dünya kino sənətinin ayrılmaz bir hissəsidir. Bu il milli kinomuzun 116 yaşı tamam olur. Buna baxmayaraq, sovet dövründə bu tarix uzun müddət 1916-cı ildən, yəni yazıçı İ.Musabəyovun eyniadlı ekranlaşdırılmış iki seriyalı "Neft və milyonlar səltənətində" bədii filminin mayın 14-də ekranlara buraxılması günündən hesablanmışdır. Yalnız keçən əsrin 90-cı illərinin ikinci yarısından sonra Azərbaycan kinosunun əsl yaşının (1898-ci il), ölkəmizdə xarici filmlərin ilk dəfə nümayişi (1897-ci il), Azərbaycan filmlərinin ilk çəkilişi (1898-ci il mayın 31-də və iyulun 6-da) və nümayişi (1898-ci il iyunun 21-də. Avqustun 2-də və 6-da) tarixlərini tutarlı faktlarla müəyyən və sübut etmək bu sətirlərin müəllifinə müyəssər olmuşdur.

1898-ci il yanvarın 8-də "Bakinskoe Obşestvennoe Sobraniya"nın zalında "Şagirdlərə yardım Cəmiyyəti"nin xeyriyyə gecəsi keçirilərkən burada "Canlandırılmış fotoşəkillər", yəni kinematoqraf nümayiş etdirildi. Həmin il mayın 31-də xeyriyyəçilik məqsədilə Mixail bağında (indiki Filarmoniya bağı) keçirilən xalq gəzintisi zamanı axşam saatlarında Bakı Elmi Foto Dərnəyi tərəfindən filmlər göstərildi. Bu nümayiş "Şəhər bağında xalq gəzintisi" adı altında lentə alındı. Həmin kinoxronika və Bakının həyatından bəhs edən "Qatarın dəmiryol stansiyasına daxil olması", "Qafqaz və Mernuri Cəmiyyətinə məxsus gəminin limandan yola düşməsi" və "Bazar küçəsi sübhəcən" kinosüjetləri iyunun 21-də Bakının mərkəzindəki teatr-sirkdə sirk tamaşasının bir əyləncə nömrəsi kimi göstərildi. Bu kinosüjetləri Xarkovdan gəlib Bakıda 25 ildən artıq yaşamış fotoqraf, kinooperator və naşir A.M.Mişon çəkmişdi.  O, Paris Milli Akademiyasının üzvü idi (fotoqraf sahəsində). Aleksandr Mixayloviçin Bakıda Mixaylov küçəsində (indiki Əziz Əliyev küçəsi) şəxsi fotoatelyesi olmuş, çəkdiyi filmlərin emalını da burada aparmışdır. Onun rəhbərliyi ilə 1893-1907-ci illərdə "Bakı məcmuəsi" nəşr edilmişdir.

1898-ci il avqustun 2-də A.M.Mişon ekranda nümayiş etdirmək üçün ikinci kinoproqramını hazırlamış və həmin teatr-sirkdə onu tam müstəqil şəkildə göstərmişdir. Bu proqrama "Bibiheybətdə neft fantanı yanğını", "Əlahəzrət Buxara əmirinin "Velikiy knyaz Aleksey" paroxodu ilə yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal - sənədli və "İlişdin" bədii süjetləri daxil edilmişdir.

1899-cu ildə "Kaspi" qəzetində "Yeni kəşflərin tətbiqi" məqaləsi çap olunmuşdur. Məqalənin müəllifi H.Zərdabi yazırdı: "Çimən adamların kinematoqrafda təsviri yəqin hamıya məlumdur. Hazırda bizim əlimizdə oyuncaq cihaz - kinematoqraf var: bu cihaz insan həyatının və heyvanların ən mürəkkəb həyat təzahürlərini tam təkmilləşdirilmiş və həqiqətə uyğun şəkildə hərəkətdə göstərir. Həmin gözəl cihaz bu yaxınlara kimi ibtidai vəziyyətdə idi və stereskop adını almış oyuncağa oxşayırdı. Elə indi də bir çox optik mağazalarda onu tapmaq olar".

XX əsrin əvvəlində belçikalı sahibkarlar -  Pipone qardaşları Zaqafqaziyada, o cümlədən Bakıda özlərinin kirayə kontorunu açır və onların təşkil etdikləri "Filma" Səhmdar Cəmiyyəti 1915-1918-ci illərdə bir neçə bədii film, o cümlədən "Neft və milyonlar səltənətində", "Arşın mal alan", "Ayaqyalın məhəbbət", "Knyaz Dəmir Bulat",  "Arvad", "Ölümünə bir saat qalmış", "Bir alçalmanın tarixi" və s. filmlər istehsal edir. İstər bədii, istərsə də sənədli filmlərin çəkilişi Bakı milyonçuları tərəfindən maliyyələşdirilirdi. Müasir dillə desək, bu, indiki prodüserlərin ölkəmizdə ilk cücərtiləri idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.

Deyilənlərdən aydın olur ki, Azərbayc

anda kinonun yaranması qanunauyğun bir hal idi. Bu şəraiti XIX əsrin sonlarında Bakıdakı ictimai-iqtisadi vəziyyət özü yetişdirmişdi.

1998-ci ilin may ayında Bakıda keçirilmiş və Azərbaycan kinosunun 100 illiyinə həsr olunmuş beynəlxalq "Festivallar festivalı" günlərində ulu öndər Heydər Əliyev kinomuzun tarixi ilə bağlı fikirlərini qonaqlarla bölüşərkən demişdir: "Bu gün biz bir kəşf etdik. ...Göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun 100 ili tamam olur... Biz 1916-cı ili başlanğıc ili hesab edirdik... Lakin Azərbaycan kinosunun stajını, -  əgər belə demək olarsa, - on il, yaxud neçə il artırmaq ümumən heç də sadə bir məsələ deyildir. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycanda da peyda olmuşdur. Axı az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın. Buna görə də bugünkü festival hiss etdiyimiz xoş, yaxşı hallarla yanaşı, məsələn, mənim üçün bu kəşflə dəyərə malikdir - onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə..."

1920-ci il aprelin 28-də Azərbaycan XI qırmızı ordu tərəfindən işğal olunduqdan sonra ölkədə kino tarixinin yeni dövrü başlandı. Kinematoqrafiya yeni sovet ideologiyasının güclü təbliğat vasitəsinə çevrildi. Azərbaycanda kino istehsalını planlı şəkildə qaydaya salmaq və həyata keçirmək məqsədilə 1923-cü ildə Bakıda I Dövlət kinofabrikinin açılışı oldu. Fabrikdə ilk dəfə olaraq iki seriyalı "Qız qalası" bədii filmi çəkildi.

Beləliklə, kino dövlətin monopoliyasına çevrildi. Eyni zamanda, sovet ideologiyası kinematoqrafçılar qarşısında vəzifələr qoydu. Sovet dövründə bütün sahələrdə güclü senzura olmasına baxmayaraq, kinematoqrafçılar həm sənət baxımından, həm də siyasi nöqteyi-nəzərdən 1920-40-cı illərdə "Bismillah" və "Hacı Qara" (rejissor A.Şərifzadə), "Sevil" (rejissor A.Beknazarov), "Lətif" və "İsmət" (rejissor M.Mikayılov), "Mavi dənizin sahilində" (rejissor B.Barnet; ilk milli səsli bədii film), "Almaz" (rejissor A.Quliyev; T.Brakinski), "Bakılılar" (rejissor V.Turin), "Kəndlilər" (rejissor S.Mərdanov), "Arşın mal alan" (rejissor R.Təhmasib; H.Mişşenko) və s. dəyərli kino əsərləri ilə yanaşı, köhnə sxem üzrə filmlər də yaratmışlar.

Ötən əsrin 50-ci illərinin ikinci yarısından sonra, xüsusilə 60-cı illərin sonunda Azərbaycan kinosunda bir canlanma əmələ gəldi. Moskva Ali Kinematoqrafiya İnstitutunu bitirmiş bir qrup gəncin Bakı kinostudiyasında fəaliyyəti sayəsində milli kinomuz yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu illərdə kinostudiyada "O olmasın, bu olsun" (rejissor H.Seyidzadə), "Bir məhəlləli iki nəfər" (rejissor Ə.İbrahimov; İ.Qurin), "Uzaq sahillərdə" (rejissor T.Tağızadə), "Bir qalanın sirri" (rejissor Ə.Atakişiyev), "Telefonçu qız" (rejissor H.Seyidbəyli), "Yenilməz batalyon" (rejissor H.Seyidzadə), "Uşaqlığın son gecəsi" (rejissor A.Babayev), "Bir cənub şəhərində" (rejissor E.Quliyev), "Bizim Cəbiş müəllim" (rejissor H.Seyidbəyli), "Dəli Kür" (rejissor H.Seyidzadə), "Şərikli çörək" (rejissor Ş.Mahmudbəyov) kimi sənət əsərləri yaradıldı.

Sonrakı illər ərzində Azərbaycan kinosu böyük bir yol keçdi. Bu çətin yolda Azərbaycanın ekran ustaları zirvələr fəth etdilər. Öz tamaşaçıları ilə sosialist realizmi dilində danışmasına baxmayaraq, kinematoqrafiya milli incəsənətin və ədəbiyyatın zəngin ənənələrindən bəhrələndi, sürətli addımlarla irəliləyərək çətin yaradıcılıq axtarışları sayəsində ümumxalq məhəbbətini qazandı.

Təsadüfi deyil ki, 1970-1980-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar. Bu, kinomuzun həm bədii, həm də məzmun cəhətdən tədricən yenilənməsi, milli kinonun professional səviyyəsinin yüksəlməsi, təsvir vasitələrinin genişlənməsi, ideoloji stereotiplərin müəyyən dərəcədə yumşalması, sosial və əxlaq problemlərinin daha kəskin həlli ilə bağlı idi. Gənclərin orta və yaşlı nəsildən olan kino xadimləri ilə əməkdaşlığı milli kinomuzun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb oldu.

Ümumiyyətlə, həmin dövrdə çəkilmiş bir sıra kino əsərlərində, o cümlədən "Sevil" (rejissor V.Qorikker: ilk Azərbaycan film-operası), "Dədə Qorqud", "Yeddi oğul istərəm" (rejissor T.Tağızadə), "Axırıncı aşırım" (rejissor K.Rüstəmbəyov), "Gün keçdi" (rejissor A.Babayev), "Nəsimi" (rejissor H.Seyidbəyli), "Ad günü" (rejissor R.Ocaqov), "Babək" (rejissor E.Quliyev), "İstintaq" (rejissor R.Ocaqov), "Qızıl uçurum" (rejissor F.Əliyev), "Təkcə adanı özünlə apara bilməzsən" (rejissor K.Əzimzadə), "Birisigün, gecəyarısı" (rejissor A.Babayev), "Atları yəhərləyin" (rejissor Ə.Mahmudov, H.Turabov), "Pirverdinin xoruzu" (rejissor R.Əzizbəyli), "Göz qabağında şeytan" (rejissor O.Mirqasım), "Yaramaz" (rejissor V.Mustafayev), "Fəryad" (rejissor C.Mirzəyev) filmlərində tarixi və müasir həyata müxtəlif baxışlar, insan amili,  xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tuturdu.

1988-ci ildən SSRİ adlanan nəhəng bir dövlətin dayaqları laxlamağa başladı. 1990-cı ilin əvvəllərində məlum oldu ki, Sovet İttifaqı artıq  dağılmağa doğru gedir. Bu, belə də oldu. Azərbaycan müstəqillik əldə edəndən sonra ilk dövrdə ölkədə baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. bütün bunlar kinomuzu nəinki inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.

Əlaqələr itməyə başladı. Ölkədə xaos yarandı, kino Moskvanın nəzarətindən tamamilə çıxdı. Respublikada ilk sponsorlar meydana gəldi. Onlar kinodan qazanc götürmək məqsədi güdürdülər. Lakin bu işbazlar heç nə əldə edə bilmədikləri üçün tədricən kinodan uzaqlaşdılar. Onların ardınca yeni kommersantlar gəldilər və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kommersiya obyektləri inşa etdilər, həyətin tən ortasında "Qala" adında restoran, sauna, mebel, çörək və limonad sexləri açdılar. Bu vəziyyət uzun müddət belə davam edə bilməzdi. "Azərkinovideo" İstehsalat Birliyi 2001-ci il aprelin 18-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyinə daxil edildi. Çünki həmin vaxtlar bu sahədə xeyli sayda nöqsanlara yol verilmişdi.  Hətta C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, demək olar ki, fəaliyyəti dayandırılmışdı. İş o yerə gəlib çatmışdı ki, kinostudiyanın ərazisindəki kənar obyektlərdə işıq və su olduğu halda "Azərbaycanfilm" kinostudiyasında həftələrlə nə işıq, nə də su olurdu.

Azərbaycan Mədəniyyət Nazirliyində kino şöbəsi yaranandan sonra ötən illər ərzində kino istehsalı sahəsində nəinki əvvəlki durğunluq aradan qaldırıldı, hətta xeyli irəliləyişlər də əldə olundu. "Azərbaycanvideo" İstehsalat Birliyi dövründən yarımçıq qalmış ("Ovsunçu", "Hacı Qara", "Güllələnmə təxirə salınır", "Yuxu" və s.) və özəl kinoşirkətlərdə vəsait olmadığına görə çəkilişləri başa çatdırılmayan filmlər istehsal olunub ekranlara buraxıldı.

Gənc rejissorlardan F.Əhmədov ("Mayak"), N.Bağırzadə ("Barbados"), A.Rüstəmov ("Ev"), Cavid Təvəkkül ("Əzizim Fellini"), N.Məmmədoğlu ("Dalan", "Saat"), X.Abdullayev, E.Əliyev ("Nəfəs", "Koramal", "Qara qutu"), İ.Bədəlova ("Vəsiyyət"), H.Həsənov ("İş"), Ə.Əliyev ("Yalançılar"), Y.Quliyev ("Qrinviq meridianından kənarda") və başqalarının filmləri müxtəlif festivallarda nümayiş etdirilmişdir.

Dövlət tərəfindən verilən vəsait filmlərin sayının ildən-ilə artmasına imkan yaradır. Bu gün Azərbaycanda 10-dan artıq bədii, xeyli sənədli və bir neçə animasiya filmi çəkilir. "Qala" (rejissor Ş.Nəcəfzadə), "Hökmdarın taleyi" (rejissor R.Fətəliyev, D.Fatxulin), "Çölçü" (rejissor Ş.Əliyev), "Dolu" (rejissor E.Cəfərov), "Sübhün səfiri" (rejissor R.Həsənoğlu), "Tərsinə çevrilən dünya" (rejissor Ə.Əbluc), "Qisas almadan ölmə. Keçmişdən məktublar" (rejissor O.Mirqasım), "Nabat" (rejissor E.Musaoğlu) bədii filmləri son illərin maraqlı işlərindəndir.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi gündən milli kinonun inkişafında böyük xidmətləri olmuş, kino sənətinin dünya miqyasında tanınması üçün var qüvvəsini əsirgəməmiş, eyni zamanda kinematoqrafçılarımızın daim himayədarı olmuşdur. Azərbaycan müstəqillik qazandıqdan sonra milli kino sənəti ilə əlaqədar görülən uğurlu işlər ulu öndərin adı ilə bağlıdır.

2000-ci il dekabrın 18-də indiki Heydər Əliyev sarayında keçirilmiş IV Beynəlxalq "Şərq-Qərb" Bakı kinofestivalının təntənəli açılış mərasimi bütün kino işçilərinin həyatında ən əlamətdar və unudulmaz hadisəyə çevrildi. Həmin axşam ölkəmizin mədəni inkişafı sahəsində kinematoqrafçıların xidmətlərini və Bakıda çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kinoseansın həyata keçirildiyini nəzərə alaraq 2 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilməsi, 40-dan artıq kino işçisinə fəxri adların verilməsi haqqında ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam oxundu. O gün biz, kino işçilərinin sevincinin həddi-hüdudu yox idi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il fevralın 23-də imzalanan sərəncamla bağlı ikinci dəfə belə bir sevinci yaşadıq. Prezident İlham Əliyev bir ildən sonra "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması ilə bağlı sərəncam imzaladı. Bu sərəncamlarda kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik milli kadrların ölkədə və ölkə xaricində hazırlanması, xalqımızın tarixini və mədəni irsini özündə əks etdirən filmlərin çəkilişinin həyata keçirilməsi, dünyanın aparıcı kinoşirkətləri ilə müştərək filmlərin istehsalı, "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikasının tələblərinə uyğun texniki avadanlıqlarla təchiz edilərək əsaslı şəkildə yenidən qurulması, Azərbaycan Dövlət Film Fondunun binasının inşası, XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinoşirkətlərin lazımi şəraitdə mühafizəsi və s. bu kimi vacib məsələlərin həlli nəzərdə  tutulmuşdur. Sərəncamlar Azərbaycan kinosunun inkişafında mühüm rol oynamış və bu gün də öz müsbət nəticələrini göstərməkdədir. Hazırda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu sərəncamları əldə rəhbər tutaraq fəaliyyət göstərir.

Əminliklə deyə bilərik ki, bu gün 116 yaşını qeyd etdiyimiz Azərbaycan kinosu daha böyük uğurlar əldə edəcəkdir.

 

Aydın KAZIMZADƏ,

əməkdar incəsənət xadimi,

Prezident təqaüdçüsü

 

Azərbaycan. - 2014.- 2 avqust. - S. 4.