Lənkəranlı şagirdlər qədim
Nizami yurdunda
mehribanlıqla qarşılandılar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən lənkəranlı şagirdlər avqustun 1-də Gəncənin Heydər Əliyev parkındakı "Zəfər tağı"nın qarşısında mehribanlıqla qarşılandılar.
Aksiya iştirakçıları parkı gəzdikdən sonra buradakı möhtəşəm Heydər Əliyev Mərkəzinə gəldilər. Ulu öndərin abidəsini ziyarət edən məktəblilər abidə önünə gül dəstələri qoydular.
Sonra lənkəranlı məktəblilər Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxdılar. Burada keçirilən görüşdə qədim Nizami yurduna səfər edən lənkəranlı şagirdlər bu aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən bu aksiya şagirdlərə yaşadıqları ölkənin hər bir regionu ilə ətraflı tanış olmağa imkan verəcək.
Avqustun 1-də Gəncə ilə ətraflı tanış olan aksiya iştirakçıları 3 gün ərzində Şəmkir və Göygöl rayonlarının da görməli yerlərini gəzəcək, qədim tarixi məkanlara və abidələrə baxacaq, bölgənin ictimai və mədəni həyatı haqqında geniş bilgilər əldə edəcəklər.
Qrupun rəhbəri Asif İmanlı bildirdi ki, "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyada iştirak edən lənkəranlı şagirdlərin qədim Nizami yurdunu görmək çoxdankı arzusu olub. Artıq uşaqların arzuları gerçəkləşdi. Onlar üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagirdlər Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Tur-aksiyanın proqramı çox
zəngindir. Şagirdlər aksiya
zamanı respublikamızın qərb bölgəsini görmək,
onun tarixini, mədəniyyətini,
müstəqillik illərində əldə edilmiş
nailiyyətlərini dərindən öyrənməyə nail olacaqlar.
Azərbaycan. - 2014.- 2 avqust.- S. 5.