Beynəlxalq təşkilatlar işğalçı Ermənistanı cəzalandırmalıdırlar

 

İyul ayının 31-dən cəbhə bölgəsində baş verən hadisələr düşmən ölkənin niyyətini bir daha açıq şəkildə ortaya qoydu. İşğalçı Ermənistan ordusu Azərbaycan dövlət sərhədini və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın edib. Düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.

Baş verənlər bir daha nümayiş etdirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmaq niyyətində deyil.  Azərbaycan Xarici İşlər Nazirliyinin təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlı yaydığı bəyanatda da bildirilir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.

Ermənistan tərəfi son zamanlar atəşkəsi daha aktiv və davamlı olaraq pozmağa başlayıb və hətta elə günlər olur ki, 100 dəfədən artıq atəşkəsin pozulması halları baş verir. Buna rəğmən, ATƏT müşahidəçiləri baş verən olayları görsələr də, erməni tərəfini cəzalandırmaq üçün real addımlar atmırlar. Onlar sadəcə olaraq, faktı qeyd etməklə işlərini bitmiş hesab edirlər. Ermənistan da ATƏT-in bu susqunluğundan yararlanaraq atəşkəsi pozmaq istiqamətində öz əməlindən əl çəkmir. Özü də, gündən -günə bu istiqamətdə pozuculuq fəaliyyətini daha da artırır. Görəsən, fakt faktlığında ola-ola nədən ATƏT Ermənistanı sözügedən hərəkətindən çəkindirmək istiqamətində real addımlar atmır? Bu, bir sıra məqamlardan xəbər verir. Görünür,  Ermənistanın atəşkəsi belə tez-tez pozması heç də təkcə onun istəyinin məhsulu deyil. Burada kənar qüvvənin də marağı var. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi  və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır.

Ermənistan tərəfinin təxribatçı addımları nəinki sülh təşəbbüslərini heçə endirir, həm də sərhəddə yaşayan dinc əhalinin təhlükəsizliyini şübhə altına alır. Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edildiyi halda Ermənistan barədə heç bir ölçü götürülmür. Azərbaycan ictimaiyyəti bu işğalçı ölkənin cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir.

İyulun 7-də diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxış edən Preziden İlham Əliyev məhz bu məsələyə xüsusi olaraq toxundu və dövlətimizin mövqeyini bir daha dünyaya nümayiş etdirdi. Prezident qeyd etdi ki, Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal  verilməmişdir: "Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdır" - deyən dövlət başçısı qeyd edib ki, son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, beynəlxalq hüquq işləmir. "Güc amili əsas rol oynayır. "Kim güclüdür, o da haqlıdır" prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur", - deyə Prezident İlham Əliyev bildirib.

Bəli, vasitəçilər də Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxt Azərbaycan hərbi gücündən istifadə edərək Dağlıq Qarabağ məsələsini birdəfəlik həll edə bilər. Çünki, bu gün güc amili, həlledici rol oynayır. Ancaq Azərbaycan hesab edir ki, hələ danışıqlar potensialı tükənməyib.   Bu üzdən də beynəlxalq ictimaiyyət, vasitəçilər bu münaqişə ilə bağlı tərəddüdə son qoymalı və konkret olaraq işğalçı Ermənistana qarşı sanksiya tətbiq etməlidir. Vəziyyətin bu cür davam etməsi Azərbaycanı başqa vasitələrə təhrik edə bilər. Ən əsası son 4 gündə cəbhədə baş verən olaylar və Azərbaycan Silahlü Qüvvələrinin qüdrəti onu görstərdi ki, istənilən zaman işğal altında olan torpaqlarımızı geri qaytarmağa qadirdir. Onun güclü lideri, güclü ordusu və dövlətinə dəstək olan mərd xalqı var. 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 2.