Ədalət rəmzi

 

"Asan Xidmət"də idim. Pasportumun vaxtı bitmişdi, getmişdim dəyişim...

İçəri daxil olanda xidmətin səliqəli geyimli, gülümsər çöhrəli gənc əməkdaşları efirdən, mətbuatdan az-çox tanınan yazarı, Milli Məclisin deputatını dərhal tanıdılar. "Xoş gəlmisiniz, Hüseynbala müəllim", - deyə iltifat göstərdilər.

Amma belə məqamlarda uzun illər adət etdiyimiz kimi, bu dəfə yuxarı başa keçirib sənədləşmə işlərimi növbəsiz yola vermək qeydinə qalan olmadı. Əvəzinə, mənə növbəyə dayanmaq qaydasını başa saldılar.

Xüsusi cihazdan üzərinə rəqəm yazılmış kağız parçasını götürüb əyləşdim və növbəmi gözləməyə başladım. Belə bir yenilikdən əsla darılmadım, sıxılmadım, əksinə, qəlbim qürur və məmnuniyyət hissi ilə doldu.

Bu, müəyyən edilmiş qaydalar qarşısında bütün insanların statusundan asılı olmayaraq, bərabərliyin gətirdiyi qürur hissi idi.

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü ədalət, şəffaflıq, düzgünlük, nizam-intizam prinsipi burada tam real şəkildə öz əksini tapmışdı və bu reallığın yaratdığı razılıq duyğusunu bura mənim kimi sənəd ardınca gəlmiş sadə vətəndaşların məmnun çöhrəsindən oxumaq elə də çətin deyildi... 

Bəli, "Asan Xidmət" Azərbaycanın ictimai səmasında şimşək kimi parladı. Təcrübəsi ilə göstərdi ki, biz bütün dünyada vətəndaşlara xidmətin ideal nümunəsini yarada bilərik.

Gözlərim əllərində kağızlar müxtəlif bölmələrə yaxınlaşan insanlarda, işgüzarlıqla onlara xidmət göstərən nur çöhrəli gənclərdə ikən xəyal məni bir anlıq uzaqlara - Azərbaycanın bu qürur anına qədər keçib gəldiyi şərəfli keçmişə doğru apardı.

Ötən günlər kitab kimi yaddaşımda vərəqləndi.

* * *

Hətta ən ağır şərtlər altında yaşansa belə, düşünürəm ki, bir insanın gəncliyi onun ömrünün ən gözəl illəridir. Mənim də müstəqil həyata atıldığım, ömrün çətin dolanbaclarında öz ayaqlarım üstə dayanmağı öyrəndiyim xoş gənclik çağlarım ötən əsrin 60-cı illərinə təsadüf edir. Amma o illəri mənim üçün dəyərli edən təkcə onların ömrümdə dərin iz buraxdığı  şirin xatirələr  deyil.

Tarixdə  belə dövrlər, yəqin ki, çox az olur. İnsanlar çox şeyləri yenidən başlamaq, keçmişin ağırlıqlarını keçmişdə buraxmaq, yeni bir həyata qədəm qoymaq istəyirlər. Ötən əsrin 60-cı illəri də bu istəyin, az qala, addımbaşı özünü hiss etdirdiyi, insanların dəyişikliklərə doğru can atdıqları bir dövr idi.

Bu istəyin başında cəmiyyətdə ədalət arzusu dayanırdı.

İnsanlar ədalət tamarzısı idilər, haqqın öz yerini tutması arzusunda görünürdülər və hər kəs də bu istəyində haqlı idi. Sovet tərbiyəsi bizlərə ədalətli bir cəmiyyətdə yaşadığımızı təlqin edirdi. Bizi bu cəmiyyətdə, guya, bütün insanların bərabər olmasına inandırmağa çalışırdı və biz də buna ali həqiqət kimi inanırdıq.

Əfsuslar olsun ki, gecələr qara çıraq işığında oxuduğumuz ideoloji motivli kitabların səhifələrindən kənarda tamam başqa həqiqətlər cərəyan edirdi. Bu həqiqətlərin içində yenə kimlərsə öz vəzifəsinə, imtiyazlarına güvənib başqa birinin haqqını mənimsəməyə, özü üçün üstünlüklər qazanmağa çalışırdı. Bu həqiqətlərdə də yenə istismar edənlər və istismar olunanlar vardı.

Və bu həqiqətlər bizə sovet cəmiyyətinin də, əslində, sinifli bir cəmiyyət olduğunu sezdirirdi.

60-cı illərdə bütün bunlarla qarşılaşmaq, bu acı həqiqətləri müşahidə etmək xüsusilə mənəvi baxımdan ağır idi. Ona görə də o illər həyatlarında dəyişiklik yaratmaq istəyən insanların ədalət arzusu ilə daha çox yadımda qalıb...

* * *

1969-cu ilin 14 iyul gününü çox yaxşı xatırlayıram.

Həmin gün Azərbaycanda hakimiyyətə Heydər Əlirza oğlu Əliyevin gəlməsi insanların cəmiyyətdə ədalət, müsbətə doğru dəyişiklik istəyinin bir liderin şəxsində öz əksini tapması idi. Heydər Əliyev o günə qədər sovet adamları üçün son dərəcə qapalı sayılan bir sahədə çalışmışdı. Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələr tutmuşdu. Vəzifəsinin xarakterindən irəli gələrək həyat və fəaliyyəti ictimaiyyətin gözləri önündə keçən liderlərdən deyildi. İnsanlar Onu o qədər də yaxşı tanımırdılar.

Kiçik bir haşiyə çıxaraq xatırladım ki, Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk aylarında sadə müştəri qismində mağazalara, iaşə obyektlərinə məşhur reydlərindən qorxuya düşən əliəyri satıcılara, mağaza, restoran müdirlərinə Onu üzdən tanımaq üçün Heydər Əliyevin şəkillərini çoxaldıb yaymaq lazım gələcəkdi. İnsanlar onun xarakterinə, iş metodlarına bələd deyildilər.

Amma Heydər Əliyevin təkcə adı sehrli bir qüvvə kimi insanlara dəyişiklik vaxtının yetişdiyini söyləyirdi. Cəmiyyətdə ən yaxın günlərdən etibarən köklü dəyişikliklərin başlanacağına hər kəsi inandırırdı.

Bu, ölkənin getdikcə pisləşən sosial-iqtisadi vəziyyətindən, kasıblıqdan, mağazalardakı növbələrdən, cəmiyyətdə haqq-ədalət normalarının pozulmasından cana doyan insanların bəlkə də öz-özlərinə verdikləri adi təsəlli idi.

* * *

Ötən əsrin 60-cı illərinin sonlarına doğru mədəniyyətdə, maarifdə, insanların ümumi dünyagörüşündə baş verən müsbət meyillərə rəğmən ölkədə sosial-iqtisadi vəziyyət o qədər də yaxşı deyildi. Adamlar dolanışıq baxımından məhdud bir həyat standartlarına məhkum edilmişdilər.

Dövlətin öz vətəndaşlarına yaratdığı maddi imkanlar yalnız minimal həyat şərtlərini ödəməyə yetirdi. İnsanların böyük bir hissəsi, necə deyərlər, yarıac-yarıtox vəziyyətdə yaşayırdı. Xüsusilə kənd yerlərində bütün günü tarlalarda tər tökən insanların kasıb durumu onların yaşadıqları palçıq daxmaların, istifadə etdikləri bərbad yolların heç bir yaşayış şərtlərinə cavab verməyən miskin görkəmindən, adamların nimdaş üst-başından özünü bəlli edirdi.

Sovet adamları bəlkə də bir neçə on il əvvələ qədər belə bir vəziyyətlə barışa bilərdilər və zatən barışırdılar da. Amma dünya çox sürətlə dəyişirdi. Üstəlik, ötən əsrin 60-cı illərinin əvvəllərindən SSRİ-nin o illərə qədər dəmir pərdə kimi qapalı sərhədlərini azacıq qaldırması, sovet vətəndaşlarının turist qismində dünyanın başqa-başqa ölkələri ilə tanışlıq imkanının yaranması onlara bu yarıac-yarıtox güzərandan kənarda da tamam başqa bir həyatın, yaşayış şərtlərinə görə tamam fərqlənən özgə bir dünyanın mövcudluğunu anladırdı.

* * *

Sovet ideologiyası hamını SSRİ-də birləşən respublikaların bərabərliyinə, maddi nemətlərin bu respublikalar arasında guya bərabər bölünməsinə inandırmağa çalışsa da, keçmiş ittifaqın əsas mərkəzi şəhərlərinə, ittifaqın aparıcı ölkəsinin kəndlərinə, qəsəbələrinə yolu düşənlər SSRİ-nin, əslində, müstəmləkə rejimi olduğunu dərhal anlayırdılar.

Ötən əsrin 60-cı illərinin sonlarına qədər mərkəzin xammal ölkəsi kimi baxdığı Azərbaycanın var-dövləti həmin o şəhərlərdə, kəndlərdə, qəsəbələrdə infrastruktur təminatının qurulmasına yönəlirdi. Nəinki ucqar kəndlərində, hətta əsas şəhərlərində belə minimal infrastrukturu olmayan Azərbaycanın bu durumuna rəğmən bəhs etdiyimiz yaşayış məntəqələrində abad yollar, qaz, işıq, su, bir sözlə, vətəndaşın rahat yaşamasından ötrü hər cür şərait vardı.

Azərbaycan vətəndaşları yarım kiloqram yağ, şəkər tozu, qənd almaqdan ötrü günlərini növbələrdə keçirdikləri, normal bir ayaqqabıya, kostyuma, köynəyə sahib olmaq üçün bu cür defisit malları, adətən, piştaxtanın altından satan fəndgir satıcılara dil tökdükləri, artıq pul ödədikləri halda Moskvadakı mağazalar hər cür keyfiyyətli və ucuz məhsullarla dolub daşırdı.

* * *

Belə bir zamanda Azərbaycanda rəhbərliyin dəyişməsi və hakimiyyətə Heydər Əliyev adlı gənc çekistin, Dövlət Təhlükəsizliyi Komitəsi generalının gəlməsi insanlar üçün ilk baxışdan adi dəyişiklik ümidindən başqa bir şey deyildi. Ola bilərdi ki, bu ümid özünü doğrultmadan qısa zamandan sonra cəmiyyətin kütləvi məyusluğu ilə nəticələnsin.

Amma Heydər Əliyevin də bir dövlət adamı olaraq uğuru və böyüklüyü onda idi ki, o, vətəndaşların ona olan ümidlərinin ifadəçisinə çevrildi, öz idarəçilik üsullarını, dövlətin rəhbəri kimi irəli sürdüyü prinsipləri bu ümidin işığında müəyyənləşdirdi.

Azərbaycan cəmiyyəti onu ilk dəfə 1969-cu ilin 5 avqust tarixli plenumundakı məruzəsindən tanıdı. Ümummilli liderin həmin məruzəsi nəinki Azərbaycan cəmiyyətində, ümumilikdə sovetlər birliyində əsl partlayış effekti yaratdı. Çünki ilk dəfə idi ki, ittifaq respublikalarından birinin yeni rəhbəri çıxışında diqqəti nöqsan və çatışmazlıqlara yönəldirdi.

Heydər Əliyev məruzəsində respublika xalq təsərrüfatının bir çox sahələrinin geri qaldığını qeyd edir, səhiyyədə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyətin müfəssəl təhlili əsasında bütün zəhmətkeşlərin vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə alınmasını yeni dövrdə qarşıda duran əsas vəzifə kimi qiymətləndirirdi. Heydər Əliyevin bu cəsarətli fikirləri, əslində, həmin plenuma qədər sovet dövlətində guya heç bir problemin olmaması, müttəfiq respublikaların "böyük addımlarla irəliləməsi" ilə bağlı aparılan ideoloji təbliğatın əksinə yönəlmişdi. Heydər Əliyev deyirdi: "Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".

Bu, həmin dövrdə ittifaq məkanında belə tənqidi ruhda keçən ilk tədbir idi. Heydər Əliyevin 5 avqust 1969-cu il tarixli plenumdakı məruzəsi SSRİ-də baş verən prosesləri böyük həssaslıqla izləyən və işıqlandıran "Röyter" agentliyi, "Azadlıq" radiosu, "Morninq star", "Yeni həyat" (Türkiyə) qəzetləri kimi media qurumlarında da sensasion hadisə kimi şərh edilmişdi. "Morninq star" qəzeti 12 avqust 1969-cu il: "Cənab Əliyev bəzi vəzifəli şəxslərin mənəviyyatsızlığını və özünüaparma qaydalarının pozulmasını kəskin tənqid etmişdir... O, respublikada idarə üsulunu, kadrların seçilərək yerləşdirilməsini kəskin tənqid etmişdir..." "Yeni həyat" qəzeti 30 avqust 1969-cu il: "N.S.Xruşşov dövründən bəri ilk dəfə belə yüksək mənsəb sahibi olan bu qədər şəxsə qarşı belə ağır ittiham səsləndirilmişdir..."

Tarixə çevrilən 5 avqust 1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi həyatında bir dönüş yaratdı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz xarakter aldı.

* * *

Heydər Əliyev 5 avqust plenumunda

səsləndirdiyi nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün ona qədərki zəif idarəçilik ənənələrini davam etdirmədi. Bu ənənələr üzərində səthi islahatlarla kifayətlənmədi. Yolun ən çətinini seçib tarixin yönünü dəyişdi, özünün milli dövlətçilik ənənələrini formalaşdırdı.

Ulu öndər cəmiyyətin ən ümumi arzusunu gerçəkliyə çevirdi. Cəmiyyətdə haqq-ədalət meyarlarını bərqərar etdi. Cəmiyyət onu haqqın, ədalətin zəmanətçisi qismində tanıdı, onun düzlüyünə, prinsipiallığına, mərhəmətinə, humanizminə, məqamında isə sərtliyinə, pis əməllərə qarşı barışmazlığına tapındı.

Heydər Əliyev cəmiyyətin bütün qütblərinə özünün müvafiq dəyərlərini aşıladı. Vətəndaşı, onun problemlərini, qayğılarını dövlətin əsas prioritetləri kimi müəyyənləşdirdi.

Dövlət institutlarını, dövlət idarəetmə sisteminin müxtəlif qollarında çalışan ayrı-ayrı şəxsləri öz şəxsi maraqlarını deyil, xalqın maraqlarını, vətəndaşların mənafelərini qorumağa öyrətdi.

* * *

Heydər Əliyev vətəndaşlarda dövləti qarşısında məsuliyyət hissi formalaşdırdı, dövlət və vətəndaşların kağızlar, qanunlar üzərində müəyyən edilmiş hüquq və vəzifələrini gündəlik ictimai həyatımıza gətirdi, cəmiyyətdə qanunların, hüquqi prinsiplərin aliliyini təmin etdi.

Heydər Əliyev fəhlələri, kəndliləri halallığa öyrətdi. Onların illərlə vəzifəcə bu insanlardan bir neçə pillə yüksəkdə duran məqam sahibləri tərəfindən tapdanan halal zəhmətinə dəyər verdi. 

Öz prinsipiallığı, insanlara sevgisi, inamı, eyni zamanda həm də qanunun aliliyinə yüksək rəğbəti, qanunun danışmalı olduğu yerdəki prinsipiallığı ilə hər kəsə anlatdı ki, dövlətdən oğurlamağa, ictimai əmlakı talamağa heç kəsin haqqı yoxdur. Çünki bu dövlət də insanların öz şəxsi evlərinin astanasından başlanan ikinci evidir. Bu dövlət də insanların qurub-yaratdıqları, mahiyyətcə onların xidmətində dayanan bir təsisatdır.

Heydər Əliyev öz  prinsipiallığı ilə, hətta yeri gələndə sərtliyi ilə hər kəsə anlatdı ki, dövlət malına, mülkiyyətinə əl uzadanlar, xalqın ümumi mənafelərini tapdalayanlar cəzadan yayına bilməyəcəklər. 

Amma, eyni zamanda onu da öyrətdi ki, halal zəhməti seçənlər, halallıqla, düzlüklə çalışanlar ən yaxşı həyata, ən yaxşı güzərana layiqdirlər və layiq olduqlarını da alacaqlar.

* * *

Ulu öndərin Azərbaycana rəhbərliyi dövrü gözlərim önündə keçib. Heydər Əliyevin təşkilatçılığı, idarəçilik məharəti, qərarvermə qabiliyyəti sayəsində Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə keçmiş ittifaq məkanında irəli çıxdı. Heydər Əliyevin hakimiyyət rəhbərliyinə gəlişinə qədər başqa ittifaq respublikalarının ardınca sürünən ölkə indi bu ölkələrin ön sırasında qərarlaşdı.

Cəmi bir neçə  ildən sonra Azərbaycan keçmiş SSRİ-nin özünü maddi nemətlərlə tam təmin etməyə qabil az sayda respublikalarından biri sayılırdı.

Söz yox, onda Azərbaycanın öz büdcəsi yox idi. Respublikanın bütün qazancı keçmiş SSRİ-nin ümumi büdcəsinə yönəlirdi.

Amma Heydər Əliyev Azərbaycanın keçmiş imperiyanın bir müstəmləkəsi kimi istismar olunmasına da yol vermirdi. Onun səyləri, davamlı cəhdləri sayəsində SSRİ büdcəsindən Azərbaycan üçün ayrılan vəsaitlər, qəbul edilən, maliyyələşdirilən ardıcıl dövlət proqramları ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, respublikada müasir infrastruktur təminatı sisteminin qurulmasına, insanların problemlərinin həllinə imkan və şərait yaradırdı.

* * *

Heydər Əliyevin halal zəhmətə verdiyi qiymət şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə həyatı dəyişdi. Kəndlilərin yaşadıqları qara damları, çiy kərpicdən tikilmiş yosma daxmaları ikimərtəbəli daş evlər əvəz etdi.

Azərbaycanda insanların on illərlə möcüzə kimi həsrətlə baxdıqları, nəinki özlərini, hətta oğul-uşaqlarını belə sükanı arxasında təsəvvür edə bilmədikləri avtomobil adi məişət texnikasına çevrildi. Adamlar Heydər Əliyevin sayəsində iş-güc, ev-eşik, avtomobil sahibi oldular.

* * *

Heydər Əliyev insanların düşüncələrini dəyişdi. Uzun illər ərzində ibtidai təfəkkür tərzinin diktəsi altında evindəki xalça-palazının sayı, məfrəşinin qalınlığı ilə öyünən, əlinə düşəni qır-qızıla xərcləyib dar gün üçün saxlayan insanlar tezliklə anladılar ki, ən qiymətli sərvət, ən zəngin dəfinə onların öz övladlarına verdikləri təhsildir. Balalarını sabahın peşəkar mütəxəssisləri kimi yetişdirmələridir.

Ali təhsil məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə kütləviləşdi. Xüsusilə o illərə qədər valideynlərin ali təhsil alıb bir sənət sahibi olmalarına az maraq göstərdikləri qız övladlarının təhsillənməsinə maraq artdı.

Heydər Əliyev bu sahədə biliyi yeganə meyara çevirdi. Azərbaycanın və keçmiş SSRİ-nin ən nüfuzlu universitetlərinin qapılarını savadından özgə güvənc yeri olmayan Azərbaycan balalarının üzünə açdı. Bununla Azərbaycanda ədalətin həmişə zəfər çalacağına, haqqın daim nahaq üzərində qalib gələcəyinə inanan və bu dəyərin təntənəsi üçün özü də əməyini əsirgəməyən mətanətli bir nəsil formalaşdırdı.

* * *

Ulu öndər Azərbaycan insanlarının qəlbində milli dövlətçilik düşüncəsini oyatdı. Xalqın tarixi köklərindən gələn, bu köklər üzərində intişar tapan və eyni zamanda dəyişən dünyanın mütərəqqi meyillərinə uyğun təkamül yolu keçən, bu meyilləri cəmiyyətimizə gətirən yaradıcılıq nümunələrinə, bu nümunələri yaratmış insanlara - şairlərə, yazıçılara, bəstəkarlara, rəssamlara, alimlərə dəstək verməklə cəmiyyətin mənəvi ovqatını, milli mühitini müəyyənləşdirdi.

* * *

Bütün bunlar tarixin və taleyin o illərdə Heydər Əliyevin üzərinə qoyduğu missiya idi. Ulu öndər bu missiyanı şərəflə yerinə yetirdi və adını tarixə yazdı.

1982-ci ildən isə Onun üçün yeni və mahiyyətcə daha əhatəli bir missiya başlandı. O illərin Qərb qəzetlərində yazıldığı kimi, Kremldə türk ulduzu kimi parlayan Heydər Əliyev şəxsiyyəti bütün türk dünyasının üzərinə işıq saldı.

Öz qətiyyəti, milli köklərə bağlılığı, soy-kökünə sonsuz sevgi və rəğbəti ilə bütün türkdilli respublikaların qüdrətli hamisi kimi təpər göstərdi.

Zaman gəldi, Heydər Əliyev bütün yüksək dövlət vəzifələrindən istefa verib doğma yurda qayıtdı, blokada şəraitində tarixinin ən ağır illərini yaşayan Naxçıvan Muxtar Respublikasını işğaldan xilas etdi.  Bu da Heydər Əliyevin üçüncü missiyası idi.

Bəlkə də dünyanın heç bir adlı-sanlı siyasi lideri öz karyerası boyu bu qədər çətin sınaqlardan adlamalı olmayıb. Heydər Əliyevin siyasi taleyi isə bu sınaqlarla da məhdudlaşmadı. Tale müstəqil Azərbaycan dövlətinin ən ağır, təlatümlü günlərində dövlətin xilası missiyasını da bu dövlətin yetirdiyi qüdrətli dövlət adamının, əsl siyasət ustadının üzərinə qoydu.

* * *

Xalq və dövlət münasibətlərində maraqlı bir məqam məni həmişə düşündürüb. Tarixə nəzər salsaq, xalqların və dövlətlərin təşəkkülündə, inkişafında iki istiqamətin nəzərə çarpdığını görəcəyik.

Tarix boyu əvvəlcə ya dövlət hansısa formada təşəkkül taparaq özünə aid xalqları formalaşdırıb, ya da xalq milli ruhunun diktəsi ilə öz milli dövlətini qurub, yaradıb.

SSRİ-nin mənfi cəhətlərini nə qədər tənqid etsək də, obyektivlik naminə yada salmalıyıq ki, bu nəhəng siyasi təsisatın sərhədləri hüdudunda ayrı-ayrı toplumların xalq kimi formalaşması, ictimai şüurda dövlətçilik düşüncəsinin təkamülü, vətəndaşların dövlət institutları ilə münasibətlərdə hüquq və məsuliyyətinin müəyyənləşməsi SSRİ-nin keçmiş postsovet ölkələrinin həyatındakı tarixi rollarından idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində öz dövlət müstəqilliklərini elan edən əski sovet xalqları keçmiş imperiyanın dövlətçilik tərbiyəsinin, insanlara təlqin etdiyi ictimai dəyərlərin yetirmələri sayıla bilərdilər. Bu düşüncənin, bu tərbiyənin alternativi yox idi. Ona görə də bu respublikaların əksəriyyətində, o cümlədən Azərbaycanda dövlət müstəqilliyinin formal olaraq elan edilməsindən sonra başlanan proseslər yetərincə ağrılı, təlatümlü keçdi və cəmiyyət üçün böyük qurbanlar, sosial-iqtisadi zərbələr hesabına başa gəldi.

90-cı illərin əvvəllərində SSRİ boyda nəhəng və mürəkkəb idarəetmə mexanizminin bir anda çökməsi nəticəsində keçmiş ittifaq tərkibindəki digər ölkələr kimi Azərbaycan da öz dövlət müstəqqilliyini elan etdi. Amma tezliklə də bəlli oldu ki, xalq hələ öz müstəqil dövlətini formalaşdırmaq iqtidarında deyil. Çünki xalq və dövlət münasibətlərinin qeyd etdiyimiz ikinci istiqaməti, yəni xalqın öz milli dövlətini qurub- yaratmaq əzmi qazanması uzun və əzablı yolun ikinci mərhələsidir. Bunun üçün cəmiyyətin dövlətin istiqlalını bir dəyər kimi dərk etməsinə, bu dəyərin müstəsnalığını öz həyatında yaşamasına, həmişə ayaqda olmasına ehtiyac var.

Almaniya, Fransa və s. kimi ölkələrin tarixi də sübut edir ki, xalq ayaqda olanda, ideallarından uzaq düşməyəndə heç bir təzyiq, məhdudiyyət onun milli dövlətçilik əzmini sarsıda bilməz.

XX əsrdə baş vermiş iki dünya müharibəsindən məğlub çıxan, 69 il əvvəl dünyanın böyük güclərinin əli ilə ikiyə parçalanan Almaniyanın cəmi 44 il sonra yenidən birləşməsi və yenidən dünyanın ən qüdrətli dövlətləri sırasında qərar tutması müasir dünya tarixinin buna dair ən ibrətamiz faktlarındandır.

Kiçik və böyüklüyündən asılı olmayaraq, öz məqsədlərini bilməyən xalqların dövlət müstəqilliklərini itirmələrinə, bu dəyərləri gözdən salmalarına da tarixdən çox misallar gətirə bilərik. Məgər bu gün adı müstəqil bəzi Şərq ölkələrində baş verənlər, milli amalların deyil, ayrı-ayrı qrup maraqlarının  aparıcılığı ucbatından xalqların başına gələn qəzavü-qədərlər müstəqillik ideallarına, demokratik inkişaf prinsiplərinə böyük bir ironiya deyilmi?!

Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən təlatümlər də insanlarımızın siyasi cəhətdən az hazırlıqlı kəsimində müstəqilliyimizə qeyri-müəyyən bir münasibət formalaşdırmışdı.

Cəmiyyətin müəyyən bir kəsimində SSRİ dövründə yaşanmış xoş günlərlə bağlı ümumi bir xiffət dolaşırdı. Yaxşı xatırlayıram ki, o illərdə ünsiyyətdə olduğumuz türk qardaşlarımız - Türkiyə Cümhuriyyətinin vətəndaşları dövlət müstəqilliyinin necə bir dəyər olduğunu o zaman yaxşı dərk edə bilməyən kəslərin bu nostaljisini böyük təəccüblə qarşılayır, onların yenidən sovet rejimində, müstəqilliyin ilk illərində ortaya çıxan saysız-hesabsız problemlərdən xali bir quruluşda yaşamaq arzularını heç cür anlaya bilmirdilər.

İndi düşünürəm ki, bu qeyri-normal münasibətin aradan qalxması, Azərbaycan vətəndaşlarının öz milli dövlətçiliyinə aydın münasibətinin formalaşması üçün əsaslı zəminin yaranmasına ehtiyac varmış.

Bu zəmini Heydər Əliyev yaratdı. Ulu öndərin milli dövlətçilik idealları işığında səfərbər etdiyi xalq 1994-cü ilin noyabrında gecəyarı Heydər Əliyevin bir çağırışı ilə siyasi hakimiyyəti deyil, məhz milli dövlətini qorumaqdan ötrü meydana axışdı. 1995-ci ilin martında Azərbaycanın müstəqilliyinə, dövlət quruluşuna qarşı yönələn silahlı təhdidlərə qarşı sipər oldu.

Və 2003-cü ilin 15 oktyabrında Heydər Əliyev ideyalarına, bu ideyaların layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək verməklə bir daha Heydər Əliyev ideallarına, bu idealların timsalında öz milli dövlətinə, bu dövlətin əmin, güvənli gələcəyinə sahib çıxdı.

 Heydər Əliyev xalqa öz müstəqil dövlətini sevməyi, onun dövlətçilik atributlarına sevgi ilə yanaşmağı, ölkənin qanunlarına hörmət etməyi öyrətdi. Özünün dövlətçilik fəlsəfəsi ilə bu münasibətin nəzəri əsaslarını formalaşdırdı, bununla ulu öndərin zəngin irsinin tədqiqatçılarına geniş material verdi.

Bu baxımdan Heydər Əliyev nəzəriyyəçi liderdir və biz indi onun irsi haqqında söhbət aça bilirik.

* * *

Bu gün Azərbaycanın istənilən məkanına yolun düşərkən səni gələcəyə hədəflənmiş inkişaf mənzərələri, cəmiyyət həyatındakı yüksək dinamizm əhvalı müşayiət edəcək. Bu mənzərələri seyr etdikcə adama belə gəlir ki, ilk cümlələri 1969-cu ilin 5 avqust günü yazılan, səsləndirilən mükəmməl bir tarix kitabının davamını oxuyur.

Və bu əsərin müəllifi ulu öndər Heydər Əliyevdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsində bu kursun, bu siyasətin, bu dəst-xəttin davam etdirilməsi xalq olaraq bizim çağdaş tariximizin ən böyük nailiyyətidir. Çünki yeni-yeni möhtəşəm nəticələrlə müşayiət edilən bu xətt həyatımıza gətirdiyi sosial-iqtisadi uğurlarla yanaşı, xalqın mənəvi intibahına da yol açır. Xalq öz dövlət müstəqilliyinin bəhrəsini daha çox dadır. Son illər gündəlik həyatında duyduğu müsbət yeniliklərin Azərbaycanın müstəqilliyinin barı, bəhrəsi olduğunu aydın dərk edir.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, təlqin etdiyi dəyərlərin işığında Azərbaycan vətəndaşı ədalətin təntənəsini görür, haqqın zəfərinə sevinir. 

Vətəndaşların öz dövlətlərinə olan inamı, güvəni daha da güclənir. Sıravi Azərbaycan insanı üçün dövlət anlayışı siyasi təsisat anlamından çıxıb hər addımında onun yanında olan, səsinə səs verən, köməyinə yetişib problemlərinə əncam çəkən doğmasına çevrilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai obrazı bu münasibətləri daha da istiləşdirir, dövlət və vətəndaş münasibətlərində humanizm çalarlarını gücləndirir.

5 avqust 1969-cu il.

Bu sətirləri qələmə aldığım anla o möhtəşəm tarix arasında düz 45 illik zaman məsafəsi var. 45 il əvvələ baxanda polad səsi ilə xalqı milli hədəflərə doğru səsləyən ümummilli liderin ardınca gələcəyə doğru yola çıxmış bir dövlət görürəm.

45 illik tarixin bu üzü isə xalqın öz hədəflərinə, niyyətlərinə vardığı yerdir. Yolsa hələ bitməyib. Dünyanın bütün halal, doğru, aydın yolları kimi bu yol da Azərbaycanı Heydər Əliyev ideyalarının işığında, cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni hədəflərə doğru aparır.

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 3.