«ASAN xidmət» dünya ölkələri üçün uğurlu nümunədir

 

Azərbaycan vətəndaşlarına xidmət, qayğı, diqqət ən yüksək səviyyədə olmalıdır. Mən bunu dəfələrlə demişəm ki, hər bir dövlət məmuru öz xalqına ləyaqətlə, şərəflə xidmət etməlidir. "ASAN xidmət"in yaradılması bax bu siyasətin nəticəsidir, onun əlamətidir...

 

İlham ƏLİYEV

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri öz fəaliyyətlərini yüksək standartlara uyğun quran dövlət orqanı qismində "Vahid məkan" prinsipinə əsaslanan quruma çevrilib. "ASAN xidmət"in əsas prinsiplərinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və etik davranış qaydalarına əməl olunması vətəndaşlar tərəfindən də təqdirlə qarşılanır. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində olarkən buna bir daha şahid olduq.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən mərkəzin beşmərtəbəli binası xüsusi zövqlə tikilib. Bina sanki başdan ayağa örpəyə bürünüb. Onun xarici görünüşü ilə bərabər, daxili də avadanlıqlarla birgə bəmbəyazdır. Bu isə binaya daxil olanlara xoş ovqat bəxş edir. Binada "HELP POİNT" adlanan avadanlıq quraşdırılıb. Geniş funksiyalara malik olan bu qurğu vasitəsilə vətəndaşlar və ölkəmizə gələn qonaqlar istirahət zonaları, gəzməli yerlər, restoranlar, dövlət qurumları, "ASAN xidmət" mərkəzləri haqqında informasiyalar və digər zəruri məlumatlar ala bilərlər. Bundan əlavə, burada ASAN könüllüləri üzrə məlumat bazası da yaradılmışdır. Bu bazada 1500 nəfər könüllü haqqında müxtəlif məlumat saxlanılır.

 

vaxt itkisi var, nə də get-gəl

 

Girişdə vətəndaşlar mühafizəçilər tərəfindən ciddi şəkildə yoxlanılır. Onların üzərində kəsici, deşici, yaxud təhlükəli hesab olunan hər hansı bir əşyanın olub-olmadığına əmin olunduqdan sonra binaya buraxılırar. İçəri daxil olan kimi sağda gözdən əlillər üçün Brayl əlifbası ilə tərtib olunmuş məlumat lövhəsinə rast gəlirsən. Burada həmçinin internetə çıxışı olan özünəxidmət kompüterləri və "Exit-Poll" rəy sorğusu avadanlığı yerləşdirilib. Bunun vasitəsilə vətəndaşlar onlara göstərilən xidmətlər barədə şikayət və təkliflərini aidiyyəti dövlət qurumlarına elektron, yaxud yazılı formada bildirə bilərlər. Binanın birinci mərtəbəsində əsasən məlumat xarakterli xidmətlər göstərilir. Burada uşaq guşəsi, könüllülər üçün ayrılmış masalar, anauşaq otağı, fototibb məntəqəsi, 108 çağrı mərkəzi ilə birbaşa əlaqə üçün telefonlargörüntülü aparatlar, bankomats. qurğular vətəndaşların xidmətindədir.

Birinci mərtəbədə yer almış məlumat mərkəzi və elektron məlumat lövhələri vasitəsilə insanlar həm istədikləri informasiyanı alır, həm də göstərilən xidmətlərin dövlət rüsumunu öyrənə bilirlər. Elektron məlumat lövhələrinin köməyilə istənilən qurum üzrə ərizə anketlərini doldurub oradaca çap etdirmək mümkündür.

Mərkəzin bu hissəsində böyük izdiham olsa da, hər kəsin işi öz axarı ilə gedirdi. İçəridə nə səs-küy vardı, nə də ki, qarışıqlıq. Bakı şəhər sakini Mətanət Əliyevanın sözlərinə görə, ASAN xidmət sözün əsl mənasında onların işini asanlaşdırıb: "Əvvəllər adi bir sənədi almaq üçün bir neçə idarəyə getməli olurduq. Hərəsi də şəhərin bir tərəfində. Həm vaxtımız itirdi, həm də bezirdik. İndi isə lazım olan xidmətlər bir mərkəzdə cəmləşib. Bu, hər birimiz üçün sevindiricidir".

 

30 növ xidmət

 

Mərkəzdə vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Yardımçı xidmətlərə "Azərsu", "Bakıelektrikşəbəkə", "Azəriqaz" və Mərkəzi Bankla bağlı həyata keçirilən bir neçə zəruri əməliyyatlar da daxildir. Mərkəzdə xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqlarının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Binanın ikinci mərtəbəsində göstərilən yardımçı xidmətlərdən əlavə, burada Kapital Bankın filialı, kafe, "Milli Ön" ödəmə aparatları və s. fəaliyyət göstərir. Həmçinin burada Mərkəzi Bankın təqdim etdiyi xidmətlər əsasında vətəndaşların hansısa bankda kreditlərinin olub-olmaması araşdırılır. Ərazidə vətəndaşların vaxtlarını səmərəli keçirməsi və qidalanması üçün nəzərdə tutulan kafenin qiymətləri də münasibdir.

Mərkəzdə ümumilikdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Həyata keçirilən əsas xidmətlər isə 3 və 4-cü mərtəbədə cəmləşib. Onlardan Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Notarius, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Milli Arxiv İdarəsinin xidmətlərini göstərmək olar.

Bəzi dövlət rüsumları diqqətimizi çəkdi. Şəxsiyət vəsiqələrinin və xarici pasportların verilməsi artıq bir, yaxud üç günə başa gələ bilir. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 10 günə 1, 3 günə isə 10 manat tələb olunur. Xarici pasportlar isə 1-3 yaşlı uşaqlara 10 günə 20, 5 günə 40, 1 günə 80 manata verilir. 3-18 yaşlı şəxslər 10 günə 30, 5 günə 60, 1 günə isə 120 manat ödəməklə xarici pasport ala bilərlər. 18 yaşından yuxarı vətəndaşlar isə bunun üçün 10 günə 40, 5 günə 80, 1 günə isə 160 manat ödəməlidirlər. Burada xarici pasport alan vətəndaşlardan elektron imzabarmaq izləri də götürülür.

4-cü mərtəbədə "nikah otağı" da yer alıb. Burada sığorta xidmətləri də göstərilir. Mərkəzin 5-ci mərtəbəsi isə əsasən əməkdaşlar üçün nəzərdə tutulub. Bu sektorda konfrans  zalı, qarderoblarişçi otaqları yer alıb.

 

"ASAN xidmət" Azərbaycan brendidir

 

4 saylı Bakı "ASAN xidmət" mərkəzində ilk dəfə olaraq UNİCEF ilə birgə Uşaq Hüquq Mərkəzi də yaradılıb. Mərkəzin həyətində uşaqların yol hərəkət qaydalarını öyrənmələri və əylənmələri üçün "Uşaq avtoşəhərciyi" var. Binada "ASAN parkinq" adlı avtomobil dayanacağı da yaradılıb. Mərkəzdə tətbiq olunan bütün xidmət proseduru isə fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın tətbiq etdiyi "ASAN xidmət" modeli dünya ölkələri üçün bir nümunədir. Cari ilin may ayının 7-də 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: "ASAN xidmət Azərbaycan məhsuludur, Azərbaycan brendidir. Qısa müddət ərzində bu mərkəzlərə 1 milyon 500 min müraciət olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Müraciət edənlərin 97 faizi "ASAN xidmət"in fəaliyyətindən razıdır. "ASAN xidmət"in birinci ilinin tamam olmasını nəzərə alsaq, inanıram ki, gələcəkdə bu rəqəm 100 faizə çatacaqdır. Azərbaycan vətəndaşları belə xidmətlərə layiqdir. Əminəm ki, bu təşəbbüs nəinki Azərbaycanda, başqa ölkələrdə də tətbiq ediləcəkdir..."

4 saylı Bakı "ASAN xidmət" mərkəzinə fəaliyyətə başladığı 15 may 2014-cü il tarixindən bugünə kimi 85 minə yaxın vətəndaş müraciəti daxil olub. Orta hesabla mərkəzə hər gün 2000-ə yaxın vətəndaş müraciət edir. Onu da əlavə edək ki, bu mərkəz istifadəyə verildikdən sonra Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılıb və paytaxt sakinləri onlara yaxın olan "ASAN xidmət"mərkəzinə müraciət edib onun xidmətlərindən yararlana bilərlər.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 1.