Qusarda Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsi ehtiramla yad edilib

 

Avqustun 1-də Qusarda Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsinə həsr olunan hərbi şöhrət bayramı keçirilib.

AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilən tədbirdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Respublika Veteranlar Şurasının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Əfqanıstan Veteranları Şurasının nümayəndələri, hərbiçilər və rayon sakinləri iştirak ediblər.

Mərasimdə bildirilib ki, əslən Qusar rayonunun Gican kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da dünyaya göz açıb. 1975-ci ildə hərbi xidmətə yollanan Fəxrəddin əvvəlcə keçmiş Çexoslovakiya Respublikasında, sonra isə Rusiyanın Orenburq vilayətində qulluq edib.

Azərbaycanın Milli Ordusu yarandıqdan sonra Vətənə qayıdaraq Qarabağda gedən hərbi əməliyyatlara qoşulur. Fəxrəddin Musayev sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə döyüş yoldaşları arasında böyük şöhrət qazanır. Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olur.

İgid döyüşçü Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qusar rayonunun mərkəzi küçələrindən biri Milli Qəhrəmanın adını daşıyır. Fəxrəddin Musayevin vaxtilə yaşadığı binanın önünə barelyefi vurulub.

Milli Məclisin sədrinin müavini Bahar Muradova mərasimdə çıxış edərək dövlətimizin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ümummilli lider Heydər Əliyevin hərbi sahənin inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Bahar Muradova bildirib ki, Azərbaycan ordusunun maddi-texniki bazası getdikcə daha da gücləndirilir, döyüş hazırlığının səviyyəsi yüksəldilir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlayır, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılıb. Bu gün Azərbaycanın çox güclü, qüdrətli, ən müasir silahlarla təmin olunan ordusu vardır. Bu ordu işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazırdır.

Mərasimdə digər çıxış edənlər də Azərbaycanın qəhrəmanlar diyarı olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının daim ehtiramla xatırlandığını xüsusi vurğulayıblar.

Mərasimdə hərbiçilərin təqdimatında Milli Qəhrəman Fəxrəddin Musayevə həsr olunan bədii kompozisiya nümayiş olunub.

Tədbirdə, həmçinin qusarlı əsgər valideynlərinin övladları ilə görüşü təşkil edilib.

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsinə həsr olunan hərbi şöhrət bayramı hərbi keçidlə başa çatıb. 

 

AzərTac.

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 2.