Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

 

Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistanın silahlı qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin vacibliyi qeyd olunub.

Müraciətdə həmçinin deyilir ki, son günlər baş verən hadisələr xüsusilə də, 1994-cü ildə əldə olunmuş atəşkəs razılığının Ermənistan tərəfindən pozulması insan tələfatına, xüsusilə dinc sakinlərin öldürülməsinə səbəb olmaqdadır. Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Müraciətdə bildirilir ki, bütün beynəlxalq təşkilatlar - BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların azad olunması barədə qəbul edilmiş qətnamələrinin yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır. Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır”, - deyə müraciətdə qeyd olunub.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.